Bəşəriyyət gəmisi üçün ən təhlükəli aysberq dindir - Filosof yazır

Bəşəriyyət gəmisi üçün ən təhlükəli aysberq dindir - Filosof yazır
26 iyun 2020
# 17:12

Kulis.az filosof Rahid Uluselin "Ən təhlükəli aysberq" essesini təqdim edir.

Həyat okeanında üzən bəşəriyyət gəmisi üçün ən təhlükəli aysberq – Dindir.

Niyə indiyədək bütün dinlərdə aparılan bütün islahatlar (yada salın özünün qaçılmaz çöküşü ilə imperializmin ayaqları altına düşmüş və bu günədək qurtuluş tapa bilməyən onurğasısınıq islamdakı aqoniya-islahatları) heç bir təsirdoğurucu-dəyişdirici nəticə verməyib.

Çünki bütün dinlərin təməl kitablarının genezisində fəlakətli sonuclar doğuran, doktrinalaşaraq tənqid, təkzib və inkar edilməsini qəti şəkildə yasaqlayan, hətta yüngülcə konstruktiv düzəlişlərinə belə imkan verilməyən, sxolastik yozumlarına və təhriflərinə isə bəh-bəhlə meydan açılan güclü və amansız yanılmalar yer alıb. O sarmaşıq-yanılmalar küllü ki, sən ona inanmağa, etiqad və ibadət etməyə məcbur və məhkum edilirsən.

Əgər sən onun cızığından kənara çıxsan, kafir sayılırsan. Əgər sən açıq gözün, əqli bəsirətinlə həqiqəti tapdalayan ehkamçı sistemin ornamental yalanlarına qarşı çıxsan, din sənin ölümünə fitva verir.

Bəşəriyyətin nə qədər Allahabağlı nursaçar övladlarını din yer üzündən silib ki, zülməti idarə edə bilsin!

Artıq şəriətləşmiş dinin Allahla heç bir bağlılığı yoxdur.

Şəriət – dinin dekadensi və tam çöküşü, yəni “qanuniləşmiş” cəhalətin təntənəsidir.

Allahınsa onun “müdafiəsinə”, hökm-fərma ruhani vəkilliyinə heç bir ehtiyacı yoxdur.

Dinin yaratdığı səddin o tərəfində Allah, bu tərəfində İnsan görünmür! Ortadakı Din hər ikisinə meydan oxumaq, hökmranlıq etmək iddiasında.

Çünki dinin əsas “vəzifəsi” – insanın içini boşaltmaq və o boşluğa özünü yerləşdirməkdir.

Zaman keçdikcə, siyasət və ideologiya bu üsuldan maksimum yararlanır. Dinlə onları qardaş edən səbəblərdən biri də budur: boşluqda at oynatmaq.

Din və siyasət öz ittifaqını teokratiyada ehtişama çatdırır.

Dində itaətkarlıqla, siyasətdə təbəəçiliklə sındırdığın, süründürdüyün insanı necə yüksəldə bilərsən?! Ağlı başında, iradəsi əməlində olan insanları və cəmiyyətləri din – cihada, siyasət – müharibəyə qaldıra bilərmi?! Qətiyyən.

Tarixə baxın: din və siyasətin ram edə, vakuuma çevirə bilmədiyi axtarış və tapıntı məkanlarında zəka sivilizasiyası tərəqqi imkanları əldə edib. Dinin hər cür manevr etməyə fürsət qazandığı o boşluğun qaranlığını İnsan – mənəviyyatının bəhrəsi olan Əxlaq və idrakının bəhrəsi olan Elm vasitəsi ilə yara bilmiş, yarır və yaracaq da!

Dinlə Allah bir deyil. Bəşər tarixində ən böyük yanılmalardan biri onların eyniləşdirilməsidir.

Hətta tamamilə bir-birinə zidd mövqedə dayananlar – teistlər və ateistlər, teoloqlar və nitsşelər onlara bir müstəvidə baxmış və baxmaqdadırlar.

Metafizik ilğımında bu – mahiyyətlə (Allah) formanın (Din) qarışdırılmasıdır. Bu yanlış mövqe heç cür qəbul etmək istəmir ki, heç bir dini çərçivəyə girmədən, onun kultuna bulaşmadan, rituallarına sığmadan, Allaha inana bilərəm!

Allahı mən bütün varlığımla dərk edirəmsə, Onunla vəhdətdəyəmsə, niyə Din pazını Allahla öz arama soxmalıyam?!

Mən, axı, aydın şəkildə – varlığımın bütün kosmoqoniyası ilə dərk edirəm ki, bütün dinlər və onların kanonikası mənim Allahı necə dərindən duyduğumdan qat-qat aşağıdır.

Həyatım və Əbədiyyətimlə bağlı olduğum Allahdan Məni heç kim ayıra bilməz! – Hətta bütün iblis ordusu ilə Din də!..

# 4315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #