Pavese və Qurbanlıq İnsanlar – ESSE

Pavese və Qurbanlıq İnsanlar – <span style="color:red;">ESSE
11 iyun 2015
# 07:30

Kulis Qismətin tərcüməsində İtalo Kalvinonun "Pavese və Qurbanlıq İnsanlar" essesini təqdim edir.

Pavesenin hər romanı gizli bir mövzunun çevrəsində fırlanır, o, həmişə demək istədiyi əsas məsələni susaraq deyir, deyilməyən sözlərin ətrafında hərlənir. Ətrafında fırlandığı bu çevrədə görünməz işarələr, deyilmiş sözlər müstəvisi yaradılır; bu işarələrdən hər birinin açıq olmaqdan daha vacib görünən gizli qatları (çoxmənalıdırlar, ya da izahı qeyri-mümkün məsələlərdi) var; amma bu işarələrin həqiqi mənası həmin işarələri deyilməmiş şeyə bağlayan əlaqədə gizlidir.

“Ay və tonqallar” simvolik işarələr, avtobioqrafik motivlər, aforistik ifadələr baxımından Pavesenin ən zəngin əsəridir. Hətta həddindən çox zəngin: elə bil ki, xarakterik, susqun və minimalist Pavese təhkiyəsindən ətrafa qəfildən əhvalatın romana çevrilməsinə yardım edən o ünsiyyət və identifikasiya bolluğu səpələnir. Amma Pavesenin əsas istəyi bu uğurlu romanı ortaya qoymaq deyildi; onun bizə demək istədiyi hər şey eyni nöqtəyə yönəlir, obrazlar və bənzətmələr vərdiş etdiyi, yaxşı bildiyi narahatlıqda cəmləşir: Qurbanlıq İnsanlar.

Bu, ötəri maraq deyildi. Etnologiya və Yunan-Roma mifologiyası ilə öz avtobioqrafiyası, üstəgəl bunun ədəbi şəkildə qurulması arasında əlaqə tapmaq, Pavesenin həmişəki proqramıdır. Pavesenin etnoloqların araşdırmalarına olan marağının kökündə cavanlıqda oxuduğu bir kitabın təsiri var: Frazerin “Qızıl budaq” əsəri – Freydə, Lourensə, Eliota da ilham vermiş əsər. “Qızıl budaq” insanı qurbanvermənin və atəş şənliklərinin köklərini axtarmaq üçün çıxılmış bir dünya səyahətidir. Bu motivlər Pavesenin “Leuko ilə söhbətlər” əsərinin mifoloji başlanğıclı təhkiyəsində təzədən geri qayıdır (“Leuko ilə söhbətlər”in əkinçilik ayinləri və ölüm ritualları haqqqında səhifələri, oxucunu “Ay və tonqallar” romanına hazırlayır). Bu romanla Pavesenin kəşf mərhələsi bitir: Roman 1949-cu ilin sentyabr-noyabr ayları arasında yazılıb, 1950-ci ilin aprelində nəşr edilib – yazıçının bir məktubunda Azteklərin insan qurbanverməsi haqqında danışıb, intihar etməsindən dörd ay əvvəl.

“Ay və tonqallar”da “mən” deyən təhkiyəçi Amerikada varlandıqdan sonra doğulduğu yerin bağlarına geri dönür; axtardığı yalnız keçmişin xatirələri, yenidən cəmiyyətin içinə qarışmaq, yaxud da cavanlığındakı yoxsulluğun intiqamını almaq deyil; o, yurdun niyə yurd olmasının səbəbini, məkanları, adları və nəsilləri bir-birinə bağlayan gizlinləri axtarır. “Mən” deyən təhkiyəçinin adsız olması təsadüfi deyil: o, yetimlər evində böyümüş, atılmış bir uşaqdır. Ucuz işçi qüvvəsi kimi yoxsul fermerlər tərəfindən böyüdülüb və ABŞ-a köçüb “adam olub”. Amerikada indinin kökləri cılızdır, orda hamı ötəridir və adının haqqını verməyə məcbur deyil. İndi o, çöllərin mobil olmayan dünyasına qayıdanda, özünün yeganə gerçəkliyi olan həmin obrazların axırıncı substansiyasını bilmək istəyir.

Pavesedəki qaramat fatalist fon, təkcə final nöqtəsi kimi ideolojidir. Doğulduğu “Aşağı Piemonte”nin təpəlik bölgəsi (“Langa”), təkcə şərabları və göbələkləri ilə yox, həm də kəndlilər arasında epidemiya kimi yayılan ümidsizlik böhranları ilə də məşhurdur. Demək olar ki, təxminən hər həftə Torino qəzetlərində özünü asan, quyuya atan, ya da (bu romanın mərkəzindəki səhnədə olduğu kimi) özü, heyvanları və ailəsi də içində ola-ola fermadakı evinə od vurub yandıran fermerlərin xəbərləri yayımlanır.

Əlbəttə, Pavese bu məhvedici ümidsizliyin açarını təkcə etnologiyada axtarmır; geridəqalmış, xırda mülkiyyətə əsaslanan vadilərdəki insanların əmələ gətirdiyi ictimai fon, burda naturalist bir romanın (yəni, Pavesenin ərazisində gəzib bu torpaqları mülkiyyətinə keçirə biləcək qədər özünə yad saydığı bir ədəbi növün) bütövlük arzusu ilə müxtəlif qatlarda təmsil olunur. Atılmış uşağın cavanlığı bir “rəncbər”in cavanlığıdır; “rəncbər”, Piemontenin bəzi yoxsul bölgələrində yaşayanlardan başqa (ümid edirik ki, bundan sonra müvəqqəti yaşayan) mənasını çox az italyanın bildiyi sözdür: bu söz muzdlu fəhlənin bir pillə altındakı mərhələdir; xırda sahibkar, ya da kirayəsini natural təsərrüfatla ödəyən bir ailənin yanında boğaz toxluğuna işləyən, samanlıqda, yaxud tövlədə yatmaq haqqı olan, bundan başqa mövsümlük, ya da cüzi illik əmək haqqı alan gəncləri ifadə edir.

Amma öz təcrübəsindən bu qədər fərqlənən təcrübəylə eyniləşmək, Pavese üçün sadəcə dominant lirik xəttin metaforalarından biridi: özünü dışlanmış hiss etmək. Kitabın ən gözəl hissələri şənliyin iki günündən bəhs edir: biri ayaqqabıları olmadığı üçün evdə qalan çarəsiz uşağın, o biri isə qulluğunda işlədiyi adamın qızlarının arabasını sürməyə məcbur olan gəncin yaşadıqları. Bu şənlikdə qutlanan və boşaldılan ekzistensial yük, qisas istəyən ictimai aşağılanma, Pavesenin araşdırdığı müxtəlif bilib-öyrənmə müstəvilərinin iç-içə keçdiyi həmin səhifələrə can verir.

Roman qəhrəmanını öz yurduna qayıtmağa məcbur edən şey bilmək ehtiyacıdır və onun axtarışı ən az üç müstəvidə baş verir: Yaddaş müstəvisi, tarix müstəvisi, etnologiya müstəvisi. Axırıncı iki müstəvidə (tarixi-siyasi və etnoloji), təhkiyəçiyə təkcə bir nəfərin bələdçilik etməyi Pavesenin dünyagörüşünə xas olan xarakterik özəllikdir. Kənd orkestrində klarnet çalan dülgər Nuto marksistdir, dünyanın ədalətsizliklərini bilir və bunun dəyişdirilə biləcəyinə də inanır, amma eyni zamanda əkinçiliyin yazılmamış qaydalarına əsasən Ayın mərhələlərinə və “torpağı oyandıran” Müqəddəd Yəhya tonqallarına da inanmağa davam edir. Bu kitabda inqilabi tarixlə mifoloji-ritual tarixin əksliyinin çöhrəsi eynidir, hər ikisi eyni səslə danışırlar, dodaq altında donquldanan səslə: Nuto ağılagələn ən qapalı, qaradinməz və dəlisov adamdır. Bu əsərdə inancla bağlı açıq şəkildə ifadə olunmuş hər cür bəyənatdan 180 dərəcə uzaqdayıq; roman bütövlükdə Nutonun ağzından bir-iki kəlmə qoparmaq cəhdindən ibarətdir. Fəqət Pavese yalnız bu metodla həqiqətən danışır.

Siyasətdən danışanda Pavesenin tonu həmişə çox kəskindir, qırıb atmaqla və çiyin çəkməklə kifayətlənir, hər şey anlaşılanda və artıq söz demək lüzumsuzlaşanda olduğu kimi. Fəqət anlaşılmaz heç nə yoxdur. Kommunizm ilə insanın pre-historik və zamansız keçmişinə baş vurmaq arasındakı kəsişmə nöqtəsi aydın deyil. Pavese, əsrimizin geridəqalmış kültürünə ən çox uyğun gələn materialları işləməkdə ustaydı; bilirdi ki, zarafata gəlməyən bir şey varsa, o da atəşdir.

Müharibədən sonra öz yurduna qayıdan adam gördüyü imajları yadında saxlayır və öz vətənində müharibədəkinə bənzəyən, amma gözlə görülməyən oxşarıqlar tapıb həmin xəttin arxasınca düşür. Tarixin semiotikası (hələ də arabir çayın vadiyə gətirdiyi partizan və faşist cəsədləri) ilə ritualın, ayinin semiotikası (hər yaz təpələrin zirvəsində quru budaqlarla yandırılan atəş) çağdaşların gücsüz yaddaşında öz mənasını itirmişdir.

Buyruğunda işlədiyi ailənin gözəl və tədbirsiz qızı Santinanın axırı necə oldu? Doğurdan da faşist cəsusu idi, yoxsa partizanlarla razılaşmışdı? Heç kim bunu dəqiq deyə bilməz, çünki Santinanı idarə edən şey savaşın girdabındakı qaranlığa özünütəslim idi. Məzarını axtarmağın mənası yoxdu; partizanlar onu güllələdikdən sonra, cəsədini ağacdan asıb yandırıblar. “Günorta çağı tamam külə dönmüşdü. Keçən il izi hələ də qalmışdı, bir şənlik atəşinin çuxuru kimi”.

# 2206 dəfə oxunub

Müəllifin son yazıları

# # #