“Şekspirin əsərləri qüsurludur”

“Şekspirin əsərləri qüsurludur”
15 aprel 2013
# 10:51

Klassizm

Birinci hissəikinci hissələr

Horatsi.

Horatsi latın şairi və tənqidçisi olub. Onun sənət haqqında düşüncələri "Şeir sənəti" ( “Ars poetica”) əsərində cəmləşib. Təbiidir ki, Horatsinin kitabı Aristotelin kitabı qədər təfərrüatlı deyil, bu mənada "Poetika"nı oxumadan Horatsini anlamaq olmaz. Lakin əksər sənətşünasların fikrincə, Horatsinin kitabının qiyməti onun təqdim etdiyi forma qəliblərinin sonrakı əsrlərdə də qəbul edilməsidir.

Horatsiyə görə şairin fantaziyası reallıqla bağlarını qoparmamalıdır. Şairin fantaziyası məntiq və ehtimal qanunları ilə tərs mütənasib olmamalıdır, yəni sürünənlərlə quşların, quzularla canavarların bir yerdə olması düzgün deyil. Horatsi üçün bir sənət əsərində polifoniyadan çox, sadəlik vacibdir. Onun fikrincə şair mövzusunu istedadına uyğun seçməli, əsərinin dili hamı tərəfindən anlaşılan sözlərdən ibarət olmalıdır. Horatsi üçün dildəki sözlər bir ağacın yarpaqları kimidirlər, köhnələr öldükcə təzələr cücərirlər.

Horatsiylə Aristotel arasındakı başlıca fərqlərdən biri də əxlaqi əndişədir. Aristoteldəki hədsiz əxlaqi əndişə Horatsidə yoxdur. Horatsiyə görə sənətin əsas məqsədi həm əyləndirə-əyləndirə tərbiyə verməkdir.

Keçi nəğməsi, yaxud klassikliyin təməl qanunları.

Antik Yunanıstanda yarı-tanrı Dionisin şərəfinə şənliklər keçirilərmiş. Burdakı şənliklərdə müxtəlif ayinlər olarmış, bu ayinlər qurbanvermə və rəqs edib transa düşməkdən ibarət imiş. Bu şənliklərdəki rəqslərdən, musiqidən tragediya yaranmışdır. Həmin şənliklərdə təbiətin özünü təkrar etməsini (məsələn, fəsillərin təkrarlanması) canlandırmaq məqsədilə şərabçılıq tanrısı Dionisin həyatından səhnələr rəqslərlə nümayiş olunarmış. Bu təqlidin məqsədi həm də qışı qovub, baharı çağırmaq idi. Əfsanəyə görə Dionisin kədərli taleyinə ağılar deyən dostları keçi ayaqlı satirlər olublar. Buna görə Dionisin şərəfinə keçirilən şənliklərdə ilahilər oxuyan xordakı adamlar da "keçi" cildinə girirdilər. Elə bunun üçün də həmin xorun oxuduğu nəğmələrə "keçi nəğmələri" ( yunanca Tragos+oidie) deyilib. Tragediya sözü burdan yaranıb.

Sonralar bu şənliklər səngiyir, insanların rituallara olan inancında deformasiyalar baş verir və ayinlərdən uzaqlaşma dram sənətinin yaranmasına səbəb olur. Görünür, teatrın məbəd sayılması boşuna deyil.

Klassisizmi anlamaq üçün ən gözəl yol bəlkə də klassik dram əsərlərinin quruluşunu öyrənməkdir. Kəmərlərinizi bağlayın, getdik!

1. Mimesis (Təqlid)

Təqlid sözündən ilk dəfə Platon istifadə etsə də, Platon təqlidə aşağılayıcı nəzərlə baxırdı. Aristotel isə təqlidin insanda "a priori", yəni əvvəlcədən var olan instinkt olduğunu deyirdi. Aristotel üçün təqlid çox vacib idi. Mimetik təhkiyə əhvalatı indiki zaman illüziyası içində nəql edir. Mimetik təhkiyə real, ya da xəyali hadisələrin, insanların arasındakı münasibətlərin yenidən yaradılmasıdır; real insan, yaxud insanabənzər şeylər ( məsələn, kukla, insan kölgəsi və s) vasitəsilə tamaşaçı gördüklərinin sanki o an baş verdiyini zənn edir. Mimesis həqiqi, ya da qurama hadisələri "bu an, burda, indi" kimi göstərir. Əgər bir personaj təqdim edilməlidirsə, bu personajın təqdimatı danışmaqla yox, onu hərəkətdə göstərməklə olmalıdır.

Aristotelə görə tragediyanın 6 elementi var: Əhvalat, xarakterlər, dil, düşüncələr, dekorasiya və musiqi. Bunlardan ikisi ( dil və musiqi ) təqlidin alətləri, biri (dekorasiya) təqlidin tərzini, qalan üçü isə (əhvalat, xarakterlər və düşüncələr) təqlidin nəsnələrini əmələ gətirir. Aristotel əhvalatı, hadisəni aktın, yəni hərəkətin təqlidi kimi görürdü.

2. Əhvalat/hadisə.

Əhvalat xronoloji irəliləməlidir, süjet isə səbəb-nəticə əlaqələrinə uyğun olmalıdır. Əhvalatın gedişatında xronologiya zənciri qırıla bilməz, lakin süjetdə zaman parçalanmaları ola bilər. Bir çox əsərlərin final səhnəsiylə başlayıb, geriyə dönüşlə nəql edilməsi süjet sayəsində olur.

Klassik mətnlərdə hər hadisə, situasiya, əhvalat mətnin ümumi quruluşuna xidmət etməlidir, əgər xırda bir hissə mətndən çıxarılanda mətnin ümumi quruluşu zədələnmirsə, demək o hissə lazımsız imiş. Əsərin quruluşunda təsadüfə yer olmamalıdır. Aristotel bunu qısaca belə ifadə etmişdir: "Varlığı və ya yoxluğu hiss edilməyən şey, ümumi olanın tərkib hissəsi ola bilməz."

Əsərin konkret, aydın başlanğıcı və sonu olmalıdır. Finalın ucu açıq qalsa da, fərqi yoxdur, elə əsərlər var ki, oxucuda tamamlanırlar. Lakin deməliyik ki, onsuz da ənənəvi əsərlər dairəvi, qapalı formada yazılır, finalda çevrə qapanmalıdır, bütün sualların cavabı aydınlaşmalıdır.

Aristotelə görə tragediyada xarakter olmasa da, mütləq hadisə olmalıdır. Hadisələr iki cür işlənirlər: birincisi, məzmun və forma kontekstində "nəyin nəql edildiyi", hadisənin özü, içi; ikincisi isə "necə nəql edildiyi", kompozisiyanın necə qurulduğu ?

Kompozisiyanın tərkib hissələri bunlardır: ekspozisiya, konflikt, düyün (zavyazka), kuliminasiya və çözüm (razvyazka).

A) Ekspozisiya.

Ekspozisiya ilkin izahat deməkdir. Ekspozisiya həm əsər başlamamışdan əvvəl, həm də əsər boyu oxucunu/tamaşaçını əsərdəki adamlarla tanış etmək, niyə orda olduqları haqqında bilgi vermək, vəzifələri, istəkləri barəsində məlumatlandırmaq məqsədi daşıyır.

B) Konflikt.

Konflikt qəhrəmanın başqa bir adamla, özüylə, təbiətlə, cəmiyyətlə, cəmiyyətin adət-ənənələri ilə toqquşmasından yaranır.

Konflikt iki yerə ayrılır: 1. xarici, 2. daxili.

Xarici konflikt qəhrəmanın çevrəsindəkilərlə, cəmiyyətin adət-ənənələri ilə toqquşmasıdır. Daxili konflikt isə qəhrəmanın düşüncəsindəki təbəddülatlar, yəni özü-özüylə münaqişəsidir.

C) Düyün.

Düyün başlanğıcdakı sakitliyi pozan və dinamika yaradan elementdir. Düyün vasitəsilə gərginlik yaranır, yeni konfliktlərin yaranmasına yol açılır. Baş qəhrəmanın münaqişə və əngəllərlə qarşılaşdığı period düyünün əsas məqamıdır. Əsərdəki düyün nöqtələri təhkiyənin başlanğıc və sonu arasında üzvi əlaqə yaradan elementlərdir.

D) Kuliminasiya.

Kuliminasiya adətən çözümdən əvvəl olur. Əhvalatı gedişatındakı düyünlərin və münaqişələrin çözümünə gedən yolda ən vacib məqam kuliminasiyadır. Katarsis, yəni arınma, təmizlənmə prosesi adətən kuliminasiyada baş verir. Ənənəvi əsərlərdə adətən kuliminasiya iki cür verir: birincisi, peripetie, yəni bəxtin dönməsi, baş verən hadisənin tərsinə dəyişməsi, ikincisi isə anagnorisis, yəni bilgisizlikdən bilgiyə keçmə, aydınlanma, dərketmə.

E) Çözüm.

Əhvalatın son hissədir. Çözümdə bütün konfliktlər həllini tapır, problemlər aradan qaldırılır. Münaqişə edən tərəflərdən biri çözümdə o birinə qalib gəlir. Ənənəvi, klassik əsərlərdə adətən qalib gələn tərəf tamaşaçının/oxucunun oxşamaq istədiyi, özüylə identifikasiya etdiyi şəxs olur. Yaxşılar qalib gəlir, mükafatlandırılır, pislər uduzur və cəzalandırılır. Çözümdə vəziyyət əsərin əvvəlindəki sakit, problemsiz məqama qayıdır.

Xarakterlər.

Xarakter dərindən araşdırılmış insandır. Xarakterin əsas özəlliyi istəkli olmasıdır. Xarakteri hərəkətə sövq edən güclü istəkdir. Hərəkətsiz, aktsız istəyin mənası yoxdur. İstəyin gücü ilə hərəkətə keçən qəhrəman ya bu istək uğruna məhv olmadı, ya da məhv etməlidir. Aristotelə görə xarakterdə olmalı olan ən vacib özəllik "əxlaqlı olmaqdır."Qəhrəmanın hərəkətləri, seçimləri məntiqli olmalı, məntiqə uyğun şəkildə başlamalı, inkişaf etməli və bitməlidir. Qəhrəman əsər təkamül keçib dəyişməlidir. Bu dəyişmə pill-pillə, məntiqə uyğun şəkildə izah edilməlidir.

***

Klassisizmin kökləri Platona və Aristotelə qədər gedib çıxsa da, əslində, cərəyanın tam olaraq təşəkkül tapması XVII əsrlə bağlıdır. Sənətə, sənətkara sərt tələblər qoyan bu cərəyanın izləri özündən sonrakı bütün cərəyanlarda görmək mümkündür, lakin bu cərəyana qarşı münasibət heç vaxt birmənalı olmayıb. Bu barədə professor Qorxmaz Quliyev "Dəlidən doğru xəbər" kitabında yazır: "Avropada XVII əsrdə meydana gələn totalitar mütləq monarxiyanın ideoloji prinsiplərini bədii vasitələrlə təbliğ və müdafiə edən klassisizm sosialist realizmini xatırladır. Burada da bütün ədəbi ictimaiyyət üçün məcburi olan ideoloji mövqe və poetik prinsiplər, janrların dəyərləndirməsində sərt iyerarxiya sistemi, digər ideoloji-estetik konsepsiyalara qarşı dözülməzlik, hər kəsə yerini göstərmək və heç bir sənətkarı cızığından çıxmağa qoymamaq, fərdiliyi qanunlar çərçivəsinə salmaq meyli açıq-aydın özünü büruzə verirdi. Klassisizmin aparıcı nəzəriyyəçisi Bualonun ədəbi prosesi nizamlayan "Poeziya sənəti" əsəri pafosu etibarilə Mərkəzi Komitənin ədəbiyyat və incəsənət haqqında məlum qərarlarını xatırladırdı. Məhz bu dözülməzliyin nəticəsi idi ki, təxminən iki əsr ərzinə kontinental Avropada heç bir poetik sistemin çərçivələrinə sığmayan dahi Şekspirin əsərlərinə qiymət qoyan yox idi. İş o yerə gəlib çatmışdı ki, son dərəcə incə poetik duyğuya malik Volter də böyük ingilis dramaturqunu "vəhşi" hesab edirdi. "

Neo-klassisizm və Ser Filip Sidni.

Orta əsrlərdəki uzun qaranlıq dönəmdən sonra qərb ədəbiyyatında nəzəri düşüncəyə töhfə verən ilk önəmli əsər Ser Filid Sidninin "Şeirin müdafiəsi" (“An Apology for Poetry”) kitabıdır. Bu əsər Aristotelin poetikasının xristianlıq fəlsəfəsiylə sintezindən yaranıb. Sidninin fikirlərini anlamaq üçün əvvəlcə İntibah (Renessans) adlanan mədəniyyət hadisəsini bir balaca açmaq lazımdır.

İntibah bir növ xristianlıqla özü arasındakı oxşarlıqları saxlayan və xristianlığı yenidən şərh edən bir proses idi. XIV əsrdə başlayıb, XVI əsrdə öz bitən bu dövrün bir neçə təzahürü var ki, bunlardan klassik humanizm məsələnin fəlsəfi qatını, neo-klassisizm ədəbi qatını, reformasiya isə dini qatını əmələ gətirmişdi.

Klassik humanizm orta əsrlərdəki doqmatik, avtoritar düşüncəyə qarşı rasioanlist və elmi bir üsyan idi. Orta əsrlədə belə bir dini-doqmatik düşüncə hakim idi ki, bu dünya insanı ölümdən sonrakı həyata hazırlayan bir keçid mərhələsidir, insan cənnətdən qovulmuş, doğuşdan əxlaqsız bir varlıqdır. Klassik humanizm buna qarşı çıxdı və orta əsrin qaranlıq illərində yalnış yozumlarla təhrif edilmiş klassik dəyərləri xristianlığın dəyərləri ilə sintez etdi.

Lakin mahiyyətində klassik humanizm heç də tamam-kamal dünyəvi, materialist və naturalist bir hadisə deyildi, çünki onun tərəfdarları içində əl-kimyaya, astrologiyaya və Ptolomeyin astronomiyasına inananlar vardı. Nəticədə demək olar ki, İntibah humanizmi Yunan-Roma ( Greko-Romen) mədəniyyətinin elementlərinə xristianlığın calaq edilməsi ilə yaradılmış bir mədəniyyət hadisəsi idi. Qeyd edək ki, Klassik humanizm də insanı tanrımərkəzli bir dünyanın içində görürdü.

Klassik humanizmdə insan bütün iradəsini tanrının iradəsinə təslim etməli, Tanrının səltənətini yer üzündə qurmağa çalışmalıdır, yəni insan məhduddur, lakin o, intizamlı bir özünütəhsillə ideal ruh-bədən nizamına vaqif ola bilər. Əgər Tanrı mütləq ağlın özüdürsə, onda insan ağlı ilə Tanrıya ən yaxın varlıqdır. Klassik humanizm mahiyyətcə xristiançı və platonistdir. Platonda Tanrı və əbədi ideya/formalar kimi təsvir edilən metafizik aləmin yerini, İntibahda cənnət anlayışı tutmağa başladı.

Neo-klassiklərə görə insan başqa-başqa ölkələrdə doğulsa da, başqa əsrlərdə başqa adət-ənənələrə inansa da, ayrı-ayrı yaşayış formaları olsa da, əslində hər yerdə eynidir, daha doğrusu dünyanın hər yerində insanın təbiəti eyni cürdür. İnsanların ehtirasları, duyğuları, sevgisi, nifrəti əslində dəyişməzdir. Deməli insanın ümumbəşəri mahiyyətini əks etdirmək, fərdi olanı, regional olanı, anormal olanı bir tərəfə atıb ümumini ifadə etmək deməkdir, beləcə sənətçi ümumi olanı təsvir etməklə, əslində, mahiyyəti ifadə etmiş olur.

Qayıdaq Filip Sidniyə. Sidninin əsəri Aristotelçi düşüncə ilə xristianlığın sintezindən və şərhindən doğuldu. Filip Sidni öz əsərinin girişində yazır ki, bütün sənət və elm sahələri təbiəti analiz edib, onu təqlid etməklə məşğuldurlar. Bütün sənət adamları ifadə vasitəsi kimi nəzmdən istifadə edirlər, çünki nəzmin insan ruhuna təsiri böyükdür. Ancaq şeirlər nəzm arasında, şeirlə kor-təbii şəkildə təbiəti yamsılayan adamlar arasında fərqlər var.

Şair təkcə təbiəti təqlid edən deyil, o həm də təbiətdən asılılığı rədd edəndir. Şair xəyal gücü, fantaziyası vasitəsilə təbiətdə gördüyü şeylərin ideal ölçülərini, gerçək mahiyyətini tapan şəxsdir; bunu edərkən şair reallıqla da bağlarını qoparmamalıdır. Bu yanaşma Aristotelin "Poetika"sındakı şair obrazının xristianlığa əsasən yozulması nəticəsində yaranıb.

Sidni şairin yaratmaq qüdrətindən söhbət açarkən onu tanrılaşdırmamağa diqqət edir. Sidniyə görə şair həm reallığı, həm də ideal olanı eyni dərəcədə ifadə etməyə borcludur.

Neo-klassik şeir də klassik şeir kimi zövq verərək öyrətmək, insana özünü tanıtdırmaq və kamilləşdirmək məqsədi ilə yazılır. Neo-klassik qayda "poetik ədalətdir". Buna belə də ifadə etmək olar: yaxşılar mükafatlandırılmalı, pislər cəzalandırılmalıdır, yəni xristianlıqda olduğu kimi ilahi ədalətin sənətdə təzahür etməsi. Neo-klassizmi klassisizmdən ayıran əsas fərq üç vəhdət prinsipidir. Bu məsələyə qayıdacağıq.

Ben Conson. ( Ben Jonson )

Ben Conson özündən əvvəlki Filip Sidni ilə özündən sonrakı Con Drayen və Aleksandr Poup arasında körpü rolunu oynayan ədəbiyyatçıdır. Onun ədəbiyyat haqqında fikirləri "Kəşflər" (“Discoveries”) adlı kitabında cəmlənib.

Ben Conson üçün sənətdə əsas məsələ rasionallıqdır. O, hətta Şekspiri tənqid edir ki, onun əsərlərində hər şey istedadın ixtiyarına buraxılıb. Conson üçün Şekspirin əsərləri texniki baxımdan çox qüsurlu əsərlərdir, çünki Şekspir bir sənət əsəri üçün formanı kamil edəcək qaydalara əməl etməmiş, çox əsər yazmağı, az yazıb yaxşı yazmaqdan üstün tutmuşdur.

Consona görə asan yazmaq, yaxşı yazmağın nəticəsidir. Əvvəlcə yaxşı yazmağı öyrənmək lazımdır, asan yazmaq öz-özünə baş verəcək.

Conson yazır ki, bədii əsərdə istifadə edilən məcazlar qeyri-adi, vərdişdənkənar olmamalıdır. Ona görə şair əvvəlcə klassik əsərləri diqqətlə oxumalı, araşdırmalı, onları təqlid edə-edə öyrənməlidir.

Conson da Sidni kimi şeirin əxlaqi funksiyasına çox önəm vermişdir. Consonun sənət haqqında fikirlərini tipik neo-klassisizmə aid edən elementlər onun şeir haqqında düşüncələridir. Şair təkcə istedada arxalanmamalı, yazı qaydalarını bilməli, intizamlı məşqlərlə bu bilikləri özündə vərdiş halına gətirməlidir. Yaxşı şair böyük klassik modelləri bilməlidir.

Ben Conson şeirdə orijinallığın əleyhinə olmuşdur.

Consona görə klassik bir modeli təqlid etmək, onu forma və məzmun baxımından yenidən yaratmaq deməkdir; o, buna "obyektiv təqlid" deyirdi.

Pyer Kornel.( Pierre Corneille)

Məşhur dramaturq Kornel ədəbiyyat haqqında fikirlərini "Söhbətlər" (“Discourse”) və "İncələmələr" (“Examens”) adlı əsərlərində toplamışdır. Kornelin sənət haqqında fikirləri fransız neo-klassiklərinin əsərdə məzmundan çox, formaya nə qədər önəm verdiklərinə ən yaxşı örnəkdir. Fransız neo-klassiklərinə görə bir səhnənin o biri səhnəyə necə bağlanması dram əsəri üçün çox vacibdir. Bu mənada səhnənin boş qalmaması, ən az bir nəfərin səhnədə qalmadı şərtdir.

Kornel üçün simmetriya, bütövlük vacib məsələ idi və o, əsərin bütövlüyü deyəndə səbəb-nəticəni əmələ gətirən düyün/çözülmə elementlərini nəzərdə tuturdu. Onun yozumunda Aristotelin "Poetika"sındakı düyün bir əsərdə hadisələr baş verməmişdən əvvəl olan elementdir. Kornel üçün əsərdə düyün çox vacibdir, çünki əsərin sonrakı hissəsi düyünün məntiqli və ehtimal qanunlarına uyğun olması ilə bilavasitə bağlıdır.

Kornel üç vəhdət prinsipinə də çox həssas yanaşmışdır; ona görə bir qəhrəmanın başına gələn hadisələr 24 saatın ( bir günün) içində baş verməli, bu bir günlük müddət səhnədə iki saatın içində ifadə olunmalıdır. Bu hadisələr həm də konkret məkanda baş verməlidir. Kornelin fikirləri sonrakı illərdə digər neo-klassist müəlliflər tərəfindən məzmuna zərər verdiyi üçün keçərsiz hesab edilmişdir.

Con Drayden. ( John Dryden )

İngilis ədəbiyyat tarixində ilk böyük tənqidçi Con Drayden hesab edilir. Drayden digər neo-klassist tənqidçilərdən fərqli olaraq, qatı qaydalardan uzaq durmuş, obyektivliyə söykənmiş, lazım gələndə öz fikirlərini belə dəyişdirməkdən, redaktə etməkdən çəkinməmişdir. Buna görə Drayden libarel neo-klassist tənqidçi kimi XIX əsrdə romantiklər tərəfindən də təqdir edilmişdir.

Con Drayden XVII əsrin ikinci yarısında klassiklər ilə neo-klassiklər arasındakı "kim doğru yoldadı ?" mübahisəsinə ən obyektiv yanaşan və bir növ barışdırıcı mövqedə duran tənqidçi olub. Onun "Dramatik poeziya haqqında bir esse" ( “Ann essay of Dramatic poesy”) adlı əsəri təkcə mübahisələrə gətirdiyi aydınlığa görə yox, həm də bu mübahisələrinin fonunda öz sənət fikirlərini ifadə etməsi baxımından önəmlidir.

Drayden klassik əsərlərdə məzmunun formadan daha önəmli olduğunu və formanın məzmuna bağlı qalmasından yana idi. Sənətdə əsas insan təbiətidir, klassik müəlliflər insan universal təcrübəsini ifadə etməkdə neo-klassiklərdən üstündürlər. Klassistlər insan təbiətini dəqiq müşahidə etmiş, əsas xətlərini müəyyənləşdirmiş və bunları öz əsərlərinin içində əritmişlər. Neo-klassistlər isə klassik əsərləri təqlid edərkən formanın məzmundan doğduğunu göz ardına vurmuş və forma əndişəsi içində sənətin mahiyyətini, yəni insan təbiətini təhrif olunmuş şəkildə ifadə ediblər. Draydenin bu fikri bütü neo-klassist müəlliflər aid deyil, o, neo-klassistlərin də insan təbiətini, insanın dünyadakı universal təcrübəsini yaxşı ifadə əsərlərini obyektiv şəkildə qiymətləndirmişdir. Drayden ən qarışıq fikirlərin də sadə və hamının başa düşəcəyi dildə ifadəsini vacib saymışdır.

Nikola Bualo. (Nicola Boileau)

Klassisizm nəzəriyyəsi daha çox poeziya, teatr və dramaturgiyanı əhatə edirdi, ədəbiyyatın başqa janrları, xüsusilə bədii nəsr, klassisizmdən kənarda qalır, müstəqil janr kimi inkişaf edirdi. Təsadüfi deyil ki, XVII əsr fransız ədəbiyyatında roman janrının problemləri klassisizmdə nəinki işıqlandırılmır, hətta bir çox tənqidçilər, o cümlədən Bualo romana mənfi münasibət bəsləyirdi.

Bualo özünün məşhur əsəri "Poeziya sənət"ini klassik müəlliflərdə olduğu kimi - məsələn Horatsi kimi - şeirlə yazmışdır. Əsərin birinci nəğməsi şeirlə yazılan əsərlərin qayda-qanunlarından, ikinci nəğməsi müxtəlif poetik janrların forma xüsusiyyətlərindən , üçüncü nəğməsi əsasən dramaturgiyadan , faciə və komediya janrlarının prinsiplərindən, dördüncü nəğməsi isə Bualonun əxlaqi görüşlərindən, ədəbiyyatın vəzifələrindən bəhs edir.

Bualo istedadı şair üçün ən birinci şərt kimi qəbul etsə də, yaradıcılıq işində təkcə istedada arxayın olmağın əleyhinə idi. Onun fikrincə, şairdə istedaddan, ağıl ilə, zəka ilə mühakimə yürütmək qabiliyyətindən başqa, ölçü hissi də olmalıdır ; şair yazdığını cilovlamağı bacarmalıdır, çünki mənasız uzunçuluq, boş təfərrüat estetik gücü azaldır. Bualo şairlərə məsləhət görürdü ki, sizi nə qədər məcbur etsələr də, yaradıcılıq prosesində tələsməyin; o, öz fikrini maraqlı bir deyimlə ifadə edirdi: "Tələsin, amma asta tələsin ! "

Bualo üç vəhdət prinsipinin ən alovlu müdafiəçilərindən biri idi. Onun düşüncəsinə görə səhnə əsərində üç vəhdətin - məkan, zaman və hərəkət vəhdətinin gözlənilməsi zəruridir. Əsər yalnız bir günün içində, qısa zaman ərzinə mümkün ola biləcək hadisələr göstərilməlidir.Bualo düşünürdü ki, əsərdəki hadisələr əgər bir məkanda və bir gün ərzində baş verməsə, ağıl bunu qəbul etməz . Bualo bu düşüncəyə əsasən Lope De Veqanı tənqid edib yazırdı : "Əsərin əvvəlində qıvrımsaçlı yeniyətmə olan qəhrəman, bir də görürsən ki, axırda ağsaqqal bir qocaya çevrilir."

Aleksand Pop.( Alexandre Pope)

Pop məşhur əsəri "Tənqid haqqında esse" də ( “Essay on Criticism”) özünə qədərki nəzəriyyəçilərin toxunmadığı bir məsələyə toxunmuşdur. Aleksandr Pop sənətdə pis şairlərdən çox, pis tənqidçilərin ziyanlı olduğunu yazmışdır. Popa görə pis şair sadəcə səbrimizi tükətməklə məşğuldur, pis tənqidçi isə yaxşını pisdən ayırmaq hissimizə zərbə vurur, onu təhrif edir.

Onun fikrincə tənqidçi zövqlü olmalıdır. Bütün neo-klassistlər kimi Pop da şairin, həm də tənqidçinin klassik xətt üzrə yaxşı təhsilli olmasını vacib sayır. Pop yazır ki, tənqidçi hər şeydən əvvəl yaxşı insan olmalı, araşdırdığı dövrün özəlliklərini gözəl bilməli, əxlaqlı olmalıdır.

Tənqidçi gələcəyi yazıçılarını, şairlərini istiqamətləndirdiyi üçün cəsarətləndirici, öyrədici tərəflərini ön plana çıxartmalıdır. Tənqidçi unutmamalıdır ki, təvazökarlıq ən uca keyfiyyətdir. Qısacası, yaxşı tənqidçi hər şeydən əvvəl yaxşı insan olmalıdır.

Pop tənqidə və tənqidçiyə münasibətdən başqa qalan məsələlərdə özündən əvvəlkilər kimi düşünürdü.

# 6832 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #