Onu çoxdan tanıyıram. İlyas Tapdığı deyirəm. Sinəsi sirlərlə doludur. Çox həqiqətləri bilir. Amma hər vaxt demir. Könlünün sarı simi çox dərindədi. Gərək ona toxuna biləsən. İlyas Tapdıq həyatın hər üzünü görüb. Yaxşı günü az olub, pis günləri çox.
Bulvarda oturmuşuq. Suallarım ütülü deyil. Çalın-carpazdı, hardan gəldi verirəm.
- Seyfulla Şamilöv kim idi?
- Qağa, Azərbaycan Yazıçılar Birliyinin ilk sədri idi. 37-ci ildə həbs eləmişdilər. Ona 10 il iş kəsilmişdi. Həbsdə olarkən Sibirdə Hüseyn Cavidlə görüşür. Hüseyn Cavid Seyfullaya baxıb çox təəccüblənir. Deyir, ay Seyfulla, Yazıçılar İttifaqında bizə qarşı keçirilən iclasların aparıcısı sən idin. Bəs indi səni niyə tutdular? Seyfulla da deyir ki, vallah hələ də bilmirəm.
- Seyfulla Şamilov şair və yazıçılara əks mövqedə dayanırdı?
- Yox, qağa, sadəcə iclasları aparmaq katib kimi onun vəzifəsi idi. Əks mövqedə dayanmırdı. Həbsdən gələndən sonra “Gənçlik ” nəşriyyatında redaktor işlədi. Mənim yeni bir kitabım çıxmışdı. Orda Kirovun heykəlinə şeir yazmışdım. Daha doğrusu, şeirin içində Kirova aid iki misra var idi. Seyfulla müəllim o iki misranını altında xətt çəkib məni danladı. Dedi, məni bu hökumət tutdurub, Leninin, Kirovun yaratdığı rejim tutdurub, sən də ona şeir yazırsan. Doğurdan, pis oldum. Seyfulla Şamilov tutulanda Dağüstü parkda Kirovun heykəli yox idi. O həbsdən qayıdandan sonra gəlib gördü ki, Bakıda Kirovun heykəlin ucaldıblar. Onda mən çox gənc idim. Bütün bayram günlərinə şeir yazırdım. Bu tənqiddən sonra Oktyabr bayramı ilə bağlı bütün şeirlərimin üstündən xətt çəkdim. Təkçə mən yazmırdım belə şeirlər. Hamı yazırdı. O vaxt Səməd Vurğunun “Zamanın bayraqdarı” poeması çap olunmuşdu.
- Bu söhbətdən sonra Seyfulla müəllimlə aranız dəydi?
- Yox, əksinə, daha da yaxın olduq. Ürəyi təmiz insan idi. Bir dəfə Nəriman Həsənzadə ilə məni Buzovnaya dəniz kənarına apardı, iki şüşə konyak almışdı. Həmişə konyak içirdi. Bir də baxdıq ki, konyakı içməyə badəmiz yoxdur. Seyfulla müəllim dedi, kimdə şax manatlıq var?
O zaman pulun dəyişən vaxtıydı. Manatlıq təzə çıxmışdı. Cibimdən bir şax manat çıxartdım. Seyfulla müəllim həmin manatı büküb gözəl bir badə düzəltdi, konyakı süzdü. “Bəs birinci kim içəcək?” - dedi. Biz dedik, Seyfulla müəllim, siz için. Dedi, yox, cavanlar içməlidir.
Seyfulla müəllim belə bir şərt qoydu. Kimi daşı uzağa atsa o da içəcək. Şərtə uyğun Nərimanla mən yerdən daş götürdük. Üzü dənizə tərəf atdıq.
- Kimin daşı uzağa düşdü?
- Əlbəttə mənim. Gədəbəyin başına dönüm, dağlarında dərə aşağı o qədər daş diyirləmişəm, dağdan dağa o qədər daş atmışam. Mən də bu vərdiş var idi. Qollarım uzun idi, sapand kimi açıldı. Mənim daşım lap uzağa düşdü. Konyakı da birinci mən içdim.
- İlyas müəllim, siz Heydər Əliyevi ilk dəfə nə vaxt görmüsünüz?
- Qağa, 60-cı illərin ortaları idi. Yazıçılar İttifaqına getmişdim. Sədrin katibəsi Kubra xanım Dadaşova var idi. Çox tələbkar qadın idi. Hamımız ondan qorxurduq. Kubra xanım mənə dedi, İlyas yoldaş, Osman yoldaş tapşırıb ki, sədrin otağına keçəsiniz. Partiya iclası olacaq. Onda Osman Sarıvəlli Yazıçılar İttifaqının partiya təşkilatının katibi idi.
- Bəs Yazıçılar İttifaqının sədri kim idi?
- Mehdi Hüseyn idi. Bir də gördük ki, Heydər Əliyev gəldi. Dümağ köynək geyinmişdi. Pencəyini qolunun üstə atmışdı. O zaman Milli Təhlükəsizlik Komitəsində işləyirdi. Bizimlə çox səmimi və geniş söhbət elədi. Azərbaycan dilinin inkişaf etdirilməsindən danışdı. Cənubu Azərbaycandan danışdı. Hər şey ürəyimizcə oldu.
- İlyas müəllim, Səməd Vurğunla Rəsul Rzanın münasibəti o vaxt necə idi?
- Qağa, Allah hər ikisinə rəhmət eləsin. Böyük kişilər idi. Böyük kişilərin mübahisəsi də böyük olur. Səməd Vurğun 1955-ci ildə Moskvada keçiriləcək Sovet Yazıçılarının qurultayında Sovet poeziyası haqqında məruzə eləyəcəkdi. Bu mötəbər məruzə ona tapşırılmışdı. Ona görə də Səməd Vurğun bu işə hazırlıq məqsədi ilə həmin bu Yazıçılar Birliyinin Natəvan klubunda gənc şairlərin müşavirəsini keçirirdi. Sözü ancaq gənclərə verirdi. Birdən Məmməd Rahim yerdən qışqırdı ki, Səməd, bizə də söz ver. Səməd qağa dedi ki, Məmməd, biz ancaq bu gün gəncləri dinləyirik. Yəni Səmədin sözünün qabağına söz deyən yox idi. Qağa, bu fikir həmişə olub: Sərbəst şeirlə heca vəzninin davası. Bu dava həmişə Rəsul Rza və Səməd Vurğun arasında da gedib. Gizlətməyin yeri yoxdur. Səməd deyirdi ki, bizim əsl ana şeirimiz hecadır. Sərbəst şeir bizə yaddır. Rəsul Rza bir dəfə ona daha kəskin cavab verdi. Dedi, Səməd, elə sənin ən yaxşı şeirlərin sərbəst şeirlərindi. Səməd onunla mübahisə etmədi. İclası bağladı.
Rəsul Rzanın da gözəl heca şeirləri var. “Çinar ömrü” şeiri o zaman dillər əzbəri idi.
- Səməd Vurğun və Bəxtiyar Vahabzadə - ustad və şəyird necə yola gedirdilər, heç mübahisələri olurdumu?
- Qağa, o vaxt Bəxtiyar müəllim Səməd Vurğundan namizədlik dissertasiyası müdafiə etmişdi. Hətta orda Səməd Vurğunu tənqid də eləyib. O zaman heç kəs bunu bacarmazdı. Bəxtiyar bu addımı atmışdı. İkisi də bir-birini çox sevirdi. Mübahisələri də olurdu. Bir dəfə həmin bu Natəvan klubunda gənclərin şeir yığıncağnda Bəxtiyar Vahabzadə iclasın sədri Səməd Vurğuna dedi, Səməd müəllim, peyzaj şeirləri nəyə lazımdı, əgər orda insan yoxdursa? Səməd də Səməd idi. Dedi, Bəxtiyar, peysaj şeirini yazan kimdi? Bəxtiyar dedi, şair. Səməd qağa dedi, demək peyzaj şeirində də insan iştirak edir.
- O zaman Əli Kərimin ədəbi mühitlə münasibətləri nə yerdə idi?
- Qağa o zaman mühiti elə Əli Kərm formalaşdırırdi. Kim deyirsə ki, Əli Kərimə qayğı olmayıb, yalan söhbətdir. Ona bütün qayğılar göstərilirdi. Ona cəmi bir dəfə tənqid ediblər. “Fraqmentlər” şeirinə görə. Əli “Azərbaycan” kimi mötəbər bir jurnalın poeziya şöbəsinin müdiri idi. Bir dəfə gənclərin yaradıcılıq müşavirəsində Mir Cəlal Paşayev dedi ki, Əli Kərimin “Qaytar ana borcunu” şeiri dərsliklərə salınmalıdır.
- Bəs deyirlər Cəlal Məmmədov onu işdən çıxarıb.
- Qağa, Əli böyük şair idi. Amma şöbə redaktoru kimi iş görmürdü, şairlərin şeirlərini itirirdi. Cəlal Məmmədov narazı qalırdı. Əli Kərimin şairliyini heç kəs danmayıb. Hamımız onu çox sevirdik. Amansız ölüm onu aramızdan tez apardı. Bu da allah əmridir, tale məsələsidir.
- Gənclik illərində fiziki çəhətdən hansı şair güclü idi?
- Qağa, Əli Kərimlə mən. Hətta mən Əli Kərimi də yıxırdım. Hələ indiyənəcən mənim qolumu qatlayan olmayıb?
- Çox maraqlıdır, bu, nə ilə bağlıdır?
- Başına dönüm Gədəbəyin. Mən orda ağır daşları yerindən tərpədirdim, başımın üstə qaldırırdım. Zindan üstə dəmir döyəcləyirdim. Dəmir toxmaqla saatlarla ən qalın dəmirləri muma döndərirdim. Atama kömək edirdim. Çörəyimiz dəmirdən çıxırdı. 12 yaşından mən axsayıram. Qıçım o vaxt dizdən sınmışdı. İndi 80 yaşım var, əsa götürürəm, o vaxtdan. Allah-tala dizimin də gücünü qoluma verdi.
İlyas Tapdığı mən bir insan kimi yaxşı oxuyuram. Yerişini, duruşunu, əlini, gözlərinin qəmini oxuyuram. Həyat yoldaşını bu yaxınlarda itirib. Söz arası onu da dedi ki, bu yaxınlarda 8 qəbir yeri alıb. Diksindim. Fikrimdə 75 illiyində ona yazdığım şeiri xatırlayıram.
İlyas Tapdıq təsnifi
Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq
Ayaqlarına bax,
Birin götürür, birin qoyur
Elə bil ki, sözlərinə
Vergül qoyur
Nöqtə qoyur.
Baxın: iri həriflə yazılmış “gözləmək” sözüdü ayaqlar
-tap
-dıq
-yaz
-dıq
-çat
-dıq.
Bir ayağını götürəndə “yox”
Bir ayağını qoyanda “hə”.
Əlinə bax iri ağızlı kəlbətin kimi
demək istəmədiyi sözün ağzını yumur.
Mənimsə meylim deyilməyən sözədir.
Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram
Zaman üstündən xətt çəkilmiş çümlələrdə gizlənir.
Fikir verin, danışanda bir çiyni əyilir
əyilir ki, xatirəni qaldırsın.
Bir çiyni də yuxarı qalxır
Qalxır ki:
Lazım deyil, qoy qalsın.
Bir gözünü yumur...
Odeyy, getdi xatirənin dalınca.
Bir gözünü açır
Demək xatirə yoxdu artıq
Çəmiyyət var salanda.
O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas Tapdıq
Əllinci illərin əvvəlliydi İlyas Tapdıq
Gədəbəyin gülləriydi İlyas Tapdıq
Əli Kərimin əlləriydi İlyas Tapdıq
Uşaqların dilləriydi İlyas Tapdıq.
Buna bax eeee...
Özü də deyirlər şair oxunmur.
Şeir bitir. O, bilmir ki, mən bu şeiri ürəyimdə oxudum. Amma dəqiq bilir ki, mən ayağımın altına baxa-baxa yeriyəndə nəysə axtarır və xatırlayıram.
Yavaş-yavaş bir maşına yaxınlaşırıq. Mənim maşınımdı - deyir. Arxa qapıları açır. Xeyli dolu və yarımçıq araq butulkaları nəzərimdən qaçmır. İkisini götürür. Gedək boğazımızı yaşlayaq - deyir.
Mən soruşuram:
- Şax manatın var?
- Qağa, var, amma şax deyil, əzük-üzükdü - deyir.