“Millət necə tarac olur olsun” Sabirin deyilmiş ARAŞDIRMA

“Millət necə tarac olur olsun” Sabirin deyilmiş  ARAŞDIRMA
10 may 2013
# 11:07

QAN TURALI

Şeir deyəndə çoxumuzun yadına Sabir düşür.

Sabir deyəndə də “Millət necə tarac olur olsun, nə işim var” şeiri..

Bəs bu şeir Sabirin deyilsə, onda necə?

Azərbaycan ədəbiyyatşünaslığı 40 ildir bu şeirin kimə məxsus olduğunu sübut etsə də bu şeir hələ də Sabirin adına yazılır.

Bəs bu şeir kimindir?

Tarixi səhv necə olmuşdu?

Molla Nəsrəddin redaktorları o şeir haqqında nələr demişdi?

Başlayırıq.

Redaktorlar “yox” deyir

Mirzə Cəlil “Sabir haqqında xatiratım” məqaləsində yazırdı:

“Sabirlə maraqlananlara iqrar edirəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var” adlı mənzuməni bu saat camaatımız Sabirə isnad etdiyini mən inkar edirəm. Əvvələ o səbəbə ki, həmin mənzumənin əlyazması Sabirin xətti ilə yazılmamışdır, ikinci dəlilim budur ki, şeir özü bir qədər zəifdir və bəhər surət Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görünmür”.

Mirzə Cəlil həmin məqalədə Sabirin “Molla Nəsrəddin” jurnalında səkkizinci nömrədən başlayaraq çap edildiyini göstərir. Halbuki “Millət necə tarac...” şeiri jurnalın 4-cü nömrəsində nəşr edilmişdi.

Cəlil Məmmədquluzadənin bu fikirləri bir neçə cəhət üzrə həqiqət sayılmalıydı. Hər şeydən qabaq o jurnalın redaktoru idi, jurnalda çap edilən materialları özü qəbul, redaktə və çap edirdi. Bundan başqa onun gözəl yaddaşı vardı, “Xatirat”ım əsəri buna sübutdur. Və ən ümdəsi Sabiri ürəkdən sevən bir dost hansı əsasla yalan söyləməli idi? Mirzə Cəlil şeirin əsl müəllifinin kim olduğunu bu məqalədə də yazmasa da tarixdən o adı gizlətməmişdi. Bu barədə bir az sonra...

Mirzə Cəlilin bu iradından bir neçə il sonra çap edilən “Hophopnamə”nin 1929-cu il nəşrinə sözügedən şeir salınmadı. Həmin nəşrin tərtibçisi Əliabbas Müznib idi.

Molla Nəsrəddin jurnalının iki redaktoru vardı. Birincisi Mirzə Cəlil, ikincisi isə Ömər Faiq Nemanzadə. Maraqlıdır ki, Mirzə Cəlil kimi mətbəxi yaxşı bilən Ömər Faiq də bu şeirin Sabirə məxsus olduğunu inkar edir.

Molla Nəsrəddin jurnalının redaksiyasında böyüyən, Sabirin şagirdi olan professor Əziz Şərif də şeirin Sabirə məxsus olmadığını vurğulayırdı.

Bəs şeiri kitaba kim salmışdı?

“Hophopnamə” 1912-ci ildə, Sabirin vəfatından bir il sonra çap edilmişdi. Kitabın tərtibçisi Sabirin yaxın dostu Abbas Səhhət idi.

Abbas Səhhətin kitaba yazdığı ön sözdə bu şeirlə bağlı qeyd var:

“Həmin məcmuənin 4-cü nömrəsindən başlayaraq “Millət necə tarac olur...” mətlələli şeirə ən əvvəl həcvi-məlih yazıb “Hophop” imzası qoyulur”.

Lakin bu yanlış idi, çünki o şeir Hophop imzası ilə yox, imzasız çap edilmişdi.

Və “Millət necə tarac olur...” şeiri ilə bağlı mübahisələr əslində Abbas Səhhətin bu səhvi ilə başlamışdır.

Əslində ilk və sonrakı “Hophopnamə”lərdə də oxşar səhvlər vardı.

Misal üçün Qəmküsarın “Millətin halı pərişan ola” şeiri də “Hophopnamə”nin 1962-ci il nəşrinə salınmışdı.

Halbuki o şeir jurnalda Qəmküsarın imzası ilə çap edilmişdi.

Mollanəsrəddinçi şairlərdən Əli Nəzminin də bir şeiri səhvən “Hophopnamə”yə salınmışdı.

Abbas Səhhət Sabirin ən yaxın dostlarından idi, o əlbəttə ki Sabirə Mirzə Cəlildən də, Ömər Faiqdən də yaxşı bələd idi.

Lakin söhbət Molla Nəsrəddin jurnalındakı çapdan gedirsə bu sahədə redaktorların ümumi fikri əsas götürülməlidir.

1950-ci illərdən bu yana filoloqlar arasında bu şeirin Sabirin yazdığını deyənlər də vardı.

Misal üçün Bakı Dövlət Universitetinin rektoru, ədəbiyyatşünas Cəfər Xəndan.

O bu şeirin Sabirin ruhu və üslubu ilə eyniyyət təşkil etdiyinə görə bu şeiri Sabirinki sayırdı.

Halbuki mollanəsrəddinçilər eyni estetik xətti davam etdirirdilər və onların üslubları da çox yaxın idi.

Hər halda bu cərəyanın lideri Mirzə Cəlil şeirdə Sabir ruhunun görünmədiyini vurğulayırdı.

Ən böyük dəlil

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının komplektlərini Azərbaycan Ədəbiyyatı Muzeyinə bağışlamışdı.

Bu komplektin ən mühüm elmi cəhəti bundadır ki, redaktor hər məqalənin altında onun müəllifinin adını yazırdı.

“Millət necə tarac…” şeirinin altına isə Cəlil Məmmədquluzadə öz imzasını, Molla Nəsrəddin imzasını qoymuşdu.

Sabirə olan sevgisi Mirzə Cəlili məqaləsində şeirin əsl müəllifini gizlətməyə vadar etmişdi.

Halbuki hər nə qədər yazıçı və dramaturq kimi məşhurlaşsa da Mirzə Cəlil şeirə tamamilə yabançı sayıla bilməzdi.

Mirzə Cəlilin 6 cilddə olan külliyyatında 25 şeir də yer alıb.

O, ilk əsəri olan “Çay dəstgahı”nı da məhz nəzmlə yazmışdı.

***

Bu şeirlə nə Mirzə Cəlil şair olandır, nə də Sabir nəzm taxtından düşən.

Bizə sadəcə həqiqət lazımdır.

O həqiqət də Mirzə Cəlilin müəllifliyidir.

P.S. Məqalə yazılarkən Abbas Zamanovun "Sabir və müasirləri" (Bakı;1973) kitabından istifadə olunub.

Layihənin digər yazıları

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı ARAŞDIRMA

Anasına qulaq assaydı Molla Ömər olacaqdı

Ermənilər Sabirin kitabını necə "çap" etdilər?

# 9813 dəfə oxunub

Müəllifin son yazıları

# # #