Falçı qapısında xoşbəxtlik axtarışı - QAN TURALI

Falçı qapısında xoşbəxtlik axtarışı - <span style="color:red;">QAN TURALI
5 noyabr 2015
# 11:45

Falçılıq qanunla qadağan olunacaq.

Bu haqda Dini Komitə Nazirlər Kabinetinə qanun layihəsi təqdim edib.

Layihə qəbul olunsa falçılar inzibati, bəlkə də cinayət məsuliyyətinə cəlb olunacaq.

Əslində, bu qərar Azərbaycan klassiklərinin sərt tənqid etdiyi bir peşənin ləğv olunmasına xidmət edir.

Ləğv olunacaqmı, ya yox, bu başqa söhbətin mövzudur.

Lakin, dəqiq bəlli olan bir şey var.

Tutaq ki, Azərbaycanda stomatoloji kabinet açan insan müvafiq diploma malik deyilsə, bu xidməti göstərə bilmir.

Məlum məsələdir ki, falçıların belə bir diplomu yoxdur.

Bəs dövlət onların həqiqətən falçı olub-olmadığını necə müəyyən edəcək?

Ya da, hansısa restoran fəaliyyət göstərirsə onun fəaliyyəti müxtəlif qanunlarla tənzimlənir.

Misal üçün, ordakı qida, sanitar vəziyyət yoxlanılır.

Bəs falçıların proqnozlarını kim yoxlayacaq?

Olmaya falçılar “Gələn il ərə gedəcəksən” dediyi qızı bir il sonra axtarıb onun ərə gedib-getmədiyini yoxlayacaqlar?

Bir məsələdə falçılar da daxil olmaqla hamımız, həmfikirik: Falçıların arasında çoxlu sayda saxtakarlar var.

Çünki falçılıq saxtakarlar üçün çox real imkanlar yaradan bir peşədir.

Bu elə bir fəaliyyət sahəsidir ki, tutaq ki, həkim kimi müvafiq peşə hazırlığı tələb etmir, üstəlik, onun fəaliyyət sahəsini yoxlamaq mümkün deyil.

Bu mənada qanun layihəsinin mütərəqqi meylləri ifadə etdiyini demək olar.

Amma…

Ammasız olmur.

İnsanlar niyə falçı yanına gedirlər?

Bəlkə sualın cavabını burda axtaraq?

Məlum məsələdir k, elmdən, incəsənətdən uzaq insanlar öz xoşbəxtiyini falçı qapılarında axtaracaqlar.

Və bir qərarla da insanları maarifləndirmək mümkün olmadığı kimi, falçılığın yarandığı münbit nadanlıq mühitini də ləğv etmək mümkün deyildir.

Şeyx Nəsrullahı qovmaqla iş düzəlmir.

Kefli İsgəndəri ucaltmaq gərəkdir!

# 1283 dəfə oxunub

Müəllifin son yazıları

# # #