Yaraşıqlı italyan futbolçuları və əbədi sevgi

Yaraşıqlı italyan futbolçuları və əbədi sevgi
17 iyun 2016
# 13:17

İl 1999.

Türk liseydə mühasibat dərsi.

Dünyanın gəlmiş, keçmiş ən çətin dərsidi.

Taxta xətkeşim var, üstünə “Champion Germany” yazmışam.

Müəllim xətkeşi əlinə götürür, gözü yazıya dəyir.

“Almanlar heç zaman Şampiyon Azerbaycan, Şampiyon Türkiye yazmazlar” - deyir.

Və bu hadisə illərdir yaddaşımda yaşayır.

Almaniya bəşəriyyəti iki dünya müharibəsinə sürükləyib-Doğrudur.

Faşizmin qalası olub - Doğrudur.

Bu yaxınlarda soyqırımı haqqında layihəni də qəbul etdi - Doğrudur!

Lakin alman milli komandasına azarkeşlik etməyin bütün bunlara nə dəxli?!

Bu məntiqlə Kantı, Höteni də oxumayaqmı?

Biz illərdir bu hissiyyatla yaşayırıq.

Bu ölkə demokratikdir, gəlin ona azarkeşlik edək, digəri bizim millətin düşmənidir, onun rəqiblərini alqışlayaq.

“İran kinosu yaxşıdır deyə İrana balet eləyirəm” deyən adam görmüşəm.

Bir də yaraşıqlı italyan futbolçuları məsələsi var. J

Əlbəttə, əsl futbol azarkeşləri belə şeylərə fikir verməzlər.

Ronaldonu alqışlayanda Salazarı, Messini alqışlayanda Peronu düşünmürük ki, biz...

Futbol bir sənətdir...

Dünyada çoxlu futbol üslubları, tərzləri var.

Kimə nə xoşdursa ona azarkeşlik edir, ona dəstək verir, onun qələbəsinə sevinib, məğlubiyyətinə üzülür.

Futbol bu mənada ancaq futboldur.

Əlbəttə, sayları az da olsa bəzi insanlar var ki, Krım məsələsinə görə Ukraynaya azarkeşlik edir.

Əlbəttə, bu cür qeyri-futbol amillərini sərfnəzər etmək olmaz.

Misal üçün, bizim bir Türkiyə faktorumuz var.

Ağlayanda ağladığımız, güləndə güldüyümüz bir məmləkət...

Lakin Türkiyə bu mənada istisnadır, çünki Türkiyə həm də elə Azərbaycan deməkdir; ortaq dil, tarix, mədəniyyət...

Bununla belə Euro 2008-də Türkiyə ilə oyununda Almaniyanın qələbəsini arzulayırdım.

Azarkeşlik, futbol sevgisi hər şeyin üstündədir.

Hətta bizim zavallı eqolarımızın da...

Yox, bu yeri bir filmdən gəlib düşdü bura.

Düzəldək: Futbol sevgisi bütün dini, milli, irqi mənsubiyyətlərin üstündədir.

Zatən futbolun fəlsəfəsi də budur!

# 1067 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #