Təbrizin göylərə qapalı, Allaha açıq yeri

Təbrizin göylərə qapalı, Allaha açıq yeri
14 may 2013
# 12:17

Fəridlə Şəhriyarın İranda həbs olunduğu çağları xatırlayıram.

Keçən ilin bu günləri idi.

Fəridi bu məşum həbsdən bir neçə gün əvvəl Cavid Zeynallının toyunda görmüşdüm.

Açıq göy rəngli köynək geyinmişdi, hər zamankı təmkini ilə oturmuşdu.

Bu foto yaddaşımda qalmışdı, amma arzu edirdim ki, bu onun yaddaşımdakı son fotosu olmasın.

Şəhriyar da ordaydı, civə kimi bir yerdə durmurdu, toy boyu davam edən davanı sakitləşdirmək üçün ayaq üstdəydi.

Mühafizəkar bir saytdan onların edam hökmünə məhkum edildiyini oxuyanda özümü çox gücsüz hiss etdim.

Amma xoşbəxtlikdən hər şey yaxşı qurtardı.

Fərid Hüseynin “…qandalı görməsin” kitabını oxuyanda da keçən ilin bu günlərini xatırlayırdım.

Fərid kimi, Şəhriyar kimi hamımızın həbs olunduğu o günləri…

Uşaqlar orda həbsdə olduğu günlərdə Qismət onlarda tutulan “casus alətləri” (telefon, adaptor) haqda bir yazı yazmışdı.

Sonralar Qismət Zərdüştün bu məqaləni oxuyub ağlamasını qeyd etmişdi.

Zərdüştə vida yazısındaydı bu.

Onlar həbsxanada ola-ola Zərdüşt də ölüm həbsxanasına düşdü.

Əfvi, amnistiyası, apelyasiyası, protesti olmayan bir həbsxanayadı bu.

Şair demişkən: “Hər şey mən yaşarkən oldu”.

***

Zindan Həzrəti Yusif məktəbidir.

Nəsimidən tutmuş Nazıma qədər yazıçıların da keçdiyi bir məktəbdir.

Nazım həbsxanaya şərlə düşmüşdü, amma o, kommunist idi və o illərdə də, ondan sonrakı illərdə də kommunist olmaq həbsə düşmək üçün kifayətdi.

Bəs bizim uşaqlar necə?

O uşaqların günahı nəydi?

Bunu özləri də bilmir, biz də bilmirik.

O gün də bilmirdik, bu gün də bilmirik.

Amma onlar bu həbsxanada çox az adama müyəssər olan həyat gerçəkliyi gördülər.

BBC müxbirlərin də qısqandığı faktlar öyrəndilər, həyat hekayələri dinlədilər.

Həbsxana hər ölkənin zirzəmisidir, onlar çölü belə qadağalı olan ölkənin zirzəmisinə düşdülər.

Bu kitabı oxuya-oxuya zindandakı dostlarımızın aqibətinin xeyrə calanması bizi nə qədər məmnun edirsə, zindan kitabının ağırlığı da bizi o qədər məyus edir.

Nə deyirdi Nazım?

Bizi esir ettiler,
bizi hapse attılar : beni duvarların içinde,
seni duvarların dışında.

Ufak iş bizimkisi.
Asıl en kötüsü:
bilerek, bilmeyerek
hapisaneyi insanın kendi içinde taşıması...

Fəridlə Şəhriyar həbsdə olanda “onların vətəndaş mövqeyi yoxdur” deyib müdafiələrinə durmayan, ibtidai hisslərlə, cılız duyğularla yeniyetmə qəzəbi ilə yaşayanları gördük.

Bu kitabda da biz çölü zindan olan ölkənin iç zindanındakı adamları görürük.

İçində həbsxana daşıyanları görürük.

Nəhəng bir dövlət sisteminin altında əzilən kiçik insanları görürük.

Bu insanların arzuları da kiçikdir:

- Bakya gəlsəm yeməkxanada hamının gözü qarşısında şərab içə bilərəmmi?

- Bakıya gəlsəm barda qızlarla rəqs edə bilərəmmi?

Kiçik bir kitab bizə onlarla insanın nağılını danışır, bir-birindən bəzən çox fərqli olan bu nağıllarda hakim rejimin güclü çəkicinin səsi qulaqlarımızdan əskik olmur, hər nağıl bu çəkic səsiylə başlayır, bu səslə başa çatır.

Arzuların doğrandığı, sevinclərin didildiyi məkanda bizim dostlarımız da çarəni gülab qoxulu soyuq səccadələrdə tapırlar, “göylərə bağlı, Allaha açıq” həbsxanada yaradanın hüzuruna çıxıb mərhəmət diləyirlər.

***

Fərid Hüseynin “…qandalı görməsin” kitabını hamı oxumalıdır.

Həbsxananı anlamaq üçün...

İranı anlamaq üçün...

İnsanı anlamaq üçün...

# 2957 dəfə oxunub

Müəllifin son yazıları

# # #