Canlı yayımdakı alt paltarları

Canlı yayımdakı alt paltarları
16 oktyabr 2013
# 12:20

Qan TURALI

Kral tənhalığının nə olduğunu bilirsinizmi?

Hər kəs onun şöhrətini qısqanırkən o təmtəkdir, bu şöhrətin dərdini çərləyə-çərləyə çəkməkdədir.

Hər an kürəyinə saplana biləcək bir bıçağın soyuqluğunu, yaxın dostun xəyanətini, arvadın yeməyinə tökdüyü zəhərin dadını hiss edər
dodaqlarında.

Bəzən gücsüz olar, amma heç kimə etiraf edə bilməz, çünki gücsüzlük krala yaraşmaz, şanını zədələyər, qüdrətinə xətər toxundurar.

İndi krallar yoxdur, amma şanı, şöhrəti, var-dövləti köhnə kralları da qısqandıracaq şou-biznes ulduzları var.


Minlərlər, milyonlarla heyranın qucağında, boğaza qədər sərvətə gömülmüş krallar var.

Onlar kapitalist sisteminin qurbanlarıdır.

Bu amansız fələk çarxı fırlandıqdca onların şöhrəti artar, heyranları çoxalar, pulları artar, amma...

Heçmi fikir vermədiniz bu ulduzların sönməyinə?

Çünki sel kimi axan bu sərvətin qarşılığında öz yataq otağını da hamıya göstərməlisən.

Öz həyatınla bağlı daha çox təfərrüat verməli, qəflətən kamerayla evinə soxulan bir maqazinçiyə soyuducunu da, yataq otağını da, mətbəxini də göstərməlisən.

Çirkli camaşırların canlı yayımda...

Səni göylərə qaldıran heyranların səndən hər şeyini tələb edirlər.

Hamının qarşısında soyunmalı, bütün gizlinlərini ortalığa tökməlisən.

Sənə verilənlərin müqabilində sən də özünü ortalığa qoymalı, bütün sirlərini bölüşməli, necə olursa olsun bu maqazin mediasını doydurmalısan.

Sağa-sola palçıq atıb saçyoldusuna çıxmalı, cavan-qoca demədən hər şeyi çığnayıb keçməlisən.

Axşam evə qayıdıb makiyajlarını siləndə belə, özünlə qala bilmirsən.

Özündən qaça bilmirsən, buna görə də narkotiklər ən yaxın sirdaşındır.

Bir zərrə heroini iyləyib yox olmaq istəyirsən.

Hər gün bir yataqda oyana-oyana bədəninlə birlikdə ruhunun da fahişələşdiyini, nimdaşlaşdığını görürsən.

Bundandır hamıya qarşı dikbaşlığın, “mən bir nömrəyəm” kimi eqotəsəllilərin...

Sabah o bədənin də əvvəlki kimi olmadığını anlayacaqsan.

Sən hamının gözündə bir müğənni yox, fahişəsən və bu fahişəliyin ömrünün də çox qalmadığını anlayırsan.

Amma sən öz dərdlərinə ağlamağı buraxırsan, sən bu bataqlıqdan xilas olmaq üçün əl-qol ata-ata daha da çox boğulursan, daha çox çirkaba batırsan.

Bütün telekanallarda nümayiş edilən o təmtəraqlı villanın içində öz köhnə evini, bacınla bölüşdüyün kiçik otağı arzulayırsan.

Amma o kiçik otaqda sən bu villanın xəyallarını qurmuşdun.

Xəyallar həmişə gözəl deyilmiş.

Bu nəhəng industriya sənin ancaq səsini istəmir, bədənini, çılpaqlığını, ən məhrəm sirlərini istəyir.

O sənin gizlinlərinin alverinə qurşanıb, onu sənin səsin maraqlandırmır.

Kütlə yenə də “çörək və tamaşa” tələb edir.

Onların mədəniyyətə olan vulqat tələbatı məhz şou-biznes hesabına doldurulur.

Sən isə bir matador kimi qanını silə-silə onları əyləndirməlisən.

Bu amansız aqibət hər bir maqazin məşhurunun aqibətidir.

Məşhurun hətta intiharı belə onu xilas etmir, bu intihar qurban istəyən kütlələrin qarşısına mass-media tərəfindən atılmış yağlı bir
tikədir.

İntihar belə sənin küncdə-bucaqda qalan, indiyənə qədər faş edilməmiş sirlərini ortaya tökər.

Beş qəzet artıq satmaq, 2 reytinq çox almaq, 10 dəfə artıq tıklanmaq təlaşı ilə sənin sirr çuvalın ələk-vələk olunar, həyatda bircə dəfə salam verdiyin adamların uydurduqları əhvalatlar manşetlərə çıxar.

Ölümün çox satdığı bu düzəndə ölüm də səni xilas etməz...

***

Cavid Zeynallının “Leyla” romanı hər şeydən qabaq aktual mövzusu etibarı ilə diqqət çəkir.

Televiziya ekranlarında parıltılı, qlamur həyat tərzləri ilə evimizə soxulan müğənnilərin ağrı və əzablarını bizə göstərir.

Sən demə, bütün bu məşhurluq bircə telefon zəngi ilə bitə bilərmiş.

Sən demə daim alqışlanan müğənni tuş gəldiyi bircə qarğışla sönə bilərmiş.

İlahidən gələn o səsin qarşısını şeytanın bircə təlqini kəsə bilərmiş.

Cavid Zeynallı ziyalı elitasının ikrahla baxdığı şou-biznes dünyasının içinə girərək ordakı faciələri realist bir planda bizə göstərir.

Çünki ikrahla seyr edilən, amma heç kəsin qopa bilmədiyi, hamının söyə-söyə baxdığı bu parıltı dünyasında sən demə faciəvi dramlar yatırmış.

Leyla gecə deməkdir, gecədə isə bütün parıltılar yox olur, hər şey zülmətə, şou-biznes dünyasının mahiyyəti olan zülmətə çevrilir.

Gənc bir jurnalistin Leyla yolunda başına gələn macəralar bizə Sizif əməyini xatırladır.

Bütün qapılan üzünə çırpılan Leylanın sonra bəxti açılsa belə əslində bu müvəqqəti xoşbəxtlikdir, amansız talenin onu yenə də vuracağını biz hətta romanın optimist sonluğunda belə duya bilərik.

Çünki burdan xoşbəxtliyə avtobus getmir...

# 5776 dəfə oxunub

Müəllifin son yazıları

# # #