[b]Kəramət Böyükçöl: “İçməsəm, yaşaya bilmərəm” - MÜSAHİBƏ[/b]

[b]Kəramət Böyükçöl: “İçməsəm, yaşaya bilmərəm” - <span style="color:red;">MÜSAHİBƏ [/b]
10 yanvar 2017
# 11:24

Kulis.Az Kəramət Böyükçöllə müsahibəni təqdim edir.

- Kəramət, bu il 30 yaşın olacaq. Nələr edə bildin, nələr edə bilmədin?

- Mən 20 yaşımda düşünürdüm ki, 21-də bütün arzularıma çatacam. Sonra 21 yaşım oldu, gördüm ki, arzularım gözümdən düşdü, əhəmiyyətin itirdi. Ardınca 22 gəldi. 23, 24, 25... və belə-belə ömür getdi qabağa, heç bir arzuma da çatmadım. Bir gün isə anladım ki, əslində, adamı rahat yaşamağa qoymayan arzulardır. İndi 30 yaşım olacaq. Tamamilə arzusuzam. Gələcəyimdə heç nə görmürəm, ümidim də yoxdur. Bu qətiyyən pafos və sentimental qənaət deyil, səmimi fikrimdir.

- Niyə ümidsizsən, səbəb nədir?

- Səbəb ən çox yaşadığım cəmiyyətlə bağlıdır. Mən özümü cəmiyyətdən ayrı təsəvvür edə bilmirəm və bu cəmiyyətin axırını görmədiyim kimi özümün də axırımı görmürəm.

- Amma “Çöl” romanı yazmışdın, yaxşı reaksiyalar doğurmuşdu. Nəsr sahəsində ən yaxşı debütlərdən idi. Onda 23 yaşın var idi...

- Görünür, “Çöl”ü yazanda prosesləri, hadisələri indiki həssaslıqla dərk eləmirəmmiş. Bir söz var: ağıllı fikirləşənə qədər dəli vurub çayı keçdi. “Çöl” təxminən, bu məntiqdən doğuldu. Qələm dostlarım başı dünya ədəbiyyatını öyrənməyə qarışmışkən, tez bir roman yazdım. Sadə düşüncə tərzimlə, özümə əziyyət vermədən, mühazirə dərslərində arxa partada oturub yaşadığım, görüb-götürdüyüm kənd həyatından yazdığım əsər isə ədəbi mühitdə sənin də dediyin kimi, maraqla qarşılandı.

- Çox bədbinsən...

- Bəli, bədbin və ümidsizəm! Ancaq içimdə yaradıcılıq enerjisi hiss edirəm. Mənə elə gəlir, otursam, bir az da əsəblərimi nizamlaya bilsəm, daha yaxşı əsərlər yaza bilərəm... Səncə, alınar?

- Çox vaxt bu düşüncədə olanlar...

- Yaza bilmədilər?

- Hə...

- Nə olsun? O qədər yaza bilməyənlər var ki...

- Elə gənc var ki, deyir, məni oxumurlar. Ancaq yazdığına baxırsan, təqdim etdiyi səviyyədə deyil. Yəni oxunmamağı normaldır. Amma sən bu mənada uğur qazanmısan. Bəs niyə bədbinsən? Hər şey mənasızdır deyirsən.

- Yenə deyirəm, müəyyən şeyləri dərk elədim, iddialarım öldü, həvəsdən, ruhdan düşdüm. “Çöl”ü yazanda mən həddindən artıq həvəsli, iddialı idim... İndi o maraq məndə yoxdur.

- Həvəsin niyə söndü?

- Məişət qayğıları, problemlər, ailə, uşaq... Səbəbmi yoxdur? Məsələn, öz maddi imkanlarını minimum şərtlərlə təmin eləmək üçün çox əziyyət çəkirəm, yaradıcılığa güc qalmır.

- Amma maddi ehtiyaclarını təmin eləyə bilirsən...

- Bəli... Qələmi çörək ağacı kimi minib çapmaq məni incitsə də, minumum şərtlərlə dolanıram.

- Müsahibələri, yazıları deyirsən?

- İnan, saytlara yazdığım yazılar, aldığım müsahibələr məni o qədər bezdirdi, yordu ki... Təsəvvür elə, əlli manatdan ötrü kimdənsə müsahibə alıram, sən mənim keçdiyim proseslərə bax: o adama zəng eləmək, vaxt müəyyən eləmək, görüşmək, onunla bir araq içmək, beş saat danışmaq, sonra səsini diktofondan yazıya köçürmək, özünə göndərmək, müsahibənin baxıb geri qaytarması, saytda gedəndən sonra yaranan problemlər, söz-söhbətlər və s. Bunlar canımdan nə qədər hekayələr alır, süjetlər qoparır, bilirsənmi?

- Amma o yazılardan “Zahid Xəlilov küçəsi”, “Parlaq gələcək” kimiləri də var. Onlar məncə, elə nəsr nümunələridir.

- Bunlar mənim bezib, əsəbiləşib yazdığım mətnlərdir.

- Kəramət, sən bir ara şeirlər də yazmısan, yaradıcılığın ilkin mərhələsində...

- Hə, hətta şeir kitabım da çıxıb.

- Ancaq sən şeirə də ciddi yanaşmırsan...

- Ciddi yanaşmırsan deyəndə ki, şeir içimdəki hissləri ifadə eləmək üçün çox kiçik janrdır. Düşündüklərimi, keçirdiyim hissləri nəsr formasında yazmaq mənə daha rahat gəlir.

- Deyirsən ki, məişət qayğıları canımdan hazır hekayələr alır. Bunu bir az açardın. İstədiklərini yazmağa vaxt olmur?

- Mən əsəbləri dəhşətli dərəcədə gərgin adamam. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə mənəvi dünyam arasında hasar çəkə bilmirəm deyə hər şey anındaca mənə təsir eləyir, incidir. Bəzən yazar dostlarıma baxıram, qibtə eləyirəm. Onlar içirlər, kefləri açılır. Mən içəndə qanım qaralır, kefim pozulur. Baxıram ki, onlar rahat yaşaya bilirər, metroda, avtobusda, kafelərdə adamlar onlara təsir eləmir. Yeyirlər, içirlər, deyib-gülürlər... Mən isə əsəbləşirəm. Onlar evlərinə gedəndə qapını rahatca açıb içəri girirlər, məndə qapının dəstəyi əlimi ağrıdır. Evə pəncərədən girmək istəyirəm.

Bu qədər gərginliklər içərisində sistemli şəkildə yaradıcılıqla məşğul olmaq məndə alınmır. Bir tərəfdən də pul yox, kasıbçılıq... Ayaqqabı alıram şalvarım cırılır, şalvar alıram köynəyim cırılır, köynək alıram evdə ərzaq qurtarır, uşaq xəstələnir... Bezirəm!

- AYB-dən də çıxartdılar səni...

- Yaxşı elədilər...

- Kənardan səni çox içki içən biri kimi tanıyırlar...

- Mən içməsəm yaşaya bilmərəm. Tutaq ki, bir deputat televizorda danışır. Ona baxıb necə içməyəsən? Səncə, o deputatın danışdıqları cəmiyyət üçün ziyandır, yoxsa mənim içməyim? Mən də özümü içməklə qoruyuram.

- “Parlaq gələcək” hekayən də elə Milli Məclisdə deputatla görüşdən bəhs edir...

- Hə...

- O görüşdüyün deputat kim idi? Yoxsa uydurmuşdun?

- O deputat ümumiləşdirilmiş bir obraz idi.

- Kəramət, sən yazılarınla tanınmısan, amma həm də çoxlu qalmaqallarla yadda qalmısan. Bu qədər qalmaqal yaratmağın səbəbi nədir?

- Yaxınlarda bir nəfər məclisdə mənə kitabını verdi. Dedi, istəyirəm sən mənim yaradıcılığımı oxuyasan. Orda çox adam vardı. O adama dedim bu kitabı oxumamışam, amma sənin üzünə baxan kimi bilirəm ki, heç vaxt yaxşı əsər yaza bilməzsən. Mən dəqiq bilirəm: o cür sifətin altında ədəbiyyat olmur.

Bax, ədəbi mühitdə bu cür adamlar çoxdur, ortalıqdan da çıxmırlar... Mən də bu cür mənasız adamlar haqqında yazılar yazıb, tənqid edib qonorar alıram. Adını da qalmaqal qoyurlar.

- O Çexovun sözüdür, deyir, fizianomiyasından yazıçıya oxşamır...

- Çexovun sözü olduğun bilirdim. Sadəcə, adını çəkib məşhurlaşdırmaq istəmədim (gülür). Dəqiq xatırlamıram, səhv eləmirəmsə, “Karamazov qardaşları”ndadır, qız məhkəmdə deyir, möhtərəm hakim, sən o adamın üzünə baxanda görmürsən ki, qatil deyil. Təəssüf ki, mən də adamları fizianomiyasından tanıyıram, üzlərinə baxan kimi hansı yuvanın quşu olduğunu hiss edirəm.

- Qalmaqalları da bu üzdən yaradırsan?

- Yenə qalmaqal? (gülür). Mən anlamıram, fikirləri demək qalmaqal yaratmaqdır?

- Bəs Şərif Ağayarla olan məsələ? O da qalmaqal deyildi?

- Şərif ədəbiyyatımızda zövqünə inandığım barmaqla sayılacaq adamlardan biridir. Bəzən hörmət etdiyim, çox istədiyim adamın hansısa səhv hərəkəti məni narahat edir. Şərif də mənim bu münasibətimə adekvat yanaşmadı, məni daha da qıcıqlandırdı. Amma sonra barışdıq.

- Elə qalmaqallardan söz düşmüşkən... Sənin ən çox “alıb verə bilmədiyin” adamlardan biri də Səlim Babullaoğludur.

- Məncə, müsahibəmizdə adlar çox çəkilir. Amma olsun. Təkcə Səlim yox, ümumiyyətlə, yerində olmayan hər şey məni narahat edir.

- Səlim səncə, yerində deyil?

- Deyil. Söhbət təkcə Səlimdən də getmir. Məsələn, düşünürəm ki, Elçin Əfəndiyev də bir yazıçı kimi yerində deyil. Bu barədə ayrıca yazı yazmışam, yaxınlarda çap olunacaq.

Səlim isə mənim yerində olmayan adamlar siyahımda ən balacasıdır. Özün də yaxşı bilirsən ki, ədəbiyyat üçün ən vacib və birinci şərt istedadlı doğulmaqdır. Səlim istedadsızdır. İstedadsız adam isə hər yerdə görünəndə qıcıq yaradır. A kişi, bir az yorul, bir az, bez, bir az, həvəsdən, ruhdan düş. Ora qaçır, bura qaçır, orda bir təqdimat, burda bir təqdimat, burdan bir tərcümə, burdan bir kitab layihəsi və s. Mən də əsəbiləşib nəsə yazıram, sonra da peşman oluram ki, niyə xətrinə dəydim.

- Maraqlıdır, istedadı necə ölçürsən?

- Hiss eləyirəm və görürəm ki, zövqünə inandığımız adamlar da mənimlə razılaşır.

- Həmin yazının üslubunu bəyənə bilərlər. Amma orda ciddi ittihamlar da vardı. Məsələn, Səlimin şeir yaza bilməməsi...

- Yaza bilmir də! Mən belə düşünürəm. Məsələn, Səlimin şeirində belə bir misra var: “Onun gördüyü üzlərdən Antalya salmaq olar”. Brodski isə məşhur misrasında deyir: “Məni unudanlardan şəhər salmaq olar”. O qədərdir ki...

- Brodskini Səlimin tərcüməsində oxumusan yəqin...

- Hə... Brodskini tərcümə eləyir, axırda da misra payın götürür (gülür).

- Ola bilərmi ki, Səlim yaxşı şeir yazıb, sən başa düşməmisən?

- Yaxşı, mən başa düşmürəm, bəs o biri adamlar? Səlimə yaza bilmirsən deyənlərdən şəhər salmaq olar.

- Qismətin intellektuallığına, istedadına şübhən yoxdur ki?

- Yox, qətiyyən!

- Amma Qismət də deyir ki, Səlim yaxşı şairdir.

- Vallah, atam da eyni fikri deyir. Amma mən bu məsələdə onlarla razılaşmıram.

- Kəramət, sənin haqqında belə bir təəssürat da var: kitab oxumur, filmə baxmır. Özün də bu fikirlə razılaşırsan. Doğrudur bu, yoxsa zarafat edirsən?

- Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Azərbaycan ədəbiyyatını oxumuşam, ruhumdan da keçirtmişəm. Eyni zamanda dünya ədəbiyyatını ən azı skelet şəklində gözlərimin qarşısında canlandıra bilirəm. Bundan artıq mütaliə eləməyə, filmlərə baxmağa həvəsim, istəyim yoxdur.

- Məsələn, son oxuduğun kitab hansıdır?

- Yadıma gəlmir...

- Bəs film?

- Heç onu da xatırlamıram.

- Sənin cəmiyyətdə “kitab oxumayan”, “filmə baxmayan” bir imicin var və özün də get-gedə bu imici təsdiqləyirsən. Doğrudan, bəziləri kimi oxumağın heç nə vermədiyini düşünürsən?

- Ümumiyyətlə, Azərbaycan yazıçılarında kitaba münasibəti düzgün hesab etmirəm. Çox vaxt yazıçı, şair dostlarımız ictimai-siyasi proseslərdən gözlərini çəkmək, başlarını qatmaq üçün deyirlər ki, səs salmayın, kitab oxuyuruq. Guya, bunlar elə bir mənəvi ucalıqdadırlar ki, ancaq kitablarla yaşayırlar, filmlərlə nəfəs alırlar. Mənim üçün yazıçı olmağın yüz şərti varsa birincisi sənin azadlığıdır. Jül Renarın fikridir: “Kim deyirsə siyasətə qarışmıram, bu o deməkdir ki, mən həyata qarışmıram”. Cəmiyyətdə o qədər naqis şeyləri görməzdən gəlirsən, siyasətə qarışmırsan, bunlar haqda yazmırsan, gedib kitab oxuyursan ki, iş tapmışam. Azərbaycan kimi cəmiyyətdə əsl yazıçı kitabı türmədə oxumalıdır.

İkincisi, Əkrəm Əylisli özünə lazım olan kitabları oxumuş adamdır, onu çox böyük yazıçı hesab edirəm. Amma sənə bir sual verim. Tutalım, “Kür qırağında meşələri”ni kitabmı yaradıb? Orda kitabdan nə var?

- Əkrəm Əylislinin yazılarına baxanda görürsən ki, o dünya ədəbiyyatını da öz içindən keçirib.

- Orası elədir. Bunu mən də dedim. Amma başqa bir sual da verim. Mənim ədəbi nəsildaşlarım arasında nə qədər kitab oxuyanlar vardı və var. Bəs necə oldu ki, mənim yazdığım “Çöl” romanı onların kitablarından, əsərlərindən daha yaxşı oldu və ciddi adamlar tərəfindən də daha maraqla qarşılandı?

Başqa bir məsələni də deyim. Mən hiss edirəm ki, oxuduğum kitablar istedadıma adekvatdır. Bu qədər bəsimdir. İşimin-gücümün başımdan aşdığı vaxtda kitab oxumaq, soxa-soxda filmə baxmaq mənə rahatlıq gətirmir, zövq vermir, hətta işgəncə kimi görünür. Kitab oxuyanlar yazanda əziyyət çəkdiyi kimi mən də kitab oxuyanda əziyyət çəkirəm.

- Anarla Elçini necə? Oxumusan?

- Hərəsinin bir neçə əsərin oxumuşam. Bilirəm ki, nə yazırlar və nə yaza bilərlər. Anarda o qədər redaktə ediləsi cümlələr var. Mən elə cümlələr yazsam, el-aləmin içində biabır eləmişdilər. Yaxud Elçin. Hamı bilir ki, Elçin oxumuş, dünya ədəbiyyatına, mədəniyyətinə bələd adamdır. Özünün də az yaşı yoxdur. Əsas isə ortaya qoyduğun bədii mətndir. Onun axırıncı yazdığı hekayəsini oxudunmu? İdeyası qeyri-adidir, strukturu, yoxsa mövzusu? Nə idi orda maraqlı? Bu da intellekt.

- Oxumuram deyirsən, amma...

- Hə... Hərdən heç kim baxmayanda oğrun-oğrun oxuyuram (gülür).

- Kəramət, son sual. Yeni kitabın çap olunacaq?

- Mən saytlara yazılar yazıram, bilirsən. O yazıların çoxu iç, ovqat yazılarıdır. Onları saf-çürük eləyib bir kitab çıxarmaq istəyirəm. Və içimdə inam var ki, bu kitabım “Çöl”, “Səkkizinci gün”dən daha çox maraq doğuracaq. Düzü, bu kitabımdan pul da qazanmaq istəyirəm. Mənə elə gəlir, yaxşı satılacaq... Lap az qalıb, yaxınlarda çıxacaq.

# 2582 dəfə oxunub

Müəllifin son yazıları

# # #