Homo Sapiens, yalançı meymunlar və Neandertal soyqırımı ARAŞDIRMA 

Homo Sapiens, yalançı meymunlar və Neandertal soyqırımı <span style="color:red;">ARAŞDIRMA 
26 oktyabr 2015
# 15:00

Kulis Qan Turalının “İnsanın tarixi və bioloji genezisi” məqaləsini təqdim edir.

İnsanın mahiyyətini anlamaq üçün onun keçdiyi tarixi yola nəzər salmaq son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bundan təqribən 70 min il əvvəl bizim əcdadlarımız Homo Sapienslər meydana çıxdı. Bioloqlar həmin insanları “önəmsiz varlıqlar” adlandırırdılar. Çünki o insanların heyvanlardan elə də böyük bir fərqi yoxuydu. O şir kimi güclü pəncələrə, canavar kimi güclü çənəyə, qartal kimi iti gözlərə malik deyildi. İnsan qida zəncirində orta sırada dayanırdı. Daim yırtıcı heyvanlardan, soyuqdan, aclıqdan qoruna-qoruna yaşamaq məcburiyyətində idi. Bütün bu fiziki məhdudiyyətlə insanları daha ağıllı və çevik olmağa vadar edirdi.

Əslində insanın yeganə növü Homo Sapiens deyildi. Elm sübut edir ki, itlərin, meymunların, qarışqaların müxtəlif cinsləri olduğu kimi insanların da müxtəlif cinsləri olmuşdur. Misal üçün Homo Neandertal adlanan insan da Homo Sapiens kimi başqa bir növdür. 2010-cu ildə alimlər Sibirdə Denisova adlı mağarada yeni bir insan fosili tapdılar və bu insanı da Homo Denisova adlandırdılar. Alimlər on min il əvvələ qədər dünyada ondan artıq insan növünün yaşadığını güman edirlər. Bu əlbəttə ki, insanlara qəribə görünür. Lakin itin əllidən artıq növü olduğu halda insanın nəyə görə bir növü olsun ki?

Lakin insan, daha doğrusu Homo Sapiens digər canlılara nisbətən daha ağıllıydı. Buna görə də o, əmək alətləri düzəldə bilirdi. (Əmək alətləri hazırlamaq Homo Sapienslərin əsas cəhəti sayıla bilməzdi, onu Neandertallar da bacarırdı) Əmək alətlərinin düzəldilməsi insanı heyvanlardan ayıran əsas cəhətlərdən birinə çevrildi. Əmək alətlərindən istifadə edən insan ölü heyvanların sümüklərini sındıraraq iliyini yeməyə başladı. Bu insanın ilk mühüm kəşfi sayılır.

Bundan üç yüz min il əvvəl müxtəlif insan növləri Homo Erectus, Homo Neandertal və Homo Sapiens oddan istifadə edirdi. Oddan istifadə ilə insanlar yırtıcı heyvanlara qarşı mühüm bir silah əldə etdilər. Belə ki, onlar odla heyvanları qorxuda bilirdilər. Üstəlik, odda bişən qidalar daha dadlı və kalorili olurdu.

Alimlər 150 min il bundan əvvəl Afrikada eynən bizə bənzəyən Homo Sapienslərin olduğunu deyirlər. Təqribən 70 min il bundan əvvəl Homo Sapienslər Afrikadan çıxaraq Avrasiyaya yayılmağa başladılar. Lakin Avrasiyada yaşayan digər insan növlərinə nə oldu? Axı tarixin sonrakı dövrlərində Homo Sapiensdən başqa digər insan növləri yox oldu. Bu gün insanın cəmi bir növü var, o da Homo Sapiensdir. Bununla bağlı iki nəzəriyyə mövcuddur.

Birinci nəzəriyyə “İrqlərin qarışması” adlanır. Buna görə Homo Sapiens digər insan növləri ilə nikahlar bağlamış və nəticə etibarı ilə onların qanı bir-birinə qarışmışdır. Misal üçün, Homo Sapienslər Yaxın Şərqə və Avropaya getdikdə orda Neandertallarla qarşılaşmalı idilər. Neandertallar soyuğa dözümlü, gövdəli idilər, oddan istifadə edirdilər. Hətta elm onların xəstə və qocalara qulluq etdiyini də deyir. “İrqlərin qarışması” nəzəriyyəsi doğrudursa o zaman biz təmiz Homo Sapiens sayıla bilmərik. Çünki avrasiyalılar Neandertallarla, Şərqi Asiyadakılar Erectuslarla Homo Sapienslərin qarışığından yaranıb.

Digər bir nəzəriyyə isə “Əvəzləmə” nəzəriyyəsidir. Bu nəzəriyyəni qısaca soyqırım nəzəriyyəsi də adlandıra bilərik. Bu nəzəriyyəyə görə Neandertallarla Homo Sapiensləri bioloji olaraq fərqli olduqlarına görə cinsi mənada bir-birini cəzb edə bilməzdilər. Ona görə də onların qarışması mümkün deyildir. Bəs Neandertallara nə oldu? Axı niyə onlar yoxdular. Bəs Homo Erectuslar, Homo Denisovlar haradadır? “Əvəzləmə” nəzəriyyəsi bir neçə variantı nişan verir. Bir variant budur ki, Neandertallar qida azlığından yox oldular. Digər bir ehtimala görə isə onlardan daha sosial olan Homo Sapienslər tərəfindən yox ediliblər. Homo Sapienslər Neandertallarla qarşılaşdıqlarında hansı hissləri keçirdiblər. “Hamımız qardaşıq, yaşasın insanların qardaşlığı”mı deyiblər, yoxsa “onlar bizim düşmənlərimizdir” deyib soyqırıma tələsiblər. Bunlar hələ də elmə məlum deyil. Alimlər o dövrlərə aid tapdıqları qəbiristanlıqları təhlil edərkən ölənlərin 4.5 faizinin fiziki zorakılıq nəticəsində öldüyünü deyiblər. XXI əsrdə müharibələr də daxil olmaqla indi bu rəqəm cəmi 1 faizdir, deməli o dövrdə qəddarlıq indikində 4.5 dəfə çox olub. Lakin XXI əsrdə belə Homo Sapienslərin biri-birinə qarşı qanlı müharibələr törətdiyini nəzərə alsaq Homo Sapienslərin Neandertalları məhv etməklərinə inanmaq çətin deyil. Lakin burda söhbət inamdan yox, sübutdan gedir. Sübut isə hələ ki, yoxdur, elm Homo Sapiensdən başqa insan növlərinin nəyə görə məhv olduğunu dəqiq müəyyənləşdirə bilməyib.

Lakin bəzi elmi faktlar da var. Neandertalların DNT-lərini əldə edən alimlər onları müasir Yaxın Şərq və Avropa insanlarının DNT-si ilə müqayisə etdilər. Nəticə 1-4 faiz çıxdı. Yəni müasir avropalı ilə Neandertalın DNT informasiyaları bu ölçüdə eyni idi. Eyni təcrübə Homo Denisova ilə Avstraliya aborigenləri arasında aparıldı. Bu dəfə rəqəm daha yüksək oldu: 6 faiz. Bu elmi təcrübələr “İrqlərin qarışması” nəzəriyyəsini qismən təsdiq edir. Lakin araşdırmalar hələ də davam etdiyinə görə iki nəzəriyyənin hansının doğru çıxacağını indidən müəyyən etmək çətindir.

Homo Sapiensin günahı olub-olmadığı bəlli olmasa da dəqiq bəlli olan bir şey var: Homo Sapienslərin ayağı dəyən yerdə yerli əhali məhv olub. 70 min əvvəl Homo Sapienslər Afrikadan çıxdılar. 50 min il əvvəl Homo Sloensisin nəsli tükəndi. Az sonra Homo Denisova da yoxa çıxdı. 30 min əvvəl isə Neandertallar dünyadan silindi. Bəs bu amansız müharibədən Homo Sapienslər necə sağ çıxdı? Mübahisələr hələ də davam edir, lakin alimlər ən çox dil məsələsinin üstündə dayanırlar.

Bu dövrdə Homo Sapienslər ox-yay, lampa, paltar tikmək üçün vacib olan iynələr düzəltməyi bacarırdı. Alimlər bu Homo Sapienslərin ən az bizim qədər ağıllı, yaradıcı olduğuna inanırlar. Stadel mağarasında (Almaniya) tapılan Aslan qadın heykəli 32 min il əvvələ aiddir. Bədəni insan, başı isə aslan başı olan bu heykəl insanın o dövrdə yaradıcılıq qabiliyyətinə malik olduğunu göstərir.

Dil təbiətdə yalnız insana məxsus olan bir şey deyil. Meymunların da dilləri var. Misal üçün, alimlər meymunların bir-birini aslan təhlükəsinə qarşı xəbərdarlıq etdiyini müəyyən ediblər. Lakin Homo Sapiensin dili meymundan çox daha fərqli, çox daha mürəkkəb idi. Meymun “Aslan var, qaç” deyə bilirsə Homo Sapiens çayın sola qıvrılan yerdə bizon ovlayan aslan gördüyünü deyə bilirdi. Dilin meydana çıxması ilə mühüm bir inqilab baş verdi. Belə ki, insanlar yalnız gerçəyi yox, eyni zamanda real həyatda olmayan şeyləri də danışmağa başladılar. Burda söhbət yalandan getmir. Alimlər meymunların da bir-birinə yalan danışdıqlarını, misal üçün aslan olmadığı halda “Aslan var” dediklərini qeydə alıblar. Burda söhbət mifik varlıqlardan, pərilərdən, cinlərdən, qulyabanilərdən gedir. Homo Sapiensin dili o qədər inkişaf etmişdi ki, yalnız məişətlə bağlı şeyləri deyil, fövqəltəbii varlıqları da ifadə edə bilirdi. Homo Sapiens hekayələrə inanmağa bu dövrdə başladı. Və bu hekayələrə inam onu digər canlılardan tamamilə ayırdı. Bu fərqi görmək üçün meymunların həyatına fikir verək.

Şimpanzelər iyirmi-əlli nəfərlik qruplarda yaşayırlar. Qrupun rəhbəri “Alfa erkək” adlanır, digər qrup üzvləri kralın qarşısında təbəələrin əyildiyi kimi ona əyilməklə itaətlərini bildirirlər. Başçı qrupda baş verən narazılıqları aradan qaldırır, bəzən qrupun iki fərdi arasında cinsi münasibətləri qadağan edir. Qrup başçısı heç də ən güclü meymun deyil, sosial münasibətləri ən yaxşı qura bilən meymundur. Daha çox tərəfdarı olan meymun başçıya çevrilir.

İlk dövrlərdə insanlar da kiçik qruplarda yaşayırdılar. Çünki qida az idi, bir vadinin yüzlərlə Homo Sapiensi yedizdirəcək qədər resursu yox idi. Lakin zamanla əmək alətləri və dil inkişaf etdikcə insanlar daha böyük qruplarda birləşdilər. Avropalılar Afrikanın içərilərinə getdikcə bu cür kiçik, heç bir halda 150 nəfəri keçməyən insan qrupları ilə qarşılaşmışdılar.

Lakin zamanla insanlar çox böyük birliklə qura bildilər. Kiçik qruplarda, elə meymunlarda da olduğu kimi hamı bir-birini tanıyır, onunla bu tanışlığa görə münasibət yarada bilirdi. Daha doğrusu münasibət zatən vardı. Lakin böyük insan qruplarının yaranması hekayələrin yaranması ilə bağlandı. Bu gün az qala bütün qitələrdə xristianlar yaşayır, onlar əlbəttə ki, bir-birini tanımırlar. Bununla belə bir yerə toplaşdıqda onlar ortaq xristianlıq hekayəsi ilə əlaqə yarada bilirlər. Eyni şəkildə millətlər də bu cürdür. Misal üçün alman xalqının bütün üzvləri şimpanze qrupunda olduğu kimi bir-birini tanıya bilməz, lakin Alman bayrağı, Alman himni, Alman dövləti onları birləşdirir.

Əslində isə Alman milləti deyə bir şey gerçəkdə mövcud deyildir, xəyalda mövcuddur. Bu insanların ideyasında, şüurunda mövcuddur. Yəni, bioloji olaraq biz Alman millətindən danışa bilmərik. Tarixdə assimilyasiya keçirdən xalqlar olub. Bir xalq digərinin içində əriyib. Lakin bu xalqlar özlərini başqa bir xalqın milli ideyasında tapıblar. Tutaq ki, bir koreyalı uşaq alman ailəsində doğulubsa o alman ideyasına inanacaq. Çünki onun genetikasında koreyalı ideyası yoxdur. Biologiyada koreyalı, ya da alman fərqi yoxdur. O, koreyalılar kimi buddist yox, almanlar kimi xristian olacaq. Çünki biologiyada buddizm də yoxdur. Gerçəkdə olmayan ideyaları yaradaraq ona inanmağımız Homo Sapiensləri bugünkü səviyyəyə çatdırmışdır.

Burda zəruri bir əlavəyə ehtiyac var. Meymun yoldaşına “Aslan gəlir, qaç” deyə bilir. Lap hətta aslan olmasa da. Lakin meymun yoldaşına “Qulyabani gəlir, qaç” deyə bilmir. Meymun aslanı tanıyır, qulyabanini yox. Qulyabaninin nə olduğunu meymun bilmir. Heç insan da qulyabani görməyib. Sadəcə onun xəyalında qulyabani ideyası var. O qulyabanini yoxdan yaradıb. Və yoxdan yaratdığına inanır. Bu insanın heyvanlardan əsas fərqidir.

Mövzunu dərinləşdirmək üçün başqa bir misal verək. Pulun olmadığı dövrlərdə insanlar natural formada alver edirdilər. Misal üçün, meyvə verib ət alırdılar. Maraqlıdır ki, meymunlarda da bu cür natural dəyişdirmə var, misal üçün meymunlar bir banan verib üç qoz ala bilirlər. Lakin iqtisadiyyatın getdikcə inkişaf edərək mürəkkəbləşməsi insanları ümumi bir tədavül vasitəsi tapmağa məcbur etdi. Misal üçün ayaqqabı tikən sənətkarın ehtiyacı meyvəyə yox, tutaq ki, qab-qacağa idisə və ondan ayaqqabı alan insan da sənətkara qab-qacaq yox, meyvə təklif edirdisə onda necə olmalı idi? Demək, elə bir şey yaranmalıydı ki, onunla həm meyvəsi olan ayaqqabı ala, ayaqqabı satan isə qab-qacaq əldə edə bilməliydi. Bu ehtiyac pulu yaratdı. Tarixən insanlar indiki kağız pul yerinə müxtəlif daşlardan, metallardan istifadə ediblər. Çünki insanlar pulun hekayəsinə inanıblar. İnanıblar ki, meyvə satıb əvəzində aldığı pula gedib ayaqqabı ala biləcək. Amma meymunlar arasında belə bir şey formalaşa bilməzdi. Yüz milyon dollar da versəniz meymun sizə əlindəki bananı verməyəcək.

Ya da başqa bir məqam. İnsanlar oruc tuturlar, gün ərzində yemirlər və inanırlar ki, Tanrı oruc tutduqlarına görə onları Cənnətə göndərəcək. Lakin Roma Papası belə bir meymunu “sənə cənnətdə banan bağı verəcəklər” vədiylə inandırıb onun əlindəki bananı ala bilməzdi. Çünki meymunların beynində pula inam olmadığı kimi, cənnətə də inam yoxdur. Meymun bananı ancaq üç qozla dəyişdirə bilər. Doğrudur, meymunlar cinsi əlaqə, ya da eləcə dostluq xatirinə bir-birinə hədiyyələr verirlər. Lakin heç zaman bananı cənnətə ya da pula dəyişməzlər.

Bəs insanlar nəyə görə tutaq ki, pulla alver edə bilirlər. Bunun arxasında insanların yaratdığı pul hekayəsi dayanır. İnsanlar pul hekayəsinin gücünə inanırlar. Onlar inanırlar ki, səkkiz saat işləyib qazandıqları pulla özlərinə yemək ala, tətilə gedə bilərlər. Heç tanımadıqları market satıcısı alıcıya maddi dəyəri heç bir banan da eləməyən kağız pullara yeşiklərlə banan sata bilər. Onların meymunlarda olduğu kimi bir-birini tanımalarına ehtiyac yoxdur. Sadəcə onların hər ikisi də müstəqim şəkildə, fiziki şəkildə bir dəyəri olmayan pula qarşı inamları dayanır.

Burda maraqlı bir məqama da toxunaq. Bu gün dünyada 427 trilyon dollar pul var. Lakin əsginasların dəyəri bundan düz dörd dəfə azdır. Bu necə mümkün olur? Siz banka 1000 manat pulu əmanət kimi qoyursunuz. Bir başqa adam da bankdan həmin 1000 manatı kredit kimi alır. Sizin də 1000 manatınız var, onun da. Ümumən, 2000 manat edir, amma kağız pul kimi cəmi 1000 manat var. Bütün dünya iqtisadiyyatı da əslində pula inam, pul hekayəsinə inam üstündə qurulub.

Məhz gerçək olmayan, dil vasitəsi ilə yaratdığımız ortaq miflər sayəsində insan cəmiyyəti, dövlətlər, dinlər, beynəlxalq iqtisadiyyat, fəlsəfə elmi, ədəbiyyat, qısacası insanı heyvan aləmindən ayıran hər şey mümkün olmuşdur. Bu Homo Sapiensləri zəif, önəmsiz bir canlıdan kainatın sahibinə çevirmişdir. Min illər boyunca insan planetin landşaftını tamamilə dəyişmiş, minlərlə heyvanın nəslinə son qoymuş və bu gün əlindəki ən müasir silahlarla hətta yer üzündə həyatı belə məhv etmək gücünü əldə etmişdir. Bu uğurun arxasında isə insanların birgəyaşayışı şərtləndirən hekayələri durur. Bizim ortaq hekayələrimiz...

Məqalənin hazırlanmasında Yuval Noah Haririnin “Homo Sapiens” (İstanbul 2015) kitabından istifadə olunub.

# 3102 dəfə oxunub

Müəllifin son yazıları

# # #