Dünən müxtəlif media orqanlarında gənc şair Emin Pirinin çıxışları dərc edilib. Gənc şair bu çıxışlarında Kamal Abdullanı onu ölümnlə hədələməsini deyib. Məsələ ilə bağlı Kamal Abdulla ilə blitz müsahibəni təqdim edirik.
- Kamal müəllim, sizin son böyük müsahibənizdən sonra tənqid etdiyiniz adamlar, təşkilatlar Sizə qarşı kompaniya başladılar. Cəlil Cavanşir bu hücumların arxasınca duran tənqidçinin də adını açıqlamışdı…
- İndi nə yazırlar?
- Emin Piri yazır ki, Siz onu öldürməklə hədələyirsiniz. Gecə saat 3-də evinə zəng elətdirib bu hədənizi ona çatdırıblar.
- (təəccüb içində) Onu hələ öldürməyiblər? Mən axı adamlarıma dəqiq göstəriş verib Bakıdan çıxmışam. Onu artıq öldürməliydilər. Belə də idarəçilik olar? Görürsən, hətta mənim də sözümə düz-əməlli baxmırlar. Eybi yox, geri dönəndə bu işə bir əncam çəkərəm.
- Neyləyəcəksiniz ki?
- İlk əvvəl əmrimi vaxtında yerinə yetirməyənləri cəzalandıracağam. Özü də çox ağır şəkildə. Sonra növbət həmən gəncə çatacaq. Sonra onun "mürşidinə", yaxud da "mürşidlərinə".
- Kamal müəllim, axı gəncdir, bəlkə fikrinizdən vaz keçəsiniz...
- İstərdim vaz keçəm. Qüsura baxma. Artıq gecdir. Ox yayından çıxıb. "Zakaz" verillib.
- Axı bu adamın günahı nədir? Nə üçün o öz həyatını gənc yaşında itirməlidir ki?
- Vallah, günahı nədir, ümumiyyətlə günahı vardır, yoxdur, mən özüm də düz-əməlli bilmirəm. Mən belə adamam. Heç bir günahı olmayan adamları öldürməkdən, təhdid etməkdən, döydürməkdən, min cür əzab verməkdən həzz alıram.
- Bu oğlanı tanıyırdınız?
- Mən əvvəl elə bilirdim, o bir sektanın üzvüdür. Belə deyilmiş. Bir az əvvəl o sektanın mürşidi mənə zəng eləyib Allaha and içdi ki, onun bu işlərdən xəbəri yoxdur. Məni yenə böyük və qüdrətli yazıçı bilir və biləcək. Səsi telefonumda qalıb. Bu uşaq özü özbaşına hərəkət edir. Yəni, "odinoçkadır". Mən o "mürşidə" inandım. Belədisə, cəzalanmalıdır. Cəza verməkdə fikrim qətidir. Çünki o sektanın adını hələ çəkmək istəmədiyim başqa bir müridi mənə yazıb ki, Kamal müəllim, bütün bu məsələlər əvvəlcə çayxanalarda götür-qoy edilib, ölçülüb-biçilib... Sizə şər atmağın yolları dəqiq müəyyənləşdirilib. Siz onları hökmən cəzalandırmalısınız. Məndən bunu xahiş edənlər var. Özü də sektanın içindən.
- Necə düşünmüsüz cəzanın yerinə yetirilməsini? Barı əzablı olmayacaq ki, cəza?
- Əzablı olmasa ləzzəti olmaz. Mən onda mən olmaram ki. Uşaqdı, başa düşürəm, amma o, böyük yerişi yerimək istəyib. Cəzasını alacaq. Mən belə tapşırmışdım. Ətini kəsib qiymə-qiymə etsinlər, qulaqlarını ət maşınından keçirsinlər, sümüklırini həll bişirsinlər...
- Müəllim, bəlkə bunun həqiqətən günahı yoxdur?
- Bişirilmiş bu yeməkdən mürşidi Əsəd Cahangirə versinlər. Yedisə, həmən oğlanın günahı yoxdur. Yemədisə, var. Və yaxud əksinə. Bir də bilirsən, Qan Turalı, nə var? Əsas olan cəzadı, yerdə qalan...
- ... Təfərrüatdır?
- Ay sağ ol. Hardan gəldi bu söz ağlına? Təfərrüatdır ki var. Haman adını çəkdiyin o başabəla məqaləni, deməli, həqiqətən, oxumusan və elə bilirəm ki, çıxardığın nəticə doğrudur.