Bizə sıxılan güllənin üstündə yazılanı oxuyaq heç olmasa

Bizə sıxılan güllənin üstündə yazılanı oxuyaq heç olmasa
19 dekabr 2012
# 11:15

Heç kimin həyatı bir kitab oxumaqla dəyişmir, bu böyük bir yalandır. Kitab olsa-olsa biz gənc ikən böyüklərimizin bizə sırımağa çalışdığı “gözəl” ənənələrimiz qədər bezdirici və sıxıcıdır yeni nəsil üçün. İnternetdə veyllənmək varkən nəyə görə sözlərin, cümlələrin tələsinə düşək, nəyə görə təxəyyülün xizəyində ən azğın sürətlərin həzzində sürüklənək ki?! Həyatın tələsindən xilas olsaq belə bizə verilən bir neçə saniyədə bir level keçirik. Dostoyevski oxumaqdansa “War Craft” oyununda mərhələ keçmək daha önəmlidir. Sehrli qılınca çatmaq Heminquey oxuyub onun haqqında danışmaqdan daha çox alqışlanır. Aforizm yazmaq çoxdan xalqın inhisarına keçib. MSN-də, sosial şəbəkələrdə göstərişli, dəbdəbəli sözlərin yaxşı alveri var. (Tezliklə bir nəşriyyat “Ən gözəl mesajlar” deyə bir kitab çıxartsa, təəccüblənmə Orxan Vəli). Əvvəllər kitabın oxuyub qaldığımız səhifəsinə əlfəcin qoyardıq, indi də ömrünün donub-qaldığı yerinə oxuduqları son kitabı qoyub yaşayanlarla bir yerdə yaşamağa məcbur qaldıq. Demokratiya şikəstdir, həmişə demişəm bunu, kitab oxumamaq da demokratik bir hüquq olmadımı sanki? İstəyən oxuyar, istəyən yandırar. Bu da sənə demokratiya...

Yox, mən hələ də köhnəfikirliyəm deyəsən, kitabın yuxudan durar-durmaz üz yumaq kimi bir ayin olduğuna inananlardanam. Üzümü kitabla yuyuram. Üzümü şeirlə, hekayə ilə, romanla, fəlsəfəylə yuyuram ki, təravətli görünüm, güclü görünüm, məni bəlaya salan düşmənim həyat qarşısında. Yoxsa klaviatura qarşısındakı kapilizm məni də udub gedəcək və bir level daha keçəcək, bilirəm. Adım “caps lock” açıq olsa da kiçik və solğun yazılacaq, hamınınkı kimi. Əlimdə nə sehrli qılıncım, nə xüsusi bir hünərim, nə də böyük bir zəfərim var. Əlimdə ancaq oxunmağı gözləyən, oxunmağın həsrətini çəkən sehrli bir kitab var. Bədənimə sahib olsalar da, kitablarıma əsla sahib ola bilməzlər. Onlar mənim işıldayan cəvahiratlarımdı, mən onlarla cahanla kəllə-kəlləyə gələn yeganə həqiqi əjdahayam.

Kitabxanamın qarşısında durdum dedim, mənə nə etdiniz siz? Sizin təlqinlərinizlə aldanmadımmı, ailəmi itirdim sizin ucbatınızdan, ölkəmi itirdim, dünyamı heyrətə saldınız. Biz dedilər, əxlaqsızıq, əxlaqı öyrətməyə çalışanlar qədər əxlaqsız və şeytanıq, başdan çıxarırıq insanları. O anda qərar verdim, şkafımı rəflərə-şeir rəfinə, roman rəfinə, yerli yazıçılara, ya da xarici yazıçılar rəfinə-bölməməyə, sistemə qarşı olan kitablarımızı sistemli düzmək lazım deyilmiş, onda anladım. Küləkdə uçan saçlar qədər azad olmalıydı kitablarım. Alov necə alovlanırsa, hər kitabxana da sahibinin şəklini alır əlbəttə. Peyami Səfanın yanına Nitsşeyi, Bukovskinin yanına Cəmil Meriçi, müqəddəs kitabların yanına “Kapital”ı və Kurt Kobeyinin gündəliyini qoydum və dedim ki, sizinlə məşğul olmağa vaxtım yoxdur, barı özünüz bir-birinizdən nəsə öyrənin. Kitablar mən evdə olmayanda öz aralarında hərarətlə müzakirə edirlər, dəli olanlarınız bilir bunu. Kitablar da bir-birini oxusunlar. Kitablar yesin bir-birlərini, nə qalsa qalsın, mənə lazım olan odur.

Nyu Yorkda, bir muzeydə böyük otağın içində şüşədən divarları olan böyük yer düzəldiblər, içərisini işıqlandırıblar, o şüşəli yerdə isə pencək cibinə sığan bloknot var. Dəftərin səhifələri açıqdır, karandaşla yazılmış misralar var içində, bəzi sözlər silinib, Uolt Uitmenin bloknotudur bu. Amerikan şeirinin atasının çox güman ki, səfərləri zamanı işlətdiyi bloknotdur bu. Biz Yaxın Şərqdə yazılanları məhv etməklə məşğul olanda biriləri yox olmuş misraların, sətirlərin üstündə əsirsə, deməli ortada bir yanlış(lar) var. Səhv olan rəsmi siyasət deyil, iqtidarda yeyib-içmək deyil, yanlış olan insanların inkişaf etdirdiyi, inkişafına razı olduğu, qavranış mexanizmləridir. Çünki heç kim bizə “kitab oxumayın” sözünü təlqin etmir. Çünki heç kim bizə “darıxdığınız şeyi kitablardan çıxartmayın” demir. Yazı ilə dost olmaq və oxumaq insanın inhisarındadır hələ ki...

Oxuyub-yazmağı öyrəndiyimizdə sinəmizə qırmızı lent taxırdılar illər öncə. Deyəsən o lenti gözümüzə bağlamışıq. Oxumamaq, yazılanları görməmək üçün. Kitabları vecimizə almamaq, onları güllələmək kimi bir şey. Öləndə heç olmasa bizə sıxılan güllənin üstündə nə yazılırsa, heç olmasa onu oxuyacaq qədər qürurlu gedək.

Heç sitat gətirmədən bitirdim yazımı, utanmalıyammı yoxsa?

Tərcümə: Qan TURALI

Esse Küçük İskenderin "Bir delinin ot defteri"ndən götürülüb.

# 3150 dəfə oxunub

Müəllifin son yazıları

# # #