Kulis.az "Günün şeiri" layihəsindən İbrahim İlyaslının "Sizin də məhləyə yağış yağırmı?" şeirini təqdim edir.
Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?
Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?
Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.
...Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.
Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu...
Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.
Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı...
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım... Eh, uşaq ağlı...
Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə... Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı...
Sonrası... Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi...
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.
Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navalçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?!
Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı
İbrahim İlyaslı, şair
Oxşar xəbərlər
"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri
13:00
24 oktyabr 2026
“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri
16:23
21 oktyabr 2026
"Yəqin öpüş istəyirdi, sakit pıçıldayırdı..." - Artur Rembonun şeirləri
16:30
20 oktyabr 2026
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə - Ən məşhur müharibə şeiri
11:00
20 oktyabr 2026
"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri
15:30
15 oktyabr 2026
"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri
15:00
13 oktyabr 2026