Payız küləyinə yaxalanan çiçəklər - Sevinc Elsevərdən yeni şeirlər...

Payız küləyinə yaxalanan çiçəklər - Sevinc Elsevərdən yeni şeirlər...
13 oktyabr 2021
# 15:22

Kulis.az şair-yazıçı Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Su pərisinin suya düşən xəyalı

qorxuram xəyal eləməkdən
bir də görürsən
gözləmədiyin anda
həyata keçir xəyallar
sadəcə xəyal kimi gözəl idi onlar

istərdim xəyal olaraq qalsınlar
hər dəfə öz istəyimcə qurum xəyallarımı
hər dəfə ayrı cür başlayım
ayrı cür bitirim
fərqli duyğular yaşayım...
istədiyim adamı çıxarım ordan
istədiyimi gətirim
bir dəfə qar yağsın xəyalımda
bir dəfə bahar olsun, gün çıxsın
dəniz sahilində
gəmi göyərtəsində
təyyarə qanadında
ilıq, çiskin yağışda
göyqurşağının altında
meşədə, bir talada
bir dağın ətəyində
yaşıl ağac kölgəsində
bəlkə bir gün Parisdə
Eyfel qülləsində
ya İlisu şəlaləsində...

bəlkə mən özüm
bir gözəl su pərisinin suya düşən xəyalıyam
onun da xəyalı gerçək olmuş
sahilə çıxıb
həmişəlik quruda ilişib qalmış
dərin-dərin sulara
uzaqlara
uzaqlara həsrət...

***

xatırlayıram səni
qəfil payız küləyinə yaxalanan çiçəklər
günəş nəfəsli mehi xatırladıqları kimi

***

pişiyin ümidinə qalan
qəfəsdəki quş kimi
əmin-amanlıqdadı
ölkəmin qadını
hələ ətinin didilib-parçalanmamağı
tüklərinin yolunub tökülməməyi
pişiyin ona əlinin çatmadığındandır...

qəfəsin açarı etibarsız əllərdə
kilidi etinasız əllərdə...

uçmağa imkan verməzlər qəfəsdəki quşa
qanadlarını yolmuşlar da
çırpınıb-çırpınıb yorulmuş
qəfəsini ən gözəl sığınacaq sanmış

qəfəsdəki qanadı yoluq quş kimi
əmin-amanlıqdadı
ölkəmin qadınları
qəfəslərinin ətrafında
ac və acıqlı pişiklər dolanır
güclü pəncələri qanlı pişiklər...

qəfəslərin kilidləri etibarsız əllərdə
açarlar etinasız əllərdə...

***

dörd divar arasında
həbsxanada
azadlığa qovuşacağı günləri sayanları
əsgərlikdən doğma ocağa qayıtmaq üçün
təqvimdə işarələr qoyan cavan oğlanları
xəstəxana pəncərələrində günəşin gəlişini
axşamın gedişini gözləyənləri
toy gününü “iplə çəkən” səbirsiz, ay üzlü qızları
bətnində böyüyən
içini qıdıqlayan ən şirin canı
qucağına alacağı günü
həsrətlə gözləyən gənc anaları düşünməsəm
qırx səkkiz saat olmağını arzulardım bir günümüzün
iyirmi dörd saat kifayət eləmir üçuşaqlı
gecələr yatmayıb kitablar oxuyan
filmlər izləyən qadına...

***

ağlamalı hind filmlərinin içindəki
bayağı kliplər kimidir şadlıqlar artıq
o düşük kliplərsiz
o ötəri şənliklərsiz də
dünya dözülməz yer olardı...

***

gözəl nəğmə oxuyan adama
qoşulub zümzümə etdiyin kimi
gözəl şeirlər oxuyanda
təptəzə ilham gəlir adama
qoşulub nəğmə oxumaq kimi
nəşəli olur şeir yazmaq onda

Sırğagülü

başım qarışdı iş-gücə
qaçdım ora-bura
gündüz-gecə
unutdum
həm də necə...
nazlı sırğagülüm küsdü
sırğalarını çıxarıb atdı ayaqları altına
elə naz elədi
sanki bu sırğa çiçəkləri mən hədiyyə eləmişdim ona
hirsindən yarpaqlarını tökdü
büküldü, boynunu bükdü...
çox zülm çəkdim
onu yola gətirincə
ta nə oyundan çıxdım
budaqları təzə güllər gətirincə.
solub gedəcək deyə çox qorxdum
vicdan əzabı deşirdi qəlbimi
kəndindən, elindən ayırıb
gətirmişdim onu bu boz şəhərə
günəşi bol idi
suyu bol idi
sərin mehi var idi dağlar qoynunda
ona bir şey olsa
özümü necə bağışlardım
bilmirəm onda?

Azadlıq varmış

bütün günü işıqlar kəsildi
çıxdı əlimdən əyləncələrim
kitaba sarıldım
köhnə dostun qapısına gedərcəsinə
sevindim bir həftə qabaq qatlanan səhifənin qatını
yenidən açanda
sığalladım vərəqi əzildiyi yerdən
hamarlamağa çalışdım
artıq nə qədər bacardımsa
çoxdandı görmədiyim
əziz bir uşağın başına sığal çəkirmiş kimi hiss etdim

sonra
oğlumu qucaqlayıb boğazından öpdüm
doğma adamları boğazından öpərəm mən
qızlarımın saçını hördüm cürbəcür
açdım, təzədən hördüm bir ayrı cür
uşaqlığımdakı kimi piano çaldım
dibçəkdəki güllərimin dibini boşaltdım
arada buludları seyr etdim eyvanda
yem axtaran quşlara baxdım
ərimin pencəyinin düymələrini bərkitdim
tikiş bekar qadınların işidir sanardım
sökük corabları yamadım
sevgiylə yerinə yığdım
qonşuya keçib bir “salam” dedim
üzünü görmürdüm nə vaxtdır

virusa yoluxub əzab çəkmək əndişəsini
alimlərin qıy vurduğu ekotəhlükələri unutdum
yadımdan çıxdı atışma kəlməsi
və yeni bir müharibə qorxusu
uzaqlaşdım
hər addımda bir-birini danlayan
güləndə də, sevəndə də yalançılıq edən adamlardan

axşama doğru yandı işıqlar
sevinclə dəydi bir-birinə uşaqlar
biri əlindən kitabı atdı
biri fırçanı
o biri qələmi
aldılar əllərinə planşeti, telefonu, pleysteyşını
qayıtdı bütün qorxularımız
ümidsizliklərimiz
acıqlı və mutsuz insanlar dişlərini qıcadılar yenə bir-birinə
və mənə
oğlum yeni bir savaşa girişdi
atışma səsləri götürdü evi başına
əsir götürüldük yenidən
üzünü görmədiyimiz
adını bilmədiyimiz
şübhəli qüvvələr tərəfindən
bilmirdik
bəlkə də bilməyəcəyik heç vaxt
nə istəyirlər bizdən?

avqust 2021

# 7613 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
# # #