Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun ən məşhur şeirlərindən bəzilərini oxuculara təqdim edir.
Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
“Ölmədim” deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin.
Deyirsən: “Sən Allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…
İlan balası
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Bu ilan balası bir vaxt
Canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq
baxtını onda,
Bəlkə boğazını
qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü,
dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –
sevən bir ürək,
Dişinin altında –
zəhər tuluğu.
Görənlər çığırar:
– İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər
yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyayla neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən,
yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə
öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə.
Qara paltarlı qadın
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!
Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!
Bu qadın
baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..
Dünyanın sən olan yeri
Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Əlimdən nə gələr?..
Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa,
Ağlaya bilmirəm…
Məni bağışla!..
Ay işığı
Ay işığı düşdü göydən,
Canımdan - qanımdan keçdi.
Gözümün içindən keçdi,
Özümün içindən keçdi.
Keçdi, dabanımdan keçdi,
Az qaldı ki,
İki yerə bölə məni,
Başımdan göyə mıxladı,
Dabanımdan yerə məni.
Ha istədim...
Addım ata bilmədim...
Yanımdan adamlar keçir,
Ay işığı nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.
Bu nə işdi, Ay işığı,
Niyə yolun menden keçdi?
Hamı çaşdı, Ay işığı,
Görən-görən gendən keçdi.
Dedilər dəlidi, nədi,
hərəir ad verdi mənə.
Kimi baxıb kül elədi,
kimi baxıb güldü mənə.
...Bu mənim əlim-ayağım,
Bu ağzım, burnum, dodağım,
Kimsədən əksikliyim yox,
Yox kimsədən artıqlığım, -
burax gedim, Ay işığı!
Aman, atam, o nə daşdı?!
O daş atan hara qaçdı?
İtlər canıma daraşdı,
burax gedim, Ay işığı!
Sən dadıma yetiş , Ana,
Ana, sənin balan mənəm.
Bu gecə ay işığına
çarmıxlanıb qalan mənəm.
Ana, məndən keçən bu işıq nəymiş,
Ana, mən ki işıq yeyən deyiləm.
Görünür bəxtim beləymiş,
baxtımı söyən deyiləm.
Ölməmişəm ağlamayın,
Keçin ayaq saxlamayın,
Qapıları bağlamayın,
onsuz da, döyən deyiləm.
...Yalama? çəkməm kirlidi,
Hürmə, canım fikirlidi,
Əl çək, ay Allahın iti,
mən sənin yiyən deyiləm.
Dilim lal, başım aşağı,
Evin ən mağmın uşağı,
Burax gedim, Ay işığı,
Mən də sən deyən deyiləm.
Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
İçindən yıxılır adam
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…
Başı kəsik gözəl kötük
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…
Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...
Baxmaz
Qəm ki, doldu bir ürəyə,
Üstünə-üstünə baxmaz.
Baxmaz yediyi çörəyə,
Atdığın addıma baxmaz.
Gözlərin yaşarar qəmdən,
Ürəyin qaşınar qəmdən,
Bu sifətdə, bu görkəmdə
Güzgü də adama baxmaz.
Baxtın düşər səndən uzaq,
Yüz yol çağır:
- A baxt!.. A baxt!..
Qumdan evcik hörən uşaq
Sularda batana baxmaz.
Vaqif Səmədoğluna
Bəlkə də mən canavardım,
Dünyanın əzəl vaxtında.
Hələ fərli dil açmayıb,
Hər şeyin susan vaxtında.
Hər ağacı, kolu adsız,
Qarışqası, fili adsız.
Çox şeylərin hələ adsız
Dolanıb gəzən vaxtında.
Biriydi hamının baxtı,
Yoxdu xoşbaxtı, bədbaxtı,
Balıqların uçan vaxtı.
Quşların üzən vaxtında.
Bəlkə söz də hədər idi,
Hər nə vardı gözəl idi.
Canavar da gözəl idi
Dünyanın gözəl vaxtında.
Dünya qəfil işıqlansa
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
Yağış yuyur, gün qurudur
Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...
Analar aldatdı bizi
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…
Məhəmməd Hadiyə
Bilmirəm yuxuydu, nəydi,
Bu dünya qırmızı geydi,
Saçlarıma bir əl dəydi
Anamın əlindən əziz.
Bir dostum, arxam olmadı,
Mənsiz darıxan olmadı,
Ha yandım, baxan olmadı,
İndi yox külümdən əziz.
Bir adayam, qərib ada,
Doğmalarım döndü yada,
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?!.
Gedək biz olmayan yerə...
Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olayan yerə.
Burda qoyaq özümüzü,
Bu qirişan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl, çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!