Maşınlardakı fahişələr ailəsi – Yeni şeirlər

Maşınlardakı fahişələr ailəsi – Yeni şeirlər
18 dekabr 2021
# 18:00

Kulis.az Xavər Şəfiyevanın yeni şeirlərini təqdim edir.

İnsan doğulandan beş gün sonra beşiyi yellənəcək
Basdırılandan beş dəqiqə əvvəl tabutu tərpənəcək.
Beşik də taxtadandır,
Tabut da taxtadan.
Nə qalır mənə də, sənə də aralığındakı ortadan?
Allah bir gün qapını çırpacaq,
Tərpənəcək bu evin divarları, pəncərələri,
Damı qopacaq.
Yetim evlərindəki körpələrin göz yaşında boğulacaq adamlar.
Kimsəsiz evlərdəki qocanın üzündəki qırışların arasında batacaq
Körpənin titrəyən çənəsi...
Qocanın titrəyən əlləri bu evi tərpədəcək.
Allah da sizə tüpürəcək!

Göz yaşını içə-içə hıçqıran ruhun naləsi
Doğduqlarını unudub, bərq vuran maşınlardakı fahişələr ailəsi
Sənin dodaqların ehtirasdan tərpənir...
Körpənin çənəsi ağlamaqdan, qadın.
Beşikdən tabutadək kor ola adam, lal ola, kar ola...
Gördükcə, eşitdikcə, danışdıqca ürəyim partlayır az qala.

***

Sən yatmaq istəmirdin o gecə
Mədinə!
Sən bilirdinmi? Hiss etmişdinmi yoxsa?
Yatıb və bir də ayılmayacağını?
Səndən də, məndən də, hər kəsdən böyük idi sənə atılan raket.

Səni tapanda ovucların hələ isti imiş,
Ən sevdiyin sarı pijaman qanlı palçıq,
Necə idi o yuxu? Niyə saxladın yarımçıq?
Pijamanın üstündəki balaca ayılar da ağlayırdı sənin yoxluğuna.

Yaralarından ayıra bilmirdilər,
Yaralarını qucaqlayıb yaralarından öpürdülər sənin,
Onlardan axdığı damlalar üstündəki tozu yuyurdu.
Amma qanla
Mədinə!
Eşidirsənsə bizi bağışla...

***

Yerinə düş,
Ay üzündə gözüm qalan,
Gəl yerin var yerinə düş,
Könlüm səndən eşq diləyir,
Qaz qəlbimi dərinə düş.

Ümid əl aç baxta baxtdır,
Bəxtin sənə gülən vaxtdır,
Göydən alov yağan vaxtdı,
Qaç könlümün sərinə düş.

Sənə gələn yollar uca,
Dərd düyünü aça-aça,
Nə şeş, nə çahar, nə qoşa,
Altı-altı zərimə düş.

***

Ayrılığın ilk gecəsi
Yola düşür arzuların bir neçəsi
Tanrı!
Belə olmur, vallah olmur
Gəl, yatan bəxti oyat
Ya da götür məni
Yenidən yarat!
Bu şəhərdən uzaq
Baxışlar məndən uzaq
Sevgi daha mənə yasaq
Səmaları siyah tutub
Ah! Canımı bir ah tutub
Tanrı, yola ötür məni
Sən tərəfə ötür məni
Götür məni

***

Axşamçağı məni deyib qonaq gəlsən bir daha,
Qoy o sabah açılmasın, qoy o günəş doğulmasın,
Yalvaracam Allaha...

Gündə bir yeni ümid ağ libassız tərk eləyir evimi
Yasını tut sabahlarım,
Soyun, dəyiş qara geyin əynini

Qoy nə olur olsun deyib
Göylərəmi üz tutum bu yaşımda
Qara quşlar qıy vuracaq
Rəhmət edən sevgimizin başında

Tutduğumuz o arzular necə olsun?
Ah... Ulduzlar axanda,
Allah haqqı göylərdən utanıram,
Hər ulduza baxanda...

Son ümidin son addımı,
Nisgil-nisgil bir əl tutur sol əli
Sol əlimi tutan o əl, sağ əlimmiş, İlahi!

# 2692 dəfə oxunub

Oxşar xəbərlər

Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri

Bəlkə, düşüm gözündən, ölüm əllərin üstə... - Gülər Natiq İsaqın şeirləri

11:00 19 dekabr 2025
Sən ki sirr saxlayandın...   - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

Sən ki sirr saxlayandın... - “Səksənincilər" layihəsindən Məmməd Dəmirçioğlunun şeirləri

10:00 19 dekabr 2025
Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... - Günün şeiri

11:00 17 dekabr 2025
Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

Allah haqqı düz deyirəm, elə xatirimdəsən... - Şəhriyar del Geraninin şeirləri

16:30 14 dekabr 2025
Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

12:00 14 dekabr 2025
Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

Cəlladım bir gün sən olacaqsan... - Ən çox tərcümə olunan alman şairdən şeirlər

12:00 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər