Kölgə - Günün şeiri

Ulucay Akif, şair

Ulucay Akif, şair

10 dekabr 2021
# 11:12

Kulis.az “Günün şeiri” layihəsindən Ulucay Akifin “Kölgə” şeirini təqdim edir. Xatırladaq ki, bu gün Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimat və imza günü baş tutacaq. Təqdimat Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək və 15:00-dan 17:00-a qədər davam edəcək. Giriş sərbəstdir.


Kölgə


bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə
şeir yazmaq - bacardığım ən gözəl biçimdə


şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində

ey sən
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən
gecələr hansı otaqlarda gizlənir?

ey sən
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları


demirəm ki, o Günəşi, quşları
o küləyi, o küçəni, şəhəri
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər

# 6267 dəfə oxunub

Oxşar xəbərlər

"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" -  Qulu Ağsəsdən Azər Turana

"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" - Qulu Ağsəsdən Azər Turana

14:16 21 noyabr 2026
"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

10:29 21 noyabr 2026
"İki qol arasının nə coxmuş həsrət yükü..." - Gülər Natiq İsaqın yeni şeirləri

"İki qol arasının nə coxmuş həsrət yükü..." - Gülər Natiq İsaqın yeni şeirləri

15:00 20 noyabr 2026
Bir çox şeydən əzəldir türk bayrağı - Şeirlər

Bir çox şeydən əzəldir türk bayrağı - Şeirlər

14:10 20 noyabr 2026
"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri

"Göyqurşağını ilmə-ilmə toxuyanı tanıyıram..." - Ullie Kayenin şeiri

16:39 17 noyabr 2026
"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

11:31 15 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər