Kələkbaz kələm - Uşaqlar üçün yeni şeirlər

Kələkbaz kələm - Uşaqlar üçün yeni şeirlər
5 noyabr 2022
# 17:00

Kulis.az Əyyub Türkayın Uşaq şeirlərini təqdim edir.

Valideynlərim müəllimdir

Mənim anam və atam
Məktəbdə işləyirlər.
Mənlə bərabər çoxlu
Şagirdə dərs deyirlər.

Onlar mehribanlıqla
Sevirlər hər uşağı.
Sinifdə şagirdlərin
Dərsə artır marağı.

Məktəbli dostlarımdan
Fərqləndirmirlər məni.
Deyirlər, hamı kimi
Şagird görürük səni.

Ana vətən

Bir sual var ki, tez-tez
Düşündürürdü məni.
Anaya bənzədirlər
Axı niyə Vətəni?

Bu sualın ən gözəl
Cavabın anam verdi.
Dedi: -Vətən bizlərə
Candan əziz bir yerdi.

Bu eldə, bu obada
Yaşamışıq əzəldən.
Bizə mirasdır torpaq,
Verə bilmərik əldən.

Sevməlisən yurdunu,
Doğmaca anan qədər.
"Ana", "Vətən" sözünü
Tutmalısan bərabər.

Xarıbülbül

Niyə çoxdur dəyəri,
Bildim xarıbülbülün.
Adını Şuşamızla
Bir çəkirlər bu gülün.

Artıq bu gül çevrilib
Qələbənin rəmzinə.
Sevilərək döşənib
Qarabağın düzünə.

Bir zaman düşmənlərə
Əsir düşmüşdü gülüm.
İndi azadlıqdadır,
Mənim xarıbülbülüm.

8 Noyabr

Yeni tariximizin
8 Noyabr günü.
Zəfərimin yayılıb
Səsi, sədası, ünü.

Oxuyuram dərslikdə
44 günlük savaşı.
Bir-birinə qarışmış
Sevinc, kədər göz yaşı.

"Zəfər" sözü, sən necə
Möhtəşəm, uca adsan.
Qulağımda səslənir,
Şuşamız, sən azadsan!

Qaranquş yuvası

Bizim evin divarında,
Bir qaranquş yuva qurub.
Zəhmət çəkib palçıq ilə
Çox həvəslə onu hörüb.

Bir gün baxdım qaranquşun
Daha gəlmir civ-civ səsi.
Düşündüm ki, bəlkə, küsüb,
Baharın ilk müjdəçisi.

Anam dedi: fikir etmə
Artıq soyuyub havalar.
Qaranquşlar qayıdacaq,
Elimizə gələn bahar.

Lənkəran çayı

Dadlıdır, şöhrətlidir
Bizim Lənkəran çayı.
Faydasını deməklə,
Bilin, qurtarmaz sayı.

Mənim nənəm illərdir
Yaşıl çayı toplayır.
Doğma çayın ətrini
Bütün ölkəyə yayır.

Nənəm toplayan çayı
İçirəm sevə-sevə.
Ətirli çay qoxusu
Onunla dolur evə.

Nənəmin şəfalı bitkiləri

Dağ döşündə bitibdir,
Nanə, yarpız, əvəlik.
Nənəmlə bitkiləri,
Toplamağa gəlirik.

O söyləyir saçımı,
Dağlarda ağartmışam.
Faydalı bitkilərdən,
Yeməklərə qatmışam.

Mixəklə itburnudan,
Şəfalı çay dəmləyir
Dərmanlı bitkilərlə,
Dərdə əlac eləyir.

Kələkbaz kələm

Kələmin yarpaqların,
Soyub tökürdü Mələk.
İçində nə olduğun,
Deyir, öyrənim gərək.

Dartıb yarpaqlarının
Hamısını qopardı.
Gördü heç nə qalmadı,
Bildi ki, iş qurtardı.

Ətrafa təəccüblə,
Baxdı balaca Mələk.
Dedi:- kələm də bizə,
Belə gəlirmiş kələk.

Ütü

Nazlı ütüdən
Çəkinir yaman.
Onu görəndə
Baxır uzaqdan.

Çünki əlini
Yandırıb ütü.
Qorxudan yaxın
Gəlməyir qəti.

# 5531 dəfə oxunub

Oxşar xəbərlər

Dedi: Könlümdə o, gizlicə candır!  - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

17:00 9 fevral 2026
Bəxtim gülmüşdü mənə... - Günün şeiri

Bəxtim gülmüşdü mənə... - Günün şeiri

13:30 9 fevral 2026
"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün  şeirləri

"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün şeirləri

12:00 8 fevral 2026
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

15:00 3 fevral 2026
Burda cananların duyğusu yoxdur... - Günün şeiri

Burda cananların duyğusu yoxdur... - Günün şeiri

11:15 29 yanvar 2026
Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

11:40 21 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər