Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri
4 dekabr 2024
# 19:35

Bu gün Rayner Mariya Rilkenin doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Fırtınalı bir gecə" şeir silsiləsini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Rene Karl Vilhelm İohann Yozef Mariya Rilke – Rayner Mariya Rilke 1875-ci il dekabrın 4-ü Praqada anadan olur. Bir neçə həftəlik körpə ikən həyatını itirən bacısından sonra doğulduğu üçün balaca vaxtı anası ona qız paltarları geyindirir. 1884-cü ildə valideynləri ayrılır, Rilke atasının himayəsində qalır.

İyirmi bir yaşı olanda Rene adını Raynerə dəyişdirir. Bu şairin uşaqlığından və anasından qopması kimi də qiymətləndirilə bilər. Şair sonralar məktublarından birində yazırdı: “...məncə anam mənimlə kukla ilə oynadığı kimi oynamışdı”.

Hərbi məktəbdə təhsil alsa da, bu sahədə uğur qazana bilmir. 1891-ci ildə ilk şeirini çap etdirəndən sonra həyatını ədəbiyyata həsr etmək qərarına gəlir.

Ömrünü səyahətlərdə və ədəbiyyatda tapan şair bir müddət Lu Andreas-Salome ilə sevgili olur, onunla birlikdə iki dəfə Rusiya səyahətinə çıxır, Lev Tolstoyla, İlya Repinlə görüşür. Bu görüşlər onun düşüncəsində dönüşlər yaradır.

1926-cı ilin oktyabrında bağçada gəzərkən əlinə gül tikanı batır. Əvvəlcə bu yaraya fikir verməsə də, tezliklə yara bütün bədəninə yayılır. Həkimlər ona leykemiya diaqnozu qoyurlar.

Rayner Mariya Rilke 1926-cı il dekabrın 29-u gözlərini əbədi yumur. İsveçrədə torpağa tapşırılır.

Rilke XX əsr modernist ədəbiyyatın görkəmli nümayəndəsidir. Əsasən və haqlı olaraq şair kimi tanınsa da, qələmini bir çox sahədə sınayıb. Dünya ədəbiyyatının klassikasına daxil olan şeir silsilələrindən əlavə “Malte Laurids Briqqenin qeydləri” romanının, çoxsaylı hekayələrin, incəsənət haqqında əsərlərin, səyahət qeydlərinin müəllifidir.

Fırtınalı bir gecədən

Bir üz qapağı ilə səkkiz səhifə

Üz qapağı

Yayılır gözlənilmədən, getdikcə şiddətlənən
fırtınanın dalğalandırdığı gecə, elə bil ki,
fırtına olmasa sıxışıb qalacaqmış
zamanın məsamələri arasında.
Ulduzların dirəndiyi yer deyil son nöqtə
və nə meşənin ortasından başlayır
və nə mənim çöhrəmdən,
nə də sənin cismindən.
Lampalar kəkələyir, bilmirlər:
Bəlkə işığımızla yalan danışırıq?
Bəlkə min illərdən bu yana
gecədir tək həqiqətimiz?

1

Belə gecələrdə küçədə gəzərkən
rast gələ bilərsən gələcəkdəkilərə, zəif
və solğun simalı, səni tanımayan adamlara,
yanlarından keçib getməyinə imkan verərlər.
Amma danışmağa başlasaydılar,
səndən keçmiş kimi bəhs edərdilər,
burada dayandığın halda,
çoxdan çürüyüb getmiş.
Di gəl ki, ölü kimi susurlar,
gələcəyin adamı olsalar da.
Hələ gəlməyib vaxtları.
Sadəcə üzlərini zamana tutublar
və baxa bilmirlər, elə bil suyun altındadırlar;
buna dözə bilsələr də,
dalğaların altındakılardır gördükləri:
tələskən balıqlar və tilovlar.

2

Həbsxanalar açılır belə gecələrdə.
Və gözətçilərin yuxusundan keçir
xəfif təbəssümlə
onların gücünə lağ edənlər.
Ey meşə! Sənə gəlirlər
qoynunda dincəlmək üçün
cəzaları kürəklərində.
Ey meşə!

3

Qəfil bir yanğın çıxır operada
belə gecələrdə. Əjdaha kimi cənginə alır
böyük salonu lojalarıyla,
çeynəyir salondakı
minlərlə adamı.
Kişilər və qadınlar yığılır dəhlizlərə
və onlar bir-birini qucaqlayanda
çökür divarlar,
onları da çökdürür.
Və heç kim bilmir artıq
ən altda kimin qaldığını;
kimsə onu tapdalayır,
amma hələ də doludur qulaqları nəğmələrlə,
son sancılarla...

4

Belə gecələrdə döyünməyə başlayır
köhnə sarkofaqlarda
keçmiş hökmdarların ürəkləri;
elə güclüdür ki bu döyünmələr,
itələyir ağır qapaqları qırağa,
aparırlar qızıl dolu kisələri
çürüyən məxmərlər və qaranlıq içində.
Qara sallanır kafedralın dəhlizlərindən.
Qüllələrə caynaq keçirmiş zənglər
sallanır quşlar kimi, yerindən oynayır qapılar
və titrəyir hər addımda döşəmə daşları,
elə bil tısbağa belinə yüklənib
o qədər qranit.

5

Ümidsiz xəstələr bilir belə gecələrdə:
haçansa var idik biz...
Və davam edirlər xəstələr arasında
sadə, xoş düşüncəyə dalmağa,
qopan nöqtəyə qədər.
Geridə qoyduqları oğullardan ən cavanı
gəzməkdədir bəlkə də ən tənha küçələrdə;
çünki xüsusən belə gecələrdə ona
elə gəlir ki, ilk dəfə düşünür:
uzun müddət dumanlı qalıb hər şey
başının üstündə, amma indi pərdələr çəkiləcək
hər şeyin üstündən –
və o bilir: qeyd edəcək bunu...

6

Bütün şəhərlər eynidir belə gecələrdə;
hamısı bayraqlara bürünür.
Və fırtına kiminsə saçından yapışmış kimi
qoynuna alanda bu bayraqları
götürülür sərhədləri kimi çayları da
qeyri-müəyyən olan ölkəyə.
Eyni hovuz olur bütün bağçalarda,
hovuzların qırağında eyni evlər,
evlərdə eyni işıqlar;
və bütün adamlar oxşayır bir-birinə,
üzləri əlləriylə örtülü.

7

Aydınlanır üfüqləri ölmüşlərin belə gecələrdə,
gəzdirirlər barmaqlarını təzə çıxan saçlarında,
uzun günlər boyunca başlarının gücsüzlüyündən
istifadə edib çıxıb tellər,
ölümdən yuxarıda
qalmaq istəyirmiş kimi.
Bütün evdə əks edir ölülərin hərəkətləri,
elə bil güzgü var hər yerdə;
və onlar beləcə yolaraq saçlarını –
illərlə yığdıqları gücü sərf edirlər,
keçib getmiş illər boyunca.

8

Belə gecələrdə öldü bacım,
məndən qabaq olub məndən tez ölən bacım.
O vaxtdan nə qədər belə gecələr keçib.
İndi böyüyüb gözəlləşib yəqin. Elçisi çıxar
bu yaxınlarda.

“Fırtınalı bir gecədən” silsiləsinin sonu

# 242 dəfə oxunub

Oxşar xəbərlər

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
#
#
# # #