Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət
6 yanvar 2026
# 16:30

Bu gün tanınmış yazıçı, şair, tərcüməçi Hədiyyə Şəfaqətin doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

***

Xumar gözlərindən (Ah!) bu şəhərin

Ümid də süzülür, kədər də axır

Üz-üzə gəlməyən gen yaxasının

Xırda düymələri bir-bir açılır

Sülh küçəsində…

quşların hər səhər boş ağaclardan

baxdığı mənzildə, pərdə dalından

süzürəm tutulan göyün üzünü

yağış da yağanda, daş da yağanda

dilimin altında bir az saxlayıb

sonra tüpürürəm sözün düzünü…

çökür axşamların üstünə pərdə

yenə kölgələnir xilas xəyalım

araya yan-yana tikilmiş evlər,

araya naməlum insanlar girir

ayırır, ayırır məni dənizdən..

çıxıb mənzilimdən, min bir xəyalla

havanı çəkirəm ciyərlərimə

yağışı alıram çiyinlərimə

islaq səkilərin naxışlarından

gözümü çəkmədən gedirəm alım

bir həftəlik yemək, pişiklərimə

Sülh küçəsindən…


***

köhnə dərzi dükanının küncündəki tabloda

bir kişi küçədə nar satır

hər şey olduğu kimidir:

papağının altından çıxan saçları qar kimi,

nimdaş pencəyi nimdaş pencək kimi,

nimdaş şalvarı nimdaş şalvar kimi

əlində bir cüt çatlamış nar – çatlamış nar kimi

köhnə dərzi dükanının küncündə köhnəlir

tikilib aparılmayan paltar kimi..


***

Gənc qadın

Elə dayanacaqdaca öldü…

Bir dəstə adamın içində

su kimi axıb yerə töküldü qadın….

Hərə bir tərəfə çəkildi,

hələ heç kim heç nə anlamamışdı…

Sükut çökdü

Sonra haray-həşir qopdu

Biri əyilib əlini əlinə aldı qadının,

biri başını dizinin üstünə qoydu

Biri nəbzini yoxladı…

Biri ucadan zəmanəni söydü:

– Cavanında-qocasında ürək qalmayıb…

Biri qışqırdı:

– Təcili yardıma zəng edin!

– Çəkilin

Çəkilin

Çəkilin!… – Polis camaatı aralamağa çalışdı

– Nə olub burada?

– Görmürsən? – yaşlı kişi başını buladı,- adam ölüb…

…Telefonunda

Son zəng etdiyi nömrəni tapdılar:

– Müəllim, siz bu xanımın nəyisiniz?

Hə?

Elə?

Kiçik bir hadisə olub, gəlsəniz yaxşı olar, sizi

(filan, filan, filan) ünvanda gözləyirik…

Hə, hə, teatrı keçən kimi, orada…

Yox, yox, narahat olmayın, hər şey yaxşıdır…

Yox…

Özüylə danışmaq istəyirsiniz?..

… …. ……. ……….. …………….

…Külək

ləçəyinin altından çıxan qızılı saçlarını oynadırdı,

Bir tutum tel

Dodaqlarına yapışıb qalmışdı,

Gözlərinin dibində bir damla parıltı günəşə ilişib qalmışdı

qadının…

Axır göz yaşlarımız buğda dənəsi boyda

Buğda dənəsindən acacıq böyük

Buğda dənəsindən acaqcıq xırda

Süzülüb yaddaşa hopmağa gedir

Bəzən də ləngiyir, üzümüzdəki

Dünyanın ən dərin cığırlarında…

Yaddaş göz yaşını udur, üyütmür

Əkir talemizin xam torpağına

Əkir, göyərsə də, göyərməsə də

Həyat göz yaşını heç vaxt çürütmür

Dünyanın ən dərin quyularında

Yazır yazısını yazı sahibi

Bizim gözümüzdən axan yaşların

Dərdi bizimkidir,

Özü sahibin…

Axır göz yaşlarımız buğda dənəsi boyda

Biz nə tarla şumlayır, nə də toxum səpirik

Biz göz yaşlarımızı gecəyə axıdırıq

Göyərən sünbüllərin qarşısında dayanıb

Dünyayla aramızda uzun bir sədd çəkirik…


***

titrəyən əlləriylə

bir gün duaya dursa

bizim taleyimizi yerindən oynadanlar

allah bizdən soruşsa, biz də bağışlamasaq

o əllər yavaş-yavaş,

yavaş-yavaş qurusa

bizim ürəyimizdə bir bənövşə açacaq…

qaçacaq qarşımızdan damğalanmış sifətlər

başımızı aşağı salacağıq qəzəblə

yorğun yumruqlarımız sıxılacaq sonadək və dərindən bir nəfəs

dərəcəyik nəhayət

sonra saçlarımızda çoxaldıqca çoxalan ağ tellər şahid kimi

uzadıb barmağını qatili göstərəcək,

biləcəyik nəhayət…

biləcəyik ki, bir də doğmayaq o qatili

beşiyini yelləyib, ovutmayaq qatili

qadın sinələrində açılan yaraların

qadın gülüşlərində gizlədilmiş nifrəti

bizi ana olmağa qoymasa da qoymasın

döşümüzdən süd verib, böyütməyək qatili…

yaralı qanadların kölgəsində qıısılıb

nəğmə pıçıldamağa gücümüz qalmalıdır…

elə ona görə də… –

titrəyən əlləriylə

bir gün duaya dursa

bizim taleyimizi yerindən oynadanlar

tanrı bizdən soruşsa, biz də bağışlamasaq

o əllər yavaş-yavaş,

yavaş-yavaş qurusa

bizim ürəyimizdə bir bənövşə açacaq…

***

...On dörd günlük ayın gümüşü işığında

Günəbaxan tarlası

Quru xəzəl qoxuyur...

Sarı rəngdə bu nə cəsarət -

Başını aşağı salıb

Aya meydan oxuyur...

Harasa tələsir

Qaranlığı yarıb keçən yol

Gecə uzaqvuran işıqlarla kəsilir...

Günəbaxan çiçəklərinə baxır ay

Göy üzündən enib

Tarlanın kölgəsinə çəkilir...

***

Elə sakit-sakit, torpaq dilində

Kəpənək dilində

Yarpaq dilində

Qalmaq istəyirəm uzaq çöllərin, dağların, yolların lal yaddaşında...

Sözlərin əlləri bəzən nə yumşaq

Bəzən nə kobuddur - incidir, qırır

Bəzən saçlarımı hörüyə vurur

Bəzən ürəyimi salıb sındırır...

Mən yaxşı bilirəm - nəsə düz deyil

Gecə gecə deyil

Gün gündüz deyil

Amma havasına kövrək anların, yaralı qəlblərin, yad insanların

Qapılıb gedirsən yaralı, küskün qərib sevincinə -

Nə olar olar...

Amma könlümüzün ayıq yerində

Olmur

Nəsə olmur

Gücdən düşürük

Bir qəfil hənirti "mən varam" deyir,

"Səndəyəm" söyləyir,

Kölgələşirik...

Bilmirik

Sualsız - cavabsız gəlib gedənlər nə verib nə alacaqlar

Bəlkə son nəfəsdir kiməsə inam

Bəlkə heç nə deyil

İlğımdır ancaq...

Bəlkə də hər səhər pəncərələrdə

Sübhün gözlərindən keçib qaranlıq

Günəşi doğurur

Sən isə yoxsan...

Sən isə heç zaman gəlməyəcəksən...

Bu sükut

Bu sakit, bu bir adamlıq həyatın su kimi axışındadır

Hardasa öləcək səni sevənlər

Öləcək və heç nə bilməyəcəksən...

***

Dili-dodağı qurumuş çölün sinəsindən

Ah qopur

Nəm əllərin, nəm çiyinlərin qadın sevgisindən

Günah qopur

Bağlı qapıların arxasında hənirti gözləyir

Kişi kürəyi

Gah barmaq uclarında döyünür, gah saç aralarında

Tanrının ürəyi...

Arxasınca baxmamaq lazımdır gəlməyənlərin

Yoxdurlar...

Bəlkə günahdan, bəlkə qadın sevgisindən,

Bəlkə də özlərindən qorxdular...

Ən gözəl duaların ovuclanıb içildiyi yerdəydi eşq

Gizli-gizli...

Olmadısa olmadı, öldüsə öldü, susdusa susdu hər şey

Bilmirəm...

Bilmirəm...

***

...əlini uzatma

bu şəhərin sehrinə

səni quşa çevirər

daşa çevirər

ağaca çevirər - yanarsan

dağınıq saçlarından sirr tökülər qadının

udum - udum

gözlərinin parıltısı nə söyləsə inanarsan...

...sonra ölüm gələr ay işığında

sonra göz yaşları

sonra sərxoş qəlbin üsyanı...

sirrinə əl uzatdığın şəhərin qadını

başına çevirər dünyanı...

sən axı buna layiq deyilsən...

# 768 dəfə oxunub

Oxşar xəbərlər

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

13:31 7 yanvar 2026
Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

11:21 7 yanvar 2026
Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

13:15 5 yanvar 2026
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

12:11 5 yanvar 2026
Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

15:00 28 dekabr 2025
Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri

Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri

15:00 27 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər