“Azər” o tayda səndədi, “baycan” mənimkidir – Güneydən şeirlər

Xudafərin körpüsü

Xudafərin körpüsü

19 noyabr 2021
# 17:05

Kulis.az “Sözün güneyi” layihəsindən təbrizli şair Saleh Səccadinin şeirlərini təqdim edir.

***

Sanma nə bu bədən, nə də bu can mənimkidir,
Bu can mənim də olmasa, canan mənimkidir.

Ol bəndəyəm ki, aləmi-mümkün mənim deyil,
Amma inan ki, aləmi-imkan mənimkidir.

Mən yoxluğa yetəndə sığışdı cahan mənə,
Mən bir dilənçiyəm ki, o sultan mənimkidir.

Məndə döyüşçülük, atılan şəmşirə deyil,
Atdan da salsalar yerə, meydan mənimkidir.

Könlün mənimlə olsa, ölümdən çəkinmərəm,
Ölsəm, cəhənnəm içrə də, rizvan mənimkidir.

Küfrün də axırı, əbədiyyətdi din kimi,
Tanrı mənim də olmasa, şeytan mənimkidir.

Biz dörd hica bir eşqi bərabər bölüşmüşük,
“Azər” o tayda səndədi, “baycan” mənimkidir.

***


Mən zamansızam vardır, saçlarımda yaşsızlıq,
Bir üzük kimi qalmış, alnım üstə qaşsızlıq.

Sağ-solumda boşluq var, qalmışam öz arxamda,
Arxadaşdı yollarda, mənlə arxadaşsızlıq.

Yollara topuq basdım, dünya arxadan baxdı,
Gözlərində zil həsrət, əllərində daşsızlıq.

Məqsədim qılıncıydı, mən yaman yorulmuşdum,
Bir ağır yük olmuşdu, boynum üstə başsızlıq.


Bir qoca döyüşçü kimi, ruhumu bezikdirdi,
Bir zaman savaşsızlıq, bir zaman barışsızlıq.

Bir ömür ürək-ürəyə, yollarıyla çırpışdım,
Son duraqda yıxdı məni, bir ömür hamaşsızlıq.

Kəndimiz can üstəydi, salmış idi rövnəqdən,
Yasları şivənsizlik, toyları şabaşsızlıq.

Sən yola çıxan axşam, arxadan baxırdım mən,
Əllərimdə sənsizlik, gözlərimdə yaşsızlıq.

***

Dağlar başına sərildi çənlər,
Azdı günəşin yolun gedənlər.

Hansı küçədə səni itirdi?
Təbriz qazamatlığın gəzənlər.

Qan ağladı çöldə sarı bülbül,
Al bitdi bütün yaşıl çəmənlər.

Qaldırdığımızlara güvəndik,
Saldırdıla bizləri həmənlər,

Bayraqlarımız enildi, ancaq
sancıldı o saplara bədənlər.

Dustaqları evlərə gətirdi,
Azadlığı evdə istəyənlər.

Biz pəncərəsizliyi yaşırdıq,
Ancaq xiyabanlara yetənlər-

Azadlığı şəhrə hayqırarkən,
Çımxırdı bütün gələn-gedənlər.

Bilməm səni biz nə cür itirdik,
ki, tapdı bizi bütün itənlər,

İllər ötəli dönüb, dəyişdik,
Səndəlləri mindi at minənlər.

Kimsə döyüşü xatırlamırdı,
Gəlmirdi əyinlərə kəfənlər.

Sərdarları çəkdilər dar üstə,
Karvanbaşı oldu yol kəsənlər.
Baxdı gecəyə günə baxanlar,
Yerləşdi “tən”ə bütün vətənlər.

Biz hər itə bir çörək atırdıq,
Ancaq çoxalırdı ət yeyənlər.

Quşlar da ac idi bizdə, ancaq,
Qurduq tələni, səpildi dənlər.

Biz hər işığı günəş sanınca,
yanğında kül oldu bağ-çəmənlər.

Yastıqlarını qucaqlamışdı,
zülmət gecələrdə dan sökənlər.

Cənnət qapısıydı Təbriz ancaq,
Murdarladı şəhri ...!

***

İki dan ulduzu axdır gözündə!
Mənə bir aynalıq baxdır gözündə!

Məni dondan dona geydir, inan ki,
Canım bir parça qolçaqdır gözündə.

Qürurlu bir günəşsən ki, hilal ay,
Tutulmuş kirli, dırnaqdır gözündə.

Bu dünya da mənə əl verməz oldu,
Bu dünya tək fırıldaqdır gözündə.

Məni ceyran kimi ovlat qaşınla,
Qaçarsam, kipriyə taxdır gözündə.

Məni maqqab kimi oynat qaşında,
Məni mülçü kimi yaxdır gözündə.

Günəş ol, qoy qəmim dağda qar olsun,
Ərit o qarları axdır gözündə.

Günəş də olmasan zülmətdə barı,
İki dan ulduzu axdır gözündə.

***
İşıqlar içrə susmuş gizlənən zülmətdə gizləndik,
Tanışlıq şəhrinin son meydanı qurbətdə gizləndik.

Görünməz ruhuduq bir gün görünmək istədik ancaq,
xəmirtək yoğrulub qanda, sümükdə, ətdə gizləndik.

Nə Tanrıydıq, nə savçı, nə bəşərdik, bəlkə hər üçdük,
Çalıb bir parça Allahdan gəlib ümmətdə gizləndik.

O gün gizlənpaç oynurduq, bütün varlıqla birlikdə,
Bizi kimsə tapa bilmirdi, biz heyrətdə gizləndik.

Hüzur içrəydik ancaq tənhalıqdan əl çəkənməzdik,
Bütün hazirlərin qeydin vurub qeybətdə gizləndik.

Oduyduq çaxmaq içrəydik, su idik axmaq içrəydik,
Həyat illətsə, biz məlulduq illətdə gizləndik.

Nağıllarda nə mən vardım, nə sən vardın, nə qanunlar,
Nağıllarda böyük bir bağ var idi, bir də meymunlar.

Adı insan qoyulmuş meymunun beynində devrimdik,
Ayaqüstə duran meymunların əsrində adəmdik.

Sərin yeldə, ağacda, almalar əsməklərin gördük,
Uçan meymunların bir-bir qanad kəsməklərin gördük.

Qanadlardan kəsilmiş çiynimizdən qol çıxardırdıq,
Ayaqlar bərkiyərkən yerdə yerdən yol çıxardırdıq.

Mənim çiynimdəsə bir tay qanad, bir tay da qol vardı,
Mənim beynim yeri, qəlbimsə göylərdə yer axtardı.

İçimdə hər gecə bir fırtına, bir qurtuluş başlar,
Ayaqüstə duran meymun uçan meymunları daşlar.

İçimdə bir uzaqlıq, qurtuluşdan başlayır hər gün,
İçimdə hayqırır Tanrı: Böyük sürgün, böyük sürgün...

Sudan başlandı hər şey, biz yorulmuşduq, dözənmirdik,
Yazıq meymunlarıdıq, biz balıqlartək üzənmirdik.

Gəmi sınmışdı sahildə, əzilmişdik, oğulmuşduq,
Gəmi sınmışdı, biz də “Nuh”un oğluyla boğulmuşduq .

Ölüm də, Tanrı da, tufan da ancaq yol itirmişdi,
Göyərçin dimdiyində bir sarı yapraq gətirmişdi.

Həqiqət bizləri çapmışdı, bizlərsə talanmışdıq,
Həqiqət qorxusundan bir köhüldə daldalanmışdıq.

Bizim çavuşlara təkbirə meyitlər qoşulmuşdu,
Adamlardan xəbər yoxdu, bizə itlər qoşulmuşdu.

Köhüldə bir dəniz vardı, yüz il çimdik, min il batdıq,
Köhul qapsandı biz orda, yüz il uyduq, min il yatdıq.

Min ildən sonra birdən savçılar əsrində göz açdıq,
Göyə dəvətdik ancaq biz, boş idi qarnımız, acdıq.

Səsə sehr etdilər, acdıq, suyu beş böldülər, acdıq,
Odu söndürdülər, acdıq, səlibdə öldülər, acdıq.

Çörək ardınca yendik qarlı dağlardan, köhüllərdən,
Çörək ardınca göz yumduq səadətli ödüllərdən.

Yedik, içdik, bişirdik, yurd salıb tikdik, ağırlandıq,
O mavi göydən ancaq top kimi düşdük, dığırlandıq.

Kimi göydə uçanmırdı, nə meymunlar, nə şairlər,
Ocaqsız qaldılar karvansaraylarda müsafirlər.


Dedik gerçək budur, bundan savay hər nəysə xülyadır,
Dedik meymunlara uçmaq fəqət bir duzlu röyadır.

Dedik gerçək budur, ancaq ürəklər indi məyusdur,
Nə gerçək var, nə röya var, nə varsa burda kabusdur.

Nəyin gerçəkliyi var ki, bizi bir an oyandırsın?
Fəqət keşkə günəş sübhi üfüqlərdə dayandırsın.

# 500 dəfə oxunub

Oxşar xəbərlər

# # #