Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...
31 oktyabr 2024
# 15:00

Kulis.az şair Şəhriyar Heydərin yaradıcılığı haqqında Aslan Quliyevin "Eh, sən hardan biləsən…" yazısını təqdim edir.

Şəhriyarın özü və sözü haqqında

Yardımlının yayı gözəl və kədərli olur. Dağ günəşi otları yandırıb qovurur, təpələr, otu biçilmiş kövşənliklər bozarır, axşamüstülər dağlardan əsib gələn külək özüylə istidən qovrulan çöllərin, qızan mamırlı daşların qoxusunu gətirir.

Nəsə yaza, oxuya bilmirəm. Tez yoruluram. Gündüzlər vaxtımın bir hissəsini akasiya ağacının kölgəsində qoyduğum köhnə rus çarpayısında keçirdirəm. Xışıldayan yarpaqların arasından mavi, masmavi səmada ağımtıl buludların həvəssiz halda necə üzdüklərinə baxıram.

Dostum zəng eləyir, mənə gənc şairdən danışır. Şəhriyar Heydərovdan. Yardımlıdandır, nəyə görəsə digər gənclər kimi az qala hər günlə yox, hər saatla boşalan balaca torpaqdan çıxıb getməyib, hətta bir vaxtlar mənim bitirdiyim orta məktəbi bitirib. Mənə maraqlı gəlir, adamın zövqünə bələdəm, boşuna danışmaz. Şeirini də deyir:

Səninlə dəyişib hər şey, bilirsən?

Saçmır əvvəlki tək, Günəş də daha.

Mən daha qalxmıram sübh namazına

İtdi də inamım itdi Allaha.

Mən elə bilirdim, qayıdacaqsan,

Nə bilim, gedənlər qayıtmır geri?

Yoxluğun görünür hər tərəfimdən

Göynəyir canımın sən gedən yeri…

Heyrətlənirəm. Adını eşitmədiyim, yaradıcılığından xəbərsiz olduğum gəncin içdən gələn, səmimi, ən əsası fərqli şeiri məni təsirləndirir. Bu cavan oğlanla görüşməyi qərara alıram.

***

Həyətində oturduğumuz ev bir zamanlar rayonu idarə eləyən birinci katiblərin evi olub. Bir mərtəbə, alçaq, cəmisi iki balaca otağı, balaca bir dəhlizi, balaca bir mətbəxi var. Mətbəxin döşəməsinə adicə qaya daşları döşənib. Rayonu idarə eləyənlər bunca sadə yaşayırmışlar.

Ağacların arasından süzülən günəş şüası masanın üstündə şölələnir. Qızılı şüa masaya toxunur, çiliklənib qızılı ulduzcuqlar kimi ətrafımıza səpələnir. Adi yay illüziyası.

Kədəri ilə adamı sarsıdan gözləri var. Kədər gözlərinin dərinliyində gizlənib, ötən günlərdən danışanda kədər üzə çıxır, üz-gözünə, saçlarına, əllərinə yayılır. Ara-sıra üzündə, gözündə əks olunan qızılı-sarı şəfəqlər kədərini gizlədir. Səsi də gözləri kimi kədərlidir. Batıq, qəhərli.

İşsizdir. Həbsxanadan qayıdandan sonra iş tapa bilməyib. Artıq belə sadə evlərdə yaşamağı özlərinə sığışdırmayan, qəsrlərdə, saraylarda yaşayan rayon rəhbərləri ona iş verməyi xəyallarından belə keçirtmirlər.

Şeiri də həmişə yox, yalnız darıxanda yazır.

Yadına düşər hər gecə,

Xatırlarsan, içə-içə,

Axtararsan, küçə-küçə,

Ta qarşına çıxmaz e.

Bütün sevgilər uzaqdı,

Sevmək uzağa baxmaqdı,

Bu it kimi darıxmaqdı,

Adam belə darıxmaz e.

***

Həyatında ilk travmanı üç yaşında alıb. Atası ilə anası yollarını ayıranda. O, anasıyla qalıb. Atası isə öz kəndinə gedib.

Bu haqda danışmaq onun üçün çox çətindir. İndi belə hallar adiləşib. Amma o vaxtlar, həm də əyalətlərdə az qala faciə hesab olunurdu.

İşıq düşür üzünə. Sifəti nura boyananda dəyişib başqa adam olur. Mən onun işıq selinə bürünmüş uşaqlığını, yeniyetməliyini görürəm. Onda isə işıq seli başqa təəssüratlar yaradır:

Nə gözəl işıqdır düşür üzümə

Bəlkə də, ölümdür, nə bilim, Allah?

Heç kimə toxunma, insafın olsun,

Hər kəsin yerinə mən ölüm, Allah.

***

İlk olaraq yaradıcılığa meyxana deməklə başlayıb. Elə bir həvəsi yox idi meyxanaya, sadəcə, bacardığını, hətta hamıdan yaxşı bacardığını hiss edirdi. Ad günlərində, kiçik məclislərdə, dostlarının toyunda deyirdi də.

Sonra yaza biləcəyini də başa düşdü. Və yazmağa başladı. İlk yazdıqları xoşuna gəlmirdi, kimsəyə göstərmirdi, kimsə üçün oxumurdu, cırıb atırdı. Meyxananı anidən deyirdi, yorulmadan, düşünmədən, saatlarla deyə bilərdi. Bəyənirdilər də. Şeir isə onu yorurdu. Çox yorurdu. Yazmasaydı, olmurdu, qəlbini boşaltmalıydı. Onu incidən, narahat eləyən, qəlbində, düşüncəsində azadlığa can atan misralara azadlıq verməliydi.

Çox sonralar yazmaq vərdişini əldə eləsə də, yenə də onun üçün yazmaq asan başa gəlmirdi. Çəkdiyi tabloya kənar bir rəng, səs gələndə, misralar eyni nota köklənməyəndə yazdığı gözündən düşürdü. Bu ilk yaradıcılıq əzabları idi.

Səbəbini başa düşə bilmirdi. Niyə saatlarla özünü əziyyətə salmadan meyxana deyə bildiyi halda, saatlarla oturub şeir yaza bilmirdi? Meyxana onun üçün bir əyləncə idi, onu yormurdu. Şeir isə yorurdu.

Hələ bütün rayonda məşhur olan meyxanaları da var idi. Onun dediklərini yazır, çəkir, təkrarlayırdılar.

Məcnunu saldı çöllü biyabana məhəbbət,

Biçarəni eylədi dəli-divanə, məhəbbət.

Hələ yeniyetmə yaşlarında hər şeyi anladı. Söz qoşmaqla, söz quraşdırmaqla sözü yazmağın fərqini dərk elədi. Onu da anladı ki, ölkədə şairlərin əksəriyyəti elə söz qoşmaqla məşğuldu. Biri pis qoşur, digəri ondan bir az yaxşı qoşur. Fərqləri yalnız budur.

***

İstedadlı insanlara cavanlıqda yol göstərən olmasa, təsir altına düşərlər. Ən pisi isə bu zaman real vəziyyətdən çıxış yolunu içkidə görərlər. Şəhriyar da belə düşünürdü. İçki onu xilas eləmədi. Doğmalarını da ondan uzaqlaşdırdı.

Son Vətən müharibəsi başlayanda hərbi komissarlığa gedib ilk yazılanlardan oldu, ancaq onu aparmadılar. Dava-dalaş saldı, getmək istəyirdi. Müharibə ona düşdüyü vəziyyətdən nicat yolu kimi görünürdü. Ona açıqca eşitdirdilər ki, vətənin sənə ehtiyacı yoxdur. Niyə ehtiyacı olmadığını da dedilər. Qırıldı, sındı. Dalaşmaq istəyəndə isə xəbərdarlıq elədilər: “Dünən çıxıbsan ordan. Yolunu gözləyir. Makaron supu içmək istəyirsənsə, təşkil eləyə bilərik”.

Makaron supu içmək istəmirdi. Kifli çörək yeməyi, bulanıq çay içməyi isə heç istəmirdi.

Bu dəfə bütünlüklə içkiyə qurşandı. İçməyini ona irad tuturdular, niyə içidiyini soruşan yox idi. Qüssələnirdi, içirdi, darıxırdı, içirdi. Qırılırdı, içirdi, sınırdı, içirdi. Ən çox da darıxanda özünü içkidə tamam unudurdu.

Onun darıxmaq haqda şeirini oxuyanda qəlbim sızıldadı. Sız-sız sızıldadı. Sən nə qədər darıxmalısan ki, daxıdığını şeirə bunca səmimi, bunca gözəl gətirə biləsən.

Sənsizlik əlindən harda gizlənim?

Yoxluğun hər yerdə rastıma çıxır.

Bax, yenə divarlar gəlir üstümə

Qayıt da, nə olar, darıxıram axı.

***

Məsləhət verməyə təşəbbüs göstərirəm:

- Bəlkə, içməyəsən?

- Yox, - başını yırğalayır. Masanın ortasına düşən şüanı başının hərəkəti ilə dağıdır, ətrafa qızılı zərrəciklər səpələnir.

- Niyə?

- Çox əziyyət çəkərəm.

Əzab çəkəcəyini demir, əziyyət çəkəcəyini deyir. Mənimlə də darıxır. Hətta gözlərindən açıq oxuyuram:

Görür məni təkəm, cumur üstümə

Bu darıxmaq, it balası itdi də.

Başa düşürəm, it balası it yenə də üstünə cumur. O isə qorunmaqda acizdir. Çox acizdir. Kədərli gözlərini mənə dikib sanki kömək də istəyir. Əlimi yelləyirəm, mənim sənə nə köməyim dəyə bilər?

***

Mavi səmada iki-üç ağımtıl bulud var. Donub qalıblar səmada. Mənə elə gəlir, bu buludlar hələ uşaqlıqda kəndimizin səmasında gördüyüm həmən buludlardır. Payız gələndə çıxıb gedir, yay gələndə yenidən gəlib səmada öz yerlərini tuturlar.

Şəhriyarsa danışır. İlk dəfə yazdıqlarını qəzetə aparır. Redaktor ondan şeirlərini oxumasını xahiş eləyir. Oxuyur. Redaktor yalnız birinə qulaq asır və soruşur:

- İlk dəfədir şeir yazırsan?

- Yox, - deyir, - ilk dəfədir şeirlərimi oxuyuram.

Çıxıb gəlir. Şeirlərini yazdığı kağız parçalarını redaksiyanın girişindəki zibil qutusuna atır. Evə gələndən sonra evdəki şeirlərini də yandırır

- Necə bir gün idi? – soruşuram.

- Yorğun.

- Özün yorğun idin?

- İkimiz də, - deyir və kədərlə gülümsəyir.

Bilmirəm, nəyə görəsə, məhz bu anda onun şeirlərindən bu iki misra yadıma düşür:

Bu ayrılıq körpü oldu arada,

Yadına sal, ağla məni, arada.

Kənd uşaqlarının şirin xatirələri, ötən günləri, ağrıları, acıları altşüurlarında daima oyaq olar. Harda olsalar da, necə yaşasalar da, daima özlərini büruzə verərlər. Özlərinə xas olan bir sadəlövhlüklə düşünərlər, aralarında ayrılıqdan körpü olsa da, onları yada salan olacaq, onlar üçün ağlayan olacaq. Doğma anaları kimi.

Kənd uşaqlarını doğma anaları kimi heç kim ağlamaz.

***

Yuxarıda xatırlatdım. Mənim bitirdiyim orta məktəbi bitirib. Vərgədüz orta məktəbini. Uzun dəhlizi olan köhnə binaydı. Qalın divarları var idi, tağlı, geniş pəncərələri bağa açılırdı. Bağ baxımsız olardı, qocalmış ağaclar yalnız çiçək aça bilirdilər, meyvələrini gördüyümü xatırlamıram. Bağdan daima çobanyastığı və rütubət qoxusu gələrdi. Yazda fərəhli olardı, çiçəklərin arasında yaz sevinci ilğımlanardı. Qışda, payızda bərbad idi, qüssəsi ilə adamın canını sıxırdı.

Cəmi iki il oxudum bu məktəbdə. Amma mənə çox doğma oldu. Təkcə məktəb yox, kənd də. Mehriban, xeyirxah, şən adamları var idi.

Qışda qar olanda məktəbin yataqxanasında qalar, burdan təxminən beş kilometr uzaqda olan kəndimizə getməzdik. Yeməyə ət, balıq konservləri, qatılaşdırılmış süd, peçenye verər, kartof, makaron qızardardılar. Soba yanır, pəncərədən əlçim-əlçim yağan qara baxıb kənd uşaqları üçün əlçatmaz, ən əsası, qəribə olan konservlərlə şam eləyirsən. Səhər tezdən də kimsə səni yuxudan oyadıb qurşağa qədər qara bata-bata, soyuq külək qarı üzünə çırpa-çırpa uzaqdakı kənd məktəbinə getməyə məcbur eləmir! O günlər mənim üçün əsl bayram olardı.

Şəhriyar onuncu sinfi şəhər 1 saylı orta məktəbdə bitirmiş, yalnız on birinci sinfi bu məktəbdə, mənim doğma məktəbimdə oxumuşdu. Yaxşı oxuyurdu, amma ali məktəbə sənəd versə də, qəbul ola bilmədi.

Əsgər getdi, qayıdandan sonra işə düzəldi. Hər şey gözəl idi. Gələcək haqda böyük arzuları var idi. Yenidən sənədlərini verəcək, qəbul olacaqdı. Oxuyacaq, şeirlərini yazacaq, kitablarını çap elətdirəcəkdi. Üfüqlərdə xoşbəxtlik ilğımlanırdı. Onu uzaqlar çağırırdı. Özü uzaqlara gedə bilmədi, amma uzaqlara gedən oldu və bununla da ömür yolunda tənhalıq başladı.

Sən uzağı vətən seçdin,

Mən tənhalığı…

Tənhalıq onun vətəni oldu. Vətəni sevərlər, amma o, tənhalığı sevmirdi.

Xoşbəxtlik də, fəlakət də anidən gələr. Ola bilməz, oturasan, gözləyəsən, xoşbəxtlik gələcək, xoşbəxtlik də gələ. Olmur belə şey. Fəlakət də eləcə. Onu qəfildən yaxalayan xoşbəxtlik olmadı, fəlakət oldu.

***

Azərbaycan poeziyası haqda danışırıq. Demək olar, hamısı haqda oxuyub. Ən çox Salamı, Aqşin Yeniseyi, Aqşin Evreni sevir. Aqşin Yeniseyin fanatıdır. Sevmədikləri daha çoxdur.

Dünya ədəbiyyatından isə Yesenini, Lorkanı.

Yesenin mənim də sevdiyim şairdir. Gözəl şeirləri çoxdur.

Xüsusi ilə də, “Əlvida, əziz dost!”u.

***

Həbsxanada dörd ilə yaxın yatdı. Makaron supu, bulanıq çay içir, kifli, boyat çörək yeyir, çirkli, hisli pəncərələrdən çölə baxırdı. Gördüyü yenə də həbsxana olurdu, həbsxana divarları olurdu. Həyat yeknəsəq idi.

Həbsxana onun üçün rəngsiz dünya idi. Bu dünyanın rəngləri yox idi.

Ən çox burda kitab oxudu, hətta ibadətlə məşğul oldu.

Dediyinə görə, o, həbsxanaya gələndən az sonra belə bir qərar verirlər, ölümcül xəstə olanları ölmək üçün evə buraxa bilərlər. Kamera yoldaşı elə xəstələrdən biri imiş. Sənədlərini göndərirlər, adamın gecə-gündüzü yox imiş, səbirsizliklə xəbər gözləyirmiş. Çox qorxurmuş ki, cavab gələ, sağlamdır, ölmək ehtimalı yoxdur. Nəhayət, cavab gəlir, məlum olur, adamın uzağı bir aylıq ömrü qalıb.

Evə buraxıldığını deyirlər. Dustaq onlarla görüşəndə sevincindən ağlayırmış. Adam evində öləcəyinə görə, azadlıqda öləcəyinə görə, doğmalarının yanında öləcəyinə görə sevinirmiş.

***

Anası da ağır xəstə idi. Xərçənglə ölüm-dirim savaşı aparırdı. Xərçənglə savaşdan qalib çıxanlar haqda dünyada çox az nümunə var. Yapışır, sona qədər bircə addım da geri atmır. Ananın mübarizəsi də nəticə vermədi. Son günlərini yaşadığını başa düşdü. Bakıdan ona baş çəkməyə gələn qardaşı: “Bir istəyin, arzun varmı?” deyə soruşanda:

- Var, - dedi.

- Nədir? – qardaşı soruşdu.

- Oğlumu görmək istəyirəm.

Qardaşı söz verdi:

- Yaxşı, görərsən.

Qarlı gecədə şapkasını gözünün üstünə basmış Motsart küçəylə gedəndə qaçıb küçəyə çıxan qızcığaz babasının can verdiyini, onun da ölən qocayla bir otaqda qalmaqdan qorxduğunu demişdi. Motsart qızla getmiş və son anlarını yaşayan qocadan soruşmuşdu: “Bir arzun varmı?”

- Var, - qoca demişdi.

- Nədir?

- Alma ağaclarının çiçəklədiyini görmək istəyirəm.

- Yaxşı, - Motstart demişdi, - görərsən.

Bəstəkar piano arxasına keçmiş və çalmağa başlamışdı. Gözləri uzun müddət görməyən, kor olan qoca o çaldıqca haldan-hala düşürdü. Birdən qarlı qış gecəsində yatağında azacıq dikələrək qışqırmışdı: “Mən görürəm, bağda alma ağacları çiçəkləyir…”

Demiş və ölmüşdü. Motsart sözünə əməl eləmiş, kor qocaya çiçəkləyən alma bağını göstərmişdi.

Qardaşı da sözünə əməl elədi. Xəstəxanada yatmasına baxmayaraq, Şəhriyara anasıyla vidalaşmaq üçün bir günlük məzuniyyət verdilər. Gəldi, anasıyla görüşdü. Vidalaşdı.

Bacısının son arzusunu yerinə yetirən qardaş Mirşahin idi.

***

Soruşuram: - Həbsxanada darıxırdınmı?

- Hə, - başıyla təsdiq eləyir.

- Kimin üçün?

- Anam üçün.

- Bəs digər doğmaların?

Başını yırğalayır.

- Mən özüm özümə yadamsa, mənim başqa hansı doğmam ola bilər?

Elə belə də yazır:

Mən özüm özümə yadam,

Məndən uzaq gəz, ay adam!

Allah da qovur dünyadan,

Küləklə, yağışla məni.

Bir də oxuduğu məktəb, məktəbin ətrafı üçün, səslər üçün darıxırmış. Çayın səsi üçün, küləyin səsi üçün, quşların səsi üçün.

Onu başa düşürəm. Günün harda xoş keçirsə, ora sənin üçün doğmadır və doğman üçün də həmişə darıxarsan. Məktəbdə yaxşı oxuyub, ona dəyər veriblər, onu xoş üzlə, xoş sözlə dindiriblər. Dostları olub, sevdikləri olub.

***

İstedad irsidir. Uzun illərin təcrübəsi məndə bu qənaəti daha da möhkəmləndirib. Şəhriyarda da irsi idi. Ana tərəfdən keçmişdi.

Onun şeirləri ayrı-ayrı tablolardan ibərətdir. Bitkin, eyni mənanın, eyni fikrin daşıyıcıları. Səsləri, rəngləri də eynidir:

Eh, sən hardan biləsən

Axı, necə sevdim səni

Adını yazdım qəlbimə

Heca-heca sevdim səni

Sənsiz bilsən nələr çəkdim.

Hanı geri dönəcəkdin?

Gözümü yollara dikdim

Gündüz-gecə sevdim səni.

Dərdlər üstümə yeridi.

Gəlib canımda kiridi.

Yox oldum, səndə əridim

Döndüm heçə, sevdim səni.

***

Rayondan gələndən sonra onu yenidən xəstəxanaya yerləşdirdilər. Ona xəstəlikdən çox ümidsizlik və həyatın mənasızlığı əzab verirdi. Həyatının yeganə mənası anası idi. Anası isə ölümlə çırpışırdı.

Gecələrin birində yuxuda anasını gördü. Əlini ona uzadırdı. O da əlini uzadıb görüşmək istədi. Əli anasının əlinə çatmadı. Anası eləcə çəkilib getdi. Görünməz oldu.

Yuxudan oyanıb aşağı düşdü, mütləq rayonla danışmaq istədiyini dedi. Sifətində elə ifadə var idi, bu arzusuna bir qayda olaraq yox deyənlər bu dəfə ona qardaşıyla danışmaq üçün şərait yaratdılar. Qardaşı cavab verən kimi də soruşdu:

- Anam… - daha heç nə deyə bilmədi.

- Anam öldü, - qardaşı dedi.

Sonralar isə Şəhriyar yazırdı: “Anamla yaşadığım hər yer məbəd kimi idi, ondan ayrı yaşadığım vaxt özümü cənnətdən qovulan İblis kimi hiss edirdim və bu dünyada onu görmədiyim hər yer cəhənnəm kimi gəlirdi mənə. İndi də elədir”.

***

Həbs müddəti bitdi. Dörd il yatmalıydı, üç il iki ay yatandan sonra onu azad elədilər. Arxada qalan rəngsiz həbsxanaya, insana tərki-dünyalıq təlqin eləyən həbsxana qapılarına son dəfə baxdı. İrəlidə azadlıq idi. Özü yazır: “Yardımlıya Stalipinlə qayıdırdım, bir kupedə 20 nəfərdən çox adam idik, axşam saat 6-da qatar yola düşdü, səhər saat səkkizdə Masallıda bizi Yardımlı polisləri qarşıladılar. Payızın əvvəli idi, havadan behişt qoxusu gəlirdi.

Qatardan düşən kimi qollarımıza qandal vurub varonkaya mindirmək istədilər, xahiş elədim qollarıma qandalı maşında vursunlar. Səbəbini soruşanda, dedim ki, azad nəfəs almaq istəyirəm, saçımdan dırnağıma kimi, bütün bədənimlə....

Çox sağ olsunlar, xahişimi yerinə yetirdilər.

Aradan illər ötüb, indi azadlıqdayam və hər gün bir daha əmin oluram, yer üzündə bir vətən var, o da azadlıq!”

Rayona qayıdan kimi də anasının kəndinə, Perinbelə getdi. Bu dağ kəndinin qəbiristanlığına. Anasının qəbrini ziyarət eləməyə.

Qəbiristalıqda onu çaşdıran rənglər idi. Rəngsiz dünyadan çıxıb gələn cavan oğlan birbaşa rənglər dünyasına düşmüşdü. Bu dünya rəngli idi. Otun, daşın, çiçəyin, torpağın, başdaşlarının rəngi.

Rənglər dünyası sonsuz qüssəsi ilə ürəyini sıxırdı.

Burda artıq bir daha heç vaxt görə bilməyəcəyi anası var idi.

Belədə soyuq torpaq altda yatır, deyirlər. Yox, torpaq soyuq deyildi. Əlini torpağa qoyanda torpağın hərarətini hiss elədi. Torpaq istiydi, onun illər ərzində həsrət qaldığı bir qoxusu var idi.

Behişt qoxusu.

Sonradan o günləri xatırlayıb yazacaqdı:

Sən gedəndən sonra da, yaşadım, ölmədim ki

Mən də çıxdım özümdən, özümə gəlmədim ki

Sən düzələn deyilsən, deyib getdin ömürlük

Səndən sonra da içdim hər gün, düzəlmədim ki.

Düzəlmədim, belə deyir. Özündən çıxıb özünə qayıda bilmədi. İbadətdə axtardı özünü, tapa bilmədi. İçkidə axtardı, tapa bilmədi. Şeirdə axtardı, tapa bilmədi.

Əllərini yana açıb kədərli səsiylə soruşur:

- Daha harda axtarım?

***

Atasıyla anası ayrılanda üç yaşı var imiş. Amma indiyə kimi də məhkəmə pilləkənindən ağlaya-ağlaya düşdüyünü xatırlayır. Uşaq qəlbiylə hər şeyi hiss eləyir, duyurdu.

Zəng eləyəndə elə belə də deyir: “İndi elə orda, o pilləkəndə oturmuşam. Uzun illər öncəsi bu pilləkənləri ağlaya-ağlaya düşürdüm”.

Atasını itirdiyinə görə anasına daha çox bağlandı. Bütün varlığıyla. Anası dünyasını dəyişəndən sonra belə bu itkiylə uzun müddət barışa bilmədi. Anası halını soruşacaqdı, anası qayğısına qalacaqdı, iş-gücüylə, günü-güzəranıyla maraqlanacaqdı. Özgə heç kim. Ətrafındakılar isə özgəydi. Amma bu qarşılıqlıydı. Nə o bir kimsəni duyur, başa düşürdü, nə də bir kimsə onu duyub başa düşürdü. Sözü olanda, kiminləsə bölüşmək istədiyi söhbəti olanda yalnız anası yadına düşürdü.

Uğruna yandıqlarım

Kül üfürdü gözümə

Hamıya xərcləndim ana,

Heç qalmadım özümə

Yoxdur gözüm bağlayanım

Axtarıb, sorağlayanım

Nə arxamca ağlayanım

Nə gülənim var üzümə

Yenə də anasına şikayətlənirdi. İnsanların ona qarşı haqsızlıq elədiklərini anasına deyirdi. Anasının onu başa düşəcəyinə əmindi. Harda olmuş olsa da.

***

Bir azdan durub gedəcəyəm. Yenə də özüylə, dərdləriylə, düşüncələriylə baş-başa qalacaq. Tək-tənha. Başa düşmədiyi və onu başa düşməyən dünyada.

Onu qurtarmaq, xilas eləmək lazımdır. Doğmaları da, bizlər də, qəsrlərdə yaşayanlar da. Problemin həlli təkcə problemi özündən uzaqlaşdırmaqla bitmir. Şəhriyarla çəkdirdiyim fotonu paylaşıb tezliklə haqqında yazı yazacağımın anonsunu verəndə ilk hay verən Şahbaz Xuduoğlu oldu. Kitabını çap eləyəcəyinə söz verdi. Sağ olsun, kömək üçün, bu gənci qurtarmaq üçün atılan ilk addımdır. Qəsrdə yaşayanlar da iş versələr, yaxın aylarda hamımız ədəbiyyatımıza gözəl bir şairin qayıdışının şahidi olarıq.

Evə gəlib yenə də akasiya ağacının kölgəsindəki dəmir rus çarpayısında uzanıram. Ağacların xışıldayan yarpaqları arasından çayın o tayındakı otu biçilmiş kövşənlik, günəşin qovurduğu bozaran çöllər görünür. Bir vaxtlar fərəh, sevinc içində ilğımlanan bu çöllərin üzərində indi bir yalqızlıq, kimsəsizlik havası dolaşır.

Tezliklə burdan gedirəm. Üç aylıq. Mən qayıdıb gələnə, yəqin, çöllər göyərər.

Bəlkə də, ayrılıq havasındandır, qulaqlarımda Yeseninin məşhur şeiri səslənir:

- Əlvida, əziz dost...

# 454 dəfə oxunub

Oxşar xəbərlər

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov

11:25 30 oktyabr 2024
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turanın yeni şeirləri

17:00 28 oktyabr 2024
"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

"Görsünlər, ağlamaq necə olurmuş..." - Hafiz Hacxalılın yeni şeirləri

12:30 18 oktyabr 2024
“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

“Aşiqik ta əzəlindən bəri cəlladımıza...” – yeni qəzəllər

14:00 13 oktyabr 2024
Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

15:07 12 oktyabr 2024
Sünbül zəmisindən qovulan qarğaların ahı - Cavid Qasımovun yeni şeirləri

Sünbül zəmisindən qovulan qarğaların ahı - Cavid Qasımovun yeni şeirləri

16:46 11 oktyabr 2024
# # #