Alçaqlar, düşün yola! - Artur Rembo

Alçaqlar, düşün yola! - Artur Rembo
4 iyul 2024
# 17:20

Kulis.az Artur Rembonun "Paris orgiyası, yaxud, Paris təzədən məskunlaşır" şeirini təqdim edir.

Alçaqlar, düşün yola! Vağzallardan adlayın,
Günəş şüalarıyla yuyulub indi bulvar.
Bir vaxt varvarlar keçib, indi siz axın, keçin,
Önünüzdə sərilmiş bir müqəddəs şəhər var!
İrəli! Yanğın sönüb, tufansa qalxmayacaq,
Bu – sahil işıqları, bu isə – küçələrdi.
Bu isə bu yaxında ulduzlar halay vuran
Bombalar xor oxuyan göylərin lacivərdi.
Siz ölü sarayları basdırın meşəlikdə
Qorxu-hürkü yerinə baxışınız nur çilər.
Burcudub keçir indi kürənlərin sürüsü,
Siz də oxşayın daha təlxəklərə bir qədər!
Siz ey kürsək vaxtının çılğın qancıq sürüsü!
Cırın o sarğıları! Evlər sizinkidir, bax!
Pozğunluq gecəsidi. Onun ekstazından,
küçələr də sıxılır. Tıxın! Yetişibdi vaxt!
İçin! İşıqlar axıb dəbdəbələr içində
qaynayıb qarışanda nuş edin hər şeyi siz.
Yoxsa ki, dan yerinə baxa-baxa eləcə
Masaların üstünə sinib-çökəcəksiniz?
Bir sağlıq sallaq dallı kraliça eşqinə!
Od saçan gecələrdə siz yaxşı qulaq verin;
Hıçqırıq sinəsini gör necə cırmaqlayır,
Görün o əyyaşları, o sarsaq nökərləri!
Siz ey murdar qəlblilər! Bətni çirkin olanlar!
İyrənc istəyinizi keçiriniz həyata!
Bu qəzəb bayramının eşqinə sağlıq deyin,
Xəcalətli qaliblər, siz olun şərab dadan!
Bənzərsiz üfunətlə yaxşıca nəfəs alın,
Acı dillərinizi yaxşı basın zəhərə!
“Dəlilik eləyin siz, alçaqlar!” deyir indi,
Qulaq asın əlləri qoynundakı şairə!
Qadının bətnindədi sizin əliniz axı,
Onun qıcolmasından qorxu yağır hələ də!
O halsız çabalayır, gücsüzdü, neyləsin ki,
Axı siz özünüz də boğulursuz belədə.
Ey təlxəklər, dəlilər, siflislər, hökümlülər!
Bax bu qıza – Parisə, bu azğın sürüylə siz,
biz isə ruhumuzla, neyləyə billik axı?
Çirkab kimi atacaq kənara, görərsiniz.
Rəzilə çevrilərək yıxılıb ulayanda,
Qorxub pulqabınızı geriyə istəmək var.
Savaş adlı dilxoşluq yaxalayacaq onda,
Başınızın üstündə düyüləcək yumruqlar!”
Ey Paris! O zaman ki, ayaqların şəst ilən
rəqs edib çılğın-çılğn oynayacaq durmadan;
Bıçaq yaralarından doğram-doğram olaraq,
İşıqlı bəbəklərin geniş açılsa müdam,
Və parlasa onlarda mərhəmət alovları,
Sən ey yarıölülər, əzabkeşlər şəhəri!
Gələcəyə tuşlanar yenə də baxışların,
Keçmişin zülmətiylə salamlarsan səhəri!
Sən vücudu əzablar içində dirilənsən,
Sən dəhşətli həyatı içdikcə içirsən hey!
Soyuq əllər toxunur yenə də sənə, neynək,
Qurd-quşun günahından sən yenə keçirsən hey!
Onlardan gələn acı nəfəsini kəsəmməz,
Necə ki, Striks hər an Katiatidaya qarşı
Neyləsə də söndürə bilməz baxışlarını,
O baxışlar yağdırar göydən qızıl yağışı.
Qoy heç zaman təbiət qoynundakı şəhərlər
Üfunətli yara tək görünməsin beləcə.
Sən dəhşətlər içində görünsən də nə qədər,
Şair söyləyəcək ki: “Gözəlsən!” gündüz-gecə!
Səni ildırımlarla uca misralar tikər,
Ali Gücün oyunu yardımçı olar sənə.
Ölüm gurlasa da lap, zamanını gözləyir,
Şeypur çağırır, şəhər! Ey seçkin, eşitsənə!
Lənətlilər hönkürər, şairə bir yük olar,
Sürgünlərdən ucalar nifrətlərin tufanı.
Sevginin şüaları qadınları yaralar,
“Quldurlar! Vaxt yetişib!” deyər sözün mizanı!
– Qanunlar qüvvədədir... – Yenə köhnə evlərdə,
Eşq tufanından sonra xırıltılı səs gəlir.
Qəzəblə ucalara, boz havaya can atır,
yorğun fənərdən göyə buxar qalxır, dikəlir.

May 1871

Tərcümə: Zahid Sarıtorpaq

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

15:00 5 may 2026
Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva

14:27 5 may 2026
"Özümü odlara toxuyum yenə..." - Günün şeiri

"Özümü odlara toxuyum yenə..." - Günün şeiri

10:20 5 may 2026
Bilirəm, kiməsə qan uddurursan... - Günün şeiri

Bilirəm, kiməsə qan uddurursan... - Günün şeiri

12:12 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
"Ya gəl, ya da bir işarə göndər, Leyla..." - Şəhriyar del Geranidən yeni şeir

"Ya gəl, ya da bir işarə göndər, Leyla..." - Şəhriyar del Geranidən yeni şeir

11:10 3 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər