Tara qarşı olan Süleyman Rüstəmlərimiz – Orxan Həsəni yazır…

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

11 fevral 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Nika həyatın qatılaşmış südü idi” essesini təqdim edir.

Bizim bəsirətimizin və məsuliyyətimizin sahəsi çox darısqaldır və bütün səbəblər nəticə etibariylə naməlumluğa, dünyanın yaranmasına gedib çıxır.

Pelevin

Rus postmodernistlərini həmişə sevmişəm. Yəqin, Rusiya kimi qarışıq, bənzərsiz, özünə məxsus tarixi çiynində daşıyan ölkəyə, cəmiyyətə postmodern münasibətin maraqlı görünməsi təəccüblü deyil. Niyə olsun? Bir ölkə ki, qara mizahı sinəsində qara qutu kimi gəzdirir. Onun kodlarına, təfəkkürünə düşən yeganə açar, bəlkə, budur.

Postmodernizm mahiyyət etibarı ilə dağılma, sökülmə, parçalanmanın fəlsəfəsidir. At izinin it izinə, it izinin qurd izinə qarışmasıdır. Bütün köhnə nəğmələr yenidən yazılmalı, dəyişməli, dövran leqo qüllələr kimi uçulmalıdır.

Ümumən, postmodernizm həyat tərzidir.

Əgər yeni və protest insan övladı əli bayraqlı, nizəli günəşə hücum əmri gözləyirsə, imdadsız ömür sürürsə, o nədən, keçmiş əhvalatların əsiri olsun, ondan qidalansın?

Güman edirəm, Rusiya öz tarixi və taleyi ilə öz meta-hekayələrini dağıtmağa ən münbit ölkələrdən olmuşdur. Bu ölkə üçün nəyin yaxşı, nəyin pis olması sadəcə konkret siyasi mühitin tələbi ilə baş tutur. Məsələn, 20-ci illərdə və 30-cu illərin əvvəlində bütün SSRİ-i Puşkini daşqalaq edir, onun ədəbi ideallarını burjua mənafeyinə xidmətdə günahlandırır. Avanqard havanın nəfəsini sinəsində daşıyan sovet ziyalıları rus millətini qabağına qoyub danlayır:

Puşkin “pıxıdır”, Puşkin “cızzadır”.

Bundan güc alan Süleyman Rüstəmlərimiz isə tarla ədəbi, ictimai, siyasi, tibbi konfliktə girib onu ifşa edir, tarın ağzını maskalamaq istəyir və deyir “oxuma tar, oxuma tar. Yoxsa, gəlir korona qatar-qatar”.

Aradan azı on il keçir və məlum olur ki, sən demə, Puşkin böyük şairdir və onu sevmək gərəkdir. Üstəlik koronavirusun da gəlməsinə hələ yüz ildən az vaxt var. Vüqar Babazadə məclislərdə rahat tar çala bilər!

Yapışqanı yumşaq dəyərlərin parçalanması asan başa gəlir.

Bu parçalanma mənə Böyük Partlayışdan sonra sonsuz və əvəzlənən kainata dağılmış parçaları deyil, qonşumuzun tez-tez maşın motorunu sökməsini, sarı mələfənin üzərinə yığılan yağlı ehtiyat hissələrini xatırladır. Maşın hərdən-hərdən xarab olurdu, onun incik səsi bizi səhər o başdan oyadırdı və qonşumuz Rüstəm kişi onu söküb yenidən təmir etmək üçün ustalıq bacarıqlarını işə salırdı. Yəqin, məsələnin cövhəri bilikdən ziyadə maşının artıq istifadəyə yararsız olmasaydı. Ömrü də bir yerəcən. Çoxdan vəfat edən Rüstəm kişini bu essedə xatırlamağımın səbəbi bircə səhnədir: Çökən sistem və maraqlı, ehtiyatlı uşaq baxışlarının yağlı, isti çarxları məhəbbətlə süzməzi.

Dağılma, yayılma və genişlənmə, ümumidən xüsusiyə gedən yol insanın, elmin və kainatın xarakteri olduğu kimi qonşumuz Rüstəm kişinin də xarakterinə çevrilmişdi. Dediyinə görə uzun illər Rusiyada yaşamışdı.

Pelevinin səsi ilə desək: ac şimal ölkəsində!

Millətləri, ölkələri ədəbiyyatlarından kənar tədqiq etmək necə də mənasızdır. Mənimsə niyyətim bu deyil.

Milli kitab sərgisində gözəl şair və tərcüməçi, çox sevdiyim Azad Yaşar mənə ədəbi mühitdə xeyli məşhur "Postmodern rus ədəbiyyatı" tərcümələr kitabını hədiyyə etdi. Əyalətə döndükdən sonra ruhuma çoxdan tanış, aydın müəllifləri ədəbi ət maşınından yenidən keçirdim. Gözəl mətnlər insanı həmişə həyəcanlandırır və həyatın gözəlliyinə, təmizliyinə inam yaradır. Əksinə pis əsərlər gözümə uğursuz tələ kimi görünür və sanki varlığımı lağa qoyur.

Qeyri-adi nəfəs gözəl tərcümədən zövqümə buz kimi yapışdı. Tezliklə, Viktor Pelevinin "Mavi fənər" kitabını sifariş verdim və "Nika" hekayəsini sinəmə çəkdim.

Bu hekayəni çox sevirəm, 2018-də və sonra bir neçə dəfə məhəbbətlə oxumuşdum. Azərbaycan dilində tərcüməsi də var. Axtarışa versəniz ququl onu sizə məmnuniyyətlə sunacaq!

Təhkiyəni nəql edən şəxs eyni evdə yaşadığı, həyatını alma kimi tən böldüyü "Nika" adlı pişiklə macəralarından salır söhbəti.

“Nikaya heç zaman öz adıyla müraciət etməzdim. “Veronika” mənim üçün botanika termini idi və yaddaşımda boğucu qoxu verən ağ güllər uşaqlıq illərimin yaşıllıqlarını xatırladırdı”.

Borxesin “Funes və sonsuz yaddaş” (Funes the Memorious) adlı hekayəsində obrazın hər şeyi xatırlamaq kimi əzablı xəstəliyi var. O, qazlı su şüşəsinin içində yuxarı yüyürən köpükləri müxtəlif obyektlərə, əşyalara bənzədir və hər obyekt ona bir hadisəni xatırladır. Yaddaş bərəsi deşilir. Dəhşət! Lakin həyatın müdrik bir məqamında münasibətlərimizin də Funesin yaddaşı kimi hörüldüyünü anlayırıq. Bizə keçmişdən nəyisə xatırladan simalara tez isinişirik, özümüzü onun kölgəsində rahat tapırıq və məhəbbətin çiçəyi çırtlayır. Yəni, həmişə hər şey bizə nəyisə xatırladır və bu münasibətin yaranması üçün həlledici amildir.

Uşaqlıq illərinin yaşıllıqları, tünd qoxular Nikaya məhəbbətin açarı ola bilərmi? Bir insan nədən pişiyə aşiq olsun?

Söz tələdir. Füzulinin şairləri yalançı adlandırmasının, arxasında təkcə Qurana işarə durmur. Bunu kobra zəhərinə bənzədirəm. İnsan bədəninə nüfuz edən kobra zəhəri onu ən güclü narkotik vasitələrdən belə daha şiddətlə uyudur. Zövq alırsan, bədənin boşalır, ruhun dincəlir, öldüyündən isə xəbərsizsən. Vahiməli vida aldanışı, ancaq, bilirik, hər aldanış ölümcül olmur. Yaxşı sənətkarlar da fiksiya ilə bizə zövq verirlər. Söz tələdir və Pelevin hamımızı bu tələnin ovuna çevirir.

Nikanın xasiyyətinin tünd və qarışıq, qapalı və açıq, abstrakt və kəskin tərəfləri yüksək dozada ümumiləşdirmələrin buxovundan çıxır və bizdə canlı-qanlı insan təəssüratı yaradır. Bədii mətnlərdə öhdəsindən ustalıqla, sənətkarcasına gəlinən belə fəndləri çox sevsəm də, həmişə uğurlu olmadığını bilirəm.

“Dostlarım Nikanı elə ilk gördüklərində bəyənmədilər. Ola bilsin, onu öz dairələrində, lap bir dəqiqəliyinə olsa belə, hörmətlə qarşılamaqlarına baxmayaraq, bunun qarşılığını görmürdülər. Nikadan başqa nələrisə tələb etmək, asfalt yolla gedən bir piyadadan nə vaxtsa yol çəkmiş fəhlələrə minnətdarlıq duyğusu tələb etmək qədər mənasız idi”.

Nikanın pişik olduğu, belə deyək gizli qalır və yalqızlığın insan təsəvvürlərini necə korlaşdırdığına şahidlik edirsiniz. Pelevin nəfəsini poetika simlərinə toxundurur və romantika günəşi parlayınca oxucunu da öz oyunçusu edir. Onu da aldadır, gözləntiləri qoyur dağın başına, sən də ayaqyalın qalxırsan o dağa ki, görəsən, sirlərin arxasında nə var? Yoxsa, elə indicə ürəyin yerindən çıxacaq.

Təhkiyəçi dostları olmasına baxmayaraq çox tənhadır və buna görə Nikaya ürəyini açır. Onu anlamağa, insan münasibətlərinin eynəyindən baxmağa çalışır və elə bu zaman Nika obraza çevrilir.

Obraz yaratma bacarığı yazıçı ustalığının ən minimal şərtlərindən biridir. Orxan Pamuk müsahibələrinin birində Dostoyevskinin bu işdəki ustalığından yararlandığını söyləyirdi. Söhbətin davamında usta yazıçı obrazları yalnız danışmaqla deyil, daha ziyadə göstərməklə yaratmağın mümkünlüyünü etiraf edir. Bəli, konkret proses insan xarakterinin gözümüzün önündə formalaşmasına rəvac verir verməyinə ancaq pişiyin xarakterini hansı hadisə aça bilərik ki, bizim üçün aydın təsəvvür yaransın? Pelevin davam edir:

“Bir dəfə şkafda durmuş farfor qənd qabını təsadüfən sındırdı. Üstündən bir saat keçdi, gözlənilmədən sifətinə şillə tutuzdurdum. Nika nəyə görə onu vurduğumu heç anlamadı, o biri otağa keçdi, üzrxahlıq etmək üçün ona yaxınlaşanda, bir söz demədən üzünü divara çevirdi. Nika üçün qənd qabı parlaq materialdan ibarət kəsik konus idi, mənim üçün isə, varlığın reallığına dair bütün ömrüm boyu yığdığım sübutların cəmi”.

Təhkiyəçi və Nikanın münasibətləri hekayə irəlilədikcə dərinləşir. Ancaq bu dərinləşmə, bel ilə yer qazmaq yox, iynə ilə yara deşmək kimidir. Əzablı. Yaxşı hekayələrin hamısında rastımıza düşən çıxılmaz, sanki qapalı situasiya burda da yaranır. Təhkiyəçi Nikaya sonsuz məhəbbət bəsləyir, Nika isə öz kefində.

Təhkiyəçi onu anlamağa, hislərinin yalnız Nikanı anladığı zaman təyinat tapacağına inanır, Nika isə qeyri müəyyən və soyuqdur, o öz aləmində rahat olduğundan azadlığından bir kərpic də düşmür. Bayıra çıxır özü üçün gəzir. Təhkiyəçi isə onun tənhalıq hissindən, həyatındakı başqa simaların ehtimalından qorxur, arxasınca düşmək istəməsə belə, eyvandan binokluna güc verir, izləyir onu.

Tam idealizə olunmuş məhəbbət bizdə başqa həyatlara qarşı amansız qısqanclıq və həsəd duyğusu yaradır. Sanki bilmədiyimiz, atmosferinə düşmədiyimiz mühitlər, fərqli insanlar və məkanlar sevgilimizlə aramıza divarlar hörür, körpüləri dağıdır.

“...sonra mən onu itirirdim və - Tanrım! – elə təəssüflənirdim ki, axı niyə mən bir anlıq da olsun, bir neçə saniyəlik də olsun, Nikaya çevrilə bilmirəm və buna görə də mənim üçün adiləşmiş, görünməz olmuş nəsnələri görə bilmirəm. Əgər Nikaya çevrilsəydim, onda bütün adiləşmiş nəsnələr təəccübləndirərdi məni. Sadəcə özüm olmaq istəmədiyimi anladım, yəni mövcud olmaq istəmədiyimi, bu tənhalığın yeni bir növüdür – bu, Rusiyada intihar kompleksi yaradan tənhalığın ən həlim formasıdı”r.

Tanış hislər. Çoxumuzun həyatımızda Nika kimi maraqlı simaların barmaq izi var. Bu xarakter soyuq və naməlum olduğundan onlara qarşı hansı hisləri bəslədiyimizi müəyyən edə bilmirik. Ağıl çaşqın-çaşqın ortalıqda gəzişir, özünə forma gəzir, tapmır və tezliklə o şəxsi yüksək ideallarla bəzəyir. Beyin məna vermədiyi şeydən ya qaçmaq istəyir, ya da ona məhəbbətlə bağlanır.

Bəzən, xəstə ruhlar üçün bu əlamətlər məhəbbətə səbəb olmurmu? Məncə, hə!

Əziz, dostlar, doğrudan da, maraq pişiyi öldürür!

Bəli, maraq Nikanı öldürür və məlum olur ki, sonsuz məhəbbətin, yalnız insanın insana duyacağı qısqanclığın, qəzəbdən doğan imtinanın, yenidən püskürən ehtiyacın birləşdiyi şəxs pişik imiş.

Nika pişik imiş və maraq pişiyi öldürübmüş.

Bəlkə, bizim marağımız?

Bomm. Hər şey bircə cümləyə baxırmış! Onu maşın vurur və kədərli son.

Pişikləri rus postmodernistlərindən çox sevirəm.

Bu günəcən iki pişiyim olub. Birinin adı Ka idi – tələbə evimizin nəşəsi. Onu itirdim. Digərinin adı Santiyaqo Nasar. Onu da itirdim.

Həyatda belə şeylər tez-tez olur, əzizlərim. Eyni şeyi iki dəfə tapmaq olmur, ancaq iki dəfə itirə bilərik!

Daha biri vardı. Hərbi xidmətdə ikən "naryad yolunda" çıxmışdı qarşıma. Körpə və müdafiəsiz idi. Qara tükləri qara gözlərindən rəng almışdı. Binokl qabına qoyub sərhəd məntəqəsinə gətirdim, axşamdan qalma quru çörəkdən isladıb yemlədim. Çörəyi acgözlüklə tıxdı və birdən böyüməyə başladı. Onu hamı sevirdi.

Qara pişiyə ad qoymadım. Gecə gözətçi ikən siqareti sümürə-sümürə onu qucağıma alır, balaca, tüklü başını ovcumun içində soyuqdan qoruyurdum. Arada buşlatımın cibində yuxulayırdı. O, həssas qəlb kimi daim sevgi arzusunda quyruğunu qaldırırdı. Darıxmaqdan və soyuqdan rəngi dəyişən əsgərləri nəşələndirirdi.

Günlərin bir günü gecə xidmətdən çıxdım. Soyuq fevral küləyi sümüyümü qucaqlamışdı. Xidməti ərazidə heç nə baş vermədi, eləcə üşüdük və qayıdış yolunda, zastavaya qalxan dikdə bir topa çoban köpəyinin birləşib nəyisə parçaladığını, beş köpəyin bir ovuc əti dartışdırdığını gördüm. Səhər ağarırdı, gecədən çıxdığım xidmət sübh vaxtı bitirdi. Silah çiynimdən dost qolu kimi asılmışdı və gecədən düşən şeh yastı təpələrin üzünə, yovşanların qanadına qonub parlayırdı.

Çoban itlərinin ağzındakının hamımızın sevimlisi qara pişik olduğunu dəhşətlə gördüm. Həyatım boyu belə sarsılmamışdım. Onun qırağa atılmış qara quyruğuna, hətta ölümündən sonra da sirli gözəlliyini itirməmiş bədəninə baxanda, bilirdim, həyatımın necə dəyişəcəyindən, sabahın necə olacağından, sevdiklərimin və nifrət etdiklərimin nəylə əvəzlənəcəyindən asılı olmayaraq, bir də paltomun cibində pişik saxlamayacam.

Alınmadı.

Günlərin bir günü şair dostum Oğuz Ayvaz məni evinə dəvət etdi. Çaxır içib, şeir deyib hərəmiz bir küncdən yatdıq. Gecə Oğuzun pişiyi Pikasso yerimə girib məni qorxutdu. Onun bəyaz tükləri yuxulu təsəvvürlərimə vahimə vermişdi. Hər şey aydınlandıqdan sonra rahat yuxuladım və gecənin bir vaxtı Oğuz təlaşla məni oyadıb dedi:

Fəlakət çox yaxındadır, Orxan.

Heç nə anlamadım və pişiklər haqqında düşündüm.

Bütün pişiklərin adı Nikadır!

# 3732 dəfə oxunub

Müəllifin son yazıları

# # #