Kamal Abdullanın sehrbaz olduğu boy – Orxan Həsəni yazır...

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

2 iyul 2022
# 09:00

Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanını haqqında uzun müddətdir düşünürəm. Bir şey haqqında uzun müddət düşünürsənsə, ondan mütləq xilas olmağa çalışmalısan. Bir şeydən xilas olmağın ən unikal yolu o şey haqqında yazmaqdır.

Əziz insan Vüqar Babazadə traktatlarından birində belə demişdi: “Yazmaq xilas olmaqdır”.

Vəssalam!

Düzü, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı məndə tamam kəskin, qarışıq hislərin oyanmasına səbəb oldu deyə gözlədim bir qədər, dostlarla yüngül müzakirə apardım, daşı-daş üstünə qoyub rabitəsiz hiss yığınını beləcə qomladım.

Safran Foer demiş, birdən hər şey aydınlandı.

"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" romanları son dövr ədəbi mühitimizdə müzakirələrə səbəb olan əsərlərdir. Münasibət birmənalı deyil. Bu bədii ədəbiyyat nümunələrinin qəti əleyhinə olanlar da görünür, onun hikmətlərindən bəh-bəhlə danışanlar da.

Ənənəvi dildə axan mətnlərdən fərqlidir deyə romana fərqli münasibətləri normal hesab edirəm. Bu məni qətiyyən təəccübləndirmir. Sizi də eləməsin.

“Sehrbazlar dərəsi” daxili dinamikası, özünəməxsus, təkrarsız nəsr texnikası ilə məni sevindirsə də, həddən artıq akademizmi, soyuq nəzəri münasibəti, mürəkkəbliyi ilə təəssüfləndirdi. Müəllifin ruhu, canı bu akademizmin altında əzilib qalır, görünməz dayanırdı və belə məqamların bəzilərində, doğrudan da, təhkiyə ürək üzürdü. Lakin romanın sanasan, sehrli bir havası, aləmi vardı və bu sehrli havanın, aləmin otağına girər-girməz onu öz canında duymağa başlayırsan və o səndən çıxmır.

Əziz insan Vüqar Babazadə traktatlarından birində belə demişdi: “Bir sən qurulur səndən içrə”.

Buna səbəb müəllifin yaratmaq istədiyi aləmi gözəl bilməsi, onu öz içində inşa edib sözə çevirməsidir. Xüsusən, roman janrının tələbləri siyahısına daxil olan atmosfer yaratma bacarığı müəllifin istedadından və intellektindən asılıdır. Atmosfer yaratmaq bacarığı janrın digər tələblərini də döşünə yığır. Obraz yaratmaq, səhnə tərtib etmək, köməkçi süjetlər qurmaq, ümumi ideyanı inşa etmək, ideyanı obrazların dilinə vermək və ya nəticəni hasil eləmək atmosferin dərinləşməsinə, qatı duman olub oxucunu ürəyinə qonaq etməsinə səbəb olur. Gözəl atmosfer oxucunu daim tikan üstə saxlayır, onu kədər və sevinclə doyurur, maraq ipinə dolaşdırıb öz arxasınca çəkir və bədii əsər oxunulub başa gəldikdən sonra da unudulmur. Atmosfer onun içindən uzun müddət çıxmır və biz bunu ədəbiyyatın sehrli təsiri adlandırırıq.

Hər yaxşı müəllifin özünəməxsus atmosferi var. Məhz buna görə usta oxucular bircə abzasdan müəllifi aşkar edə bilirlər. Burda rişə tutmaq çətindir çətin olmağına, lakin söhbət tarixi romanlardan gedirsə əziyyətin biri olur min.

Roman tarixi romandır və magik elementlərlə dopdoludur. Buna bir qədər sevinib fikir elədim ki, Axundovdan bu yana realist yöndə sarmaşıqlanıb gələn modern ədəbiyyatımız üçün bu gerçəkdən gərəkli bir roman ola bilər.

Doğrudan da, Azərbaycan modern nəsrinin formalaşması maarifçilik proseslərinin inkişafı ilə üst-üstə düşürdü. Ol səbəbdən, illər uzunu şeirdə sinə dağlayan magizm nəsrin formalaşması ilə birdəncə unuduldu, unuduldu da sözdür, hələ daşlandı, yağmalandı da və yalnız uzun illər sonra boy göstərməyə başladı. Mən bu xüsusda Mövlud Süleymanlının, Yusif Səmədoğlunun adını çəkə bilərəm ki, onların bədii nəsri magik aləmlə əl-ələ addımlayır. Lakin Mövlud Süleymanlının magizmə münasibəti intellektual münasibət deyildi və bu ipin düyün olan yeri əsasən miflərə dayanırdı. Onun ədəbiyyatı apaydın duyan, dumduru ifadə edən sensorları xalqın ağzını arayır, xalqın həyatından qamarladığı detalları nəsrə gətirirdi. Xammala intellektual münasibət isə natamam qalırdı. Yusif Səmədoğlunun “Qətl günü” romanı isə dövr üçün olduqca fövqəladə hadisəydi. Lakin bu romanda da Bulqakovun “Master və Marqarita”sına bənzərliyi ilə, əsər nə qədər uğurlu olsa da, dilimizi qısa eləyir.

Kamal Abdullanın magizmi olduqca orijinaldır. Bu magizm intellektual münasibəti ilə daha da cilalanır, ustaca görkəm alır.

Ustalıq təsəvvürü nəyəsə münasibətdə formalaşır, Kamal Abdulla isə xeyli avanqard davranır, dil ilə oynayır, məzələnir, onun dərinliyində akademik vüqarı, yekəxanalığı ilə dolaşır. Bu oyunlar məni həyəcanlandırır, kim nə deyir desin, Kamal ilə eyni havada süzürük. Sırf mətn kontekstində ona uzanan əlim heç vaxt boş qayıtmayıb.

Əsər belə başlayır ki, Karvanbaşı ulduzlara baxır və elə bilir ki, əlini atsa dən-dən ulduzları tutacaq. Bu ifadəni məni belə xəyal elədim ki, müəllif öz baş obrazını yer-göy arasında rezin kimi dartır və romanın strukturuna bir işarə vurur, bunla ki, ay binəvalar, mən bunu göylə yer arasında yazıram ki, siz də göylə arasında oxuyun. Kosmik bir addımla bədii areala girən müəllif əsərin sonrakı hissələrində göylə hələ çox əlləşir, hərçənd ayağı yerdə ola-ola. Romanda hər şey yol gedir, hər şey hərəkətdədir. Obrazların adları belə onlarla addımlayır, artır-azalır.

Karvanbaşı Allahyar uzaq şəhərləri arxasında qoyub öz doğma şəhərinə, paytaxta yavıqlaşır. O, Şahın karvanbaşısıdır, yaxın adamıdır. Yolüstündə bir məkan var ki, bu yerə Görükməz təpə deyərlər və o Görükməz təpə, doğrudan da, görünməzdir. Adamlar qalxar, elə bil havaya qalxar. Bu görükməz yerdən bir qədər sonra Sehrbazlar dərəsi adlanan magik bir məkan başlayır. Burda sehrbazlar yaşayır, adamlar ehtiyacları olan işləri kəsə yoldan görmək üçün bu sehrbazlarla razılaşıb aparırlar lazım olan yerə və sehrdir, cadudur, hər nədir, bu iş həll edərlər. Karvanbaşının da belə bir ehtiyacı var, çün atasının ruhu ilə görüşməli, onla danışmalıdır və buna görə Xacəni yollayır ki, belə bir sehrbaz tap gətir. Xacə İbrahim də, gözünə döndüyüm, az gedir, çox gedir, gəlib o adamı tapır ki, o adamın adı da Səyyah sehrbazdır. Geniş adı Hacı Mir Həsən ağa Səyyah olsa da, o deyir, hava isti olanda mən adımı soyunuram, indi ki, hava normaldır mənə Səyyah sehrbaz de.

Mən burda bir qədər durdum, çünki hadisələr baş verdiyi ərəfədə yay ayıdır və bilmirəm necə olur ki, əsərin sonunda qar da yağsa, o yenə adını geyinmir, yəqin atdan qalınlığı varmış, ya nə, bilmirəm.

Nəhayət, məlum olur ki, Karvanbaşının atası əvvəlinci şahın cəlladı imiş. Cəllad Məmmədqulunun əhvalatı əsərin fləşbəklərində və "paralel" süjetində özünü göstərir və bir də Məmmədqulunun əhvalatını öz ruhu nəql edir oğluna, oğlu dəli olmasın neyləsin?

Məmmədqulunun əhvalatını bütöv şəkildə bir neçə ay öncə oxumuşdum – Kamal Abdullanın hekayələri arasında. İndi də burdan oxudum, elə bil köhnə tanışımı gördüm və bir qədər narahat oldum, çünki keçidlərdə sünilik duydum.

Ruh çağırma (ölü diriltmə) əhvalatı, düzü bilmirəm, Mirzə Cəlilin "Ölülər”indən başqa bizim nəsrdə harada var, şübhəsiz, "Məmmədqulu" adı da burda havayıdan deyil. Yəni bir "Ölülərin" astarı, yəni buna bir işarə. Şübhəsiz ki, postmodern münasibət, yəni magik ab-havanın çevrəsi ruhun gəlməsi, hadisələri faş etməsi ilə qapanır. Allahyar Şahı öldürmək istəyir ki, intiqamını alsın. Şah kimdi? Şah elə Kamal Abudullanın özüdür, yəni müəllif mətnin "şahıdır", "ən üstündə və içində olanıdır". Qul ki, şahı öldürmək istəyir, yəni nizamı pozmaq niyyəti var, bu günahdı, belə günahın da bir cəzası var, ölüm. Ancaq elə-belə ölüm yox, Allahyar xəncərlə özünü öldürür. Haqq rəhmətə qovuşur.

Bir şey haqqında uzun müddət düşünürsənsə, ondan mütləq xilas olmağa çalışmalısan. “Sehrbazlar dərəsi” isə, görünür, məni uzun müddət öz təsirində saxlayacaq.

Əsən qalın.


# 2349 dəfə oxunub

Müəllifin son yazıları

# # #