"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni
11 sentyabr 2025
# 09:00

Kulis.az Həmid Herisçinin Anara həsr elədiyi şeir haqqında Orxan Həsəninin"Onu sevənlərin hamısı öldü" yazısını təqdim edir.

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin sədri Anara şeir həsr edib.

Bu şeiri oxuyanda həm sevindim, həm də kədərləndim.

Sevinc də, kədər də bir quşun iki qanadıdır.

Şair gərək elə yazsın ki, insanı bir-birinə zidd hisslərin sərhədlərində, sərhədlərin qovşağında gəzdirə bilsin. Kədəri və sevinci eyni zamanda duymaq potensialını göstərsin. Əgər ədəbiyyat insanın daxilində ziddiyyət yarada bilmirsə, dilemmalara salmırsa, böyüklüyünə şübhəm var.

Elə mətnlər oxuyursan, rahat yuxuya gedəsən, elə mətnlər də oxuyursan, səhərəcən gözünə yuxu getmir.

Böyüklük” daxilində oyanan ziddiyyətlə əlaqəlidir.

Adamı yatmağa qoymayan bu ziddiyyətdir.

Şair bunları yaxşı bilir. Təkcə bilmir, həm də bütün yaradıcılığı bunun üstündə bərqərar olub.

Hətta taleyi də.

Şair kimdir?

Həmid Herisçi.

Həmidin Anara həsr elədiyi şeiri oxuyanda ona görə sevindim ki, adamın üstündə Allah var, gözəldir, optimist baxsaq, ədəbiyyatımız bir şeirlik qabağa düşdü. Gözünü təptəzə bir sabaha açıb görürüsən ki, ədəbiyyatımızda yeni bir şeir doğulub, buyur, demək, sevinməyə səbəbimiz var, demək, həyat daha dözüləndir, daha rənglidir. Bu hissi, ətrafdan boş bir məsafə ilə ayrılmağı, öz aləminə qapanmağı ədəbiyyatdan başqa adama nə verə bilər?

Heç nə!

Şərq belədir, Qərbə nədə uduzsa da, şeirdə irəlidədir, yaxşı şairlərdən və yaxşı şeirlərdən heç vaxt korluq çəkmir.

Nə fərqi var şeir kimə həsr olunub? Tutaq ki, bədii qəhrəman Anar yox, hansısa mifik bir qəhrəman olsaydı, nə dəyişəcəkdi?

Yəqin, heç nə itirməzdi. Hətta daha təsirli alınardı.

Əsas mətndir. Nə yox, necə yazmaq əhəmiyyətlidir. Qalan şeylər mətnin ətrafındadır, və sairə və ilaxır”.

Deyirlər, barəmdədir son yazdığın "Gözmuncuğu" adlı roman.
Neynək...bəzən casusları tanıyırlar ağızlarındakı diş plombundan.

Onu deyirdim axı!

Şeiri bəyəndim. Hətta Həmid Herisçinin “SSSR” kitabındakı şeirlərinin dadını aldım. Özünəməxsus intonasiya, yalnız Həmiddə rastımıza çıxan sirr, kəskin dönüşlər, qafiyə sistemi, nələr-nələr; Seymur Baycanın romanlarındakı yemək siyahıları deyil ki, uzun-uzun yazasan, qurtarsın.

Bütün bunlar nə deməkdir? Sevinmək üçün səbəblər.

Bəli!

Müdriklərdən biri deyir ki, adam gərək həyatda sevinməyə həmişə nəsə tapsın. Yaşamaq onsuz da zülüm işdir, stres, dal-dalı düzülən problemlər, insanı içindən yeyən qayğılar.

Hər gün Xırdalandan Xətaiyə iki saat yol gəlirəm. Axı nə üçün sevinməyə səbəb tapmamalıyam?

Hamıya məlumdur ki, problemlər özü səni tapır, sevinmək üçün isə səbəbləri özün tapmalısan.

Şeiri oxuyanda, necə deyərlər, həm də kədərləndim və ona görə kədərləndim ki, Həmid Herisçi elə bilir, Azərbaycan Yazıçılar Birliyinə üzv olursansa, mütləq Anara şeir həsr etməlisən.

Buna and içərəm, amma sübut edə bilmərəm.

Görünür, Azərbaycan Yazıçılar Birliyinə yeni qəbul olan üzvlər üçün kurs keçmək lazımdır. Birliyin üzvü olmasam da, təklif edirəm.

Kurs aşağıdakı bəndlər üzrə təşkil olunmalıdır:

1. Üzvlük üstünlük deyil.

2. Üzvlük yaxşı yazmaq üçün maneə və ya dəstək deyil. Yəni üzv olmaqla həyatın yüz səksən dərəcədə dəyişməyəcək, necə deyərlər, qəfil çevrilib Tolstoy olmayacaqsan. Əgər Tolstoya çevrilmək mümkün olsaydı, Azərbaycanda Tolstoy əlindən tərpənmək olmazdı. Üzv olmaqla taleyin yeni bir ssenarisinə atılmayacaqsan.
3. Üzv olan kimi ədəbiyyatla bağlı bütün təsəvvürlərini dəyişib Anarı dahi yazıçı hesab eləməyə, onun mifik obrazını yaratmağa ehtiyac yoxdur. Ümumiyyətlə, nəyə lazımdır bunlar? Hər kəs bu sualı özünə verməlidir.

Hələ ki, ilk üç bənd. Əgər təklifim qəbul olunsa, sonrakı bəndləri yazmağa hazıram.

Həmid Herisçinin - uzun illər Azad Yazarlar Ocağının aparıcı qələmlərindən birinin qəfil Azərbaycan Yazıçılar Birliyinə keçidi ədəbi mühitdə şok effekti yaratmış, oxucuları şairə öz misraları ilə cavab vermişdi:


Onu sevənlərin hamısı öldü”.

Həmidin bütün şeirlərini oxumuşam, hətta bir neçə dəfə görüşüb söhbətləşmişəm. İlk təəssüratlarım məni heç vaxt yanıltmır; o, təpədən-dırnağa şairdir.

Adam təpədən-dırnağa necə şair olur?

Əlbəttə, gözəl şeirlər yazmaqla.

Sonra?

Həmid Herisçi strateji davranmağı bilməz, ölçüsü-biçisi zəifdir, ömrünü şairliyinin əlində əsir-yesir eləyib. İntellekti başdansovdu qərarlarını rasionallaşdırmaq üçün daim tərləyir, bu qərarları məntiq çərçivəsinə salmağa çalışır.

Elə adamlar var, istedadını əlində yanan köz kimi gəzdirir, gah bu əlinə qoyur, gah o birinə, gah hansısa mövzunun üstünə atır, gah hansısa qalmaqalın, sonrakı hərəkətini, sonrakı açıqlamasını heç cür təxmin edə bilməzsən, ona görə yaxşı, ya pis necəsə bizi təəccübləndirə bilirlər, bu köz onu dinc qalmağa imkan vermir.

Seymur Baycanın gözündən iraq, türk qardaşlarımızın təbirincə desək, “alovdan köynəkdə” yaşayırlar.

Həmidin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasına da bu cür baxmaq lazımdır. Neoklassizmə keçid, yaradıcılığında yeni bir yola qədəm qoymaq, bunlar səliqəli ifadələrdir, amma həqiqət heç vaxt səliqəli olmur, əksinə, çox zaman kobud və kələ-kötürdür.

Həmid sadəcə əlindəki közü qoymağa yer tapmır.

Neoklassizmə keçid eləmək istəyirsən?

Elə də.

Axı Azərbaycan Yazıçılar Birliyində Həmid Herisçini nə təəccübləndirə bilər?

Həmidin qanında inqilabçılıq toxumu gəzişir. Bəzi şeirlərini diqqətlə oxusanız, sanki döyüş nəğmələrinə bənzəyir. Savaşa səsləyir, savaşa. O, Azad Yazarlar Ocağı ilə Azərbaycan ədəbiyyatında inqilab eləmək istədi, bütün kameralar Həmidə çevrilmişdi, buna müəyyən mənada nail oldu, nə olsun ki, AYO, demək olar ki, dağılıb, bu proseslərin meyvəsi olan nə qədər desəniz, gənc yazıçı saya bilərəm. Üstəlik, ciddi əsərlər yazıldı.

Bütün davalar sona çatacaq, səngərlərin içində çiçəklər bitəcək, hər şey unudulacaq, hər şey yaddan çıxacaq, yaşayan yalnız yaxşı əsərlər olacaq!

O yazıçılar, əlini ürəyinə vuranda çıxan səsin arxasınca gedənlər, həqiqi ədəbiyyatın nə olduğunu bilənlər hər şeyə rəğmən hələ də Həmid Herisçinin şeirlərini oxuyub sevirlər. Bu elə bir inqilab idi ki, Həmid bundan sonra nə etsə, nə desə də, yalnız təəssüflə başlarını bulayacaq, az sonra onu bağışlayacaqlar.

Lap illərlə savaşdığı Anarla yanaşı dayanıb şəkil çəkdirsə də.

Dövr dəyişir, bəzən proses güclənir, bəzən zəifləyir, bu, tarixin təbiəti ilə əlaqədardır, ədəbiyyatla yox. Həmid belə bir məqamda daha bir inqilab elədi, ancaq yeni inqilabı öz üstündə idi.

Bəzi prinsiplərinin üstündən xətt çəkməklə.

Özünü taleyin yeni bir ssenarisinə atmaqla.

Kim deyir ki, inqilablar həmişə yaxşı nəticələrə gətirib çıxarır?

Mən demirəm.

# 659 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər