Kirayədə qalan deputatlar

Milli Məclis

Milli Məclis

19 noyabr 2021
# 11:41

Kulis.az Orxan Cuvarlının “Kirayəpuluna sözardı” yazısını təqdim edir.

Ötən günlərdə millət vəkili Razi Nurullayev Milli Məclisin iclasında kirayədə yaşayan həmkarlarına verilən kirayə haqqına artım istədi. Bunun ardından isə mediada, sosial şəbəkələrdə kirayədə yaşayan, şəxsi mənzili olmayan millət vəkillərinin palaz boyda siyahıları yayımlandı.

Xub.

Razi müəllim, hər nə qədər həmkar təəssübkeşliyinizi qəbul etməyə çalışsam da, sizin belə "taleyüklü" məsələni gündəmə gətirməyinizi heç cür anlaya bilmədim.

Onu deyim ki, bəndeyi-həqirinizin oxuduğunuz yazını yazmağına səbəb bu zamansız və yersiz təklifi sırf sizin kimi müəyyən qədər xalqa yaxın, vətəndaşların səsinə çevrilə bilmiş bir deputat imici formalaşdırmış şəxsin səsləndirməsi oldu.

Belə sitatları ilə öyrəşdiyimiz həmkarlarınızdan biri bu təkliflə çıxış etsə, böyük ehtimalla, bu yazı ortaya çıxmazdı. Ən azından bunu bir vaxt itkisi kimi qəbul edər, daha faydalı işlərə zaman ayırmağa çalışardım.

Dəyərli Razi müəllim, bəlkə sizi və həmkarlarınızı daha səciyyəvi problemlər narahat edə?

Bunu sizdən ən azı bir vətəndaş kimi istəməyə haqqım var.

Əvvəla, Azərbaycan reallığını nəzərə alsaq, millət vəkilləri kifayət qədər yüksək maaş alırlar. Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib. Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə sıravi deputatın aylıq gəliri 2460 manat edir.

Üstəlik, onlara pis, yaxşı müəyyən miqdarda kirayəpulu da ayrılıb. Nə az, nə çox - 220 manat.

Xatırladım ki, Azərbaycanda 2021-ci ildə ölkə üzrə yaşayış minimumu 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, minimum əməkhaqqı isə 250 manat təşkil edir.

Diqqətinizə çatdırım ki, yuxarıda qeyd etdiyim rəqəmlər "x" bir vətəndaşın aylıq gəliri və ehtimal olunan minimum xərcləridir.

Başqa bir ifadəylə, millət vəkillərinin təkcə kirayəpulu üçün nəzərdə tutulmuş məbləğlə aylıq təminatını qarşılamalı olan vətəndaşlar var.

Daha başqa bir ifadəylə, ölkəmizdə sıravi deputatların aylıq məvacibinin onda birlik hissəsi ilə ailə dolandırmalı olan şəxslər mövcuddur.

Razi müəllim, ölkə gənclərinin mütləq əksəriyyəti ev probleminə görə ailə həyatı qura bilmirlər.

Millətin vəkili kimi sizi maraqlandıran şey həmkarlarınızın kirayəpulu xiffəti yox, həmin vətəndaşların problemləri olsa, nə olar?!

Həmin iclaslarda bir dəfə də gənclər üçün nələrsə istəyin; məsələn, od bahası ev qiymətlərindən, yaxına düşmək belə mümkün görünməyən kirayə haqlarından danışın. Gənc ailələrə güzəştli mənzillərin, uşaqpulunun verilməsi kimi məsələlər qaldırın.

Bu yaxınlarda kitab və kağız məhsullarının idxalı, satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olundu.

Bu nümunədən də göründüyü kimi, siz dilə gətirsəniz, bu qərar tək müsbət örnəklərin sayının çoxalmaması üçün elə bir səbəb yoxdur.

Razi müəllim, bir şeirdə də deyildiyi kimi:

"Kasıb qəribdi Vətəndə, -

Qalıb yollarda tövşüyər.

Adam canından sıyrılar,

Adam cibindən üşüyər".

Əksəriyyətimiz cibimizdən üşüyürük, əziz millət vəkili.

# 2773 dəfə oxunub

Müəllifin son yazıları

# # #