Özündən yaşca böyük qadınları sevən oğlan

Özündən yaşca böyük qadınları sevən oğlan
22 dekabr 2022
# 09:00

Kulis.az Orxan Adıgözəlin "Evdə qalma" adlı yazısını təqdim edir.

Ziqmund Froyd François Ozonun “Dans la maison”(“Evdə”) filmini izləsəydi, bu onun çox xoşuna gələrdi. 2012-ci ildə çəkilən film, froydist stilli ssenariyə məxsusdur. “Evdə” bədii filmi ispaniyalı yazıçı Juan Mayoraganın 2006-cı ildə yazdığı “Arxa partadakı oğlan” pyesinin əsasında ekranlaşdırılıb. Təbii ki,

Ozon həm də bir ssenarist kimi süjetə müdaxilə edib, ora öz rənglərini qatmışdır.

Orta məktəbdə Fransız ədəbiyyatından dərs deyən Jermen yeni götürdüyü sinfindəki şagirdlərindən narazıdır. “Həftə sonunu necə keçirdim” məzmunlu ev tapşırığından inşa yazan şagirdlər çox bəsit və savadsız yazı stili ilə yadda qalırlar.

Onların içində yalnız bir nəfər – sinifdə arxa partada oturan Klod özünəməxsus yazı tonu ilə seçilir. O, yazısında bədiiliyi elə gözəl nümayiş etdirir ki, bu Jermenin diqqətini çəkir. Klod öz sinif yoldaşı və dostu olan Rafanın evindən inşa yazır. İşin qəribə tərəfi o olur ki, Klod Rafagilin evində hər şeyi müşahidə etməklə yanaşı, ən məhrəm məqamları da gizlincə izləyərək onu ədəbi şəkilə salır. Jermen isə oğlanın bədii talantına elə aludə olur ki, ona daha yaxşı yazmaqla bağlı tövsiyələr verməklə yanaşı, həm də evdəki məhrəmliyini daha geniş şəkildə gözdən keçirməyə təhrik edir. Əlbəttə, ədəbiyyat müəllimi bu sayaq “tapşırığı” birbaşa yox, dolayı yolla edir. Nəticədə ortaya qarışıq dramatik olaylar çıxır.

Rejissor Fransua Ozon işini müvəffəqiyyətlə görüb. Süjet əsas etibarı ilə evin içini əhatə etsə də rejissor, tamaşaçını darıxmağa qoymur. Hadisələr elə inkişaf edir ki, sanki Ozon əlində məşəl aparır və onu sönməyə qoymur. Hər səhnə öz tapmacalı tərəfləri ilə intriqa yaradır və marağın soyumasına imkan vermir.

8-ci sinif şagirdinin xəstəlik səviyyəsində yad adamların həyatını müşahidə etməsi onun mərəzinə çevirilir. Klod yaşına görə çox bilir. Onun intellekti həmyaşıdlarından yüksəkdir. Bir şey var ki, o, bundan xoşagəlməz əməllər naminə istifadə edir. Klod hamını manipulyasiya edir. Hətta onun məkrli əməllərindən xəbərdar olan Jermen müəllimini də saxtakar işlərə vasitəçi edir. Bunların fəsadları isə yavaş-yavaş özünü göstərir.
Klod Rafanın anasına heyrandır və onun ehtiraslı məhəbbəti davamlı şəkildə yazılan ev müşahidələrinin əsasını təşkil edən yazılarda yer alır. Əvvəldə Froydu əbəs yerə anmadıq. Froyd baba deyirdi ki, oğlanlar analarına oxşayan qadınlara, qızlar da atalarına bənzəyən kişilərə aşiq olurlar. Məsələnin psixoloji tərəfi Klodun məhəbbətində təşəkkül tapıb. Belə ki, Klodun anası, onu hələ lap uşaqlıqdan buraxıb gedib. O, öz atası ilə yaşayır. Klod ana sevgisi görməyib.

Şüuraltı olaraq ana məhəbbətindən məhrum olan oğlan, həmin istiliyi, diqqəti, qayğını zamanında görməyəndə, mehrini özündən yaşca böyük qadınlara salır. Bu fiksatsiya qadınlarda da eyni nəticələrə gətirib çıxarır. Ona görə özündən 15-20 yaş böyük kişiyə maraq göstərən qadınların hamısını iqtisadi çətir altına sığınan hesab etmək olmaz.

Film iki strukturu körükləyir: psixoanalizi və ədəbiyyatı. Klodun yazıları ədəbiyyatın insan fikirlərinin, sonsuz təsəvvürlərin ənginliklərinə dalmasını çox incə şəkildə göstərir. Yazı sənətinin qüvvəsini, təsiretmə enerjisini izləyiciyə başqa bir sənət vasitəsi olan kino sənəti ilə çatdırır. Psixoanaliz isə burda lap dərinlərdə, uşaqlıqdan qalan boşluqların belə riskli hadisələrə yol açan, qalmaqal yaradan nüansları özündə birləşdirərək hadisələri triller formasına gətirib çıxarmağına müvəffəq olur.

Alfred Hitchcockun 1954-cü ildə ekranlaşdırdığı “Rear Window” filminin qəhrəmanı əlil arabasından istifadə edən fotoreportyor kimi olmasa da, “Evdə” filminə baxandan sonra, qonşu binalardakı pəncərələrə nəzər saldıqda insanın ağlına fərqli fikirlər gəlir. Həmin mənzillərdə, bağlı qapılar arxasında çoxsaylı sirli, gizli əməllər var. Bu, bir tarix, həyat aktıdır. Orada bir-birindən fərqli talelər var. Bəlkə də, hamısı olmasa da, bir çoxu elə həyat sürür ki, həmin hadisələri yazıya çevirsən, onlar barədə kitab çıxarsan, çox oxunaqlı və təsirli ola bilər. Bu fikirlər, filmi izləyəndən sonra sizin də ağlınıza gələ bilər.
Sonda filmin əsrarəngiz musiqiləri barədə bir-iki kəlmə əlavə etmək istəyirəm. Çox az film tapılır ki, musiqi hadisələrlə bu qədər üst-üstə düşsün. Musiqi müşayiəti o qədər gözəl təşkil olunub ki, sanki tanımadığın məkanda hansısa bələdçi səni sona qədər peşəkar səviyyədə müşayiət edir. Musiqi filmdəki hadisələri daha da emosianal edir, ümumi mənzərəni xoş şəklə salır. Buna görə bəstəkar Philippe Rombiyə təşəkkür edirəm.
Xoş seyrlər!

# 3204 dəfə oxunub

Müəllifin son yazıları

# # #