Türklərin başımızda çatlayan tarixi borcu - Tualetdə boğulan 60 nəfər kim idi?

Türklərin başımızda çatlayan tarixi borcu - Tualetdə boğulan 60 nəfər kim idi?
24 iyun 2024
# 16:30

Kulis.az Ömər Xəyyamın tualet haqqında qeydlərini təqdim edir.

İstəməzdim, istilərin ümid öldürən vaxtı tualet haqqında yazım. Fəqət bu müqəddəs torpağın mübarək vətəndaşları məni məcbur edir ki, azı, 5000 il yaşı olan tualet mədəniyyətini xatırladım.


1667-ci il. Osmanlı dövrünə aid kısmeti-i askeriyye (məhkəmə arxivi, məhkəmə prosesinə aid qeydlər) arxivindən öyrənirik ki, Mehmet Beşe adlı bir adamın İstanbulun Papazoğlu məhəlləsində yerləşən məscidə aid olan Tualet vəqfinə 105 gümüş sikkə borcu var.

Haman vəqf məscidin, tuletlərin bərpa-tikinti, təmizlik məsələlərindən başqa, ehtiyacı olanlara faizsiz borc da verirmiş.

1667... hələ onda Avropa küçələrində nəcasət qalaqları vardı.

Əlbəttə, "hər şeyi biz türklər icad etmişik" demirəm.

Osmanlıdan öncə - hələ eramızın 70-ci illərində Romada tualet/kanalizasiya mədəniyyəti formalaşmışdı, üstəlik, imperator Vespasianusun göstərişilə əhalidən sidik vergisi də toplanılırdı.
Məşhur “Pullar iylənmir” ifadəsi də bu dövrə aiddir.

Yaxşı, bəs necə olur ki, hələ 17-ci əsrdə tualet vəqfi təsis etmiş bir ulus indi tualetdən düz-əməlli istifadə eləyə bilmir?

Ofislərdə, ictimai iaşə müəssisələrində, xəstəxanalarda...

Olmaya Mehmet Beşe bəyin Tualet vəqfinə olan 105 gümüş sikkə borcunun cəzasını çəkirik...

Yəqin, tarix bizi günahlandırır...

Tualetdən çıxır mübarək, gəl, əllərini yumur. Eləcə uzadır ki, bəs salam. Xatırladıram ki, əllərini yumamısan axı, ay güli-zar, ay əllərin belə-belə olsun, tez cavab verir: səhər çimmişəm, təmizəm. Lap yaxşı. Həmişə təmizlikdə. Fəqət mən sənin ayıb sayıb gizlətdiyin müqəddəs yerlərini əlləmək istəmirəm axı... Təklikdə nə istəyirsən, eləginən də.

***


Ümumiyyətlə, “tualet” anlayışının tarixiylə bağlı xeyli mübahisəli fikirlər var.

Bilirik ki, bu söz ilk dəfə 1540-cı ildə fransız dilinin lüğətinə daxil olub və bərbərxanada çiyinlərə atılan ortası dəlik parçanın adı idi. Zamanla başqa cür mənalandırıldı.
Məsələn, makiyaj dolabına... ətəyi enli donlara...
Teatrdakı qrim otaqlarına da “tualet otağı” (rusca "уборная") deyirdilər. Bundan başqa, tualet mənasında "sortir" sözündən də istifadə edirdilər. Xüsusən, Fransada və XVIII əsr Rusiyasında.
Rusiyada inqilabaqədərki ədəbiyyatda "letirada" sözündən istifadə edirdilər ki, bu da latınca “latrin” (ictimai ayaq yolu) sözündən götürülüb.

Əlbəttə, tualetə müxtəlif adlar verilib: "ayaqyolu", “su yolu”, “klozet”, “lavabo”, “WC”, "dəstəmazxana" və sairə və "mədəniyyət evi"...
Hərçənd, bizim tualetə "mədəniyyət evi" deməyimizin səbəbi başqadır.
Bir növ, mədəniyyətə münasibətimizin praktik göstəricisidir.

Məsələn, Şotlandiya ərazisində 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb.

Akkad kralı I Sarqonun (e.ə. 2334-2279) sarayında altı tualet və kanalizasiya sistemi aşkar olunub. Bu tualetin oturacağı, insanın rahatlıqla arxaya söykənməsi üçün düzəldilib və nal şəklində olub.

Misirdə bilinən ilk özəl tualetə e.ə. 2890-2636-cı illərə aid olduğu təxmin edilən Saqqaradakı ev şəklində tikilmiş məzarlarda rast gəlinir. Misir inanclarına görə, bir insan bu dünyada nə edirsə, o biri dünyada da eynilə haman şeyləri edir. Ona görə də bir çox məzarlarda hamam və tualetlərə rast gəlmək mümkündür.

Təxminən, 4000 il öncə Anadoluda ilk mərkəzi iqtidar quran Hett dönəmi saraylarının hamam otaqlarında ortada dəlik və tualet daşının yerləşdirildiyi oturacaqlı tualetlər mövcud olub.

E.ə. I minilliyin əvvəllərində Van gölü ətrafında yaranmış və dörd əsr mövcud olan Urartu dövlətinə aid saraylarda və məbədlərdə ayaq yolu və mükəmməl kanalizasiya sistemi qurulmuşdu.

Antik yunan toplumlarında tualet tərbiyəsi uşaqlara lap kiçik yaşlarından verilirdi. Uşaqlar üçün bişmiş torpaqdan tualet-qablar düzəldilirdi.

Ancaq antik yunan toplumunda tualet ehtiyacı həmişə belə mədəni şəkildə ödənilmirdi. Aristofanın “Buludlar” əsərində göstərildiyi kimi, bəzən böyüklər öz ehtiyaclarını qapının arxasında “ödəyirdilər”…

İnsanlar təmizlənmək üçün su və hamının növbə ilə istifadə etdiyi çubuqdan istifadə edirdi.

Və nəhayət, Roma…

“Tualet” mədəniyyətinin formalaşması Qədim Roma dönəmində xüsusi olaraq inkişaf etməyə başladı. Heç təsadüfi deyil ki, “Roma tualet sayəsində imperiyaya çevrildi” məsəli var. Çünki Roma işğal etdiyi ərazilərə məişətini və mədəniyyətini də aparırdı...

Roma toplumunda Antik Yunan kültüründə olduğu kimi, evlərdə, ortasında dəlik olan oturacaqlardan, ya da bəsit gil qablardan istifadə edilirdi. Sonra qablar çox vaxt qazılmış çuxurlara boşaldılır və ya pəncərədən bayıra atılırdı. Maaşı şəhərin vergiləri hesabına ödənilən işçilər tərəfindən gecələr küçələr/çuxurlar təmizlənir və tullantılar arabalarla şəhərin kənarına aparılırdı.

Romada ilk ictimai tualet (latrina) təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi müzakirələr üçün əlverişli yer idi. Əvvəl nökərlər daş stul formasında olan "tualet"i isidir, sonra varlı romalılar öz təbii ehtiyaclarını ödəyirdi.
Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. İmtiyazsız əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdi. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.

Təbii ehtiyacın ödənildiyi qabların pəncərədən atılması çox vaxt xoşagəlməz hadisələrə səbəb olurdu. Juvenal “Üçüncü Sətir” əsərində bu situasiyanı ”bilinməyən təpələrdən gurultuyla gələn fırtına” kimi təsvir edirdi…
Qeyd edim ki, zəngin romalıların qulları ağalarının səyyar tualetlərini də özləriylə gəzdirirdilər.

Orta əsrlər Avropasında isə vəziyyət tamam başqa cür idi. Sanki qədim dünyanın ictimai tualetlərindən, kanalizasiya sistemlərindən əsər-əlamət qalmamışdı. Avropa saraylarında tualet ya xüsusi "balkon"larda yerləşirdi, ya da otaqların küncündə xüsusi dəliklər vasitəsilə... ifrazat birbaşa yerə tökülürdü.

Bəzi saraylarda tualet döşəmənin altında yerləşirdi.
Döşəməaltı tualetlə bağlı məşhur hadisə var: “Erfurt tualet faciəsi”. 1184-cü ildə VI Henrixin qonağı olan 60 zadəgan döşəmənin çökməsi nəticəsində nəcislə dolu quyuya düşüb və boğulub.

Orta əsrlər Avropa şəhərlərində demək olar ki, ictimai tualetlər yox idi. İnsanlar qablardan (güvəclərdən) istifadə edirdilər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş.

İlk su ilə yuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransua üçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi də kağız üzərində qalıb. Sonralar kralın qəbullarında güvəci dəbə salan ilk adam da məhz I Fransua olub.

Ümumiyyətlə, İntibah dövrünün saray mərasimlərinə dair xeyli rəsmlərdə və karikaturalarda əyanlar stulun altında güvəclə təsvir olunub.

Fransa kralı XIV Lüdovikin sarayında da vəziyyət belə idi. O, ortası dəlik olan stulda oturar və altda burdalu (qabın adıdır) qoyulardı. Hətta məşhur Versal sarayında bir dənə də olsun tualet yoxdur.
Tarixi sübutu olmasa da, belə bir fikir var ki, hündürdaban ayaqqabılar da tualet mədəniyyətinin olmadığı günlərdə icad edilib.

Orta əsr saraylarında xanımların geydiyi geniş ətəkli donlar tualet mədəniyyətinin bir hissəsidir.

(Hətta bu cür geyimlərə “tualet” deyilirdi. Bu haqda yuxarıda qeyd etmişəm)

Belə əsilzadə xanımların yanında kavalerlər gəzir, ehtiyacı olan zaman onların donunu qaldırmağa köməklik edirdilər…

Avropada hələ 1596-cı ildə Con Harrinqton su ilə yuyulan ayaqyolu (voterklozet) layihəsini İngiltərə kraliçası Elizabet üçün hazırlamışdı. Lakin Elizabet onu qiymətləndirməyib və Harrinqtonun ixtirası hardasa 20 il unudulub.
Daha doğrusu, o, bu layihəni sarayda tətbiq edib, fəqət qoxu... beləcə, layihə rədd edilib.
Yalnız 1738-ci ildə, Brondelin cəhdləri nəticəsində tualetin yuyulan variantı işlənib.

Nəhayət, XIX əsrdə çilingər Tomas Krepper U-şəkilli kanalizasiya borusunu ixtira etdi.
İlk unitaz farfordan hazırlanmışdı və vaza şəklindəydi.
XX əsrin əvvəllərində İspaniya şirkəti olan “Unitas” (bu sözün ilk hərfi U-şəkilli boruya işarə idi) oturacağı və su çəni olan tualetin istehsalına başlayıb.

Bax belə olub.
Qədim tarixi olan ənənə. Qədim mədəniyyət. Gəl ki, 21-ci əsrdə, dayanmadan çiçəklənən, sürətlə inkişaf edən doğma Bakımızda tualet mədəniyyəti yoxdur... Bəzəksiz/düzəksiz! Yoxdur!
Az qala, bir/bir hamının yanınca tualetə girmək, qaydaları izah etmək lazımdır: "Suyu çək", "Salfetkanı unitaza atma", "Əllərini yu"...
Üstəlik, qaydalara əməl etməyənin tər qoxusunu da gəl üstünə... Tələsmə, tələsmə... hələ siqaret də yandıracaq...

Bu məsələynən bağlı ağlıma başqa heç nə gəlmir.

Yəqin ki, Mehmet Beşenin İstanbulun Papazoğlu məhəlləsində yerləşən məscidə aid olan Tualet vəqfinə 105 gümüş sikkə borcunu tarix bizdən belənçi çıxır.
Sikkə-sikkə...

Bu mətndə İsmayıl Süleymanovun tərcümə etdiyi materialdan istifadə edilib...

# 6872 dəfə oxunub

Müəllifin son yazıları

# # #