Buz baltasıyla qətlə yetirilən nazir - Onun qızı niyə özünəqəsd etmişdi?

Buz baltasıyla qətlə yetirilən nazir - Onun qızı niyə özünəqəsd etmişdi?
21 avqust 2024
# 09:00

Bu gün Marksist inqilabçı, nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordunun qurucularından biri və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi Lev Trotskinin anım günüdür.

Kulis.az Ömər Xəyyamın tərtib etdiyi “Trotski əməliyyatı” adlı məqaləni təqdim edir.



Stalin hələ 1918-ci ildə yazmışdı ki, Sovet dövlətini iki nəfər yaradıb: Trotski və Lenin.

Lev Trotski… 1917-ci il oktyabr inqilabından sonra Rusiya Sosial Demokrat Partiyasının lideri, Rusiyanın və SSRİ-nin xarici işlər komissarı, hərbi dəniz komissarı… Qırmızı ordunun yaradıcılarından biri...

Fəqət iş elə gətirir ki, Trotskinin fikirləriynən Stalinin fikirləri üst-üstə düşmür. Zamanla araları dəyir, üstəlik, əvvəl bir-birlərinin dalınca kabinetlərdə danışırdılarsa, 1920-ci illərin ortalarından sonra ağ-qaraya qarışır.

Açıq mübarizə, klanların savaşı və məğlubiyyət…

Hə, Trotski əvvəlcə vəzifədən azad edilir, sonra partiyadan çıxarılır… di gəl, Stalinin ürəyi soyumur… Üstəlik, onu SSRİ-dən sürgün elətdirir.

Əvvəlcə Qazaxıstana… Sonra fikirləşir ki, təhlükəli inqilabçı onun kabinetindən nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Beləliklə, 1929-da onu Natalya və oğlu Levlə daha uzağa – Türkiyəyə göndərir. “İliç” adlı teploxodla Türkiyəyə gələn Trotskinin müdafiəsi rəsmi qaydada, yüksək səviyyədə təşkil edilmişdi.
Əvəzində inqilabçı Türkiyənin daxili/xarici işlərinə qarışmayacaqdı.

Beləcə Trotski ailəsi ilə birlikdə Mərmərə dənizindəki Böyükadada məskunlaşır.
O, poliqlot idi, üstəlik, yazı-pozuyla məşğul olurdu, di gəl, xeyli adamın ölümü haqqında qərar verib, qəddarlığı ilə də ad çıxarmışdı.
Günlər keçir, Trotski yazırdı, danışırdı… Xeyli də tərəfdaşı vardı… Fəqət bir bahar ertəsi onun evini yandırılar… Özünə bir şey olmasa da, arxiv sənədlər, məqalələri yanıb kül olur.



DOSYE:

Bir qızı Nina 1928-də vərəmə yoluxur və bir neçə gündən sonra vəfat edir, az sonra ikinci qızı Zinaida də vərəmə yoluxur və onu müalicə almaq üçün Almaniyaya göndərirlər. Ancaq o, iki uşağından birini seçməli idi… 1932-də Zinaidanı sovet vətəndaşlığından çıxarırlar və o başa düşür ki, bir daha öz qızına qovuşa bilməyəcək… Qapını, pəncərəni yaxşıca bağlayır, qazı açıq qoyub yatır…

Trotskinin SSRİ-də qalan oğlu Sergeyi 1937-də isə güllələyirlər, o biri oğlu Lev Sedov isə 1938-də Parisdəki xəstəxanalardan birində müəmmalı şəkildə vəfat edir…


****

Olan olur, ölən ölür... dörd ildən sonra Trotski Türkiyədən də çıxarılır… əvvəlcə Fransaya, sonra isə Norveçə.
Bir növ, o öz taleyini qovur, Stalinin “gözləri” də onu…


Stalin yaxşı bilirdi ki, Trotskinin ağzını ancaq ölüm bağlaya bilər. Onu da yaxşı bilirdi ki, Trotskini öldürmək asan məsələ deyil. Gərək iş peşəkarca həll edilsin, özü də izsiz/nişansız. Yoxsa ordan/burdan təzə başlar boylanardı, təzə ağızlar açılardı, şübhəsiz, belənçi söhbətlərin, şayiələrin dır-dırı ona sərf etməzdi.



Nəhayət, inqilabçı 1936-da Meksikaya gəlir. Rəssam Frida Kalo və Dieqo Riveronun yanına...


Ancaq deyərsən, Trotski özüylə hər yerə şər/xata, fitnə/fəsad, ölüm aparırdı.
Əvvəllər Dieqo və Fridanı biləşdirən inqilab ideyaları sonralar onların ailə faciəsinə səbəb olur. Belə ki, Trotski və xanımı Nadejda Sedova ilə möhkəm dostlaşan cütlük mühacirləri, bir növ, himayəyə götürürlər. Fəqət münasibətlər Trotskinin Frida sevgisinə görə soyuyur.
Əslində, onlarınkı da, sən deyən, sevgi-zad deyildi. Ötəri hisslər idi. Məsələn, Fridadan ötrü Trotski ərinin saysız-hesabsız, xüsusilə də, doğma bacısı Kristina ilə məhəbbət macəralarına qarşı qisas silahıydı.
Frida qalmaqaldan qaçmağa nə qədər cəhd etsə də, Dieqo arvadının yaxın dostu ilə münasibətlərindən xəbər tutur.
Trotski tələsik evini dəyişdirir, haman məhəllədən uzaqlaşır və beləcə, “qalxan”ını itirir...

Trotskinin şəhər/şəhər, ölkə/ölkə gəzməyi, nəhayət, Meksikada qərar tutmağı, SSRİ-nin idarəçiliyindəki qüsurlardan, diktaturadan, bürokratik əngəllərdən danışmağı, zaman keçdikcə nüfuz qazanmağı, özünə tərəfdaş, yandaş toplamağı, əlbəttə, Stalini narahat edirdi:

“Oktyabr inqilabının nailiyyətləri yalnız o şərtlə xalqa xidmət edəcəkdir ki, o, əvvəllər çar bürokratiyasına və burjuaziyasına qarşı hərəkət etdiyi kimi Stalinist bürokratiyaya qarşı da hərəkət etmək bacarığını nümayiş etdirsin. Bu yalnız bir şəkildə baş verə bilər: fəhlələr, kəndlilər və Qırmızı Ordu əsgərləri zalımların və parazitlərin yeni kastasına qarşı çıxmalıdır. Bu kütləvi üsyanı hazırlamaq üçün yeni bir partiya, 4-cü İnternasional tələb olunur...”

Nəhayət, SSRİ Xalq Daxili İşlər Komissarlığına
göstəriş verilir. Komissarlıq da bu vəzifəni xüsusi qrupun rəisi general-mayor Naum Eytinqonun boynuna qoyur.
Və nəhayət, qatil seçilir: məxfi agent
Ramon Merkader.



Ramon Merkader… 1913-də Barselonada anadan olub. Barselona kommunist gənclər təşkilatının yaradıcılarından biri. 1935-ci ildə siyasi fəaliyyətinə görə həbs olunub.
Azadlığa çıxandan sonra SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşlıq təklifiylə razılaşıb və məxfi agent kimi fəaliyyətə başlayıb.
Merkader poliqlot idi, xüsusi bacarıqları vardı. Məsələn, hər situasiyanı öz xeyrinə dəyişə bilirdi, hər situasiyadan çıxa bilirdi, hazırcavab idi, heç vaxt özünü “yandırmazdı”…



Trotski əməliyyatı



Birinci adını, soyadını dəyişirlər və sahibkar kimi Kanadaya göndərirlər. Kanadalı sahibkarlarla görüşür, onların etibarını qazanır, “yeni kimliyini təsdiq elətdirir” və beləcə, Meksikaya “körpü salır”… Trotskinin yaşadığı ölkəyə…

Meksikaya gələn kimi Trotskinin katibəsi, silahdaşı Silviya Aqeloffa “qarmaq atır” və onu məharətlə “tutur”. Üstəlik, Silviya ona aşiq olur. Ki, suiqəsddən sonra da özünü sevgi qurbanı adlandırıb, deyib ki, sevgi məni kor elədi, həqiqəti görə bilmədim.

Hə, Merkader addım-addım Trotskiyə yaxınlaşır… Özü də, təkcə biznesmen kimi yox, həm də jurnalist fəaliyyəti olduğunu da, hərdən yazıb-pozduğunu da deyir. Onu da deyir ki, bəs mən iliyimə kimi trotskçiyəm, trotskizm damarlarımda qan kimi, bədənimdə can kimidir.

Günlər ötür… Trotskiyə hər gün bir köynək yaxınlaşan Merkader əməliyyatın koordinatoru Eytinqonla da görüşdən qalmır.
Və qətl avqustun 21-nə təyin edilir.
Nəhayət, həmin gün yetişir… Merkaderi şəxsən general Eytinqon öz maşınıyla aparır Trotskinin evinə. Deyir, sən get işini gör, mən səni burdaca gözləyirəm, gəl, birbaşa sərhəddə gedəcəyik, sonra da Rusiyaya.
Merkeader də uşaq deyil ki, əvvəlcədən Trotskiylə görüş təyin edibmiş. Deyibmiş ki, bəs nəzəriyyəniz, yolunuz haqqında bir məqalat qaralamışam, ayın iyirmisi yarım saatınızı ayırın, oxuyum o qaralamanı sizinçün. İnqilabçı da, şübhəsiz, razılaşıb..

Vaxt yetişir, inqilabçıynan agent evin balkonunda görüşürlər. Xoş, beş, on beş… Trotski onun məqalatını oxuyanda Merkader nəsə bəhanə eləyir, qalxır... keçir onun arxasına… paltosunun altında gizlətdiyi buz baltasını çıxarıb inqilabçının başına vurur…


Elə bu vaxt aləm dəyir bir-birinə. Trotski qışqırır, mühafizəçilər yetişir… polis… ambulans… Eytinqon da bu qarğaşanı görüb daban əlli altı… götürülür… dediyi kimi: birbaşa sərhəddə, ordan da Rusiyaya.


Trotski xəstəxanaya çatdırılır, ancaq… ölür.

Ramon Merkader 20 il həbs azadlıqdan məhrum edilir.
Düz 60-cı ilə kimi Meksikadakı siyasi dustaqların həbsxanasında cəza çəkir…




Azadlığa çıxınca Kubaya gedir, ordan da gəmiylə SSRİ-yə.
Və SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür…
Üstəlik, onu Mərkəzi Komitə yanında Marksizm-Leninizm institutunda işə götürürlər.
1970-də isə Kuba lideri Fidel Kastronun təklifi ilə Kubaya köçür. Kuba Xarici İşlər Nazirliyinin müşaviri təyin edilir.

Nəhayət, 1978-də, 65 yaşında Kubada vəfat edir.

# 5046 dəfə oxunub

Müəllifin son yazıları

# # #