Kulis.az Nihat Pirin “Benjamin Button, Cəbiş müəllim və başqaları” yazısını təqdim edir.
El Romana, Kazımoviçə və söhbətdən xəbardar olan hər kəsə
Xülasə
Təxminən, iki ayın söhbətidir. 20-30 nəfərin cəm olduğu bir ortamda situasiyadan doğan tələb ilə yaxşı bir söz oyunu elədim. Həmsöhbətim olan kəs yaşının 40 olmasına rəğmən, özünü 17 yaşında hiss elədiyini vurğulamışdı ki, “Siz lap Benjamin Button həyatı yaşayırsız ki...” deyib 30 nəfərin heç olmasa, yarısının üzündə təbəssüm axtardım. Amma səd-əfsus.
Əfsus ona görə ki, bu adamlarının heç birinin məlum hekayədən, yaxud elə məlum filmdən xəbəri yoxdur. Oxucunu “Google”da axtarışa göndərməyib fikrimin şərhinə iki kiçik haşiyəlik abzas həsr edirəm:
Benjamin Button amerikalı yazıçı Frensis Skot Fitjeraldın məşhur qəhrəmanıdır. Bu adamın qeyri-adi hekayəti sonradan rejissor David Finçerin də diqqətini çəkmişdir ki, ona yaxşı bir film də həsr elədi – Benjamin Buttonun qəribə həyatı.
Buttonun qəribə tərəfi o idi ki, o, hamı kimi uşaqlıqdan qocalığa doğru yox, tam tərsinə, qocalıqdan uşaqlığa doğru böyüməkdə (kiçilməkdə) idi. Mənim məlum söz oyununu etməkdə məqsədi-məramım ondan ibarət idi ki, 40 yaşında oluban özünü 17 yaşında hiss edən bəy, bir növ, qocalmaq əvəzinə cavanlaşırdı. Ən azından, o belə hiss edirdi. Amma yenə də deyirəm, səd-əfsus.
Oxucu mətni elə burada dayandırıb özünə, yaxud da elə mənə sual verə bilər ki, məgər Benjamin Buttonu tanımaq bu qədər vacibdir ki? Kiminsə üzdəniraq Buttonu tanımaması niyə faciə olsun ki?
Oxucuya haqq vermədiyimi desəm, vicdan əzabından gecəni dirigözlü açaram. Təbii ki, Buttonu tanımamaq ciddi bir qəbahət deyil. Necə ki bu yaxınlarda qələmdaş dostlardan ikisi arasında yazının başlığına çıxardığım Cəbiş müəllimlə əlaqədar “söz davası” keçdi. Söhbətin məğzi o idi ki, yoldaşımızın biri digərini “Bizim Cəbiş müəllim” filminə baxmamaqda günahlandırır və bunu onun üçün çox ciddi qəbahət hesab edirdi. İttiham olunan dostumuz isə bunun heç də qəbahət olmadığını bildirir və cidd-cəhdlə ittiham edəni və ona haqq qazandıranları məzmunsuzluqda günahlandırırdı.
Söz sözü çəkir, abzas da abzası. İki hadisənin eyni məramda cərayən etdiyini nəzərə alaraq hər ikisini eyniləşdirib yola davam edirəm.
Gəlin ardımca!..
Söhbət hansısa məşhur bir hekayətdən kiminsə xəbərdar olub-olmamasında deyil. Bu, ola da bilər, olmaya da. Burada fikrin və hadisənin məntiqi vurğusu “Sən X adlı filmə baxmamısan?” üzərindədir. Mənim ilk abzasdaca bəhs elədiyim 30-40 nəfərlik ortamın rahat 10-12 nəfəri Mədəniyyət və İncəsənət Universitetenin tələbəsi idi ki, onlardan ikisi də lap irəli gedərək həvəskar film çəkmək ilə məşğul idi. Bax dediyim vurğu məsələsi özünü burda göstərir. Ki ay X adlı bəndə, mən Y adlı istənilən bir adəm övladının bu filmə baxmamasını həzm edə bilərəm və hətta edirəm də. Amma, bəs, sən?! Sənin bugünkü məqamın o filmə baxmamaq, o hekayəti duymamaq normallığını faciəvi şəklə salır. Ol səbəb ki, sən aya 25 film bitirən adamsansa, sənin Button qabırğası sınmışı tanımamağın reallığını mən tərəfdən həzm olunacağını gözləməyin absurddur.
Eynilə, Cəbiş müəllim obrazı da Azərbaycan adamının (eyni vurğu altında: Azərbaycan incəsəsənət adamının) tanımalı olduğu seçmə 50 portretdən biridir. Film yaxşı film ola da bilər, olmaya da. Film ciddi film adına alınmış sayıla da bilər, sayılmaya da. Amma dostumuz bir digər dostumuzun yaxasından yapışmaqda ona görə haqlıdır ki, sən – bəli, məhz sən bu filmə – bəli, məhz bu filmə baxmalı idin, bu obrazı – bəli, məhz bu obrazı tanımalı idin.
Söhbətin mərkəzində Benjamin Button və Cəbiş müəllimin olması sadəcə yazı üçün fərdi seçimdir, əslində. Mən Button yerinə William Wallace, Cəbiş müəllim əvəzinə isə Göygöz Kosanı da qoya bilərdim. Mahiyyət etibarı ilə, nə olur, olsun, sözügedən sahədə fundamentallıq daşıyan nəsnələrin ittiham elədiyim (imiz) adamlar tərəfindən izlənilməməsi qəbahət vurğusuna düşür.
Nəticəyə doğru
Mənim yaxın bir dostum var. Çox ciddi oxucudur. Di gəl ki, adam Tolstoy ədəbi peyğəmbərlə yola getmir. Təsəvvür edirsiz, adam oxuduğu və zövq aldığı ədəbi sferaya Tolstoyu daxil eləyə bilmir. Bu 28 ildə Tolstoyun bir dənə də olsun, cümləsini oxumadığını iddia edən dostumuz mənim gümanımda misilsiz dərəcədə bədbəxt adamdır. Nədən ki bir insan (yazının tələbindən doğan atmosferə görə bunu oxucu olaraq oxuyun) həyatı boyunca 5 nəfəri tanımaq kimi bir şansa sahib olsaydı, o beş nəfərin üçü mütləq şəkildə Tolstoy olmalıdır. Mən bunu “düşünürəm” şəklində demirəm, mən bunu ondan tələb edirəm. Çünki bu tələb haqqı onun oxucu portretinin mənim təhtəlşüurumdakı əksindən doğan reaksiyadır.
Bax indi mən deyiləm, sizsiniz, adamı dərd götürməsin, neyləsin? İnsan – iki gözü, bir burnu, üstəlik, iki qulağı olan bir insan Tolstoy oxumadan necə rahat ölə bilər axı?
Yenə də buradakı vurğunu nahaq yerə Tolstoy əfəndinin üzərində cəm eləməməyinizi tövsiyə edirəm. Olsun Dostoyevski, olsun Hüqo, olsun Pamuk – məğz dəyişmir. Sən yaxşı oxucusansa (yuxarıdakı abzaslara kiçik bir göndərmə: incəsənət ruhlusansa), mənim səndən gözlətimin altında qalacaq potensialda olmamalısan. Ən azından, elə öz xətrinə...
Yazıya nə cür xitam verəcəyim sualını götür-qoy edirdim ki, hələ də “Xaç atası” filminə baxmamağım dəhşəti yadıma düşdü.
Yaxşı, bəs, sizcə, mən nə dərəcədə bədbəxtəm?