Yorğan əhvalatı - Tərlanə Yaqubqızının yeni hekayəsi

Yorğan əhvalatı - Tərlanə Yaqubqızının yeni hekayəsi
31 yanvar 2024
# 13:50

Kulis.az Tərlanə Yaqubqızının "Yorğan əhvalatı" adlı yeni hekayəsini təqdim edir.

Rəfiqə nənə düz altı ay idi ki, itkin düşmüş yorğanını axtarırdı. Sizə zarafat gəlməsin, heç də gülməli deyil, itən yorğan onun altmış illik cehizinin bir parçası idi.

Əvvəlcə çoxdan ailə qurub hərəsi şəhərin ayrı- ayrı tərəflərində yaşayan dörd qızına bir- bir zəng vurdu. Salamdan sonra birbaşa mətləbə keçdi:

- Mənim üstü tovuzquşulu yorğanımı görməmisiniz?

Rəfiqə xalanın qızları and-aman etdilər ki, ata evində yaşayarkən ömür- billah belə yorğan görməyiblər. Rəfiqə nənə onlardan əlini üzüb bu dəfə özündən yaşca balaca bacılarına müraciət etdi. Bacılar da sözü bir yerə qoymuş kimi onun belə nişanda yorğanı olmadığını söylədilər. İndi görün nənə hansı hala düşdü. Siz yəqin belə düşünürsünüz nənə çox simicdir. Yox, əsla belə deyil. Rəfiqə nənəni nəinki öz ailəsi, qohum-əqrəbası, hətta qonşular və evinin yaxınlığındakı qaçqınlar binasının sakinləri çox yaxşı tanıyır. Hələ alış- veriş etdiyi marketin satıcılarını demirəm. Bu qadın əliverimliyi, səxavəti ilə el arasında az qala şöhrət tapıb. Marketə girəndə onu tanıyan satıcıların üzündə o saat təbəssüm yaranır. Çünki ədəb-ərkanla salam verər, hal-əhval tutar, pulun qalığını istəməz. Ona piştaxtadan götürdüyü ərzağı kassaya qədər aparmağa kömək edən fəhlələrə pul verər. Ömür boyu fəhlə işləyib indi də yalnız təqaüdlə dolanan Rəfiqə nənənin ürəyi genişdir. Aldığı təqaüddən çox cüzi miqdarını özünə götürər. Qonaq getdiyi evə özü ilə yeyəcəyini, içəcəyini də aparar, hətta o adamın az qala bir həftəlik bazarlığını da edər.

Nəvələri universitetə qəbul olunanda, əsgərlikdən qayıdanda onların adına qurban kəsib paylayıb. Evdəki əşyalarının, mebelinin çoxunu qonşuluqda yaşayan qaçqınlara bağışlayıb. Amma bu yorğan nə sirri- xuda olmuşdu ki, nənə az qala bütün nəsli onun axtarışına cəlb etmişdi. Demək olar ki, hər gün səxavətdə ondan heç də geri qalmayan, hətta necə deyərlər, on çömçə yuxarıda olan böyük qızı Ceyranı şübhəli qismində dindirirdi:

- Ay qızım, bu yorğan niyə yoxa çıxsın ki? İynə-zaddı bəyəm? Düzünü de, yəqin Türkiyədə zəlzələdən zərər çəkənlərə göndərmisən.
Ceyran etiraf edirdi:

- Əlbəttə, zəlzələdən zərər çəkənlərə nə qədər pal- paltar, yun adyallar göndərmişəm. Ancaq mənim sənin yorğanından xəbərim yoxdur. Allah bilə özün kiməsə vermisən.

- Dünya dağılsa da, mən o yorğanı heç kəsə vermərəm. Çünki anam onu öz əlləriylə mənə cehiz verib.

Ceyran əsəbiləşirdi:

- Ay ana, sənə qurban olum, özünə aid olan nə qədər əşyanı camaata paylamısan, bu yorğan da onlardan biri.

Rəfiqə nənə sözünün üstündə durub öz yorğanının axtarışını inadla davam etdirirdi.

Artıq hamı bu yorğan söhbətindən bezmişdi. Ortancıl qızlardan birinin təzyiqi qalxmış, digəri depressiyaya düşmüşdü. Sonbeşik qız anasını dilə tutub öz cehizindəki yorğanlardan birini ona bağışlamaq istəyirdi. Amma o, heç kəsi dinləmək istəmir, inadkar uşaq kimi öz yorğanını tələb edirdi.

Günlərin birində üçünçü qız belə qərara gəldi ki, evindəki bütün yorğanların şəklini çəkib anasına göstərsin. Çünki bu dəfə hədəfdə o idi. Rəfiqə nənə bu qıza həddindən çox yorğan- döşək vermişdi. Çünki üçüncü qızı kənd adamına ərə getmişdi, bilirdi ki, kənddən gələnlərin şəhərdə qalmağa yeri olmadığından qonaq getdikləri evdə gecələyirlər.

Əlqərəz, qız evdə olan on iki yorğanını yük yerindən götürüb bir-bir şəklini çəkdi. Anasının dediyi tovuz quşulu yorğandan əsər- əlamət yox idi. Hər ehtimala qarşı şəkilləri anasına göndərdi. Telefondan anasının sevincək səsini eşitdi:

-Tapıldı, demək səndə imiş.
Demə, ananın tovuz quşu adlandırdıgı şəkil, əslində, çiçək və yarpaqlardan ibarət idi. Bəs Rəfiqə nənə niyə onu belə adlandırırdı? Yəqin qocalıq öz işini görürdü, bugün-sabah səksən yaşı olacaqdı.

Yorğanı anasına qaytarmazdan əvvəl üzünü çıxarıb yumaq istədi. Elə atlaz parçanın tikişlərini təzəcə sökürdü ki, içərisindən bir neçə yüzlük ətəyinə düşdü.Bunlar sovet pulları idi. O dəqiqə anasına zəng etdi:

- Ana, yorğanın içindən sənin pullarını tapmışam.

Ana təəccübləndi:

- Nə pul? Mənim o pullardan xəbərim yoxdu.

- Mən də elə bildim sən o pullara görə neçə vaxtdır yorğanı axtarmısan.

- Sənə dedim ki, o pullardan xəbərim yoxdu.

- Bəs pulu kim qoyub? Yadına sal.

- O yorğanı anam mənim adıma sırımışdı. O vaxt hazır yorğanlar tapılmırdı. Qızlara az qala körpə yaşından cer- cehiz tədarükü görürdülər. Rəhmətlik yəqin o pullları yorğanın içinə mənim toyumdan əvvəl qoyub, sonra da unudub.

- Onsuz da o pullar daha dəyərdən düşüb. Amma çox maraqlıdır ki, sən məhz həmin yorğanın sorağında idin.

- Siz elə bilirsiniz ki, mən o yorğanı geri qaytarmaq istəyirəm. Sadəcə bilmək istəyirdim kimə vermişəm. Halal xoşun olsun!

İki gündən sonra bacısığilə qonaq gedən nənənin yadına başqa yorğan düşdü. O saat qızına zəng etdi:

- Ana qurban, axı mənim səndə bir yorğanım da olmalıdı, üstü qızılgüllü...

- Paho, işə düşmədik? Yenə yorğan?

Xoşbəxtlikdən xalası vaxtında söhbətə müdaxilə etdi:

- Ay bacı, mənim yadımdadır, o yorğan sənin köhnə mənzilində yanğın olanda yanmışdı.

Qız sevincinlə xalaya təşəkkür etdi. Xala sanki onların həyatını xilas etmişdi. Çünki ikinci bir yorğanın axtarışına heç kəsin səbri qalmamışdı.

Amma hamı anlayırdı ki, Rəfiqə nənənin cehiz yorğanı da, dəyərdən düşmüş pullar da onun çox uzaqlarda qalmış gənclik illərinin nişanəsidir.

Nənə, əslində, o bəxtəvər günlərini soraqlayırdı.

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

Yulanın macəraları - Kiçik yaşlı uşaqlar üçün

Yulanın macəraları - Kiçik yaşlı uşaqlar üçün

17:00 4 may 2024
1940 və ya “Borc” - Daşqın Məmmədovun hekayəsi

1940 və ya “Borc” - Daşqın Məmmədovun hekayəsi

14:45 4 may 2024
Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
# # #