Yaşamaq sənəti, ölmək sənəti – Xanım Əliyeva

Xanım Əliyeva

Xanım Əliyeva

17 dekabr 2021
# 14:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xanım Əliyevanın “Yaşatmaq sənəti, ölmək sənəti” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Müharibəyə öz istəyimlə getmişəm. Vətənpərvər və milliyətçi olduğuma görə könülü olaraq ordu sıralarına yazıldım ki müharibə başlayan kimi məni çağırsınlar. Az qala hərbi komissarlığın qapısını yerindən çıxaram və axır ki mənə də çağırış gəldi. Mən də digər könüllülər kimi döyüşə yollandım. Ancaq müharibədə olmuş və o dəhşətləri keçmiş insanlar bilir ki müharibə nədir. Çoxuna görə müharibə kompüter və telefonlarda oynadıqları oyunlar qədər bəsit bir şeydir. Amma yox, müharibə qan və silahdır. Müharibə can verən əsgər və can alan əsgərlər arasında gedən prosessdən başqa, siyasətin şahmat taxtası üzərində fiqurlarını hərəkətə gətirdiyi bir yarışdır.

Döyüşlər başlayan gün mənə çağırış kağızı gəldi. Cəld yır-yığış edib, hərbi komissarlığa yollandım. Getməmişdən qabaq anam və qardaşımla az qala vidalaşmayacaqdım, belə tələsirdim. Anam çoxdan bilirdi ki müharibə olsa, birinci gedənlərdən olacağam və bunu təmkinlə qarşıladı. Qardaşımla telefon vasiyəsiylə sağollaşdım, çünki o başqa evdə yaşayırdı və ora gedib, canlı sağollaşmağa sadəcə vaxtım yox idi. Qardaşım, “Sağ-salamat dönəsən” deyib, sağollaşdıqdan sonra, komissarlığa yola düşdüm. Komissarlıqda adbaad çağırış kağızıyla və hərbi biletlə bir yerdə tibbi yoxlanışa göndərdilər. Yararlı olanları, yəni gözlə görüləcək fiziki və əqli məhdudiyyəti olmayan şəxsləri böyük UAZ-lara yığıb, döyüş hissələrinə aparırdılar.

Mən özüm döyüş briqadasında motoatıcı idim. Fizuli, Cəbrayıl, Xocavənd, hətta Şuşaya qədər gedib, çıxmışdıq, amma əvvəli heyyətli yox. Döyüşə qatılmamışdan öncə hərbi bölüklərə ayrılqdıqdan sonra, gedən qızğın döyüşlərə biz də qoşulduq. Ancaq müharibə mənim düşündüyüm kimi bir şey olmadı. Mən niyəsə döyüşləri tamam başqa cür təsəvvür edirmişəm.

Mən sizə yadımda qalanları sıralama ilə nəql edə bilməyəcəyəm, çünki döyüş zamanı yanımda partlayan mərmidən kantuziya aldığımdan, yaddaşımda problemlər ortaya çıxdı. Yadımdadır ki qayadan aşağıda dostunun meyidi üzərində ağlayan əsgərə görə aşağı enmişdim, əsgər özü də yaralı idi və mən onu kürəyimə atıb, yuxarı qalxırdım ki arxadan məni gülləylə vurdular. Arxamda əsgəri daşıdığıma görə güllələr məni sıyırdı, amma dərk edəndə ki kürəyimdəki əsgər ölüb, ilk dəfə dəhşətə gəldim. Güclə də olsa, qayanı qalxıb, meyidi yerə sərdim və başa düşdüm ki tanrı özü məni qoruyur. Amma ən dəhşətlisi qabaqdaydı.

Cəbrayıllıda meşələrin birində tək qalmışdım. Tək-tənha və məndən 500 metrlikdə erməni əsgərləri. Belə yerdə nə edəcəyimi düşünürdüm, ağlıma ancaq öz-özümə danışmaq, güya ki tək deyiləm fikrini yaratmaq idi və bu məndə alınmışdı. Təbiətən dəlisov olduğuma görə, hər an ağlıma əsdiyini edirdim və buna görə də komandirlarimin məndən zəhləsi gedirdi. Həmin gün də onların icazəsi olmadan meşəyə doğru irəlilədiyimdən döyüş yoldaşlarımın çoxu arxada qalmış, ermənilərin qurduğu pusquya düşmüşdülər. Bakıya dönəndən sonra dərk edirdim ki içimizdə satqınlar var imiş, bu səbəbdən də fərqli bölüklər fərqli zamanlarda pusqulara düşür, bəziləri çıxa bilər, bəziləri isə öldürülürdü. Bunu dərk etmək çox çətindi, çünki sən satqın donu geyindirə bilmirsən və sənə ağır gəlir. Bir neçə gün ac qaldıqdan sonra, təsadüfən oradan keçən bölük tərəfindən xilas edildim. Vəziyyətim ürəkaçan deyildi, sağlam olduğuma görə özümə gəlməyim çox da uzun zaman aparmadı. Amma dəhşət arıqlamışdı. Ətli-canlı oğlandan sür-sümük qalmışdı. Güzgüyə baxanda, özüm özümdən hürkdüm. Məni bu günlər ərzində özümə gətirən həkimlər və aşpazımızı unuda bilmərəm. Həm aşpaz, həm həkimlər deyirdilər ki müharibədə ancaq döyüşçülərin adı çəkilir, biz isə ikinci planda qalırıq. Axı bu ədalətsizlikdi. Yarı zarafat, yarı ciddiyyətlə deyilən bu sözlərdə böyük həqiqət vardı. Döyüş meydanında ancaq silahlar döyüşmür, qəribə səslənsə də cərrahın bıcağı ilə, aşpazın çömçəsi də həll edici rol oynayır. O an bu sənin ağlına gəlmir, düzü heç onun hayında da olmursan. Amma hər şey bitdikdən sonra, bütün bu düşüncələr beyninin bir küncündən çıxaraq, özünü xatırladır və sən səmimi qəlbdən onlara minnətdarlığını heç olmasa ürəyində bildirirsən.

Ordumuz hər gün daha çox irəliləyir, biz də onun tərkibində Şuşaya doğru gedirdik. Xəyal kimi görünürdü Şuşa. Ancaq fotolarda gördüyüm Şuşaya çox az qalmışdı. Şuşa Qarabağın bəbəyi idi və ora işğaldan azad edilsə, demək ki müharibə bitəcəkdi.

Qızğın döyüşlərin getdiyi günlərin birində qəflətən mərmi partlayışından mən kar oldum. Kantuziya nəticəsində bir neçə günlük eşitmə qabiliyyətimi itirmişdim Bərk qorxmuşdum. Mən indiyə qədər belə qorxmamışdım, o an bütün həyatım gözlərimin önündən keçdi. O deyirlər kino lenti kimi gözlərimin qabağından keçir ha, bax o yalandan deyilməyib. Yadıma birinci sinifə getməyim düşdü, necə anam boynuma kəpənək taxır, necə əllərimdə güllərlə məktəbə yollanıram. Sonra elə bil bir anın içində kadr dəyişir və mən yeniyetməyəm, ilk dəfə sevdiyim qızla gizlincə öpüşürəm. Kadrlar çox sürətlə dəyişməyə başlayır, mənim məzun günüm, əsgərlik həyatı, dostlarımla görüşlər, iş, bir sözlə hər şey ağlımdan o an keçdi. Gözlərimi açanda əsgər yoldaşlarımın gözlərində təşviş və qorxu görürdüm, nə dediklərini eşitmişdim. Ancaq dodaqlarının tərpənişindən bəzi sözləri tuta bilirdim. Fürsət bilib, əsgər dostlarım mənlə zarafatlaşırdılar. Komandirim, əccəb oldu sənə deyirdi. Sözümə qulaq asmazsan, belə olar, deyib daha da əsəbləşdirirdi.

Orada bir əsgərlə lap yaxından dostlaşmışdıq. Müharibədən sonra da münasibət saxlamaq fikrindəydim. Şuşa işğaldan azad olunandan sonra biz yavaş-yavaş evimizə dönürdük. Əvvəlcə ailəli şəxsləri, daha sonra digər əsgərləri evi göndərirdilər. Qalmaq istəyən şəxslər könüllü olaraq, ordu sıralarına yazılaraq, bir müddət də döyüş zonasında qalmağı seçmişdilər. Dostuma çevrilən əsgər yoldaşım da həmin şəxslərdən idi. Bir müddət mən ondan heç bir xəbər eşitmədim. Bizi mükafatlandırma mərasiminə çağıranda, onunla orada qarşılaşdıq və nömrələrimizi dəyişdik ki yenidən əlaqə qura bilək. O dedi ki hələ də Qarabağdadı və tezliklə dönüşü gözlənilmir. Ara sıra zəngləşirdik, ancaq axırıncı dəfə ona mesaj çatmayanda, mən zəng eləsəm də telefonu sönülü idi. Sonra saytdan xəbərlər oxudum ki döyüşlərimizdən təxribata uğrayıb şəhid olanlar var və bu müharibədən düz bir il sonra baş verdi. Şəhid olanların adlarının sırasın da onun da adı var idi. Deməli onun sadəcə bir il möhləti var imiş.

Ev ünvanlarını bilirdim və dəfn mərasiminə mütləq getməli idim. Dəfn mərasiminin məni bu qədər sarsıdacağını gözləməzdim. Nəşi tabutda çıxan dostumun anası “Vağzalı” sədaları altında rəqs edir, əlində isə xonçalar vardı. Hə, o subay idi və anası onu müharibədən sonra evləndirmək istəyirdi. Subay qalmış oğlu üçün son mənzilə xonçalı və toy edirmiş kimi yola salmaq arzusunu həyata keçirirdi. Qadın qohumları da şəhid anasına qoşulub, rəqs edir və ağlayırdılar. Dəhşətli mənzərə idi. Ürəyim parçalanaraq, bunları izləmək məcburiyyətində idim. Kəfənə bürünmüş şəhidi son mənzilə yola salmaq üçün qəbrə qoyduqdan sonra, qəflətən anası özünü qəbrin düz içinə atdı və nəşi qucaqladı. Ağlaya-ağlaya “Məni də balamla basdırın, ondan sonra yaşamaq istəmirəm” sözlərini güclə eşidəcək qədər dəhşətli idi. Dostum ailənin tək övlad idi və ana ürəyi bu itkiyə dözə bilmirdi. Qadını güclə olsa da, qəbirdən çıxartdılar və dəfn mərasimi yekunlaşdı.

İndi mən özümlə baş-başa bütün bu hadisələr haqqında düşünəndə bir daha anlayıram ki müharibə heç zaman bitməyəcək. Müharibə heç zaman bitmir də. Bitdiyini düşündüyümüz sadəcə fasilələrdir. Sülh bağlamaqdan danışanlar anlamır ki erməni ilə heç zaman sülh olmayacaq. Mən nə özüm, nə digərləri üçün qorxu içində yaşamaq istəmirəm və əgər yenidən müharibəyə çağırış olsa, mütləq ki gedəcəyəm. Bəlkə mənə də möhlət verilib və döyüşlərin birində o möhətin müddəti bitəcək. İndi isə yarıda qalmış həyatımı davam etdirməyə çalışıram.

# 3908 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #