Təhminənin sirri açıldı - Anardan yeni hekayə

Xalq yazıçısı Anar

Xalq yazıçısı Anar

11 noyabr 2021
# 12:02

Kulis.az Xalq yazıçısı Anarın “Təhminənin son sirri” adlı hekayəsini təqdim edir.

Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Ölüm Allah əmridi
Ayrılıq olmayaydı.

Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı. Üçü maskalıydı. İkisi qara, biri çil-çil yaşıl maskada. Dördüncü kişi maskasızdı, amma arxadan üzünü görmək olmurdu. Tabutun qapağı açıqdı. İçində uzadılmış meyit də maskalıydı. Maska ölünün nəyinə gərək? Amma yəqin, başqalarını, məsələn, elə qəbirqazanları yoluxdurmamaq üçün taxıblar üzünə maskanı. Kim bilir, bəlkə elə koronavirusdan ölüb.

Küçənin tininə yetişdilər. İşıqforda qırmızı işıq yandı. Dayandılar, yaşıl rəngli rəqəmlər bir-bir dəyişirdi: yeddi, altı, beş, dörd, üç, iki, bir… Yaşıl işıq yandı. Tabutu daşıyanlar səkidən küçəyə düşdülər. Küçənin ortasında töyşüməyə başladılar. Tabutu yerə qoydular. Dərhal polis başlarının üstünü aldı: Polis də, təbii ki, maskalıydı.

– Burda tabut saxlamaq olmaz – dedi – bura nazirliyin stoyankasıdı.

Tabutu sağ tərəfdən daşıyan maskasını çıxartdı. Bu, Murtuz Balayeviç idi: – Sən kiminlə belə danışırsan? – deyə polisin üstünə qabardı – Mən polkovnikəm. Onun arxasındakı kişi də maskasını çıxartdı: – Mən də KQB-nin mayoruyam – dedi. Dadaş idi. Sol tərəfdəki kişi də maskasını çıxartdı. Polis rişxəndlə: – sən də generalsan yəqin, – dedi. Səfdər dayı: – Yox, mən kassirəm, – dedi.

Polis: – Mən general-admiral hərləmirəm, – dedi. – Hamınız cərimə verəcəksiniz.

Ratsiyasıyla harasa xəbər elədi. Murtuz Balayeviç də, Səfdər dayı da, Dadaş da birdən-birə yox oldular. Yox, qaçmadılar, uzaqlaşmadılar, birdən-birə sirab kimi yoxa çıxdılar, havada əriyib itdilər. Polisin çağırdığı evakuator gəldi. Sarı geyimli xidmətçilər tabutu evakuatora yüklədilər. Elə bu an tabutun içindəki meyit başını qaldırıb bağırdı:

– Zaur, Zaur, bura gəl!

Zaur – demə, tabutu daşıyan dördüncü adam oymuş – çığırmağa başladı – yox, yox, Məmməd Nəsir, gəlmirəm. Çağırma, gəlmirəm, Məmməd Nəsir!

Firəngiz Zauru dümsükləyib oyatdı:

– Nə bağırırsan, Zaur? Dur görək.

Zaur gözlərini ovuşdura-ovuşdura:

– Nə bağırırdım ki? – deyə soruşdu.

Firəngiz:

– Nə bilim? Məmməd Nəsiri çağırırdın. Məmməd Nəsir sənin o araq dostundu? Onun bir yüz yaşı olar yəqin.

– Yüz olmasa da, doxsanı çoxdan keçib.

– Amma yenə araq içməyindən qalmır.

– Hə də. Deyir ki, dünyada qoca içkibazlar qoca həkimlərdən çoxdu.

Firəngiz güldü:

– Onun sözü deyil ki. Yadındadır, Parisdə bir kafeyə getmişdik. Orda divarda yazılmışdı bu sözlər. Bizə tərcümə etdilər. Xeyli güldük – Firəngiz köksünü ötürdü: – Eh, nə gözəl günlər idi… Elə bil yuxuda görmüşəm bütün bunları.

Zaur:

– Ola bilsin mən danışmışam bunu Məmməd Nəsirə, onun da ürəyindən olub. Elə tez-tez təkrar edir ki…

Durub tualetə keçdi, sonra əl-üzünü yudu, dişlərini təmizlədi. Diş məcununun lap dibi qalmışdı. Güclə sıxıb bir neçə damcı çıxartdı. «Sabah pasta almalıyam», – deyə düşündü.

Otağa keçib masanın arxasında oturdu. Firəngiz armudu stəkana çay süzdü:

– Yenə ölənlərin sayı artıb, – dedi – bu koronavirus nə zibil şeymiş. Hamımızı qırıb çatacaq.

Zaur pendir-çörəkdən bir dişdəm alıb: – Ağzıvı xeyirliyə aç – dedi.

– Görmürsən televizorda nə deyirlər? Yüz faiz sübut ediblər ki, süni virusdu, qəsdən düzəldiblər Çində. Bütün dünya əhalisini qıracaqlar. Çinə nə var? Yarıları qırılsa da, yarısı qalacaq – nə bilim neçə yüz milyon. Vay bizim halımıza. Hamımız öləsiyik. İntəhası geci-tezi var.

Pendir-çörək Zaurun boğazında qaldı. Çeçədi. Loxmanı birtəhər uddu:

– Dedim axı, ağzıvı xeyirliyə aç. Öləndə öləcəyik də… İndidən niyə yas tutaq?

Firəngiz:

– Hamı ölsə də Məmməd Nəsir sağ qalacaq, – dedi, – səninlə araq içmək üçün.

Zaur araq məsələsini qulaq ardına vurdu.

– Allah ağzından eşitsin, – dedi. Bir ay olar kişidən xəbərim yoxdu.

– Araq içməkçün darıxmısan?

– Yox, sənə söz vermişəm axı, day dilimə vurmayacam.

Otağına keçib geyindi. – Çıxıb bir az bulvarda hava alım.

– Gələndə çörək al. Hə, bir də sarımsaq. Deyirlər, sarımsaq virusun qənimidir.

Əslində, niyyəti bulvarda gəzmək deyil, Məmməd Nəsirlə görüşmək idi. Yox, içməkçün yox. Firəngizə söz vermişdi ki, dilinə vurmayacaq. Hər halda, ən azı bir-iki ay. Məmməd Nəsirlə isə bir ay olardı görüşmürdülər. Bəlkə, aydan da artıq. Bu gecə gördüyü yuxu heç cür başından çıxmırdı. Zalım oğlu prinsipə düşüb telefon almır. Nəinki cib telefonu, heç adi ev telefonu da yoxdu. Görüşmək istəyəndə gərək evinə təşrif buyurasan. O da evdədirsə, yəni ayıqdırsa…

Küçəylə addımladıqca qarşısına maskalı adamlar çıxırdı. – Çox nizam-intizamlı xalqımız var, – deyə düşündü. – Bütün deyilənlərə riayət edir.

İnsan sifətləri yalnız gözdən və alından ibarətdi. Görəsən, ancaq gözlərindən insanı tanımaq olurmı? Hardansa ağlına bəzi müsəlman ölkələrindəki çadralı qadınlar gəldi. Onsuz da bütün sifətləri qapalıdır, görəsən, onlar da maska taxır? Çadranın altından, ya üstündən? Öz qəribə fikrinə özü də gülümsədi.

Qoşa qala qapılarından girən kimi burnunu kabab iyi çaldı. Neçə vaxtdı yolu İçərişəhərdən düşəndə hər tərəfi bürümüş kabab iyindən rəncidə olurdu. Bu qədər kababxana nəyə gərəkdir axı? Kabab çəkənlər də maska taxır, görəsən? Kababı dişinə çəkənlər necə?

Haçansa uzaq gəncliyində, çox-çox illər bundan öncə, işlədiyi nəşriyyatın yanından keçdi. Binanın qarşısında Zərdabi mağmın-mağmın oturmuşdu. Daha doğrusu, Zərdabinin hələ o vaxtlardan qalan heykəli. İndi bu binada nəşriyyat-filan yoxdu. Restoran açmışdılar burda.

Zaura elə gəldi ki, Zərdabini də burda restoranın qapıçısı kimi saxlayıblar – gəlib-gedənləri qarşılayıb yola salsın.

Binanın yanından keçib, dar dalanla üzüyuxarı getməyə başladı. Bu da Məmməd Nəsirgilin həyəti.

Darvazadan içəri keçdi, donub qaldı. Məmməd Nəsirin birinci mərtəbədəki ikiotaqlı mənzilinin divarında «Market» sözü yazılmışdı. Marketin qapısından içəri girdi, xudmani dükanın piştaxtasında növ-növ ərzaq malları düzülmüşdü.

Ən çox da sosiskalar asılmış və altında «halal sosiska» sözləri yazılmışdı.

Orta yaşlı, qarabuğdayı kişi Zauru görüb ayağa qalxdı, tələsik maska taxtı. Gözləri çəp idi. Zaur: – bax bunu maskada da gözlərindən tanımaq olar, – deyə düşündü. Çəp kişi:

– Xoş gəlmisiz, – dedi.

Zaur nədən başlamağı, necə soruşmağı bilmirdi. Satıcı:

– Mən sizi tanıyıram Zaur bəy, – dedi. – Dayımın dostusuz. Mən də Nəsir dayının bacısı oğluyam da… Adım Rizvandır.

– Bəs Məmməd Nəsir özü,.. – deyə Zaur sözə başlamışdı ki, Rizvan: – Dayım rəhmətlik sizdən hey danışardı… – dedi.

- Rəhmətlik? – Zaur quruyub qaldı – Məmməd Nəsir rəhmətə gedib?

Rizvan təəccübləndi:

– Bəs bilmirdiz? Bir ay olar rəhmətə getdiyi.

Zaur karıxıb qalmışdı. Nədənsə, ona elə gəlirdi ki, Məmməd Nəsir əbədidir. Heç vaxt vəfat etməyəcək. Elə bayaq Firəngizin dediyi sözləri də xatırladı. Aman Allah, Məmməd Nəsir də ölərmiş. Hannan hana özünə gəlib:

-Yox, əlbəttə, eşitməmişdim, – dedi və yalan danışmalı oldu: – Mən özüm də xeyli vaxtdı xəstə yatırdım, odur ki, xəbər tutmamışam.

Rizvan:

– Allah haqqı, dayım olduğu üçün demirəm, çox xeyirxah adam idi. Bu evi də mənə özü vəsiyyət eləmişdi. Axı məndən başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə də bir balaca dükan açım. Savab işdi. Dayımın da ruhu şad olar. Bir şey almaq istəsəz, peşkəşdi sizə, pul-zad da lazım deyil. Bu sosiskaları İrandan təzə gətiriblər, halal maldı. Nə qədər istəsəz büküm.

Rizvan əlini sosiskalara sarı uzatdı.

Zaur:

– Yox, yox, sağ ol, – dedi. – Bizdə sosiska yeyən yoxdu, Allah kişiyə rəhmət eləsin.

Kabab iyinə qərq olmuş İçərişəhərin bu qədər doğma, tanış və bu qədər yad, özgələşmiş küçələriylə addımlayaraq düşünürdü:

«Yox, doğrudan da, nədirsə sirli bir qüvvə var, ismarışlarını yuxularımıza göndərir. Niyə Məmməd Nәsir məhz elə bu gecə yuxuma girdi və elə bil hansı qüvvәsə məni bura çağırdı ki, dostuna baş çək.

Qəflcə ağlına gələn fikirdən Zaur eyməndi. Bəlkə bu yuxu da bir xəbərdarlıq idi. Məmməd Nəsir məni əbəs yerə çağırmırdı ki…

Hara çağırırdı onu Məmməd Nəsir? O dünyaya? Zaur daha o dünyaya inanmırdı. Haçansa, çox uzaq gənclik illərində inanırmış ki, ölümdən sonra da başqa bir həyat var. Xüsusilə valideynlərini itirəndən sonra bununla təsəlli tapırdı. İnanırdı ki, onlarla hansısa başqa bir aləmdə mütləq görüşəcək. Özü özünü bu başqa aləmin varlığına inandırmışdı. Axı necə ola bilər, mən varam, fikrim, zehnim, xatirələrim, düşüncələrim, duyğularım var. Birdən-birə bütün bunlar necə yox ola bilər? Bu fikirdən təsəlli tapırdı ki, yox, əlbəttə, bütün bunlar bir an içində heç ola bilməz. Amma günlərin bir günü sadədən sadə bir fikir gəldi başına və bütün gümanlarını alt-üst elədi. Yaxşı, sən dünyaya gələnə qədər hardaydın? Başqa bir dünyada? Əlbəttə, yox. Heçsizlikdə, yoxluqda idin də… Valideynlərinin məhəbbəti sayəsində dünyaya gəldin o mübhəm, qaranlıq heçsizlikdən, bir gün, gec-tez ora da qayıdacaqsan, qaranlıq, səssiz-səmirsiz heçsizliyə. Bu qəfil düşüncə Zauru sarsıtmışdı. Belə çıxırdı ki, axırı heçsizliyə yuvarlanan ömrün, həyatın heç bir mənası yoxmuş. Ay «özündən sonra bir iş qoyub get!», ya nə bilim «bir ağac ək, ev tik, oğul-uşaq sahibi ol», bütün bunlar özünə təsəllidir, aldanışdır, vəssalam. Sən ki, olmayacaqsan, səndən sonra qalan sənin nə vecinə, axı sən bunu bilməyəcəksən. Amma, görünür, insan təsəllisiz də yaşaya bilmir, hökmən özünə təskinlik verməkçün bir şey uydurmalıdır. Zaur da bir gün bunu tapıb sakitləşdi. Gəl elə düşünək ki, başqa bir dünya hər halda var. Doğrudan da, varsa, çox gözəl, bakılılar demiş, əmiri. Yox, əgər heç bir başqa dünya mövcud deyilsə, sən ki, öləndən sonra bunu bilməyəcəksən. Yəni xəyal qırıqlığına uğramayacaqsan. Başqa bir dünyanın olmamasından bixəbər gedəcəksən bu dünyadan…

«Mən də bu yaşımda gör nələr barədə düşünürəm» – deyə öz-özünü qınadı. Hamısı həştatdandı. Nə qəribə ifadədir bu. Bunu yalnız səksən yaşını adlayandan sonra anlayırsan. Hamısı həştatdandı – bildiklərin, bilmədiklərin, qazandıqların, itirdiklərin… hə, yaxşı yadıma düşdü, çörək almalıyam.

Dükandan təndir çörəyi aldı. Firəngiz ancaq bu çörəyi yeyir. Evlərinə gəldi. Liftə girib altıncı mərtəbənin düyməsini basdı, lift hərəkətə gələndə yadına düşdü ki, sarımsaq almayıb. Geri qayıdıb evlərinin atındakı dükandan sarımsaq almaq istədi, amma elə bu an lift gəlib altıncı mərtəbədə – onların mənzili olan mərtəbədə dayandı, qapıları açıldı. Bir də geri dönməyə ərindi. «Eyb etməz, viruslar da sarımsaqsız bir gün çox yaşayarlar».

O da ağlına gəldi ki, son zamanlar viruslar haqqında düşünəndə onları şüurlu məxluq sayır və ona elə gəlir ki, bu şüurlu məxluqlar şüurlu surətdə insanlığı məhv edib planetə hakim olmağı qərarlaşdırıb, bu qərarı həyata keçirirlər.

Firəngiz:

– Spartak zəng eləmişdi, – dedi, – səninlə görüşmək istəyir.

– Xeyir ola…

– Nə bilim, dedi Zaura vacib sözüm var.

– Sözü var, özü gəlsin də bizə.

– Dedim, dedi bir az nasazam.

– Nə olub, olmaya o da…

Firəngiz Zaurun sözünü yarımçıq kəsib:

– Allah eləməsin, – dedi – Spartakı tanımırsan, nazik əyirəndi, yanından yel ötən kimi «yəqin, antologiyadı» deyir. Vasvasının biri…

– Nə olub axı?

– Nə bilim vallah. Amma nədirsə, israrla xahiş etdi ki, bu gün gedəsən.

Zaur artıq paltarını soyunmaq istəyirdi, dayandı:

– Onda bəlkə elə indi gedim. Axşam futbol var, Macarıstanla oynayırıq, evdə baxmaq istəyirəm,

– Əvvəl yemək ye, sonra get. Kələm dolması bişirmişəm. Sən axı xoşlayırsan kələm dolmasını…

Zaur masanın arxasına keçdi, Firəngiz xörəyi gətirib boşqaba çəkdi,

– Elə bilirsən orda Xalabacı səni ləzzətli xörəyə qonaq edəcək? Ay-hay.

Xalabacı dediyinin adı Qızbəs idi. Spartakın üçüncü arvadı. Birinci arvadını boşamış, ikinci arvadı Tamara xərçəngdən vəfat etmişdi. Ölümündən iki il qabaq kənddən uzaq qohumlarının cavan qızlarını – Qızbəsi Bakıya gətirtmişdi ki, onlara xidmət etsin. Tamaranın ölümündən bir il sonra Spartak özündən otuz yaş cavan olan Qızbəslə evləndi. Firəngiz bunu heç cür qardaşına bağışlaya bilmirdi. Gör bədbəxt Tamaradan sonra kimi aldı da, kəntoşu, qulluqçularını, xalabacını.

Elə o vaxt Spartak bacısının bu rəftarından gileylənərək ürəyini Zaura boşaltmışdı. Firəngizə deyə bilmədiklərini yeznəsinə deyirdi: Başımın tükü sayı qadınlarım, sevgililərim olub. Hamısı da bir-birindən gözəl, indi mənim bu yaşımda mənə qadın yox, arvad lazımdı…

Zauru heç cür başa sala bilmirdi ki, qadın ayrıdı, arvad ayrı. . .

İllər keçdikcə Firəngizin Qızbəsə münasibəti dəyişmirdi ki dəyişmirdi.

Zaur onu da xatırlayırdı ki, axı Firəngizin özünün də bu uzun illər ərzində xasiyyəti çox dəyişib, elə bil tamam başqa adam olub. Uzaq gəncliklərində, təzə evlənəndə Firəngizin səsi çıxmazdı, kimsə onu dindirənda qıpqırmızı qızarar, sanki danışmağa söz tapmazdı. İndi maşallah elə bil dilotu yeyib. Nə isə…

Ac olmasa da, Firəngizin dadlı dolmasını ləzzətlə yedi. Düz deyirmişlər ki, iştah diş altındadır.

Spartak yataqda idi. Qızbəs ərinin yerini yataq otağında çarpayısında yox, qonaq otağında geniş divan üstündə salmışdı. Spartak mixəyi pijamada idi. Zaur maskada içəri girəndə:

– Əşşi, çıxart bu zibili, – dedi. – Belə də iş olar, adam üzü görməyə həsrət qalmışıq.

Firəngizin gümanı düz çıxmadı. Qızbəs:

– Zaur qardaş, – dedi – yaxşı piti bişirmişəm, bir qab çəkim.

– Çox sağ ol, – dedi Zaur, – nədənsə, adını çəkməkdən çəkinirdi, bir yandan qorxurdu ki, çaşıb onu Firəngizin qoyduğu adla çağırar: Xalabacı. Bir yandan da Zaura elə gəlirdi ki, adı Qızbəs olsa da, ona Qızbəs (ya Qızbəs xanım, Qızbəs bacı) desən inciyər, – elə bil təhqir edirsən, yəni yetər bəsdi, daha qız istəmirik. Neyləməli ki, beş qızdan sonra atası qoymuşdu ona bu adı.

Spartak amiranə bir tərzdə: – Yemək istəmir, çay gətir, – dedi.

Qızbəs:

– Baş üstə, Spartak müəllim – dedi – Mürəbbəylə içəcəksiz? «içəcəksiz» ikisinə, Zaurla Spartaka yox, tək elə Spartaka aiddi. Zaur bilirdi ki, Qızbəs əriylə hələ də «sizlə» danışır. Gülüşünü güclə saxladı: müəllim, siz! Görəsən, yataqda da ərinə siz və müəllim deyir?

Spartak: Yüz qramla necəsən, Zaur? – dedi.

– Yox, dilimə vurmuram. Firəngizə söz vermişəm.

– Əşşi Fira hardan biləcək? Əla konyakım da var, xalis fransız konyakı.

– Yox, mən elə çay içərəm. Fira dedi mənə vacib sözün var.

– Deyəcəm, tələsmə. Onda izin ver mən bir balaca vurum. Yoxsa söhbətimiz tutmaz.

– Axı xəstəsən. Həkim icazə verir içməyə?

– Kimdi həkimin sözünə baxan.

Spartak badəyə viski süzdü. – Buz gətir, – deyə Qısbəsi səslədi. – Çərəz də gətir.

Qızbəs deyilənləri gətirdi. Masanın arxasında oturdu: – Firəngiz bacı necədi?

– Sağ olun yaxşıdı. Salamı var.

Spartak badəyə üç parça buz atdı, Qızbəsə:

– Sən get – dedi – Zaurla söhbətim var.

Qızbəs dərhal otaqdan çıxdı. Spartak:

– Sağ ol, – deyə viskini bir içimə hortdatdı.

– Fira dedi xəstəsən, amma görürəm, kefindən də qalmırsan:

Spartak:

– Bu day son kefimdi, Zaur, – dedi və harasa tələsirmiş kimi badəni yenidən ləbaləb doldurub başına çəkdi.

– Bilirsən, Zaur, – dedi, – mən həyatımdan razıyam. Hər şey olub ömrümdə. Pis günlərim də olub, yaxşı günlərim də. Ən gözəl qadınlarla olmuşam, eşq macəraları-filan, ən dəbli maşınlarım olub. Pula pul deməmişəm, varlı-karlı dost-aşnam, zövqlə geyinib-kecinmişəm. Dünyanın hər üzünü görmüşəm. Türmədə də yatmışam, paraşanın yanında, böyük şəhərlərdə beşulduz otellərdə də qalmışam, məşhur kazinolarda oynamışam, udmuşam, uduzmuşam, day nə deyim, bunları sən də bilirsən. Yəni bir qismini bilirsən, hamısını yox, əlbəttə. Hamısını heç kəs bilmir. Kaş yaşadığım ömrü bir də yaşaya biləydim, hətta türməsiylə belə. Kaş arxada nə olubsa qarşıda olaydı. Kaş…

Səsi titrədi. Qəhərlənmişdi.

Zaur:

– Nə olub sənə? – dedi. – Hələ qabaqda çox ömrün qalıb...

Spartak xırıltılı gülüşlə qəhqəhə çəkdi:

– Hardan? Səksən bir yaşında? «Bütün ömrüm qabaqdadı». Bax bircə bu cümləni deyə bilsəydim dünyanın bütün var-dövlətini bu cümləyə dəyişməzdim. Eh, Zaur, sən nə görmüsən axı bu dünyada?

– Mənim ömrümü müzakirə etməyə çağırmısan məni?

– Yox, incimə. Qaynım olsan da, indiyə qədər bilmirəm sən mənə necə münasibət bəsləyirsən. Amma mən səni çox istəyirəm. Doğru sözümdü. Özünü aparmağın, gözü toxluğun, ailəcanablığın. Bizim kişilər belə sözü deməz, amma mən deyirəm: bacımın bəxti gətirib.

Zaur heç nə demədi.

Spartak badəni üçüncü dəfə doldurdu:

– İçirəm bunu sənin sağlığına, – badəni başına çəkdi – ağzına bir-iki püstə atdı. – Yadındadır mənə sillə çəkdiyin? Hə, yadındadı? – deyə sərxoş inadıyla təkrar etdi. Gör bu haçan idi, ilahi…

– Bunu niyə yada salırsan ki. Gör üstündən nə qədər vaxt keçib. Nə qədər ölüm-itim olub.

– Yox, nahaq yerə yada salmıram. Üç gün bundan qabaq həkimə getmişdim. Axır vaxtlar nədirsə yaddaşım yaman korlanıb. Birdən ən adi sözləri unuduram. Elə bil sözlər məndən qaçıb gizlənir. Həkim köhnə dostumdu, məni əməlli-başlı müayinə etdi. Çekap deyirlər, nə deyirlər və məlum oldu ki…

Zaur əndişələndi. «Tupoy olmusan» deyibsə də, bu elə düşünüb ki, xərçəngdi, gizlədirlər».

– Həkim bilirsən nə dedi?

– Nə?

– Dedi səndə altsheymer xəstəliyi başlanıb və bunun qabağını almaq olmur. Bilirsən altsheymer nə deməkdi?

– Yaddaşın itməsidi, deyəsən, Reyqan da bu xəstəliyə tutulmuşdu gərək ki…

– Bəli. Yaddaş birdən yox, tədricən, yavaş-yavaş itir. Mən artıq görürsən birdən hansısa sözü yadıma sala bilmirəm. Bayaq sən gələndə üzündə nə vardı?

– Nə? Maska?

– Hə də. Bax bu söz birdən-birə qaçıb çıxmışdı yadımdan.

– Bu söz xəstəlikdən yox, visknin təsiriylə çıxıb yadından.

– Yox, Zaur, zarafatın yeri deyil. Bu çox ciddi söhbətdi. Çooox ciddi. Həkim dedi ki, bir-iki aya az qala öz adını da unudacaqsan.

Zaur bilmirdi nə desin.

Spartak: – Orda stolun üstündə siqaret var – dedi, – çəkirsən? Birini də mənə ver.

Hər ikisinin siqaretini alışqanla odladı.

Spartak: Həyatda çox günahlarım olub, Zaur, – dedi. – Düzdür, heç kəsə pislik eləməmişəm. Amma olub ki, arvadlar mənim ucbatımdan boşanıblar, ailələri dağılıb.

Zaur fəhmlə bu söhbətin hara gedib çıxacağını təxmin etdi, mövzunu dəyişmək istədi.

– Nəvələrin necədir e… onlardan danış.

– Nəvələrimin adları da bəzən yadımdan çıxır. Nə isə, bu ayrı söhbətdi. Yaddaşım tamam sıradan çıxmamış, sənə bir sirri açmaq istəyirəm. Çünki bu sirr mənim yaddaşsızlığımda itib-bata bilər. Bağışla məni, Zaur.

– Nəyə görə bağışlamalıyam səni?

Spartak bir an susdu, siqaretdən dərin bir qullab alıb yavaş səslə:

– Təhminəyə görə, – dedi.

Qohum kimi yaşadıqları uzun illər ərzində də Spartakla hər təkbətək görüşdə Zaurun ürəyi səksəkədəydi ki, Spartak bir gün bu söhbəti sala bilər… Bu mövzuya toxunmağı heç cür istəmirdi.

Araya yenə üzüntülü, nigaranlıq, təşviş dolu sükut çökdü. Sonra…

– O gün yaxşı yadındadı? – deyə soruşdu Spartak.

– Hansı gün?

– Özünü keyliyə qoyma. Çox gözəl bilirsən hansı günü deyirəm. Sənin mənə şillə vurduğun gün.

– Əvəzini çıxmaq istəyirsən? – Zaur yenə zarafat dalğasına keçməyə cəhd etdi.

Amma Spartak tam ciddiyyətlə davam etdi.

– O gün biz Təhminəylə mənim maşınımda bağdan gəlirdik. Yolda səninlə rastlaşdıq. Dalısını da yadına salım?

Zaur: – Lazım deyil, – dedi, – yadımdadı.

Bir an içində uzaq illərin dumanından sıyrılıb çıxdı o səhnə. O günün hər saatı, hər dəqiqəsi Zaurun yaddaşına əbədilik həkk olunmuşdu:

– Yaxşı, tutalım yadımdadı, – dedi, – nə olsun?

Spartak bir az əvvəlki adda-budda danışığından fərqli olaraq sözlərini bircə-bircə, aramla və aydın tələffüz etdi: – O olsun ki, – dedi – nə o gün, nə ondan əvvəl, nə ondan sonra Təhminəylə mənim aramda heç bir şey olmayıb. Bilirsən də nə mənada deyirəm.

Zaur sanki quruyub qalmışdı.

Spartak siqaretini külqabına basıb söndürdü. – Nə gizlədim, – dedi. – Ondan yaman kəsirdim, xoşuma gəlirdi, bu bəyəm günahdı? Hə, – deyə sərxoş inadıyla təkrar etdi: – Günahdı?

Zaur bu söhbəti davam etdirmədən, daha heç nə demədən durub getmək istədi. Spartak bunu duymuş kimi:

– Yox, dayan, getmə, – dedi, – hər şeyi bilməlisən. Bir gün mənə zəng elədi. Bağrım çatlayır, – dedi. – Gəl görüşək. Sevindiyimdən bilmirdim nə edim. Təhminə ilk dəfə özü məni görüşə dəvət edirdi. İndi gəlirəm, – dedim. Tələsik: yox, yox, – dedi – maşınla gəl, şəhərdən çıxaq, dəniz qırağına gedək.

Pirşağı tərəfdə dəqiq bir yeri dedi, ora sürməyimi istədi.

Heç nə dinib-danışmırdı. Özüm səni soruşdum. Biz ayrıldıq, – dedi, – amma nə qədər soruşdumsa səbəbini söyləmədi. Gedib dəniz kənarına çatdıq. Maşından düşdü.

– Sən burda qal ,– dedi. Uzun zaman sahildə gəzişdi.

Sonra qayıtdı – gedək, – dedi.

Hara, şəhərə? – deyə soruşdum. Heç nə başa düşmürdüm.

– Yox, əvvəlcə sizin bağa dəyək.

Təəccüb qaldım, Zaur, nə gizlədim, telefonla məni görüşə çağıranda da, sonra maşında ayrıldığınızı deyəndə də məndə belə bir fikir oyanmışdı ki, mənimlə əlaqə qurmaq istəyir. Ürəyimdə hətta qadın xislətinin etibarsızlığı haqqında bir-iki təmtəraqlı cümlə də hazırlamışdım. Bağımıza getməyi təklif edəndə bu güman bir az da artdı. Hər nəysə, bağa gəldik.

Spartak danışdıqca Zaur qəribə, özüyçün belə gözlənilməz hisslər keçirirdi. Bu qədər il ötmüşdü, sanki hər şey unudulmuş, solmuş, sönmüş, ömürdən silinib atılmışdı. İllərdi başqa bir həyatla yaşayırdı və o həyatdan bu həyatda heç bir iz, soraq qalmamışdı. Amma indi Spartak o məşum günü təfərrüatıyla yada saldıqca Zaur çoxdan unudulmuş həyəcanla, təlaş və səbirsizliklə söhbətin davamını gözləyirdi.

– Bağa girdik. İkinci mərtəbəyə qalxdıq. Eyvanda xeyli dayandı, dinib- danışmırdı, uzun-uzun harasa baxırdı. Quruyub qalmışdım. Axı niyə məni bura dartıb gətirmişdi? Bəlkə, mənim tərəfimdən təşəbbüs gözləyirdi.

Spartak susub badəsinə viski süzdü, amma içmədi.

– Bağışla məni, Zaur, – dedi. – Bilirəm sən ona necə deyərlər, romantik hisslər bəsləyirdin. Amma mən o vaxt romantik deyildim. – Güldü, – doğrusu, heç indi də romantik deyiləm. Amma sən zənn etdiyin kimi pis adam da deyildim, vallah. Çox-çox üzr istəyirəm, bunu da deməliyəm. Ona yanaşdım, çiyinlərindən yapışdım, özümə tərəf çəkmək istədim, anında dartınıb qollarımın arasından çıxdı. Məni məzəmmət də eləmədi, ancaq bir söz dedi: – Gedək şəhərə.

– Bəs bura niyə gəlmişdik? Bir az kobud dedim bunu.

Sakitcə:

– Vidalaşmağa, – dedi.

– Mənimlə burda vidalaşmaq istəyirsən?

– Səninlə yox, – dedi və təkrar etdi – gedək şəhərə.

Heç nə başa düşmədim.

Yenə aralığa sükut çökdü. Bu səfər viskidən bir qurtum aldı, sonra:

– Səninsə ürəyinə tamam başqa şey gəlmişdi, Zaur. Bunu sənə danışmasaydım dünyadan… – Səsi titrədi, sözünə davam edə bilmədi.

Spartakgildən çıxanda hava artıq qaralmışdı. Zaur qarışıq hisslər içində addımlayırdı. Sanki bütün ömrü bir neçə an içində gözlərinin önündən kino lenti kimi keçirdi. Bu etirafın bir ömür gecikdiyini düşünürdü. Bəlkə bunu vaxtında dərk etsəydi, tamam başqa bir həyat yaşayacaqdı. Amma keçmişin şərti variantı yoxdu. Olan olmuş, keçən keçmişdi. Heç nəyi qaytarmaq, dəyişmək, başqa cür yönəltmək mümkün deyildi. Niyə? Nədən? Neçin? Suallar içində boğulurdu, beyni qaynayırdı. Spartaka həm nifrət edir, həm minnətdar olurdu.

Evlərinə çatdı. Liftin düyməsini basdı. Lift işləmirdi. Qapıçının yanına çıxdı. – Lift işləmir – dedi.

– Həri, işləmir. İki saatdı xarab olub. Sabah usta gəlib düzəldəcək.

Zaur dərk edirdi ki, iki dəfə infarkt keçirmiş ürəyilə altı mərtəbəni çətin qalxa bilər... Küçədə də qala bilməzdi… Bu boyda şəhərdə getməyə yeri yoxdu. Bu ovqatla balalarının evlərinə necə gedəydi? Bir ömür boyu izah edə bilmədiyini onlara necə başa salaydı? Bəlkə yenə Spartakgilə qayıtsın, yox, bu da mümkün deyildi... Yeganə çıxış – nəyin bahasına olur-olsun, mənzilinə qalxmaqdı. Durduğu yerdən altı mərtəbə yuxarıda onu ömrünün son sığnağı, son təsəllisi, son hayanı gözləyirdi. Yavaş-yavaş pilləkanları qalxmalıydı. Bu, Zaurun həyatda bəlkə də son sınağı, qaytarılası son borcu idi. Addım-addım pillələrlə qalxmağa başladı. Yavaş-yavaş ikinci mərtəbəyə çatdı. Dayandı. Töyşüyürdü. Nəfəsini dərdi. Beş dəqiqədən sonra daha artıq töyşüyərək üçüncü mərtəbəyə qalxdı. Burda xeyli müddət dayanmalı oldu, sonra yenə pillə-pillə qalxmağa başladı. Bu da dördüncü mərtəbə. . . Nə qalıb ki? Nəfəsi kəsilirdi. Daha bir addım…

31 oktyabr 2021

Müəllifdən:

Əski personajlarımla vida hekayəsinə sözardı yazmağa da ehtiyac var. Bir müddət bundan əvvəl hansı tədbirdənsə çıxarkən iki gənc – oğlan və qız mənə yanaşdılar. Nişanlı, ya ər arvad idilər. Bilmirəm. Oğlan:

– Olar sizə bir sual verim, – dedi. – Olar, – dedim.

Oğlan: – Zəhmət olmasa sən kənara çəkil, – deyə qızın qolundan tutub bir az aralıya apardı. – İnciməyin, – dedi. – Bir şey soruşmaq istəyirəm sizdən. O bağda Təhminəylə Spartakın arasında bir şey olub? Bilirsiz də nə mənada?

Oğlanın dupduru gözlərinə baxdım, intizarla cavabımı gözləyirdi. – Yox, – dedim. – Əlbəttə, aralarında heç nə olmayıb.

Oğlanın elə bil çiçəyi çırtladı. – Çox sağ olun, – deyib sevincək qıza tərəf yollandı. – Gördün? Bəs mən nə deyirdim?

O gündən xeyli vaxt keçdi. Bir gecə yuxumda Təhminəni gördüm. Təhminə həmin o qızdı, sual verən oğlanın nişanlısı (ya arvadı).

– Bəs bu şübhə mənim üstümdə qalmaqdadır axı – dedi – o oğlana dediyini oxucularına da çatdırsana…

Səhər durub bu hekayəni yazdım.

"Ədəbiyyat qəzeti"

# 40607 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #