Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi
24 yanvar 2025
# 15:36

Kulis.az Salidə Şərifovanın “Tarix həmişə təkrarlanır” hekayəsini təqdim edir.

Yayın axşam sərinliyinin öz ləzzəti vardı. Xəzər dənizinin dalğalarının yaratdığı səs insanın ruhunu oxşayırdı. Qurban kişi altında əyləşdiyi ağacın yarpaqlarının xışıltısını dalğaların səsi ilə dinləməklə ruhunu sakitləşdirirdi. Arxada qalan ömür səhifələrini yada salaraq, yenidən yaşayırdı. Yenə keçmişə səyahət etmişdi. Ata-anasını, ömrünün ən xoş anları hesab etdiyi atalı-analı illərinin ən yaddaqalan məqamlarını yada salmağa cəhd edirdi ki, nəvələrinin hay-küylə onun yanına gəlmələri onu xatirələrindən ayırdı. Təəccüblə nəvələrinə baxaraq soruşdu:

– Niyə bu vaxta qalmısınız? Həm də xeyir ola, hamınız bir yerə toplaşmısınız? Niyə yatmayırsınız? Gec deyilmi?

Qurban kişinin nəvələrinin içində ən böyüyü olan İsmayıl dilləndi:

– Baba, gəldik ki, bizə maraqlı hadisələrdən danışasınız. Darıxmışıq e... Sizin maraqlı hadisələri nəql etməyiniz üçün çox darıxmışıq. Çoxdandır bizə heç nə danışmırsınız. Bütün günü televizorun qarşısında ya xəbərlər dinləyirsiniz, ya da namaz qılırsınız. Bizə vaxt ayırmağı yaddan çıxarmısınız.

Nəvələrinin içində ən kiçiyi olan Mehri incimiş olduğunu gizlətmədən dilləndi:

– Baba, biz də ona görə yatmadıq. Axşam xəbərlərinin bitməsini gözlədik. Bizə maraqlı hadisə, ya da nağıl danışmasanız, sizi rahat buraxmayacağıq.

Qurban kişi gülümsəyib dedi:

– Əla. Onda mən sizlərə tarixlə bağlı bir maraqlı hadisə danışacağam. Elə maraqlı bir hadisə ki... Nə deyirsiniz? Başlayım?

Nəvələrin hamısı bir ağızdan dilləndi:

– Danışın, babacan, danışın. Bizə də elə o lazımdır.

Qurban kişi yenə gülümsəyərək dedi:

– Onda diqqətiniz məndə olsun.

Qurban kişi bütün nəvələrinin ətrafında özlərinə yer eyləməsini gözlədi. Hamı yerbəyer olandan sonra təkrar bir-bir nəvələrini süzdü. Böyümüşdülər. İllərin necə tez keçməsini onlara baxanda bir daha anladı. Doluxsundu. Yadına özünün uşaqlığı düşdü. Uca dağların qoynundakı, ucsuz-bucaqsız meşənin kənarındakı o birmərtəbəli evlərini xatırladı. Evlərinin yanından axan dağ çayında üzməsi, balıq tutması da gözləri önündə canlandı. Bulaqdan soyuq su içməsi yadına düşdü. Yadına düşəndə hələ təəccüb də etdi ki, o soyuq su onun boğazını niyə ağrıtmırdı? İndi soyuducudan soyuq su içən kimi boğazı gəlir. Nəvəsi Əmirin səsi onu fikirlərindən ayırdı:

– Babacan, sizi gözləyirik. Fikirləriniz indi haralarda pərvaz edir?

Qurban kişi bir də nəvələrini süzərək dedi:

– Sizlərə hansı maraqlı tarixi hadisəni, ya hansı nağılı danışacağımı fikirləşirəm. Hə... Danışım, sizlər də qulaq asın. Lap keçmişlərdə bir Uzun Həsən vardı. Bu Uzun Həsən bəylikdən imperatorluğa kimi qalxa bilmiş bir qəhrəman idi. Bu qəhrəmanın atası Ağqoyunlu Qara Yuluk Osman bəyin oğlu Əli bəy olmuşdur. Anası isə, hamınızın ilk diplomat qadın kimi tanıdığımız Sara Xatun idi.

Elvin babasını dinləyib dedi:

– Baba, onlar tarixi şəxsiyyətlərdir axı. Tarixi şəxsiyyətlər haqqında heç də nağıl olar?

Qurban kişi nəvəsinin sualına cavab verməmişdən əvvəl ona sual verdi:

– Tarixi şəxsiyyətlər haqqında nağıl olmur ki? Bilirsiniz ki, nağıllar mövzularına görə müxtəlif olur. Azərbaycan xalq nağıllarının sehirli nağıllar, heyvanlar haqqında nağıllar, məişət nağılları, həmçinin tarixi nağıllar kimi mövzuca rəngarəng növləri var.

Səidə babasının dediklərini təsdiqləmək üçün dilləndi:

– Hə, baba, “Şəngilim, Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, “Ovçu Pirim” kimi nağıllar heyvanlar haqqındadır. Heyvanlar haqqında nağıllarda heyvanlar ecazkar varlıq kimi müqəddəsləşdirilmişdir.

Qurban kişi nəvəsinin cavabından razı qaldığından gülümsədi. Sonra nəvəsini tərifləyərək, onun düzgün fikir söyləməsini səsləndirdi:

Tamamilə haqlısan. Çox oxumaq belədi... Hər şeydən xəbərin olur. Bəs sehirli nağıllar haqqında kim nə bilir?

Şərif tez dilləndi:

Baba, “Məlikməmməd”, “Sehirli üzük” kimi nağıllar sehirli nağıllara aid edilir. Bu nağıllarda isə nağıl qəhrəmanları sehrin, cadunun, əfsunun ya da əfsanəvi köməkçilərinin yardımı ilə düşmənə qarşı mübarizə aparırlar. Baba, bəs tarixi nağıllarda necə olur?

Baba yenə gülümsəyərək nəvələrinə baxaraq dedi:

– Yenə haqlısınız. Tarixi nağıllara gəldikdə isə, “İsgəndər və fağır”, “Saleh və Valeh”, “Üç bacı” və s. bu kimi tarixi nağıllar mövcuddur. Bu nağılların qəhrəmanları tarixi şəxsiyyətlər, hökmdarlar, xalq qəhramanları, məşhur sənətkarlar ola bilir. Bu gün sizlərə danışmaq istədiyim isə tarixi nağıl yox, tarixi şəxsiyyətlər haqqında xalqın yaddaşlarında yaşayan tarixi məlumatlardır. Tarixi faktlar, tarixi şəxsiyyətlər haqqında məlumatları mənə də rəhmətlik dədəm danışmışdı. Sizlər də gələcəkdə övladlarınıza, nəvələrinizə danışarsınız. Onlara da deyərsiniz ki, bizə babamız danışmışdı, Qurban babamız...

Qurban kişi dərindən ah çəkərək udqundu. Sonra danışmağına davam etdi:

Danışmaq lazımdır ki, tarixi şəxsiyyətlərin xalq qarşısında etdikləri müqəddəs əməlləri yaddan çıxmasın. Unudulmasın. Bu bir həqiqətdir ki, tarix unudula bilməz. Doğma torpaqları uğrunda canını qurban vermiş Şəhidlər unudula bilməz. Qəhrəmanlar unudula bilməz. Unutdurula bilər. Bilərəkdən, qəsddən xalqın yaddaşının silinməsinə, unudulmasına cəhdlər ola bilər. Nə isə... İndi isə diqqətlə qulaq asın. Mətləbdən uzaqlaşmayaq. Elə də gecdir, yatmaq vaxtınız yaxınlaşır. Ona görə də uzun-uzadı danışmağa vaxt yoxdu, diqqətlə qulaq asın.

Uşaqlar oturduqları yerləri rahatlayıb, diqqətlə babalarına baxdılar. Bununla sanki onu dinləməyə hazır olduqlarını bildirmək istədilər. Qurban kişi nəvələrinin sakit-sakit ona baxdıqlarını görüb danışmağına davam etdi:

– Hə... Sizlərə keçmişlərdə yaşamış, millətinin siyasi, mədəni, iqtisadi tarixində silinməz izlər qoymuş Uzun Həsəndən bəhs edəcəm. Bəylikdən imperatorluğa kimi qalxa bilmiş bir tarixi qəhrəmandan. Bu qəhrəman uşaq olarkən, yəni hələ on bir yaşında olarkən, Diyarbəkirin mühafizəsi üçün atasının yerinə məsləhət bilinmişdir. Amma atasının ölümündən sonra əmisi Həmzə bəy hakimiyyəti əlinə almışdır. Bu o dövrdə tez-tez baş verə bilən hadisələrdən biri idi. Yəni, hakimiyyət kimə çatmalıydısa ona təhvil verilmirdi. Həmzə bəydən sonra isə hakimiyyət yenə Uzun Həsənə deyil, qardaşı Cahangir Mirzənin əlinə keçir.

Nəvəsi Nərgiz içini çəkərək babasının sözünü kəsərək soruşdu:

– Baba, bəs Uzun Həsən nə vaxt hakimiyyətə gələcək?

Qurban kişi nəvəsi Nərgizə baxaraq gülümsəyərək dedi:

– Hə... Sarı çiçəyim, sən darıxma. Danışdıqlarım elə Uzun Həsənin hakimiyyətə gəlişinə bir körpüdü. Diqqətlə qulaq asın. Uzun Həsən artıq otuz yaşına çatmışdır. Bir gün qərara gəlir ki, ona çatacaq hakimiyyəti özü ələ keçirməlidir. Ona çatacaq olan hakimiyyəti heç kim ona könüllü təhvil verməyəcək... Buna görə də, ən yaxın sılahdaşları, qırx nəfər nökərləri ilə əyinlərinə köhnə paltar geyinib Diyarbəkir şəhərinin mühafizəçilərini aldadaraq, şəhərə daxil olurlar.

Nəvəsi Fatimə günah iş görmüş insanlar kimi boynunu burub soruşdu:

– Bəs Diyarbəkir hardadır?

Sürəyya Fatiməyə sataşmaq üçün soruşdu:

– Fatimə, doğrudan bilmirsən ki, Diyarbəkir hardadır?

Fatimə utanaraq başı ilə yox dedi. Qurban kişi nəvələrinə baxdı. Sürəyyanın zarafat etdiyini anladığı üçün ona heç nə deməyib, Fatiməyə dedi:

– Ayıblı, utanamalı bir şey yoxdu, Fatiməm. Hamınız yadınızda saxlayın, qulağınıza sırğa edin, bilməmək ayıb deyil, bilməyib soruşmamaq, öyrənməmək ayıbdı. Diyarbəkir hal-hazırda, Türkiyə Cümhuriyyətində yerləşir. Səhv etmirəmsə, Türkiyənin bir ili və ən sıx on ikinci şəhəridir. 1401-ci ildə isə “Diyarbakır” türk Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur. İndi bəhs etdiyimiz Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Zeynalabidinin məqbərəsi Diyarbəkirdə yerləşir.

Elvin babasını dinləyib sual verdi:

– Baba, bəs Uzun Həsənin qardaşı Cahangir Mirzə nə etdi? Səsini belə çıxartmadı ki? Sakitcə hakimiyyəti təhvilmi verdi?

Qurban kişi Elvinin suallarını düşünüb dedi:

– Əlbəttə ki, yox... Əvvəl qardaşı Həsənin hakimiyyəti ələ keçirməsinə etiraz etdi. Amma Uzun Həsən yenə ədalətli bir yol seçdi. Qardaşına heç nə etmədi. Sadəcə bir məktub yazdı. Sadəcə məktub...

Əmir babasının susduğunu görüb soruşdu:

– Nə məktubu?.. Baba, məktubda nə yazılmışdı ki?

Qurban kişi Əmirin gözlərinə baxaraq dedi:

– Əmirim, o məktub böyük bir işi həyata keçirə bildi. Qardaşları bir-birinin qardaş qatili olmaqdan qorudu. Nahaq yerə qardaş qanının tökülməsinin qarşısını aldı. Uzun Həsən qardaşı Cahangir Mirzəyə yazmışdır ki, “ikimiz də də eyni anadan-atadan olmuşuq. Eyni ata-ananın övladlarıyıq”. Məktubda nahaq qanın tökülməsinin gərəksiz olması bildirilmişdi. Cahangir Mirzə də bütün olanları anlaşıqla qarşılamağı bacarmışdı. Olacaq fəsadları gözündə canlandırmağa nail olmuşdu. Böyüklük göstərmiş, hakimiyyət iddialarından qardaşı üçün əl çəkmişdi. Hətta oğlunu belə Uzun Həsənin xidmətinə göndərmişdi...

Qurban kişi bir anlıq susdu. Nəvələrini süzərək soruşdu:

– Görürəm ki, sizlər məndən tarixi faktlara aydınlıq gətirməyimi istəyirsiniz? Doğrumu fikirləşirəm?

Nəvələr yenə bir ağızdan qışqırdılar:

– Hə, baba... Bizə uzun Həsəndən danışın. Onun etdiyi qəhrəmanlıqlardan bəhs edin.

Qurban kişi gülümsəyərək dedi:

– Onda mən sizə Uzun Həsəndən, onun əməllərini həyata keçirməyə yardım edən insanlar haqqında danışmağa çalışacağam. Dinləyin.

Yanında oturmuş nəvəsi Orxanın başını sığallayaraq dedi:

– Azərbaycan, Anadolu bölgəsi, İran və İraq ərazilərində nüfuza malik olan Uzun Həsən Azərbaycan torpaqlarını birləşdirmək uğrunda çox işlər görməyə çalışdı. Buna nail ola bildi də. İlk addım kimi Qaraqoyunlu Cahanşahla mübarizədə qazandığı qələbəni göstərə bilərik. Bu qələbə Azərbaycan torpaqlarını birləşdirmək uğrunda ilk uğurlu addımlardan biri idi. Bu böyük sərkərdə 1468-ci ildə Təbrizə daxil oldu. Sizlərin tarixdə eşitdiyiniz Qaraqoyunlu dövlətinə son qoydu.

Əmir tez dilləndi:

– Hə baba, Qaraqoyunlular dövlətinə son qoyularaq böyük bir imperiyanın əsası qoyulur.

Qurban kişi nəvəsini məhəbbətlə süzərək dedi:

– Hə, həmişəki kimi haqlısan. Düzdü, amma təəssüflər olsun ki, bu imperiyanın ömrü çox da uzun olmadı. Amma xalqın tarixində əvəzsiz iz qoydu. Milli dövlətçiliyin sonrakı inkişafına təkan verdi... Hə sözüm ondadır ki, Ağqoyunlu padşahı olan Uzun Həsənin milləti qarşısında xidmətləri əvəzsizdir. Qara dəniz sahillərinə qədər irəliləyə bilmiş bu dahi qəhrəmanın əsas məqsədi Teymuriləri bu torpaqlardan uzaqlaşdırmaq idi. Buna ciddi-cəhdlə yanaşan Uzun Həsən nail olur. Teymurilərin ayağını bu torpaqlardan çəkilməsini həyata keçirir. Doğrudur, o bunu tək həyata keçirə bilməzdi. Ona yardım edən qəhrəman oğullarımız da olub. Belə qəhrəmanlardan olan Səfəvi şeyxi Heydər və Şirvanşah Fərrux Yassar bu mübarizədə Uzun Həsənə yardım edirlər. Uzun Həsən Şirvanşah Fərrux Yassara da qardaşı Cahangir Mirzəyə məktub yazdığı kimi məktub yazmışdı. Məktubda Şirvanşah Fərrux Yassarı Əbu Səidə kömək etməməyə çağırışını səsləndirir. Ona izah edir ki, Əbu Səidə kömək etməklə, öz xalqının qırğınına, talan olunmasına yol verir. Bunun qarşısını Şirvanşah Fərrux Yassar ala bilməyə qadirdi. Uzun Həsən Şirvanşah Fərrux Yassara çıxış yolunu göstərir. Bu çıxış yolu Əbu Səidə yardım etməkdən imtina etməkdir. Şirvanşah Fərrux Yassar Uzun Həsəni dinləyir, Əbu Səidə yardım etməkdən imtina edir. Bununla da, Əbu Səidin zəifləməsinə səbəb ola bilir. Ən nəhayət, bu igid qəhrəmanların şücaəti nəticəsində 1469-cu ildə, Mahmudabad yaxınlığındakı döyüşdə Əbu Səid məğlub edilir. Sizə kimdən deyim, nədən deyim. Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi yaxalaya bilir. Əbu Səidin edamı ilə Teymurilərin ayağı Uzun Həsənin doğma yerlərindən silinir.

Balalarım, onu da qeyd edim ki, Uzun Həsən mərd olmasını həmişə isbat edə bilib. O, düşmənləri ilə mərdi-mərdanə mübarizə aparıb. Hətta düşmən cəsədləri ilə belə hörmətlə davranması tarixi reallıqdır. Xalqının bu igid oğlu edam etdirdiyi Əbu Səidin cəsədini anasına verərkən deyib:

– Ana, sən müqəddəs varlıqsan, mən istəməzdim ki, belə alınsın. Müharibənin qanunları belədir. Döyüşən tərəflərin biri ya məğlub olur, ya da öldürülür. Amma mən sənə imkan verirəm ki, oğlunun cəsədini aparıb ata-baba torpağında dəfn edə biləsən.

Əbu Səidin anası oğlunun nəşini götürüb yola düşür. Yolda, daha doğrusu Qızılağacda onların qarət edilməsi, cəsədin isə çölə tullanması haqqında Uzun Həsənə xəbər gəlir. Uzun Həsən özünün itaətində olan adamlara əmr verir ki, mərhum Əbu Səidin nəşini Xorasana çatdırsınlar.

Əmir qürurla babasını süzərək soruşdu:

– Babacan, Uzun Həsən bütün Azərbaycan torpaqlarını birləşdirməyə nail olur?

Qurban kişi başı ilə nəvəsinə hə deyərək əlavə etdi:

– Hə, bacardı, Əmirim. Buna görə də Qərb dövlətləri Uzun Həsəndən çəkinirdilər. Buna səbəb Qərb dövlət hökmdarlarına yalan məlumatların çatdırılması idi.

Bu dəfə Nərgiz yerindən dinləndi. Əsnəyib udqundu. Sonra təəccüb içində asta səslə soruşdu:

– Hökmdarlara yalan danışırdılar?

İsmayıl babasının yerinə əmisi qızına cavab verdi:

– Yalan deyəndə, dövlətlər arasında münaqişə yaratmaq məqsədi güdülürdü. Ona görə də yalan danışırdılar.

Qurban kişi nəvələrini dinləyib dedi:

– Sarı çiçəyim, İsmayıl haqlıdır. Bir şeyi qeyd edim ki, onlar əmin idilər ki, Uzun Həsən təkcə Azərbaycan torpaqlarını birləşdirməklə qane olmayacaq. Uzun Həsənin əsas qayəsi Qərb dövlətlərinin torpaqlarını da zəbt etmək istəyi olması onları qorxuya salmışdı.

– Baba, onları qorxudan səbəb nə idi ki? Nə olmuşdur ki? – deyə Şərif babasından soruşdu.

Qurban kişi Şərifə baxaraq dedi:

– Çox şey... Çox şey onları qorxudurdu... Ən əsası isə 1453-cü ildə Ağqoyunlu dövlətinin yaranması onları qorxuya salmışdı. Daha sonra onları qorxuya salan hadisələrdən biri də Sultan Mehmetin Konstantinopolu ram etməsi oldu. Qorxulacaq o qədər səbəblər vardı ki...

Fatimə babasına baxıb soruşdu:

– Baba, nə isə bir pis şey oldu ki, dərindən ah çəkdiniz?

Qurban kişi gülümsəyib başını buladı. Sonra kədərlə dedi:

– Sizlərə bir şey deyim ki, cəmiyyət həmişə tərəqqi edə bilməz. Yəni tərəqqi etdiyi kimi, tənəzzülə də uğrayır. Məsələn, Uzun Həsən də elə. Onun Otluqbeli adlanan yerdə, 1473-cü ildə məğlubiyyətə uğraması böyük fəlakət idi. Ağqoyunlu ordusu ilə Osmanlı ordusunun qarşı qarşıya gəlməsi, məğlub edilməsi onun günahı deyildi. Çünki müttəfiqləri onu aldatmışdılar. Söz verdikləri silahları, yəni top-tüfəngləri bilərəkdən gecikdirmişdilər. Uzun Həsən pulla, qızılla aldığı silahlar ona vaxtında yetişdirilmədi. Güclü silahlanmış Osmanlı Ordusunun qarşısına silahsız çıxması onu məğlubiyyətə düçar etdi, Osmanlılarla savaş barəsində bir daha söz belə etmədi.

Mehri babasına baxıb soruşdu:

– Baba, bəs Uzun Həsən sənin kimi baba deyildir?

– Əlbəttə baba idi, gülüm. Uzun Həsən ilk dəfə əmisi Kor Məhəmmədin qızı Səlcuqşah Bəyimlə evlənədə cəmi on beş yaşı var idi. Səlcuqşah Bəyim savadlı qadın olmuşdur. Uzun Həsənə siyasi işlərdə kömək göstərmiş, hətta onun ölümündən sonra isə oğlanları Sultan Xəlilin, Sultan Yaqubun hakimiyyətə gəlmələrində rolu olmuşdur.

Uzun Həsən Anadolu bəylərindən olmuş Əyil hakimi Dövlətşah bəyin qızı Can Bəyimlə, daha sonra Ömər Zaraki bəyin qızı Tarcil Bəyim ilə də evlənmişdir. Can Bəyimlə evliliyindən Uğurlu Məhəmməd, Tarcil Bəyimlə evliliyindən Mirzə Məhəmməd Bakir bəy dünya gəlmişdir.

Sonra Trabzon kralı IV İohann Komnenin gözəlliyi ilə ətrafa səs salmış qızı Teodora ilə evlənmişdir. 1457-ci ildə prinses Teodera öz adamları ilə birlikdə Ağqoyunlu sarayına gəlin gəlir, ona Dəspinə Xatun adı verilir. Uzun Həsən bu xanıma qarşı da mərdi-mərdanə davranır. Ona dini baxımdan təzyiq göstərmir. Ona azadlıq verir, seçimi onun öhdəsinə buraxır. Teodora da, yən Dəspinə Xatun dinindən dönməyərək, xristianlığı qəbul edir. Uzun Həsənin bu evlilikldın Maqsud Mirzə və Məsih oğulları, Aləmşah bəyim adlı qızları dünyaya gəlmişdir. Aləmşah bəyim Ərdəbilli Şeyx Heydərə ərə getmişdi. Sizin hamının yaxşı tanıdığı Səfəvilər dövlətinin əsasını qoymuş Şah İsmayıl Xətainin anasıdır. İndi bildinizmi, Uzun Həsənin nəvələri kimlər olmuşdur? Şah İsmayıl Xətai... Azərbaycan təfəkküründə özünə məxsus, mötəbər yer tutmuş Xətai...

Elvin babasının fikirləri ilə həmrəy olduğunu bildirmək üçün dedi:

– Şah İsmayıl da babası kimi xeyirxah işlər görürmüş ki...

– Hə bala, hə... Uzun Həsənin nəvəsi onun etdiyi əməlləri davam etdirmişdir. Babasının həyata keçirmək istədiyi xeyirxah əməlləri həyata keçirməkdə tarixə adını qızıl hərflərlə yazdıra bildi. Xalq qəhrəmanına çevrildi – deyə nəvəsinə cavab verdi.

Şərif babasını dinləyib dedi:

– Baba, bəs Uzun Həsən yenə nə etdi?

Qurban kişi əli ilə saqqalına sığal çəkərək dedi:

– Uzun Həsənmi? Uzun Həsən 1476-cı ildə Gürcüstana etdiyi dördüncü səfərdən sonra geri dönür, amma ağır xəstəliyə düçar olur. 1478-ci ildə vəfat edir. Uzun Həsənin onda əlli beş yaşı vardır...

Səidə babasına baxıb təəccüblə soruşdu:

– Çox təəssüf... Elə bir insanın əlli beş yaşında vəfat etməsi, təəssüf doğurur. Baba bəs Uzun Həsənin əməlləri indi davam etdirilirmi?

Qurban kişi gülümsəyərək soruşdu?

– Doğrudan elə fikirləşirsən ki, onun müqəddəs əməlləri davam etdirilmir?

Sonra nəvələrinə baxdı. Hamısının ona diqqətlə baxdığını görüb onlardan da soruşdu:

– Doğrudan sizlər də bilmirsiniz ki, Uzun Həsənin o cür qeyrətli, xeyirxah əməllərini bu gün həyata keçirən övladlarımız yoxdur?

Nəvələrinin susub cavab vermədiklərini görüb danışmağına davam etdi:

– Bunu heç sizlərdən gözləməzdim... Niyə yoxdur ki... Uzun Həsənin illər əvvəl xalq qarşısında etdiyi əməlləri Ali Baş Komandanımız davam etdirdi, əsarətdə olan torpaqlarımızı, Qarabağımızı geri qaytardı.

Orxan babasına baxaraq kədərlə dedi:

– Axı müharibələrdə insanlar ölür? Uşaqlar valideynlərini itirirlər, valideynlər isə öz övladlarını. Düz deyiləm?

Qurban kişi nəvəsi ilə razılaşdığını bildirərək başı ilə onun dediklərini təsdiqlədi. Sonra çiyinlərindən tutub sinəsinə sıxdı. Başından öpüb dedi:

– Hə, əlbəttə düz deyirsən, Orxan. Müharibənin ağır nəticələrindən biri də budur. Qaçılmaz faktdir... İtkisiz müharibə olmur. Günahsız yerə çox qanlar axır. Amma yadda saxlayın ki, torpaq uğrunda canından keçmək lazımdır. Buna hər kəs hazır olmalıdır. Elə siz də hazır olmalısınız.

Elvin babasına baxaraq dedi:

– Baba, törədilən savaşlar insanları sülhə aparır?

Qurban kişi nəvəsinin sualını dinləyərək dedi:

– Əlbəttə gözümün nuru. Bizim apardığımız bu savaş, daha doğrusu xalqımızın dünya etinadsızlığına, ədalətsizliyinə mücadiləsi yalnız Azərbaycanda deyil, bütün Qafqazda müharibə və ədavət ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına öz təsirini göstərəcək. Siz də o təsirin nəticəsində bütöv Azərbaycanda, münaqişəsiz, sülhə qovuşmuş Qafqazda boy atacaqsınız.

Qurban kişi bir anlıq susdu. Udqundu. Dənizin səsini dinlədi. Sonra dərindən nəfəs alıb dedi:

– Bu gün bütün dünyanın nəzəri Azərbaycanımızın üzərindədir. Niyə?

Nəvələri babalarına diqqətlə baxıb susurdular. Bu vaxt İsmayıl dilləndi. O çəkinə-çəkinə dedi:

– Baba, məncə...

Qurban kişi İsmayılın susduğunu görüb soruşdu:

– Səncə? De, çəkinmə.

İsmayıl oturanları nəzərdən keçirib, babasına baxdı. Sonra qətiyyətlə dedi:

– Məncə, bu gün biz, yəni Azərbaycanımız Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yaradır.

Qurban kişi fəxrlə nəvəsini süzüb dedi:

– Tamamilə haqlısan. Qardaşınız doğru dedi, bu gün Azərbaycan tarixə imza atır. Düşmən üzərində zəfərlərin müəllifi də İlham Əliyevdir. İlham Əliyev özünün adını tarixə qızıl hərflərlə yazdırmağı bacardı.

Mehri babasının əlindən tutaraq soruşdu:

– Baba, Uzun Həsən kimimi?

Qurban kişi Mehrini qucağında otuzdurdu. Başını sığallayaraq dedi:

– Hə, mənim gülüm. Uzun Həsən kimi İlham Əliyev də Azərbaycan torpaqlarını birləşdirməyə nail oldu.

Sonra Qurban kişi nəvələrini bir-bir süzərək dedi:

– Artıq gecdir. Yatmaq vaxtıdır. Gedin yatın. Amma unutmayın ki, olmuş hadisələr bumeranq kimi hərəkət edir. Qayıdıb gəlir. Qayıdıb gələndə isə hər bir kəsin etdiyi tarixi xidmətlər sələfləri tərəfindən davam etdirilir. Sözün qısası, tarix həmişə təkrarlanır...

# 130 dəfə oxunub

Oxşar xəbərlər

Zorən xuliqan - Alberto Moravianın hekayəsi

Zorən xuliqan - Alberto Moravianın hekayəsi

13:30 23 yanvar 2025
Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

Allah insanın günahıdır! - Dünyanı azdıran kitab haqqında

16:51 21 yanvar 2025
Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

13:00 20 yanvar 2025
Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

12:00 19 yanvar 2025
O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

16:00 18 yanvar 2025
Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

16:39 15 yanvar 2025
# # #