Tanrı öldü, növbə insanındır

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

4 aprel 2023
# 12:27

Kulis.az Aqşin Yeniseyin "XX əsr: Tanrı öldü, XXI əsr: Növbə insanındır" adlı yeni yazısını təqdim edir.


Arxeologiya elmi sübut etdi ki, çağdan-çağa keçid baş verdikdə, həmişə şəklini dəyişə bilməyən tanrılar "ölüb”, asanlıqla şəklini dəyişə bilən dinlər sağ qalıb. Həmişə də tanrıları "öldürüb”, dini sağ saxlayan insan ölub.

Məsələn, XX əsrdə insan dedi: tanrı öldü. Bu bəyanatı din də eşitdi və tanrını "öldürən” modernizmi öz xeyrinə post-modernizmə çevirdi. Post-modernizm bu mənada elmi-fəlsəfi deyil, dini izmdir. Post-modernizm tanrıların renessansıdır.

XXI əsrdir və süni zəka deyir: insan öləcək. Yenə ələ-ayağa düşən dindir.

Yaradılan nə zaman yaratdığının qurbanı olur?

Bəzi həbsxanalarda fasiləsiz işıqdan işgəncə kimi istifadə edirlər. Fasiləsiz yanan gur işıq məhkuma psixoloji işgəncə verir və dilini açır. Həyat işıq və qaranlığın növbəli sisteminin məhsuludur.

Xeyir və şər də belədir, fasiləsiz xeyir öz şərini, fasiləsiz şər öz xeyrini çağırır.

Şərə sitayiş yaradan həm də xeyirin fasiləsiz bezdiriciliyidir. Yaradanla yaradılanın arasında düşmənçilik də bu bezdiriciliyin nəticəsidir. Yaradanın fasiləsizliyi yaradılanın bezginliyinə səbəb olur. XX əsrdə "ölən” xristian allahı, əslində, dörd yüz il idi ki, ölüm yatağında idi. Nitsşe onun eftanaziya xahişini yerinə yetirdi. Musəviliyin tarixini oxuyanlar bilirlər ki, yəhudi xalqı öz tanrısı Yahovanı dəfələrlə "öldürüb-dirildib”.

Bu gün isə ölüm ayağında olan insandır. Süni zəka onu ölümlə hədələyir.

Qərbdə və Uzaq Şərq dediyimiz, əslində, "uzaq Qərb”də elmi-texnolji çağı yaradanların əsas hədəfi insanı ölümsüzləşdirmək, ən azı, 500 illik bir ömürlə mükafatlandırmaq idi. Ancaq indi inkişafın əks effekt doğura biləcəyini nəzərə alıb süni zəkanın bu şəkildə inkişaf etdirilməməsi üçün çağırışlar edirlər. Əslində, bu çağırışların Üçüncü Dünya ölkələrinə heç bir dəxli yoxdur. Çünki biz elmi-texnoloji çağda nə baş verdiyindən xəbərsizik. Amma bəzi gözdən tük qapanlarımız bunu cəhalətin uğuru, "uzaqgörənliyi” kimi yozmağa başlayıblar.

Elmi kültürün hədəfi həm də fiziki mənada kamil olan insandır. Son günlər süni zəka əleyhinə Qərbdə eşidilən çağırışları çoxları indi özlərindən "uzaqgörən" yaratmaq fürsətinə çevirmək istəyir. Alman filosofu Husserlin 1935-ci ildə Qərb auditoriyalarında elmi kültürün aqibəti haqqında oxuduğu "həyəcan siqnalı" məzmunlu mühazirələrin heç biri dilimizə tərcümə olunmayıb, bəlkə də ondandır.

Elmi kültür sahiblərinin texnoloji hüdudun qırmızı xəttini təyin etmə çağırışları tamamilə əxlaqi məsələdir. Burada heç bir peşmanlıqdan, yolunu azmışlıq etiraflarından söhbət gedə bilməz.

İnsan öz yaratdığını nəzarətdə saxlamaq istəyir və bu istək bu günün məsələsi deyil.

Hələ 1966-cı ildə Haydegger "Spiegel” jurnalının müxbirlərinin "rasional və demokratik, eyni zamanda Marksist dünyadan fərqli bir dünyanı necə yaratmaq olar" sualına: "Bizi yenə bir tanrı xilas edə bilər” deyə cavab vermiş və xeyli tənqidi baxışları üzərinə çəkmişdi. Nəzarətdən çıxmış intibah həmişə xaos, xaos isə həmişə olduğu kimi "bir günah keçisi var” şübhəsini, bu şübhə də öz tanrısını yaradır.

Haydegger bu tanrının keçmişdən gələcəyini, yəni xristianlığın yenidən güclənəcəyini təxmin edirdi.

Bunun ardınca fransız yazıçı Andre Malro sənətdə köhnə formaların mücahidi olan tənqidçilərin "boş gurultu” adlandırdığı "Sükutun səsləri” romanında yazır ki, din geri qayıdacaqsa, bu, yeni şeytanların geri dönüşü olacaq: "şeytan – fəlsəfəçilərlə yezuitlərin gah inkar etdikləri, gah da göstərilməsini istəmədikləri üçün görməzdən gəlməyə çalışdıqları şeytan – daha çox ikiölçülü şəkillər çəkən şeytan, keçmişin qədri bilinməyənləri arasında ən mühüm sənətçidir; şəklinin çəkilməsinə kömək etdiyi şeylərin, az qalsın, hamısı yenidən canlanır...”

Malronun modern aldanışın çağıracağı iblislərin səsini hamıdan əvvəl eşitdiyini deyən Şirar Rene arxaikliyin geri qayıdışını "super-modernliklə” eyniləşdirir və məqaləsində Malrodan daha bir sitat gətirir: "Alovlar içindəki muzeylərində kapşonlu plaşlar kimi çömbəlmiş mövhumat bütləri artıq qardaşcasına yaşayan Qərbin son öləziyən tüstülərini krematoriyaların tüstülərinə qarışdırmasına baxır”. Yəni inkiviziya tonqalları səbirsizliklə faşist krematoriyalarının sönməsinin yolunu gözləyir.

Elmi kültür bəşəriyyətin taleyini yenidən o kapşonlu mövhumat bütlərinin əlinə verib sonrakı nəsillərin lənətini qazanmamaq üçün süni zəkanı bəri başdan "əhliləşdirmək" istəyir. Bu "texnoloji axtalama" elmi kültürün əxlaqi yanaşmasıdır. Bizim anlayacağımız dildə desək, "texnoloji zinakarlığı" qoyulan qadağadır.

Qərbin bu çağırışları yunan-Roma mədəniyyətinin aqibətindən çıxarılan ibrətin səsidir. Bizim "bəşəri uzaqgörənliyimizin" axır ki, Qərbin dilindəki etirafı deyil, Haydeggerin xrsitianlığa qayıdış ehtimalı heç deyil.

# 2466 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #