Son nəfəs - Sülhiyyə Şirinova 

Sülhiyyə Şirinova

Sülhiyyə Şirinova

12 dekabr 2021
# 13:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sülhiyyə Şirinovanın “Son nəfəs” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


- Nəfəsi sinəsinə kimi gəldi, bax, indi çıxacaq... Yox, yenə qayıtdı - xəstənin bacısının səsi idi.

Üç saata yaxın idi ki, xəstə son nəfəsini verə bilmirdi. Nəfəsi artıq üçüncü dəfə idi düz sinəsinə qədər gəlirdi, amma ordan yuxarı keçmirdi. Xəstənin ruhu, nəfəsdən başqa heç bir həyat əlaməti olmayan bu bitkin bədəni tərk etmək istəmirdi. 60 yaşını təzəcə tamamlamış qadın, çəkdiyi ağrılara baxmayaraq, bu dünyada qalmaq uğrunda Əzrayılla mübarizə aparırdı.

- Bu gecə gedəcək, bilirəm, bizim nəsildə hamı cümə axşamından cüməyə keçən gecə ölür. Qağam da, anam da, Abbas da (-cavan ölən qardaşını nəzərdə tuturdu), Gülnar da (-ötən il rəhmətə gedən bacısını deyirdi) cüməyə keçəndə son nəfəslərini verdilər..

Xəstənin bacısı artıq neçənci dəfə idi bu sözü deyirdi. Otaqda olan hər kəs buna inanmağa başlamışdı, di gəl ki xəstə canını tapşıra bilmirdi. Gecə saat 3-ü keçirdi. Saatın əqrəbləri üzü dan yerinə irəlilədikcə, analarının can verməsini çarəsizcə izləyən övladların ürəyində bir ümid yaranırdı- səhər açılanadək dözə bilsə, ölməycək, yaşayacaq anaları. Yaşları 30-u, 40-ı haqlamış övladlar, anasız qalmağa hazır deyildilər. Bu dünyada vardan-yoxdan bircə anaları vardı, xəstə olsa da, yarımcan olsa da, yanlarında qalsın istəyrdilər.

Əzrayıl isə xəstənin yatağının yanını kəsdirmişdi və canını almamış getmək fikri yox idi. Heç kim görməsə də, hamı otaqda gözlə görünənlərdən başqa bir kimsənin də olduğunu hiss edirdi. Əslində qadın üç gün idi can verirdi, dili batsa da, hərdən gözlərini açıb düz qapıya baxırdı və sanki orda kimsə varmış kimi gözləri ilə reaksiya verirdi. Gözlərində hərdən təbəssüm, hərdən də qorxu olurdu. Gülümsəyəndə hamı bilirdi ki, gələn əzizləridi- ölmüş doğmaları. Onda xəstənin bacısı əlini dizlərinə çırpıb ağlaya-ağlaya soruşurdu:

- Gələn anandı, ay Gülnaz? Yoxsa qağamdı? Qurban olum, Abbasdırsa denən bizə də görünsün. Ürəyim tökülür e, 10 ildi görmürəm mən bacısıölmüş. Balalarını ortada qoyub gedən Gülnardısa, denən bacın görmək istəyir səni, ay insafsız, bizə də görün! Yox e, sənin gözün yaman gülür, deyəsən cavan gedən yarın gəlib. Gəl e, ay Tofiq, gəl! Sənin xanım-xatın yarın da bizi yarı yolda qoyub gedir. Ay bacı, heyyyy…... getmə, nolar. Bəs, balalarını kimə tapşırıb gedirsən?? Mənə arxayın olma vallah, ürəyim qalmayıb e, qalmayıb... Bilmirəm dədəmi-nənəmi ağlayım, bilmirəm bacımı-qardaşımı ağlayım, bilmirəm Həmidi (- cavan ölən ərini deyirdi) ağlayım. Bir dərd də sən qoyub getmə, sən Allah.

Qızlar da xalalarının ağısına qoşulub hönkürürdülər. Ömrünün son saatlarını yaşayan qadın bu səs-küyə reaksiya vermirdi. Həkim keçən ay demişdi 20 gün, bir ay ömrü qalıb. Ciyər artıq fəaliyyətini itirib. Elə həkimin dediyi vaxtda da pisləşdi, əvvəl dili tutuldu, sonra eləcə hərəkətsiz uzanıb qaldı. Arada ağzına qaşıqla su verirdilər, onu da içə bilmirdi, pambığı isladıb dodağına sürtürdülər. Üç gün idi övladları, bacısı, qardaşı yanında keşik çəkirdi, nə qədər danışdırmaq istəsələr də, qadın cavab vermirdi. Hərdən gözlərini açıb qapıya dikməsə, yavaş-yavaş nəfəs almasa, elə bilərdin artıq köçüb bu dünyadan. Elə dili batan gündən bacısı dedi ki, ölən digər doğmaları kimi o da 4-cü gündən 5-ci günə keçən gecə gedəcək. İki il idi həkimlə, dərmanla birtəhər yaşadırdılar. O biri həkimin dediyinə qalsa, 2 il əvvəl ölməliydi. Bu iki ildə ağırlaşdığı, az qala ölüb əllərindən getdiyi vaxtlar da olmuşdu. Artıq geridönüşü olmadığını düşündükləri vaxtlarda belə, orda olan xala-bibiləri baxıb demişdilər ki yox, ölüm sifəti yoxdu, ölüm rəngi yoxdu üzündə. Amma indi üç gündü halallaşmağa gələn yaşlı qohumlar hamısı bir söz deyirdi: üzündə ölüm rəngi var. Övladları da bu qəti diaqnozlara artıq inanmışdılar, analarının öləcəyini çarəsizcə qəbullanmışdılar sanki. Bəlkə də iki ildi bu ağrı-acı ilə yaşamağın onsuz da xəstəni həyatından bezdirdiyini görərərək, analarına ömür arzulamağın eqoistlik olduğunu anlamışdılar. Bir insan əziyyət içində yaşayırsa, yaşadığı gündən, ömürdən zövq ala bilmirsə, sırf doğmaları üçün həyatda qalmağını arzulamaq eqoistlik deyildimi? Bu iki ildə o qadının canının ağrımadığı bir saat, iynəsinin, dərmanının əskik olduğu bir gün olmamışdı axı. Deyirlər, adam öləndən sonra can ağrısını hiss eləmir, bəlkə anaları da öləndən sonra ağrı çəkməyəcəkdi, iynədən dəlmə-deşik olmuş bədəni rahatlanacaqdı...

Hər kəs - balaları da, bacı-qardaş da qadının bu dünyanı tərk edəcəyini qəbullanmışdılar, özlərini onsuz olmağa hazırlamışdılar. Qəbir yeri belə alınmışdı, yas mərasimini harda keçirəcəkləri, hansı mollanı gətirəcəkləri belə danışılmışdı. Hər kəsin hazır olduğu bir vaxtda, qadın vidalaşmaq istəmirdi, ruhu bədənini tərk etmək istəmirdi. Bir udumluq nəfəs bayaqdan qadının bədənində dövr eləyib, ağzından çölə çıxa bilmirdi. 3 saatdı hər kəsin gözü qadının asta-asta qalxıb-enən sinəsində idi. Artıq neçənci dəfə idi ki nəfəsi ayaqlarından başlayaraq dalğa kimi düz sinəsinə kimi gəlirdi və ordan bircə qarış məsafəni keçib qadının ağzından çıxa bilmirdi. Xəstənin ətrafına yığılan hər kəs onunla bir yerdə nəfəs alırdı və ölümün bircə addımlığında olan qadının nəfəsi sinəsidən geri qayıdanda, ətrafdakı hər kəsin nəfəsi boğazına düyünlənirdi. Kənardan bir yad adam baxsaydı, otaqda hamının xəstə ilə eyni vaxtda necə nəfəs alıb-verdiyini görərdi. Heç kəs danışmırdı. Sanki kimsə danışsa, bu nəfəs orkestrində simmetriya pozulardı, xəstə diksinərdi, Əzrayılın qılıncı əlindən düşərdi.

Qadın bu dəfə sanki dərindən nəfəs aldı, düz ayaq barmaqlarından başlayan nəfəsi yavaş-yavaş sinəsinədək çatdı, əvvəlki dəfələrdəki kimi geri qayıtmadı və xəstə sonuncu dəfə dərindən nəfəs aldı və verdi. Qadının sonuncu nəfəsi ağzından çıxandan sonra üzü əzablı bir ifadə aldı, sonra sanki rahatladı, üzünə bir nur gəldi, siması körpə uşaq üzünə çevrildi. Qadın son nəfəsini verdi və ruhu bədənini tərk etdi. Bu mənzərəni bayaqdan az qalan nəfəs almadan izləyən hər kəsin boğazına düyünlənmiş nəfəsi hıçqırtıya çevrildi. Üç saatdı qəhərlərini boğan doğmalar eyni vaxtda hönkürdülər.

07.12.2021

# 2692 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #