Qırmızı ayaqqabılar - Orxan Həsəni

Orxan Həsəni

Orxan Həsəni

20 dekabr 2022
# 18:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Orxan Həsəninin "Qırmızı ayaqqabılar" hekayəsini təqdim edir.

Evdən çıxmazdan öncə qapının ağzında arxayın-arxayın gözləyən ayaqqabılarına baxacaqsan. İki cüt. Qırmızı, yoxsa mavi? Qırmızını seçəcəksən. Həyətdə sistem şlanqı kimi uzanıb-əyilən, qıvrım söyüdlərin arasından nazik şüa süzüləcək. Süzülüb düz pəncərəni öpəcək. Torlu pəncərəndə can itirib içəri soxulacaq. Küləyin yüngül nəfəsində əriyən, ürkək, sınıq qonağa etina göstərməyib mətbəxə burulacaqsan. Bax, yaddaşın rəngli işıqları indicə alışıb yandı. Axşamdan çörək qırıqlarını yığıb düyünlədiyin torbanı qapının dəstəyinə bağışlayacaqsan. Oxşar sabahların eynilik ipinə düzülü vərdişlər. Əllərinin, ayaqlarının əzbərinə yazılan hazırlıq. Pəncərədən otağa axan işıq selinə yox, televizordakı xəbərlərə güvənəcəksən. Bu gün Bakıda havalar sərindir. Əynin nazik. Yarım saxladığın kitablardan birini çantana atacaqsan. Oxumağa fürsət tapmasan da, çantası kitabsız qalanda narahat olanlardansan.

Aynaya baxacaqsan. Ayna sənə gülümsəyəcək. Uzun, sarı saçların yaxana dağdan arana sürünən qurumuş çay yatağı kimi yayılacaq. Sümüyü çıxmış, biçimli barmaqların indicə göründü və beş başlı ilan kimi üzündə dolaşdı. Toxunuş canına istilik qatdı, gözlərin yumuldu, ancaq heç nə düşünmədin.
Saçların sığalla daranacaq. Yüngül makyaj. Vəssalam. Pulqabın, makyaj qutun, kitabın, çörək qırıqları yığılı torba... Çantan hazırdır, getmək zamanıdır.
Üzün tibbi maskanın arxasında itəcək.

Bayıra çıxacaqsan. Çörək qırıqlarını zibil qutularının başına yığışan itlərə atacaqsan. İtlər quyruqalarını bulaya-bulaya, çənələrini çəkə-çəkə ayaqlarına döşənəcək. Qırmızı ayaqqabılarını yalayacaqlar. Kürəklərini yerə sərib qarınlarını göstərəcəklər. Sən itlərin telefon düymələri kimi səliqəylə düzülən, süd dolu döşlərini gördüyün üçün utanacaqsan.

Qonşu uşaqların başını tumarlayıb geniş prospektə burulacaqsan. Addımların səni avtobus dayanacağına tapşıracaq. Daş səkiyə damcı-damcı düşən addımların.

Ötüb keçən adamlar tibbi maskanın arxasından gülümsəyəcək. Bu gün hamı sənə və qırmızı ayaqqabılarına görə sevinəcək.

Avtobusu gözləyə-gözləyə şəhəri izləyəcəksən. Yüzlərlə bina qanad çalıb göy üzünə qalxır. Bax, çox mərtəbənin yanında kiçik ev. Pozulan nizam.

Biçimli və biçimsiz çiyin-çiyinə. Divarı naxışlı, Çar əyyamından qalma üç mərtəbə bina və yanında bozluğu ilə ürək sıxan beton ev. Fərqlər parlayır və insanlar haqqında danışır. Məntiqsiz quruluşa səbəb şəhər plansızlığıdır. Eynən həyatlarımız kimi. “Bakıda sanki fasilədəymişik kimi yaşayırıq” – sən düşünəcəksən.

Avtobusa minəcəksən. Cavan oğlan qalxıb yer verəcək. Oğlana gülümsəyəcəksən, “sağ ol” deyəcəksən, alıb çantasını saxlayacaqsan. Mavi maskanın arxasında parlayan məsum gülüş oğlanın ciddi görkəmini əridib süzəcək, yanaqları tumurcuqlayacaq, çiçək açacaq, tutacaqdan möhkəm yapışacaq.
Kitabı çantandan ehtiyatla çıxaracaqsan. Dizlərinə sıxıb sözləri şəhadət barmağınla qovacaqsan. Harda qalmışdınsa, ordasan. Kitabda ad günü şənliyidir. Hamı qəhramanı təbrik edəcək. Sevinc qığılcımları dəniz kimi kükrəyəcək, sözlərin arasından boylanacaq və qollarını açıb belinə dolanacaq.

Sən ad günün üçün darıxacaqsan.

Avtobusun pəncərəsindən görünən mənzərələr kitabdan maraqlıdır. Adamlar görəcəksən. Qayğılı adamlar. Yarpaqlarını tökən ağac görüntüsü əl verib görüşən iki adamla əvəzlənəcək, adamlar silinəcək, onların yerini yorğun-arğın boynunu qaşıyan küçə iti alacaq. Sonra maskanı çənəsinə çəkib siqaret sümürən cavan oğlan. Sürətlə görünüb çəkilən insanları, itləri, ağacları, maşınları, evləri, yarımçıq oxuduğun kitabların müəlliflərini, telefon nömrəni, ibtidadi sinif rəhbərinin adını, cəmi bircə dəfə getdiyin xalangilə aparan avtobusun nömrəsini xatırlamaq istəyəcəksən.

Sən gözəlsən. Səhəri yüngül makyajla keçinəcək qədər. İşin var. Sevgilin var. Həyat irəlidədir. İndi problemləri düşünmək tezdir.

Avtobus dayanacaq. Anasının əlindən bərk-bərk yapışan dilənçi uşaq çoxluğun arasında itənədək sənə əl yelləyəcək.

Sıxlıq aralanıb çıxmağın üçün dəhliz yaradacaq. Rahat düşəcəksən və düşərkən ayaqqabılarına baxacaqsan. Bir daha qırmızı ayaqqabılara görə sevinəcəksən.

Aptekə burulacaqsan, lap yaxındadır. Yeni maska alacaqsan. Və spirt. Çantandakı qəpiklərin xoru eşidiləcək. Heç kim bayırda limon satan qadından pul xırdalamayacaq. Xadimə səni dərin-dərin süzüb “taleyin gözəl olsun” – deyəcək. Ona təbəssüm vidası yollayacaqsan.

Küçədəsən!

Hava gözəl olacaq. Üçü bir manatdan satılan limonlar heç kimə baha gəlməyəcək. “Manatlıq” taksilərin müştəriləri çox gözləməyəcəklər. Hamıya zəng çatacaq və səyyar lotoreya piştaxtasının önünə yığışan adamlar şansa həmişəkindən çox inanacaqlar.

İş yerinə tələsəcəksən. Günortayacan komputerin monitoruna zillənib qalacaqsan. Günorta yeməyində rəfiqələrinlə bufetdə görüşəcəksən. Sarı saçları başında quş yuvası kimi görünən rəfiqən ehtiyatla kəsilmiş soyutma kartof dilimlərini ağzına apara-apara yeni sevgilisindən danışacaq; keçən gecə onu restorana aparmağından, fransız çaxırı süzməyindən, evinə dəvət etməyindən. Sonra ketçup istəyəcək.

Səni heç kim restorana aparmır. Fransız çaxırı süzmür və heç kimi evə dəvət etmirsən. Narahat deyilsən və ketçupdan zəhlən gedir.

Yeməyi bitirib kompüterin önünə tələsəcəksən. Leyla qolundan yapışacaq:

“Canım, bağışla məni. Çoxdandır işdən açılıb görüşə, dərdləşə bilmirik. Sənin yerin mənimçün başqadır. Başım qarışıqdı, yaxın günlərdə nişan olacaq... Ayaqqabın nə gözəldir! Sevgilin almışdı, hə? Nə vaxt qayıdır əsgərlikdən?”

Dörd günü qalıb – sən çaşqın söyləyəcəksən.

Sağ-salamat qayıtsın. Toyunuzu görək, İnşallah! – o gülümsəyəcək.

Kompüterin önünə keçib boş-boş monitora baxacaqsan. Hər şeyi xatırlayacaqsan – Avtobusda sürətlə görünüb çəkilən mənzərələri, mənzərələrdəki insanları, itləri, ağacları, binaları, yarımçıq oxuduğun kitabların müəlliflərini, təzəlikcə aldığın telefon nömrəni, ibtidadi sinif rəhbərinin adını, universitetdəki ilk dərsini, xalangilə aparan avtobusun nömrəsini, məni və həmin günü. Qırmızı ayaqqabılarına baxıb bir daha sevinəcəksən.

İşdən evə yorğun qayıdacaqsan. Bu yolu çiyin-çiyinə qayıdardıq. Qüssəli şəhər axşamüstüsü avtobusun pəncərəsindən pərdə kimi asılacaq. Batan günəş uzaq binaların elastik kölgəsini dartacaq. O binaların təkəmyesrək yanan işıqlarını görəcəksən. Mən pəncərələri sayardım, sən işıqları və avtobusdan bayırda parlayan mənzərələr həmişə kitablardan maraqlı görünərdi.

Səni məhəllədə zibil qutularını eşələyən itlər qarşılayacaq, əzizim. Əndişli gözlər sənə zillənəcək, sonra tanıyıb quyruqlarını bulayacaqlar. Ayaqlarına döşənib qırmızı ayaqqabılarını yalayacaqlar. Kürəklərini yerə sərib qarınlarını göstərəcəklər. Telefon düymələri kimi səliqəylə düzülən, süd dolu döşlər.
Qaranlıq vahimə olub üstünə yüyürənəcən tez-tələsik evə burulacaqsan. Yemək hazırlayacaqsan, internetdə eşələnəcəksən. Əvvəl pandemiyadan ölənlərin sayına üzüləcəksən, sonra pişik videolarına güləcəksən. Gözlərin qeyri-ixtiyari qapanacaq və səhər itlərə atmaq üçün çörək qırıqlarını torbaya yığmadığın üçün təəssüflənəcəksən.

Həmin gün 26 sentyabrdır, əzizim. Mən sabah öləcəm. Müharibənin ilk günü. Adi ölümlərdən biri. Minaya düşəcəm. Gözlərim dolacaq, amma ağlamayacam.

Ölümdən əvvəl hər şeyi xatırlamaq istəyəcəm – avtobusda yanaşı əyləşməyimizi, sürətdə əvəzlənən şəhər mənzərələrini, insanların üzünü, yarımçıq oxuduğumuz kitabların müəlliflərini, telefon nömrəni, ibtidai sinif rəhbərimizin adını, universitetdəki ilk dərsimizi, xalangilə aparan avtobusun nömrəsini və həmin günü...

# 2078 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #