Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi

Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi
20 yanvar 2025
# 13:00

Kulis.az Daşqın Məmmədovun "Qəndlə başlayıb qanla bitən illər..." hekayəsini təqdim edir.

Hər şey elə onunla başladı desəm, yəqin, inanmayacaqsınız. Nə ilə? Bax, elə qənd ilə. O boyda imperiya yıxıldı. Birinci müstəqillik oldu, yoxsa müharibə başladı, dəqiq deyə bilmirəm. Amma hər şey qənd və pesokla başladı.

Hələ sovet dövləti yerində və bizim də zənnimizcə möhkəm bərqərar olduğu günlərdən birində atam evə gələn kimi əmilərimi başına yığıb hökmlə:

- Bacardığınız qədər çoxlu qənd-pesok alın! - dedi.

Qardaşları mat-mat atama baxdılar.

- Sizə deyirəm, hərəsindən azı bir-iki kisə alın, özü də, günü sabah.

- Deyirsən, qiymətlər çox qalxacaq?

- Qiymət qalxmayacaq, qənd-pesok tapılmayacaq, - deyən atama əmilərim inanmaya bilməzdilər. Çünki heç vaxt yalan danışmamışdı, boş yerə söz deməzdi. Amma yenə də mənalı-mənalı baxışdılar:

- Eldar, axı birdən-birə nə oldu, bütün mağazalar qənd-pesokla doludur axı?

Atam:

- Siz mən deyəni edin, - deyərək məsələyə nöqtə qoydu və məclis bu dəfə də yeyib-içməklə bağlandı.

Səhər erkəndən bir Volqa taksi ilə evimizə iki kisə şəkər tozu, bir kisə də qənd gəldi. Əmilərim də atamın tapşırığına əməl etdilər. Cəmi iki gün sonra heç bir mağazada qənd-pesok qalmamışdı. Deyəcəksiz, bəlkə hamı sizin kimi alıb yığmışdı, yox. Əvvəla, hamı bizim kimi məsələdən xəbərdar deyildi, sonra da bu qənd-pesok qıtlığı illərlə sürdü.

Ona görə deyirəm ki, hər şey məhz bu qənddən başladı. Hələ də hansısa mağazada qəndin olmadığı ilə rastlaşsam, canıma qorxu düşür. Yenə o illərin qayıdacağı qorxusu.

***

Soruşa bilərsiniz ki, bu hansı vaxtlar idi? Mənim üçün burnumun tez-tez qanayan vaxtların bitdiyi, o vaxtacan başıma gəlmiş ən böyük itki - üstündən beş il keçsə də, hələ də barışa bilmədiyim babamın ölümünü nəzərə almasam, darısqal dədə-baba evimizdə ata-anam, bacı-qardaşım, əmiuşaqlarımızla xoşbəxt yaşadığımız vaxtlar.

Böyüklərin: “Axır ki, qocalardan qurtulduq, bizim ölkəyə də cavan rəhbər gəldi”, - deyə haqqında sevinə-sevinə danışdıqları Mixail Qorbaçovun o zamanlar hamımızın böyük vətən bildiyimiz sovet dövlətinin başçısı seçilməsindən bir neçə il keçmişdi. Ondan əvvəl dörd ilin içində üç rəhbər ölmüşdü. Anam onların hər biri üçün göz yaşı tökmüşdü. Elə qadınların çoxu ağlamışdı. Əvvəlkilərdən cavan ölkə rəhbərinin bu insanları az vaxtda necə “sevindirəcəyindən” hələ xəbərsiz idik. Hələlik hamını bir məsələ qayğılandırırdı: qənd niyə yoxa çıxmışdı? Bir də ki, bu qıtlıq nə vaxt bitəcək? Qarşıda bizi nələrin gözlədiyini bilmirdik. Bilsəydik, bəlkə də, deyərdik: “Qoy qənd heç tapılmasın, amma bu hadisələr baş verməsin”.

***

“A bala, keç kanalı çevir”, yaxud, “ay uşaq, televizorun səsini artır” sözləri ilə adətən evin kiçik uşağına müraciət edərdilər. Uşaqlar indiki pult rolunu oynayırdılar. Tez-tez ekranı qaralan televizorları özünə gətirməyin yolu qapaz idi. Həmin dövrdə artıq bütün dünya uzaqdan idarəetməli elektrik avadanlıqlarına keçsə də, bəzilərinin dil-boğaza qoymadan təriflədiyi sovet dövlətində vəziyyət “qapazla” yoluna qoyulurdu.

***

Günlərin bir günü Bakıdakı əmim gəldi, yenə bütün ailə masa ətrafına yığıldı.

- Bilirsiniz, ermənilər Stepanakertdə fəallaşıblar, Qarabağı bizdən alıb Ermənistana qatmaq istəyirlər,- əmim söhbətə başladı. Bizə bütün xəbərlər Bakıdan gələn əmilərimiz vasitəsilə çatırdı. O vaxtlar televiziyalarda xəbər məsələsi çox qəliz idi. Xəbər deyəndə kapitalist ölkələrində baş verən hadisələrdən, oradakı “acınacaqlı” vəziyyətdən və uzun-uzadı partiya qurultaylarından hazırlanan reportajlardan başqa bir şey eşitmək mümkün olmurdu. Bir də sosialist əməyi zəhmətkeşlərinin təsərrüfatlarda - sağıcılıqda, pambıqçılıqda, neftçıxarmada vurduqları rekordlar...

- Bakıda da mitinqlər başlayıb, - deyə əmim sözünə davam etdi. Başqa məsələlərdən də məlumat verdikdən sonra, söhbət yenə yemək masasına daşındı. Söhbət vaxtı qulağım bir neçə dəfə “xalq cəbhəsi” sözlərini çalsa da bir şey başa düşməmişdim.

Bir müddət sonra kənddə iclas çağırıldı. Mən də atama qoşulub getdim. Fermada briqadir işləyən, qonşu kənddə yaşayan Adgözəl özünü Xalq Cəbhəsinin sovetlik üzrə rəhbəri oduğunu bildirib, bundan sonra bizim kənddə də gözətçi postu qurulacağını və kəndin kişilərinin növbə ilə posta çıxacağını bildirdi. Həmin post 1990-cı il 20 yanvaradək fəaliyyət göstərdi. Uşaq olsam da arada böyüklərə qoşulub “posta” çıxırdım. Məqsəd kəndə girə biləcək təxribatçıları aşkar etmək idi. Amma kəndimizə heç bir təxribatçı peyda olmadı.

Bir gün yenə əmim kəndə təşrif gətirdi. Bu dəfə:

- Bakı qaçqınlarla dolub, - dedi. - Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Hamısını ayaqyalın-başaçıq qovublar.

Əmimə sakitcə qulaq asırdıq. Qaçqın sözünü ilə ilk dəfə o vaxt eşitdik. Bu söhbətdən bir neçə ay sonra kəndimizin ortasından keçən magistral yolda maşın karvanı göründü. Müxtılif markalı bu maşınların damına da yük vurulmuşdu. Yol milisinin müşaiyət etdiyi bu avtomobil axını günlərlə davam etdi. Ermənilər ölkəni tərk edirdilər. Valideynlərimiz bizə dönə-dönə yoldan kənar durmağımızı desələr də maraq güc gəlirdi. Kənddə heç vaxt erməni görməmişdik. Kim idi axı bu ermənilər, necə adamlar idilər? Heç bir fərqi yox idi, adi adam idilər. Heç ayırmaq olmurdu. Onların uşaqları bizə əl yelləyirdi, biz də əl yelləyirdik. Dil çıxardırdıq, dil çıxardırdılar. Gülümsəyirdik gülümsəyirdilər. Böyüklər isə qəti ətrafa baxmırdılar. Karvan da gəldi keçdi, bir gün nəhayət, arxası kəsildi.

Mağazalarda yavaş-yavaş çörək növbələri yaranmağa başladı. İndi istədiyin vaxt gedib çörək, un tapıb ala bilməzdin. Səhər tezdən gedib növbəyə dururduq. Növbəyə durmaq sırf biz uşaqların boynuna düşürdü. Çörək çatmadısa bir də sabahsı günə ümid etməliydin. Növbədən evə əliboş gəldinsə vay halına. Bütün ailə ac qalırdı. Hər dəfə mütləq bir neçə nəfərə çörək çatmırdı. Çörək ala bilməmiş uşaqların gözlərinə baxmaq əzabverici idi. Evə, ailəsinin üstünə əliboş qayıdan valideynlərin vəziyyəti bundan da pis idi. O vaxt torpaqlar özəllədirilmədiyindən taxılı sovxoz və kolxozlar əkib-becərirdi. Biçin yaxınlaşanda kənd camaatı gecələr gizlicə taxıl sahələrindən sünbüllərin başlarını toparlayıb, gündüzlər üyüdüb un edərdilər. Arada mən də böyüklərə qoşulub gedərdim. Bir gün qadınların daha sürətli işlədiyini görüb: “Əmi, bu kişi işi deyil, arvad işidir” dediyimdə, əmimin “Qardaşoğlu, bu nə kişi, nə də arvad işidir. Bu kombayn işidir.” Sözlərini indi də xatırlayanda gülməyimi saxlaya bilmirəm.

Paytaxtdan gəlib çıxan qafiyəli misraları biz də təkrar etməkdən həzz alırdıq: ”Hava yaman bürküdür, ermənilər tülküdür”, “Bakıda nümayiş gedir, Topxanada iş gedir”. Bakıda nümayiş gedir demişkən, mitinqdə iştirak edənlərə ərzaq yardımı toplanılıb göndərilməyə də həmin ərəfədə başlanıldı. Biz də evdən əlimizə keçəndən yollamağa çalışırdıq. Maraqlı idi ki, təzadlı da olsa mitinqə ərzaq yardımı dövlət səviyyəsində gedirdi. Bütün müəssisələr bu işdə iştirak edirdi. Belə çıxır ki, dövlətin yıxılmasında dövlət özü maraqlı idi.

Bir səhər yuxudan tankların, PDM-lərin vahiməli səsinə ayıldıq. Evlər silkələnirdi, elə bil zəlzələ baş verirdi. Yol boyu sıralanmış zirehli texnikaların istiqaməti Bakı tərəfə idi. Dəmir yolu ilə də qatarlar paytaxta hərbi texnika daşıyırdı. Yenə yolun kənarına qaçdıq, əsgərlərə əl yellədik, bəziləri fikir vermədilər, amma çoxu əl yellədi. Atalarımızın, əmilərimizin hərbi xidmət vaxtı geydikləri formada idilər və bu hərbi forma hələ ki, bizə əziz idi. Hətta bu forma o qədər əziz idi ki, çoxları hərbi xidmətdən gəldikdən sonra belə ömrü boyu ən əziz yadigar kimi, paltar şkafında saxlardı. Cəmi üç gündən sonra bu əsgərə də, bu formaya da ömürlük nifrət edəcəkdik. Amma hələ ki, əl yelləyirdik. Məqsədlərini bilmirdik. Onların bizi ancaq qoruya biləcəyini fikirləşirdik. Böyüklərimiz, müəllimlərimiz bizə Qırmızı ordunun igidliklərindən nələr danışmamışdılar? Hələ baxdığımız filmləri, oxuduğumuz kitabları demirəm. Ordunun əsl qırmızı üzünün ortaya çıxmasını isə çox gözləmədik.

Əmimi ilk görən mən oldum. Yolun kənarında avtobusdan düşüb evə tərəf gəlirdi. O vaxtlar dəbdə olan yoluçnu paltosunun yaxası açıqdı, çoxdan kəsilməmiş buruq saçlarını külək yellədirdi, üzünü də uzun müddət təraş etməmişdi. Onu heç vaxt belə səliqəsiz görməmişdim. Məni öpdü, əlimdən yapışdı, həyətə girdik. Həmişə isti olan əli bu dəfə əlimi üşütdü.

Həyətdə söhbət edən atamla və o biri əmilərimlə salamlaşmadan:

- Ruslar Bakıda milləti qırdılar. Elə rusları da, uşaqları, qadınları, qocaları da qırdılar. Bütün küçələr qan və meyitdir - deyən əmimin gözləri dolmuşdu. Hələ də əlimdən yapışmış soyuq əli titrəyirdi.

1990-cı il, yanvar ayının sonları idi.

# 205 dəfə oxunub

Oxşar xəbərlər

Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

Quduzluğa yoluxub vəfat edən yetim dahi - Qırmızı ölümün hökmranlığı

12:00 19 yanvar 2025
O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

16:00 18 yanvar 2025
Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

15:00 18 yanvar 2025
Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

16:19 17 yanvar 2025
Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

15:00 16 yanvar 2025
Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

16:39 15 yanvar 2025
# # #