Oslo-Bakı - Orxan Hüseynov

Orxan Hüseynov

Orxan Hüseynov

9 dekabr 2022
# 19:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Orxan Hüseynovun "Oslo-Bakı" hekayəsini təqdim edir.

Digərləri də səhər işığının saralan bozluğunda bədənlərini yerə doğru basan ağırlığa fiziki dünyada məna qazandırmaq, bu ağırlığın şiddətini azaltmaq üçün cansız bədənlərini canlı daşlarla suyun dibinə batırmaq haqda düşünürlər? Təkrarlanan bozluqlar və mən bunun gələcəkdə hansısa bir nöqtədə bitəcəyinin fərqindəyəm. Gələcəyin indinin təkrarlarından inşa edildiyi və indiliyin köhnəlmiş gələcəklərdən qurulduğunu bilmək gölün məni udması, bədənimi yer üzərindən silməsi üçün könülsüz olaraq mənə kömək edən daşlardan daha ağırdır, ancaq mən yenə suyun üzərinə çıxmağı bacarıram. Bundan əvvəl neçə dəfə hava qatının döşəməsinə can atmış olduğumu bilmirəm, bədənim boyunca süzülən su damcılarının dəqiq sayını bilmədiyim kimi.

Mövcudluğumun sona çatdığı, lakin sonun məni ora ayaq basandan bəri izləyib izləmədiyinə əmin olmadığım yerdəyəm. Yeni başlanğıc həm də yeni jest və mimika portretləri deməkdir və mən dodaqlarımın iti uclarından qulaqlarıma doğru dalğalar rəsm etmək üçün gülümsəyirəm, ağappaq səmada hər an itməyə hazır olan ayın kölgəsi qədər yorğun göz bəbəklərimi müxtəlif insan siluetlərinə çevirirəm. İnsanlar gözlərimin üfüq xətləri tərəfindən çərçivəyə salınıb, ancaq onların nə hiss etdiklərini duya bilmirəm. Bədənimə donuqluq hakimdir və ya hiss etdiklərimin boğuculuğu digərlərinə qarşı vecsiz olmağıma səbəb olur. Sıra mənə çatır və varlığımın səsli ifadəsi heç nə hiss edə bilmədiyimi etiraf edir. Hissiyatsızlığım bu etirafın təsəllisini neytrallaşdırır, sanki bədənim qucağımdakı daşla birgə suyun sonsuzluğunda boğulmağa davam edir. Digərləri də boğulur, bəlkə də daha şiddətlə, amma onlar boğulduqlarının fərqində deyillər, çünki onlar üçün boğulmaq havasız qalmaqdır, məni boğan isə havanın özüdür. Donuqluğun hakim olduğu o yeri tərk edirəm, sadəcə bir günlük, elə bir gün ki, sonsuzluğa çevriləcək.

Köhnə dostumu görürəm və onun bütün ailələrə bənzəyən ailəsini. Qulaqlarını mövcudluğun çığırtısına qapamış insanların qarşısında oturub özlərini hansı yollarla təsəlli etdiklərini dinləyirəm. Bütün çığırtılar gündəlik səs-küylə əvəzlənib, qulaqlarım bu səs-küyə daha yüksək çığırtıyla qarşılıq verməyə hazırlaşır. Ağacların kölgələri arasında oturarkən davam edə bilməyəcəyimi hiss edirəm, ölü bədənimi gölün sahilinə çıxarıb üz cizgilərimin arasında mövcud olmamağın ümidverici təəsüratını axtarıram, gözlərimi yenidən dostuma çevirib bədənimin yüngüllüyünün onun bədəninin üzərindəki ağırlıqdan daha ağır olduğunu düşünürəm. Bədənimin yüngüllüyü ona çətinliklə bir yerə yığdığı həyat parçacıqlarını dağıda biləcəyini sezdirir. Demiş olduğu sözləri sadəcə demiş olmaq üçün sıraladıqdan sonra yollarımız əks istiqamətlərə doğru davam edir və artıq yalnızam, fiziki reallıqda bədənlərlə çevrələnməyimə baxmayaraq.

Keçmişin qara mürəkkəbi indinin üzərinə damcılayır və gələcək ləkələnir. Gələcəklə bağlı qaranlıqdan başqa heç nə görə bilmirəm, sanki o mürəkkəb hər şeydən əvvəl mənim gözlərimi örtüb. İnsanlar və onları mənimlə birləşdirən bağlar bu mürəkkəbin qaranlığına qarışıb, görünməz olub. Mən isə titrəyən əllərimlə o qaranlığa işıq tutmağa çalışıram. Bu işıq mənə aid deyil, əlimdəki parlaqlıq başqa varlıqların işıqlarıdır, hələ canlı olan bu parlıqlıq onlarla aramızdakı bağları aydınladır, mənə yol göstərir. Bu yolun doğru yol olub olmadığını bilmirəm, lakin addımlarımı görə biləcəyim başqa cığır görünmür.

Onunla danışmaq, səsini eşitmək, səsinin varlığıma işıq qazandırmasını, məni varlığıma geri qaytarmasını istəyirəm. Şəffaflaşmış varlığın görünməzliyini silmək mümkündür? Fanilik şüurunun ən dərin qatında təsəlli axtarmaq var. Təsəlli canlı və ya ölü deyil, təsəlli yuxudadır və oyanmayacaq. Fanilik düşüncəsi sarsılıb bütün düşüncə formalarını üstələyəndə, gözlər hər bir işıq parıltısında təsəlli axtarır, hər bir söz və hərəkətdə təsəllinin kabusunda rastlaşdığı yalnızlıq və ümidsizliyi məğlub edə bilmək üçün işarə gözləyir.

Ətrafın bəyazlığı səs-küylə kirlənib və bozluq gördüyüm hər bucağa hakim olub. Buna icazə verən mən özüməm, danışmağa, dinləməyə və hiss etməyə çalışan mənəm. İşıqda əks olunan bütün işarələri təqlid edirəm, başqalarının dodaqlarına baxıb dodaqlarımı hərəkət etdirirəm, dodaqlar rəqs etməyi bitirdikdə, susduğumu bildirmək üçün gülümsəyirəm və o yad gözlərdə parçalanmışlığımı görürəm, orada sözlərin titrətdiyi dodaqlardan və gülümsəyən, gülümsəmədən başqa heç nəyin əks olunmadığı üzdən ibarətəm. Bu anda digərlərinin də təqlid etdiyini, təqlid edən məni təqlid etməyə çalışdıqlarını anlayıram və təqlid edən varlıqları təqlid edən varlıqlar arasında gerçəkliyin uydurulmuş saysız gerçəkliklərin təqlidi halına gəldiyini düşünürəm.

Təsəllinin davamı üçün həyati olan təqliddən, təqlidin mərkəzində yaşayanların seçimlərindən, qulaqları ovsunlamaq üçün deyilən sözlərdən, gözləri aldadan duyğu ifşalarından uzaqlaşıram. Keçmişin qaranlığının qarşısında dayanmışam. Başqalarının işıqlandırdığı cığır məni təkcə mənə məxsus olan qaranlığımın girişinə yönləndirib. Qaranlığın torpağına ayaq basarkən olan qətiyyətim məni təəccübləndirir, sanki əvvəldən həmin parlaq yolun harada sonlanacağını sezirdim. Qaranlığın içindəki səslər və simalar qərarıma doğru addımlamağıma mane olmur, qaranlıqda irəlilədikcə hər şey arxada qalır, qaranlığın yoxluğunda əriyib heçliyə qarışır. Bu anda barmaq uclarımda hiss etdiyim musiqi notları qulaqlarıma doğru hərəkət edir. Handel anlamağa çalışdığım son insan olur, ya da ola bilsin ki, illər əvvəl bu musiqi ilə qarşı tərəfi anlamağa çalışan məhz o idi.

# 1728 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #