Nana sevirdi - Nərmin Kamalın hekayəsi

Nərmin Kamal, yazıçı

Nərmin Kamal, yazıçı

8 mart 2022
# 12:00

Kulis.az Nərmin Kamalın "Nana sevirdi" hekayəsini təqdim edir.

Beşinci Bayılın Sanitarski küçəsindəki dikdə yaşayan Nananın əri dənizdə batmış, üstündən də on gün keçmişdi. Amma qonşular deyirdilər ki, Nanaya indi yer eləyir.

Dan yeri söküləndən lal-dinməz oturub, gözlərini xalıdakı bir nöqtəyə zilləmişdi. “Heç olmasa dur pəncərələri aç” – ona deyirdilər. - “İnsana hava dəyməlidi, ya yox.”

Bu gün də onun başına qara yaylıq bağlamış, ağlamaqdan yara açmış yanaqlarına yaşıl dərman sürtmüşdülər.

Yarpaqların tökülən, çiçəklərin solan, quşların gedən vaxtıydı. Necə belə oldu? Nə idi o bir zamanlar, o bahar, o gum-gumlar nəydi?!

Dikdə yaşayan arvadlar yuxudan durduqca bir-bir Nananın başına yığışır, uzunsov otağın kənarları boyu döşəkçələr atıb oturur, ayaqlarını ağ mələfənin altına uzadıb ora-bura baxırdılar.

Dama, divara, xalıya, üzünə ağ çəkilmiş iri əşyaya, bəzəkli pərdəyə, pəncərəyə, qapıya, qapının tutacağına, plintusa, küncdəki taburetə, taburetin üstündəki qırmızı telefona, döşəmədəki zibilə.

Birdən milçək vızıltısına bənzər səs eşitdilər. Vızıltı kəsildi, yenə gəldi. İri, qara bir milçək havanı ildırım kimi yarıb otağın bu başından o başına keçdi və qeyb oldu. Arvadlardan biri əlini uzadıb açıq pəncərəni çəkdi.

Milçək bu dəfə xalıdan havalandı, daha ehtirasla vızıldadı, qağayı əminliyiylə burum-burum dövrə vurdu, Nananın ayaqlarını örtən ağ mələfəyə qondu.

Necə də heybətli qara milçəkdir. Ayaqları uşaq barmağı boyda, gözlərini görmək olur. Milçəköldürən gətirin!

Nananın ayağında bir az dincini alıb əvvəl qoluna, sonra boynuna, ən axırda sinəsinə qondu. Arvadlardan biri əlinin tərsiylə onu qovmağa çalışdısa da, çox aralanmadı, dızıldayıb yenə Nananın sinəsinə qayıtdı.

“Öldürmə!” - Nana çəhrayı milçəköldürənlə asta-asta yaxınlaşan arvadın üstünə qışqırdı: “O boyda milçək olmaz, onun ruhudur!" - hönkürtü vurdu: “Milçək cildində evə gəlib...”

Milçək diksinib qalxdı, divarda gözləməyə başladı.

“Əl vurmayın, odur, oduur, oduuur”, - Nana sözləri içindən atırdı, “Azikdi, mənim Azikimdi! Yanıma gəlib! Mənimlə qalmağa gəlib!”

“Nə sarsaqlayırsan, Nana!” – arvad milçəköldürəni ələ keçirmək istəyən Nananı itələdi. “Qonşu zirzəmiləri su basıb, bütün evlərə milçək, ağcaqanad dolub. Bizim evimiz doludu belə milçəklərlə. Natəmizlikdi. JEK-ə gedib şikayət eləmək lazımdı... Sənsə özünü qoymusan gicliyə.”

“Dərddən özünü itirib, qınama onu, Elmira xala” – kimsə dilləndi.

“Mən də dərdliyəm! Bağışla məni, bizim də dərdimiz var” – milçəköldürəni tutan qadın meydanda çıxış edən rəhbər kimi irəli durdu. “Oğlum 14 yaşında dənizdə batıb. Ərimin ayağını laqonda kəsib, oturub divanda beş ildi! Qızımı əri atıb doqquzuncu mərtəbədən. Kimin dərdi yoxdu ki?!

Tanya, sənin dərdin yoxdu? Qardaşın itkindi, ərin xərçəngdi, bu gün-sabah sizə yığışasıyıq. Nata, niyə danışmırsan, sənin dərdin yoxdu? Atan, ərin, qardaşın, oğlun heç yerli dibli-olmayıb, sən heç bilmirsən ata-ər-qardaş nə deməkdi.

Gülya, bəlkə sənin dərdin yoxdu? Ərinə əllicə manat pulun üstündə 17 bıçaq dürtdülər. Amma sən milçəyə ərim deməmisən! Hansımız bu qədər ağlımızı itirmişik?!”

Milçək görünmürdü. Bəlkə o, yenə xalının naxışları arasındadır. Arvadlar üst-başlarına baxdılar, milçəklənən heyvanlar kimi əl-qol atdılar.

“O, sağ vaxtı da belə edirdi. Əvvəl ayağıma toxunurdu, sonra qoluma, sonra boynuma, axırda sinəmə. Əgər ərim deyilsə, niyə onun kimi elədi?” - Nananın bir gözü milçəyi axtarır, o biri gözündən sel gedirdi.

“Tı menya ubila, Nana!” – arvadların içindən gizli bir dalğa keçdi.

Milçək yenə meydana girdi. Özünü bir divardan o birinə çırpdı, vız-vız dolandı, əgər onların da biz insanlar kimi dili varsa, heç şübhəsiz, eyni sözü dönə-dönə təkrarlayırdı.

“Ona çörək, su gətir, acdı. Mən yemək dalınca getsəm, onu öldürəcəklər, Gülya!” - Nana üzünü arıq, balaca arvadlardan birinə tutdu.

“Gospodi! Slışış ona çto govorit, Lyuba?” – kök bir arvad əllərini üzünə çırpdı. Milçəköldürəni tutan qadın silahını daha möhkəm sıxıb otağa göz gəzdirdi.

“Klanus paxnet psixuşkoy. Elə də deyir, elə bil öz əri idi! Elə-belə yaşayırdın da” – Gülya dirsəyi ilə yanındakına toxunub pıçıldadı.

“Öldürmə onu, Elmira xala! Yalvarıram, öldürmə. Odu. Demişdi məni tək qoymayacaq. Ölsə də qayıdıb gələcək, lap evimdə hörümçək kimi yaşayacaq.

Ruhlar bunu bacarır. Ruhlar hər şeyi bacarırlar... O deyilsə, niyə bu qədər arvadın içində gəlib mənim üstümdə oturdu?” - Nana özünü milçəköldürəni tutan qadının üstünə atdı, hər ikisi yerə yıxıldı.

Bəlkə də bu güləşdə cavan Nana qalib gələcəkdi, ancaq o, danışırdı, danışdıqca qolları boşalır, çəhrayı milçəköldürən əlçatmaz olurdu.

Arvadlar onları ayırıb hərəsini bir tərəfə çəkəndə Nana taqətdən düşdü, amma hələ də danışır, milçəyi qəsdlərdən qorumağa çalışırdı. Milçək Nananın səsinə bataqlıq mığmığaları kimi süzürdü.

Kimsə kök arvaddan çəhrayı milçəköldürəni alıb şaqqıltıyla iki böldü və var gücüylə pəncərədən tulladı.

İndi milçəköldürəni əlindən alınmış arvad acıq edib gedəcək. Evdəki başqa arvadlar da gəldikləri kimi çıxıb gedəcəklər; belə yerdə bir dəqiqə də qalmağa razı olmazlar.

Artıq Nana milçəyi evində rahat saxlaya bilərdi. Ondan göz-qulaq olardı, yedirərdi, içirərdi, dərdləşərdi. Bəlkə milçək dilini də öyrənərdi.

O da Nananın ayaqlarına, qollarına, boyun-boğazına, sinəsinə, harasına istəsə qonardı. Öz doğmaca əri deyildimi.

Bayıl dikində hamı Nanadan danışacaqdı. Amma qoy nə danışırlarsa, danışsınlar. Nana sevirdi.

# 8515 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #