Kulis.az Nahid Hacızadənin Əlibala Hacızadəyə həsr etdiyi "Onu xatırlayırıq" memuarından parçaları təqdim edir.
Çox keçməyəcək bir il olacaq ömrü ayrılığın… Ancaq hələ də qəmli, nigaran baxışların məni üşüdür...
Hərdən kirpiklərini azca aralayıb can üzüntüsü ilə bizə baxırdın. Aramızda ağır sükut çırpınırdı. Sahib müəllim də, Əlövsət də başını əlləri arasına alıb susurdu. Üçümüz də dinməz-söyləməz oturmuşduq. Elə bil səsimizi çıxarmağa qorxurduq ki, yuxunu dağıdarıq…
Yenə kirpiklərin aralandı. Qırıq-qırıq, xırıltılı səslə:
– Sizi yordum, – dedin, – sağ olun, var olun! Hava çox istidir! Gedin dincəlin. Görürsünüz ki, günləri, saatları sayıram. Bu dünya ilə mənim aramda vaxt-vədə daralıb, yaman daralıb, dostlar!
Sözünün dalını gətirə bilmədin. Biz də nəsə deyib səni yormaq, incitmək istəmədik.
Yenə dodaqların titrədi:
– Sizdən ayrılmaq istəməsəm də…
Sözünün dalını gətirə bilmədin. Yuxuya getdin. Yenə can çəkişməsi…
Ayaqlarımızın ucunda qapıdan çıxdıq. Bilirdik ki, bu səninlə son görüşümüzdür.
Düşünür, düşünürəm. Bir az əvvəl isə…
****
Əlibala yayın cırhacırında, havaların belə isti keçməsinə baxmayaraq, televiziya kanallarında, radiolarda, mətbuat səhifələrində at oynadırdı. Hərdən ona yüngülvari sataşırdım:
– Ay Əlibala, yaman dəyişmisən, – deyirdim. – Qabaqlar ad günün heç yadına düşmürdü.
– Hamısı yaşdan, qocalıqdandır, – deyə xımır-xımır gülürdü. – Yaşın Allah evini yıxsın. Gözünü açıb-yumursan, bir də görürsən ki, il gəldi, keçdi. Hiss edirsən ki, bir il də qocaldın. İndi 74-ü ona görə belə qeyd eləyirəm ki... – dərindən köks ötürdü. – Bir də gördün, əlim 75-ə çatmadı. Onu nə mən görə bildim, nə qohum-əqrəba, nə də dostlar, oxucular.
– Yaxşı, dostları kövrəltmə.
– Niyə kövrəldirəm ki? Sənin xəbərin yoxdur canımdan. Özümdən asılı olsa, hələ yaşayar, yaşayardım. Hətta yüzü də o yana keçərdim. Ürəyimdə deyilməmiş çox söz var. Hələ yazmaq istəyirəm.
***
…O, hələ tələbəykən nəsrin magistral yoluna çıxmışdı. Taleyini ömürlük sözə bağladı, sözə arxalandı, sözlə qanadlandı…
İllər ötdükcə oxucu auditoriyası genişləndi. Hekayələri, povestləri, romanları səf bağladı, qanad-qanada verdi: “Heykəl gülür”, “Məhəbbət olmayanda”, “Unutmaq olmur”, “Təyyarə kölgəsi”, “Dünyanı tanı”…
O, neçə il vətəndən uzaqda – Əfqanıstanda yaşadı, tərcüməçilik elədi. Geri dönəndə “Qürbət hekayələri” və “Əfqan trilogiyası” ilə qayıtdı. Yüz minlərlə oxucunun qəlbini fəth etdi, qibtəolunacaq oxucu auditoriyası qazandı.
Yeri gəlmişkən, Əlibala Hacızadə böyük ədibimiz Məmməd Səid Ordubadidən sonra ən gur oxunan və ən yüksək tirajla çap olunan sənətkarlarımızdan biridir.
Bir vaxtlar aləmə səs salan məşhur romanları – “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim” yüz əlli, iki yüz min tirajla nəşr olunur, göz açıb yumunca yaxın-uzaq ellərdə yayılırdı.
Təbii ki, buna darılanlar da olurdu. Ələlxüsus da yazı-pozu adamları. Bəziləri ağız büzüb deyirdilər: “Çox oxunmaq heç də yüksək sənət meyarı deyil”.
Mağazalarda, köşklərdə Əlibala Hacızadənin kitablarının üstünə bəzi “məşhur” yazıçıların satılmayan, üzüqara “əsər”lərini qoyub oxucuya sırıdıqlarını öz gözümlə görmüşəm.
Yarım əsrdən çox bir müddətdə yanaşı yol gəldiyim, nəfəsilə nəfəs aldığım qələm dostumdan ayrıldığım günlər gözümün qabağından getmir. Nigaran baxışlar, ulduzu sönmüş gözlər, heysiz-hərəkətsiz tərpəniş… Qırıq-qırıq sözləri ürəyimdə göynək bağlayıb, məni için-için yandırır.
Gileyli səsi gəlir qulağıma: “Bu il mənə düşmədi, qələmdən-kağızdan aralandım. İçimdən yaralandım. Həkimlərə, xəstəxanalara üz tutdum. Hərənin ağzından bir avaz gəlirdi. Başımın altına yastıq qoyanlar da oldu, qorxudanlar da…
Moskvadan bəri gəzdim. Əzablara dözdüm, günlərlə səsimi içimə salıb inildədim. Ağrı-acılarımı açıb-ağartmadan günləri saya-saya sızıltı içində yaşadım… Yazın gəlişiylə elə bil dönəlgəm döndü. Sağ olsun televiziyaları, radioları məni gözdən qoymadılar, gəldilər, getdilər… Mən də borclu qalmadım, özümü yığışdırıb söz dedim, güldüm, danışdım… Hərdən ağrılar səngiyəndə qələmə əl atdım. “Son hekayə”ləri çox sevirdim. Ona görə də yarımçıq səhifələri bitirməyə çalışdım. Mətbuata nümunələr də verdim... Başımın üstündən aralanmayan vəfalı ömür-gün yoldaşım çox dözsə də, bir gün özü də bilmədən yatağa düşdü… Bizi tək qoydu…”
***
…O vaxt Əlibala Hacızadənin yetmiş dörd yaşı gəlirdi. Ürəyində isə qara yellər əsirdi. Tez-tez deyirdi: “Yəqin ki, 75-i görmək mənə qismət olmayacaq”.
…Xanım bacımın ayrılığı onu çox yandırdı, yaxdı. Əlibala ayaq üstə kölgəyə dönmüşdü. Ondan bərk nigaran idim, tez-tez zəng eləyirdim. Çox vaxt oğlu Qüdrət, qızı Təranə, ya da nəvəsi cavab verirdi: “Yatır”.
Hərdən də dəstəyi özü qaldırırdı: “Nahid, başımı girləyirəm”.
Günlərin birində onu evdən çıxara bildim. Yazıçı Firuz Mustafa da mənimlə idi. Oturduq, çay içə-içə xeyli söhbətləşdik. Əlibala olub-keçənlərdən, başına gələnlərdən məzəli əhvalatlar danışırdı, biz də güldükcə gülürdük.
Xanım bacının təziyə çadırında Əlibalanı görəndə qorxdum. Çox dəyişmişdi. Üzünü tük basmış, gözlərinin ulduzu sönmüşdü…
Çadırdan çıxanda qələm dostum Əlövsətlə fikir-xəyal içində xeyli danışdıq. “Əlibala son günlərini, bəlkə də saatlarını sayır”.
Ona baş çəkməyə gedəndə gözlərini açıb handan-hana bizi tanıdı. Başı ilə ustufca salamlaşdı. Artıq səsi çıxmırdı…
Bir neçə gün sonra səhər-səhər evlərinə zəng eləyəndə ağlaşma səsi eşitdim. Nəvəsi hıçqırıq içində:
– Əlibala müəllim gecə ömrünü sizə bağışladı, – dedi.
***
…Xatirələr heç vədə solmur. Ürəklərdə yaşadıqca yaşayır. İllərdən illərə boylanır.
Oğlu Qüdrətin toyunda unudulmaz müəllimimiz, professor Abbas Zamanovla eyni stola düşmüşdük. Ordan-burdan söhbət saldıq. Birdən o, Əlibalanın xanımına sarı dönüb:
– Bacı, bu Əlibala – mənim tələbəm dalbadal bu qədər kitab nəşr etdirir, milyonlar qazanır. Bəs hara xərcləyir pulları?
Xanım bacı çiyinlərini çəkdi. Bu gözlənilməz sual, deyəsən, dostumun ömür-gün yoldaşını çaşdırmışdı. Fikir verdim, sifəti bir az allanan kimi olmuşdu…
Aradan xeyli vaxt keçdi. Görüşəndə Əlibala sözarası dedi:
– Ay Nahid, Abbas müəllim məni təzədən işə salıb.
– Nə olub ki?
Əlibala gülümsəyərək:
– Mənə banderol göndərib. İçində də “Sabir gülür” kitabı, – dedi.
– Burada nə var ki? – dedim. – Abbas müəllimə “sağ ol” düşür.
– Düşməyinə düşür. Ancaq balaca əmması var.
– Nə əmma?
– Kitaba belə bir avtoqraf yazıb: “Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar”.
– Abbas müəllim olanı yazıb, – dedim. – Sənin əsərlərinin ümumi tirajı milyonu çoxdan keçib ki…
Əlibala gülümsədi:
– Xanım bacın isə deyir ki, Abbas müəllim mötəbər alimdir, özü də bizi çox istəyir. Toyda olanda sözünü şifahi demişdi, indi də yazılı təsdiq edir. Buna nə deyəsən?
Doğrudan da, bəziləri elə hesab edirdi ki, Əlibala Hacızadənin pulu çoxdur. Onu yaxından tanıyanlar isə bilirdi ki, bu həqiqətdən uzaqdır…
O, müasir Azərbaycan poetik nəsrinin ustaları sayılan Seyid Hüseyn, Ənvər Məmmədxanlı və İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı kimi şöhrətlənmiş, qəlbinin bütün zənginliyini əsərlərinə vermişdi.
Vaxt necə də tez ötür! Elə bil, günlər qanad taxıb. Göz açıb yumunca həftələrin, ayların bir-birinə necə yelpik vurduğunu, qovuşduğunu görmürük.
Elə bil dünən idi. Qələm dostumuz Əlibala Hacızadə ad gününə hazırlaşırdı. Ancaq çox vaxt ad günü heç yadına düşmürdü. Altmışında bir dostumuzun köməyilə “Hekayələr” kitabını buraxmışdıq. Mən də ona ön sözü yazmışdım: “Nəsrimizin nəğməkarı”. Bununla da o, kitab nəşr etdirməkdən gözünü yığmışdı… “Kitabın kitabı bağlandı”, – deyə boz-bulanıq illəri təkəmseyrək yazıları ilə yola salırdı. “Yarımçıq əsərlərim var. Ancaq nə qədər çalışsam da, onlara yaxın gedə bilmirəm”. Bu da dilində bitmiş bir giley, bir dərd idi. Bunu neçə dəfə televiziya ekranında da dilə gətirmişdi. Xeyirxah bir adam irəli durdu və tez bir zamanda onun “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxdı. Bununla da ömür növrağı birdən-birə elə dəyişdi ki!
Aradan çox keçmədi. Başqa bir imkanlı şəxs on cildliyini gözəgəlimli tirajla çap etməyi boynuna çəkdi. Bu, Əlibala Hacızadənin yaradıcılıq taleyində gözlənilməz bir dönüş, inamlı uçuş idi!
O, birdən-birə necə dəyişdi, yüngülləşdi, çevikləşdi. Əlibalanı tanımaq olmurdu. Qəzetlər, jurnallar, televiziya kanalları üzünü ona çevirmişdi. Əlibala yenidən qələmlə, kağızla ülfət bağlamış, yazı stoluna könül vermişdi.
“Seçilmiş əsərləri”nin hər cildi çapdan çıxdıqca sanki bir il gəncləşirdi.
Televiziya kanalları tez-tez ondan söz açırdı. Yazıçını ən çox baxılan, sevilən populyar televiziya verilişlərinə dəvət edirdilər. Dostlar da hərdən zarafatdan qalmırdılar: “Sən lap estrada ulduzuna dönmüsən ki, ay Əlibala?” – deyirdilər. O da söz altında qalmırdı: “Neyləyim, illərin intiqamını alıram. O qədər gözdən-könüldən uzaq olmuşam ki, indi yada düşməyim, ekranlarda görünməyim çoxlarına qəribə gəlir. Bu mənim haqqımdır! Görünür, mətbuat da, televiziya da ona görə belə səs-səsə verib ki, ötən günlərin əvəzini çıxmaq istəyir”.
***
Bir axşam mənə zəng elədin:
– “Space” kanalı mənim yubileyimi keçirmək istəyir. Yəqin ki, sən də gələcəksən.
– Əlbəttə ki, gələcəyəm. Ay sənətkar, heç Bayraməlisiz toy olar, – zarafatyana dedim.
Biz bir dəstə yazı-pozu adamı yığışıb “Space” kanalında sənin ad gününü bayram elədik. Verilişdə Ayaz Vəfalı, İlyas Tapdıq, Qəzənfər Paşayev, Yaşar Nuri və daha kimlər, kimlər var idi. Söz-sözə, mahnı-mahnıya, rəqs-rəqsə söykək oldu. Dörd saat çəkən qollu-budaqlı, çal-çağırla dolu olan bu verilişdə Əlibalanı o qədər öydük, tərif yağışında çimizdirdik ki! Arada reklam, ya fonoqram gedəndə zarafatımızdan da qalmırdıq.
– Bu qədər tərifdən sonra adamın başına hava gələr ki? – deyə hərdən gülürdün.
– Bəs neyləyək, axı sən süddən bir az yanıqsan, – mən də söz atırdım.
Dediklərim ürəyincə olsa da, sözünü də qısmırdın. O gün ürəyinin yelkənini yamanca açmışdın.
– Düzdür, – deyirdin, – indiyəcən tərifdən ölən olmayıb. Ancaq bu tərifin qabağında başıma hava gələr, ay mənim əzizlərim.
Dostlar yerbəyerdən səs-səsə verdilər:
– Yox, gəlməz! – dedilər. – İndiyəcən səni bu qədər səmimi məktublar, teleqramlar, telefon zəngləri içində çimizdiriblər, dəli olmamısan. Allahın köməyilə bundan sonra da dəli olmazsan.
– Dostlar ki belə deyir, onda bilin ki, dəli-zad olan deyiləm.
Birdən nə fikirləşdisə, yavaşca qulağıma pıçıldadı: “Ay Nahid, sən bilirsənmi ki, mən bu gün oxucularımla vidalaşıram?”
Gözümdən yaş çıldıradı. Bu hiss günlərlə məni boğa-boğa getdi.
Üstündə “Əlibala müəllim, ad günün mübarək!” sözləri yazılmış gözəgəlimli bir tort da sifariş edilmişdi. Bəlkə də qonaqların hamısına çatardı.
Müğənni qızlar mahnı oxuya-oxuya rəqs edirdilər. Onlar səni də ortaya çəkdilər. O yandan hörmətli sənətkar Aftandil İsrafilovun qarmonu dindi. Sonra da məşhur gitaraçı Rəmiş ona səs verdi. Hər iki sənətkar sözünü, ürək təbrikini musiqi ilə sənə yetirdi. Sən də şövqlə oynadın, qızlara qoşuldun.
Yaşar Nuri əyilib qulağıma pıçıldadı:
– Əlibalaya Allah ömür versin. Oynamağı yaman kövrəltdi məni. Hayıf, üzü o yanadır.
– Allah özü bilən məsləhətdir,– deyə üzümü yana çevirdim.
***
Əlibala Hacızadə ömrü boyu çətinliklərdən keçə-keçə, həyatın ağrı-acılarına mərdliklə dözə-dözə, yeri gələndə dişlərini bir-birinə sıxıb onları biçə-biçə gəlmişdi.
Bəlkə də, elə buna görə idi ki, zarafatla ona “yetim Əlibala” deyirdik. O da buna özünəməxsus izahat verirdi:
– Sən yetimin gözlərinə diqqətlə baxsan, görəcəksən ki, onun baxışlarının dərinliyində qəm-kədər dəniz kimi necə yuvalanıb.
Hərdən söhbətlərində gileyini, umacağını da gizlətmirdi:
– Mən ədəbiyyatımızın “ögey balasıyam”, – deyirdi. – Çoxları hələ məni yaxşı-yaxşı oxumayıb. Onlar məni nə duyur, nə də başa düşürlər.
Bu yerə çatanda fikrini dağıtmaq istəyirdim:
– Ay Əlibala, axı sən bir az əyirsən, – deyirdim. – Öz aramızdır, sözündə bir az inciklik var də var ha!..
– Qardaş, axı niyə əyirəm? – deyə bozarırdı. – Niyə inciklik olsun sözümdə?
–Axı sən ədəbiyyatımızın doğmasısan. Səni bu qədər oxuyurlar, sevirlər, alqışlayırlar. O boyda akademik Məmməd Arif bir vaxtlar səni göylərə qaldırmışdı. Yeni kitablarını da həmişə gözləyirlər.
Səsi dəyişirdi:
– Bunları az-maz bilirəm.
– Bəs nəyi bilmirsən?
– Ay Nahid, ürək dostum olsan da, sənin bilmədiyin çox şey var, – deyə siqaretə od vururdun.
– Nədir o çox şey?
– Axı hər şeyi demək olmur.
Gülürdüm:
– Əzizim, deyəcəyin var ki, deyəsən?
– Bəlkə də sən haqlısan, – sözünü döndərirdi.
Bir dəfə gözləmədiyim halda soruşdu:
– Bəlkə, səndə “İtkin gəlin”in artıq nüsxəsi ola?
– Elə hesab elə ki, var, – dedim. – Yadında varsa, roman çıxanda avtoqrafla mənə özün bağışlamışdın.
– Bunu bilirəm. Bəs artıq nüsxə haradandır?
– Onu da bizim “Kitab rəfi” verilişimiz üçün “Gənclik” nəşriyyatının direktoru Əzizə Əhmədova göndərmişdi. Mən də verilişin aparıcısı Əlfi Qasımova verdim. Sonra da apardım evə.
– Bu lap qiyamət oldu ki! – deyə Əlibala sevincini gizlətmədi. – Demək, bu nüsxəni mənə verirsən, mən də avtoqraf yazıb, dostumun ailəsini sevindirirəm.
– Sabah gətirərəm. Stolumun üstündə olacaq.
Yayın cırhacır vaxtı idi. Axşam evə çatar-çatmaz telefonumuz zəng çaldı. Dəstəyi götürdüm. Əlibala idi. Sevinc dolu səslə:
– “Günün ekranı”na baxırdın? – deyə tələsik soruşdu.
– Yox, qapıdan elə indi girmişəm. Könül açan nə dedilər?
– “İtkin gəlin”in bəxti açıldı.
– Nə mənada?
– O mənada ki, romanı təkrar çap edəcəklər.
– Bunu kim dedi?
– Respublikanın böyüyü.
– Respublikanın böyüyü birinci katibdir, yəni Heydər Əliyev.
– Nahid, lap o kişinin öz dilindən eşitdim. Bilirsən ki, onun da sözü sözdür. Ürəyim durmadı, götürüb Əzizə xanıma zəng elədim. Sən demə, o da baxırmış televizora. Cavabı bu oldu ki, uzağı bir aya “İtkin gəlin” trilogiyası yenidən yüz min nüsxə tirajla buraxılacaq. Qonorarı qonorar, şöhrəti də şöhrət. – Əlibala kefi kök halda, – Qardaş, necədir səninçün? – dedi.
– Necə olacaq? – deyə cavab verdim. – Əliyyul-əla. Görürsənmi, xoruzun da yumurtlayır.
– Kasıbın da Allahı var, buna deyərlər.
Heydər Əliyev pambıq yığımının gedişi ilə tanış olmaq üçün Saatlı rayonuna gedibmiş. Bir tarla düşərgəsində pambıqçı qızlarla ürək söhbət eləyir.
– Qızlar, nəyə ehtiyacınız var, – deyə soruşur. – Bilirəm, payızda toylar olacaq. Bəlkə, aranızda könlündən cehiz mebeli keçənlər var. Utanmayın, deyin. Sizə xarici mebel də verə bilərik. Nə lazımsa, kömək edərik.
Qızlar yerbəyerdən cavab verirlər:
– Sağ olun, yoldaş Əliyev, hər şeyimiz var, çox razıyıq.
Heydər Əliyev hiss edir ki, qızlardan biri nəsə demək istəyir. Üzünü ona tutur:
– Ay qızım, sənin istəyin nədir, könlündən nə keçir?
Qız utana-utana:
– Sağ olun, hər şeyimiz var, – deyir. – Özümün də, bax, bu qızların da bir istəyini sizə yetirmək istəyirəm. Bəlkə də, heç yeri deyil.
– Ay qızım, niyə yeri olmasın ki? – deyə onu ruhlandırır. – Sən istəyini de, sonrası ilə işin olmasın.
Qız qayıdır ki:
– Kəndimizə bir maraqlı kitab gətiriblər – yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanıdır. Biz onu növbə ilə oxuyuruq. Mən 25-ci adamam. Allah bilir, mənim növbəm nə vaxt çatacaq?
Heydər Əliyev gülür:
– Darıxma, qızım, növbən tez çatar. Bakıya qayıdan kimi tapşıraram, “İtkin gəlin”i o qədər çap eləyərlər ki, hamıya çatar. Lap mənə də…
Tezliklə mağazalarda “İtkin gəlin”in yenidən gur satışı başladı.
Bu əhvalat Əlibala Hacızadəyə qanad vermişdi. Sevincdən uçduqca uçmaq istəyirdi.
***
Əlibala Hacızadə illərlə gözlədiyi “Seçilmiş əsərləri”nin oncildliyinin birinci cildinə yazdığı “Ön söz”də fikir və duyğularını belə ifadə etmişdi: “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdır. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklığını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz, napak şeyləri qəbul etmir, silkinib, çırpınıb gec-tez sahilə atır.
Mən nə az, nə çox, düz 50 ildir ki, bu aləmdəyəm. Cəlişim səssiz-küysüz olub, burada yaşadığım o 50 ildə səsdən-küydən, münaqişə, çəkişmə-didişmələrdən uzaq olub və yəqin ki, gedişim də səssiz-küysüz olacaq…”
O, insan qəlbinin sarı simində çalınan ülvi hisslər, duyğular, qövsü-qüzeh misallı emosiyalar tərcümanıdır. Əlibala Hacızadə söz ustasıdır. Nə o kiməsə bənzəyir, nə də kimsə ona.
O, şöhrətdən, dəbdən-dəbdəbədən çox-çox uzaqda duran, sözü ucadan-uca tutan, balalarına sözdən qazandığı halal çörəyi dünyanın ən gözəl, ən müqəddəs neməti sayan sənətkar idi.
O, şair kimi də oxucuların, dinləyicilərin, tamaşaçıların sevgisini qazanıb. Roman, povest, hekayələri ilə yanaşı, “Mənim yazıq ürəyim” adlı şeirlər kitabını sevə-sevə oxuyuruq. Sözlərinə bəstələnmiş mahnılar Zeynəb Xanlarova, Aygün Kazımova, Brilyant Dadaşova, türk müğənnisi Sərdar Ortac kimi populyar müğənnilərin repertuarında geniş yer tutur.
…Azəbaycan ədəbiyyatının Əlibala Hacızadə sütunu, ucalığı var. O, çoxşaxəli bir sənətkar kimi oxucuların ürəyində özünə yer tutub. Qəhrəmanları efirdən, ekrandan, teatr səhnələrindən gur səslə danışır. Kitabları yeni ömür başlayır. Müəllifin on cildliyi gələcək illərə, nəsillərə üz tutub. O, lirik-emosional hekayələr, oxucuları ovsunlayan romanlar, ellərdən-ellərə yayılan lirik nəğmələr, şeirlər müəllifi kimi oxucuların qəlbində yaşayır və yaşayacaqdır. Əlibala Hacızadənin adı oxucuların ürəyinə həkk olub. Biz qələm dostları onu tez-tez yada salır, xoş duyğularla xatırlayırıq.