Mən nənəmi çox sevirəm - Ulucay Akif

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

23 dekabr 2024
# 11:00

Kulis.az Ulucay Akifin "Mən nənəmi çox sevirəm" yazısını təqdim edir.

Mən nənəmi çox istəyirəm. Nənəm mənim uşaqlığımın ən isti yeridi.

Yadıma düşür, qardaşımla mənim əlimdən tutub bərbərə aparırdı. Ağlamayaq deyə "marojna" da alırdı. Boyumuz uzananda kostyum mağazasına aparıb təzə kostyum seçirdi bizim üçün.

Şahmat oynayırdıq. Həmişə udurdum nənəmi. O deyəndən sonra anam məni şahmat məktəbinə yazdırdı. Bir ay sonra Bakı üzrə şahmat yarışında qalib oldum.

Atasızlığı hiss etməməyimiz üçün çox çalışdı nənəm. Evimizə bazarlıq elədi, cibimizə xərclik qoydu.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir dəfə evimizin damından yıxılmışdım. Qarnım kubikə dəymişdi. Anamla nənəm xəstəxanaya apardı məni. Uziyə saldılar. Həkim dedi ki, mədəmdə qan topalanıb... nəsə elə bir şey... əməliyyat olunmalıydım. Çox ciddi idi vəziyyət.

Sınıqçıya da apardılar məni. Gecə səhərə kimi nənəmlə anam başımın üstündə Quran oxudular, üfürüb qarnıma sığal çəkdilər.

Səhərisi gün başqa həkimə getdik, yenə uziyə saldılar. Həkim dedi ki, heç nəyin yoxdu, qan-filan toplanmayıb heç yerində, sapsağlamsan.

Nənəm sevincindən hönkürüb ağladı. Əyilib həkimin ayaqlarından öpmək istədi. Həkim güclə ayağa qaldırdı nənəmi.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Nərd oynamağı nənəm öyrədib mənə. Amma heç vaxt nənəmdən güclü oynaya bilmədim nərdi. Son illərdə gözləri zəiflədi, başladım onu udmağa.

Bizim savadlı olmağımızla forslanırdı. Hər ad günümüzdə bizə üstünə adımız yazılı qələm, fincan, belə şeylər alırdı.

İndi də mənim adımı fəxrlə çəkir hər yerdə. Elə bilir ki, böyük adamam. Telefonunda yutuba girib mənim videolarımı axtarır, baxır, internetdən yazılarımı tapıb oxuyur.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Mən nənəmi çox sevirəm.

Bir-iki il qabaq şəkər xəstəliyinə görə bir gözü tutuldu. Pis oldum. Özünə hiss elətdirmədim. Dedim, ay nənə, guya dünyada iki gözlə görməli nə var e, elə bir gözlə də baxmaq bəsdi. Güldü.

Müdrik qadındı nənəm. Bir gözünün tutulmağını rahat qəbullandı.
Yenə nərd oynadıq. Nərdtaxtanın üstündəki zərin ikinci tayını gec tapmağa başladı, əliylə axtarmağı vərdiş elədi.

Əvvəl, lap əvvəl, uşaq olanda, nənəmə yük olmurdum. Məni vannaya salıb çimizdirirdi. Yeməkləri də özü bişirirdi. Oyananda səhər yeməyimi hazır görürdüm.

Birinci gözü tutulandan sonra nənəmə çətin oldu yemək bişirmək, evi yığışdırmaq… Ona əziyyət olmamaq üçün az gedib-gəlməyə başladım.

Nənəmin ikinci gözü də tutuldu...

Dünən yanında idim.

Səsimi eşitdi, amma üzümə baxmadı. Gördüm ki, heç yerə baxmır.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Dedi, gəlmə yanıma, qoy yadında həmişəki nənən kimi qalım. Özümü saxladım. Ağlamadım. Elə bildim, mənim gözlərim kor olub.

Mənim canım nənəm, mənim gözüm nənəm.

İpək saçlarını sığalladım, öpdüm.

Ağladı.

Toppuş, yumşaq əllərini öpdüm.

Ağladı.

Nənəm ağlayanda uşaq kimi ağlayır.

Nənəm ağlayanda elə bilirəm, dünyadakı ən çarəsiz adam mənəm.

Bilmədim, nə deyim nənəmə.

Dişimi dişimə sıxdım, ağlamadım.

Mən indi işdə, kompüterimin arxasında oturmuşam, nənəm isə evindədi və heç nə görmür. İstəyirəm, qaçım yanına, dizinin dibində oturum, heç yerə getməyim.

Mənim gözəl nənəm, mənim canım nənəm.

Bir bilsən, səni nə qədər çox istəyirəm.

Nənəm mənim toyumu görmək istəyib həmişə.

Mən nənəmə necə bəyəndirəcəm gəlinini?

Mənim gözəl nənəm, mənim canım nənəm.

Dünən sənin yanında ağlamağa gözüm olmadı, evdə bütün gecəni hıçqıra-hıçqıra ağladım...

# 725 dəfə oxunub

Oxşar xəbərlər

Paris Nortdam kilsəsində top atəşi - Sabir Əhmədlinin hekayəsi

Paris Nortdam kilsəsində top atəşi - Sabir Əhmədlinin hekayəsi

10:00 21 dekabr 2024
Əncir qurusu - Rəhman Əlizadənin hekayəsi

Əncir qurusu - Rəhman Əlizadənin hekayəsi

17:00 19 dekabr 2024
Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi

Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi

11:05 19 dekabr 2024
Kino və kələm şorabası - Seyran Səxavətin yeni hekayəsi

Kino və kələm şorabası - Seyran Səxavətin yeni hekayəsi

09:00 17 dekabr 2024
Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
#
#
# # #