Lüğətimizdəki ən ağrılı söz

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

26 fevral 2024
# 16:23

Kulis.az Ulucay Akifin "Xocalı - lüğətimizdəki ən ağrılı söz" adlı yeni yazısını təqdim edir.

Xocalı haqqında nəsə yazmaq çox çətindir.

Çünki Xocalı elə bir hadisədir ki, yanına qoyulan “faciə” sözü də çox zəif görünür yanında.

Ümumiyyətlə, “Xocalı” Azərbaycan lüğətində ən ağrılı sözdür.

Hər Xocalı günündə o kadrlara baxıram.

Əzbər bilirəm o kadrları. Hansı cəsəddən sonra hansı gələcək, körpənin əynindəki paltar necəydi, qadının əynindəki paltar necəydi, başında buxara papaq babanın üzündəki nur necəydi... Gözüaçıq ölənlər necəydi...

Dəyirman qrupunun "Ya Qarabağ, ya ölüm" repinə qulaq asıram dəfələrlə.

Azərpaycanın rep tarixinin ən güclü repidir "Ya Qarabağ, ya ölüm". Bu repin sözləri türkiyəli mərhum şair Ozan Arifin şeiridir.

O rep minlərlə, on minlərlə, yüz minlərlə gənci vətənpərvər ruhda böyütdü. Qisas hissiylə böyüdük. Hə. Qisas hissi. Zəncir gəmirirmiş kimi dişlərimizi qıcayıb o günü gözlədik biz.

Qəzəbliydik, utanclıydıq, məyusduq...

Atam Akif Səmədin şeirində belə bənd var idi:

“Atandı, əmindi, bizik...
Qulaqları sağır, bala.
Hər səhər evdən çıxanda
”Şuşa!” deyib bağır, bala!”

Atam utanırdı.

Bütün başıpapaqlı kişilərimiz utanırdı övladlarından, arvadlarından.

Öz içimizdə belə bir-birimizin üzünə vururduq bu faciəmizi.

“–Nəsə problem var, qaqaş?

– Hə, var. Problem Qarabağdı! Get həll elə!”

Bu cür dialoqlar olurdu öz aramızda. Bilmirdik içimizdəki o utancı, ağrını necə dindirək, hirsimizi kimdən çıxaq?

Meyxanaçıların erməniləri, Petrosyanı, Sarkisyanı söydüyü deyişmələrdə təskinlik axtarırdıq. Şabaş atırdıq meyxanaçılarımızın qabağına ki, “söyün erməniləri, ürəyimizdən ox çıxsın!”.

İdman xəbərlərində gözümüz bir xəbər axtarırdı ki, hansısa ölkədə keçirilən bir yarışda güləşçimiz erməni güləşçinin belini yerə vursun, boksçumuz erməni boksçunu nakaut, şahmatçımız mat eləsin.

Erməni idmançıya uduzan idmançılarımız uşaq kimi, hönkür-hönkür ağlayırdı güləş döşəkçəsində, rinqdə, tatamidə...

Bir xalqa vurula biləcək ən böyük zərbə idi bu: “məğlubluq sindromu”.

Bu gün isə Xocalı azad olunub.

Bəlkə də, indi bir çoxumuz Xocalının, Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xankəndinin azad olunmasının (müharibə ilə!) nə qədər böyük və möhtəşəm hadisə olduğunun fərqində deyilik,

amma bizdən sonrakı nəsillər buna görə həmişə bizə minnətdar olacaq.

Onlar bizimlə fəxr edəcək.


Onlar utanmayacaq, onlar məyus olmayacaq.

Onların alnı açıq, üzü ağ olacaq.

Bizim də onlar qarşısında alnımız açıq, üzümüz ağ olacaq həmişə.

Onlar məğlub yox, qalib xalqın övladları olacaq.

Böyük işlər görəcək onlar.

21-ci əsrdə müharibə ilə torpaqlarını geri qaytaran, qələbə qazanan neçə xalq var?

Mənim ağlıma gəlmir.

Biz çox böyükük, möhtəşəmik.

Elmə, mədəniyyətə, sənətə yönəldikcə daha da qüdrətlənəcəyik.

Buna çox inanıram.

Amma mən yenə də o kadrlara baxacam, "Ya Qarabağ, ya ölüm" repinə qulaq asacam.

Unutmamaq üçün.

# 4573 dəfə oxunub

Oxşar xəbərlər

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

17:10 9 aprel 2026
Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

14:30 8 aprel 2026
Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

12:00 7 aprel 2026
Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:10 7 aprel 2026
Gizli duyğu - Ayzek Azimovun hekayəsi

Gizli duyğu - Ayzek Azimovun hekayəsi

10:10 6 aprel 2026
Yadplanetli - Günel Mehrinin hekayəsi

Yadplanetli - Günel Mehrinin hekayəsi

13:23 4 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər