Kağız paketlər - Günün hekayəsi

Kağız paketlər - Günün hekayəsi
13 noyabr 2024
# 14:00

Kulis.az "Günün hekayəsi" layihəsində ABŞ yazıçısı Reymon Karverin "Kağız paketlər" hekayəsini təqdim edir.

Oktyabr, nəmli bir gün. Oteldə qaldığım nömrənin pəncərəsindən şəhərin böyük bir hissəsini görə bilirəm. Binaların bəzilərindən gələn işıqları, hündür bacalardan çıxan qatı tüstünü də. Kaş ki, görməzdim.

Keçən il Sakramentoda atamla görüşərkən mənə danışdığı əhvalatı sizə nəql edəcəm. Onun başına gələn bu hadisə həmin vaxtdan – atamla anamın boşanmasından iki il əvvəl baş verib.

Mən kitab satıcısıyam. Məşhur bir şirkəti təmsil edirəm. Dərslik çap edirik, əsas ofisimiz Çikaqoda yerləşir. İllinoys, Ayova və Viskonsinin bir hissəsinə mən baxıram. Los-Ancelesdə Qərb Kitab Naşirləri Assosiasiyasının konqresinə gedəndə birdən ağlıma gəldi ki, atamla görüşüm. Boşanandan bəri onu görməmişdim, bilirsiz də. Ünvanını pul qabımdan çıxarıb teleqraf göndərdim. Növbəti günün səhəri əşyalarımı Çikaqoya yollayıb Sakramentoya uçan təyyarəyə mindim.

İzdihamın içində onu tapmaq elə də çətin olmadı. Hamının dayandığı yerdə dayanmışdı – qapının yanında – ağ saçları, eynəyi və şux qəhvəyi şalvar ilə.

– Necəsən, ata? – dedim.

– Les, – dedi.

Ötəri görüşüb terminala tərəf getdik.

– Meri və uşaqlar necədi? – soruşdu.

– Hamısı yaxşıdı, – dedim. Yalan danışdım.

Əlindəki ağ kağız paketi mənə uzatdı.

– Gedəndə bunları da apararsan, – dedi. – Böyük bir şey deyil. Meri üçün bir az badamlı şokolad, uşaqlar üçün də marmelad.

– Sağ ol, – dedim.

– Götürməyi yadından çıxarma, – dedi.

Bir neçə rahib uçuş zonasına qaçırdı. Yoldan çəkildik.

– İçki, yoxsa kofe? – soruşdum.

– Sən qərar ver, – dedi. – Mən maşınsızam.

Gözləmə zalına getdik, içki aldıq, siqaret yandırdıq.

– Nəhayət, görüşdük, – dedim.

– Həə, – dedi.

Çiyinlərimi çəkib “həə” dedim.

Stula söykənib dərin nəfəs aldım; onun başının üstündə asılı qalan kədərli havanı ciyərimə çəkdim.

– Çox güman, Çikaqo hava limanı dörd bu boydadı, – dedi.

– Ondan da böyük, – dedim.

– Bilirdim elə, – dedi.

– Nə vaxtdan eynək taxırsan?

– Uzun müddətdi, – cavab verdi.

İçkidən böyük bir qurtum alıb dərhal mövzuya keçdi.

– Məni öldürsə, bu öldürəcək. – İri əlləri ilə qədəhi qucaqladı. – Oxumuş adamsan, Les. Məni ancaq sən başa düşə bilərsən.

Üstündəki yazını oxumaq üçün külqabını çevirdim: “XARRA KLUBU/RİNO VƏ TAXO GÖLÜ/ƏYLƏNCƏLİ GÖZƏL MƏKANLAR

– “Stenli” şirkətində işləyirdi. İncə-mincə qadın idi, əlləri və ayaqları balaca, saçları kömür qarası. Düzdü, gözəllər gözəli deyildi, amma suyuşirin idi. 30 yaşı olardı, uşaqları var idi. Əxlaqlı qadın idi, indi danışacaqlarıma fikir vermə.

Anan alış-verişi həmişə ondan edərdi; süpürgə, döşəmə silən, piroq qabı və s. Ananı tanıyırsan da. Şənbə idi, evdəydim. O da harasa getmişdi. Bilmirəm hara. İşləmirdi. Qapı döyüləndə girişdəki otaqda qəzet oxuyub kofe içirdim. Gələn Salli Ueyn idi. Həmin incə-mincə qadın.

– Missis Palmerin sifarişlərini gətirmişəm, – dedi.

– Mən əriyəm, – dedim. Ardınca: – Missis Palmer evdə yoxdu, – əlavə elədim. Sifarişlərin pulunu gətirənə qədər ondan içəri keçməsini xahiş elədim. Bir anlıq tərəddüd elədi, bilmədi girsin, ya yox. Əlində balaca kağız paketlər və qəbz ilə elə yerindəcə donub qaldı.

– Onları mənə verin, – dedim. – Mən pul tapana kimi, bəlkə, içəridə gözləyəsiz?

– Problem deyil, – dedi. – Sonra ödəyərsiz. Başqa müştərilər də belə edir. – Narahat olmadığını bildirmək üçün gülümsədi.

– Yox, yox, – dedim. – Pulum var. İndi ödəyəcəm. Bir də niyə gələsiz, mən özüm də borclu qalmağı xoşlamıram. – İçəri keçin, – dedim, qapı torunu açıq saxladım. Onu çöldə gözlətmək ayıb olardı.

Öskürdü və siqaretimdən birini götürdü. Barın yanında bir qadın güldü. Ona baxdım, sonra külqabının altındakı yazını təzədən oxudum.

– İçəri keçdi. “Bir dəqiqə gözləyin”, dedim və pulqabımı tapmaq üçün yataq otağına getdim. Qarderoba baxdım, tapa bilmədim. Bir az xırda pul, kibrit qutuları və darağımı tapdım, amma pulqabımı tapa bilmədim. Həmin səhər anan evi təmizləmişdi. Nəsə, geri qayıdıb “pulqabımı tapa bilmirəm”, dedim.

– Narahat olmayın, – dedi.

– Heç bir narahatlıq yoxdur, – dedim. – Onsuz da onu tapmalıyam. Siz rahat olun. Elə bil öz evinizdi.

Təşəkkür elədi, ardınca soruşdum:

– Şərqdəki böyük silahlı soyğundan xəbəriniz var? Elə bu barədə oxuyurdum ki, siz gəldiz.

– Dünən gecə TV-də gördüm, – dedi.

– Yaxşı aradan çıxıblar, – dedim.

– Yəqin, peşəkardılar, – dedi.

– Qüsursuz cinayət, – dedim.

– Hər adam canını qurtara bilməz bundan, – dedi.

Başqa nə deyim bilmirdim. Eləcə orada dayanıb bir-birimizə baxırdıq. Verandaya çıxıb paltar səbətində şalvarımı axtarmağa başladım, dedim, yəqin, anan ora qoyar. Pulqabım şalvarımın arxa cibində idi. Götürüb otağa qayıtdım.

– Borcumuz nə qədərdir? – soruşdum.

Səhv xatırlamıramsa, üç, ya dörd dollar idi. Ödədim. Sonra bilmirəm niyə, soruşdum ki, soyğunçuların oğurladıqları pul onda olsaydı, neyləyərdi.

Güldü, dişlərini gördüm.

Ondan sonra mənə nə oldu bilmirəm, Les. 55 yaşım var idi, uşaqlar da böyük. Gərək özümü cilovlayaydım. Qadın məndən iki dəfə balaca idi, uşaqları məktəbə gedirdi. “Stenli” deyilən şirkətdə onlar məktəbdə olan vaxt işləyirdi, baş qatmaq üçün. İşləməyə məcbur deyildi. Pis yaşamırdılar. Əri Lerri yükdaşıma şirkətində sürücü işləyirdi. Yaxşı pul qazanırdı, özün bilirsən də.

Dayanıb üzünü quruladı.

– Hamı səhv edə bilər, – dedim.

Başını buladı.

– İki oğlu var idi: Xenk və Freddi. Biri o birindən bir yaş böyük idi. Şəkillərini göstərmişdi mənə. Əlqərəz, mən o pulla neyləyəcəyini soruşanda güldü, sonra da “yəqin, “Stenli”dən çıxıb Daqoya köçər və ev alıb orda yaşayaram” dedi. Daqoda qohumları var imiş.

Siqaretin birini də yandırıb saatıma baxdım. Barista qaşlarını, mənsə eynəyimi qaldırdım.

– Divanda oturmuşdu, məndən siqaret istədi. Özününkünün o biri çantasında qaldığını və evdən çıxandan bəri çəkmədiyini dedi. Evdə paçka ola-ola siqaret almaqdan zəhləsi gedirmiş. Ona bir siqaret verib yandırdım. Əllərim əsirdi, Les.

Sözünə ara verib bir dəqiqə butulkalara baxdı. Bayaq gülən qadın qollarını yanındakı kişilərin qollarına kilidləmişdi.

– Sonra hər şey dumana büründü. Xatırlayıram, kofe istəyib-istəmədiyini soruşdum. Dedim, təzə dəmləmişəm. Dedi artıq getməliyəm, amma bir fincan içə bilərəm. Mətbəxə gedib kofenin qızmasını gözlədim. Allah şahiddir, Les, ananla olduğum müddətcə bircə dəfə olsun ona xəyanət etməmişəm. Bircə dəfə. Nə yalan deyim, bəzən ürəyim istəyirdi, hətta fürsət də yaranmışdı. Ciddi deyirəm, sən ananı mənim qədər tanımırsan.

– Ehtiyac yoxdu bu barədə danışasan, – dedim.

– Kofeni gətirəndə artıq paltosunu çıxarmışdı. Divanın o biri küncündə oturdum və şəxsi söhbətlər eləməyə başladıq. Dedi ki, uşaqları Ruzvelt ibtidai məktəbində oxuyur, əri isə sürücü imiş, arada bir-iki həftəlik səfərə çıxırmış . Sietlə, ya da Los-Ancelesə, bəzən də Feniksə. Evdə tapılmırmış. Lerri ilə məktəbdə tanış olmuşdular. Onunla bu qədər yol qət etdiyinə görə özü ilə qürur duyduğunu dedi. Çox keçmədən ona bir lətifə danışdım, dodağı qaçdı. İkibaşlı reaksiya idi. Sonra səyyar ayaqqabı satıcısının dul qadına zəng elədiyi lətifəni eşidib-eşitmədiyimi soruşdu. Lətifəyə birgə güldük, sonra mən daha gülməlisini danışdım. Xeyli gülüb siqaret yandırdı. Söz sözü çəkirdi.

Sonra… öpdüm onu. Başını divana söykəyib öpdüm. Dili ağzıma girmək üçün tələsirdi. Başa düşürsən nə deyirəm? Bir adam ömür boyu bütün qaydalara əməl edərək yaşaya bilər, amma elə bir an gələr, hər şeyə tüpürər. Bəxt ondan üz döndərər, başa düşürsən də.

Hər şey ildırım sürəti ilə oldu qurtardı. Sonra, “indi, yəqin, elə bilirsən fahişə-zadam” dedi və çıxıb getdi.

Çox həyəcanlıydım, başa düşürsən də. Divanı düzəltdim, döşəkçələri tərsinə çevirdim. Qəzetləri yığışdırdım, kofe içdiyimiz fincanları yudum. Qəhvədanı təmizlədim. Bunları edə-edə bircə şey düşünürdüm: ananın üzünə necə baxacam. Qorxurdum.

Həə, hər şey belə başladı. Ananla yenə əvvəlki kimi bir yerdə yaşayırdıq. Amma o hadisədən sonra həmin qadınla mütəmadi görüşməyə başladım.

Bar stulunda oturan qadın ayağa qalxdı. Bir neçə addım atıb mərkəzə gəldi və rəqs etməyə başladı. Başını otərəf-butərəfə yelləyərək çırtıq çaldı. Barmen əl saxladı. Qadın qollarını başının üstünə qaldırıb durduğu yerdə kiçik bir dairə cızdı. Amma sonra dayandı. Həmin vaxt barmen yenidən öz işinə qayıtdı.

– Gördün bunu? – atam soruşdu.

Cavab vermədim.

– Hər şey belə başladı, – sözünə davam elədi. – Lerrinin iş qrafiki var idi, mən də fürsət düşdükcə onlara gedirdim. Anana da hər dəfə bir şey deyirdim.

Eynəyini çıxarıb gözlərini yumdu.

– Bunları heç kimə danışmamışam, – dedi.

Heç nə demədim. Səhnəyə, sonra da saatıma baxdım.

– Qulaq as, – dedi. – Nə vaxt uçacaqsan? Başqa təyyarəyə minə bilərsən? İcazə ver içkilərimizi təzələyək, Les. Əlavə ikisini də sifariş elə. Çalışacam tez danışım. Bir dəqiqə vaxt ver, bitirirəm. Qulaq as, – dedi.

– Ərinin şəklini yataq otağında, çarpayının yanında saxlayırdı. Əvvəl-əvvəl şəkil məni narahat edirdi. Amma sonra öyrəşdim. Görürsən də, insan nələrə öyrəşir? – başını buladı. – Hələ də inana bilmirəm. Qısası, hər şey pis qurtardı. Olanları bilirsən.

– Mənə nə danışmısan, ancaq onları bilirəm, – dedim.

– Danışım da, Les. Bu məsələdə ən vacib şeyin nə olduğunu danışım sənə. Bilirsən, bəzi şeylər var. Ananın məni tərk eləməyindən daha vacib şeylər. Qulaq as. Bir gün çarpayıda uzanmışdıq. Nahara az qalmışdı, deyəsən. Sadəcə, uzanıb danışırdıq. Ola bilsin, mürgüləyirdim. Yuxuyla oyaqlıq arasındakı o qəribə halı deyirəm, bilirsən də. Amma eyni zamanda öz-özümə deyirdim ki, bir azdan durub getməliyəm. Elə həmin vaxt bir maşın qaraja girdi və kimsə qapını çırpıb bağladı.

– Aman Allah, – Salli qışqırdı. – Gələn Lerridi!

Dəli oldum. “Arxa qapıdan qaçsam, məni elə hasarın yanındaca tutub öldürər”, deyə düşündüyümü xatırlayıram. Salli qəribə səslər çıxarırdı. Təngnəfəs olmuşdu. Xalatı əynində idi, amma qabağı bağlı deyildi. Mətbəxdə dayanıb başını yelləyirdi. Bunların hamısı birdən oldu, başa düşürsən?! Və bütün bunlar baş verəndə mən paltarlarım əlimdə tumançaq dayanmışdım, Lerri də qabaq qapını açırdı. Bilmədim neyləyim, tullandım. Geniş pəncərədən, şüşələrin içindən çölə tullandım.

– Qaça bildin? – deyə soruşdum. – Arxanca gəlmədi?

Atam mənə elə baxdı ki, sanki ağlımı itirmişəm. Sonra gözlərini boş qədəhə zillədi. Saatıma baxıb gərnəşdim. Yüngül baş ağrım var idi.

– Mən getsəm, yaxşı olar, – dedim. Çənəmi sığalladım, sonra da yaxamı düzəltdim. – O qadın hələ də Reddinqdə qalır?

– Heç nə bilmirsən, hə? – dedi atam. – Sən ümumiyyətlə heç nə bilmirsən. Kitab satmaqdan başqa.

Artıq vaxt idi, getməli idim.

– Sən Allah, üzrlü hesab elə, – dedi. – Heç nə, adam darmadağın oldu. Döşəməyə sərilib ağlamağa başladı. Salli də mətbəxdə idi. O da orda ağlayırdı. Diziüstə çöküb Allaha dua elədi, özü də adam eşitsin deyə ucadan dua elədi.

Atam başqa nəsə də demək istəyirdi. Amma bunun əvəzinə başını buladı. Bəlkə də, mənim nəsə deməyimi gözləyirdi.

Amma birdən:

– Yox, sən uçmalısan, – dedi.

Paltosunu geyinməyinə kömək elədim və gəzməyə başladıq. Dirsəyindən tutan əlim onu yönləndirirdi.

– Gəl səni taksiyə mindirim, – dedim.

– Yox, mən səni yola salım, – dedi.

– Ehtiyac yoxdu, – dedim, – ­bəlkə, gələn səfər.

Sağollaşdıq. Bu, onunla son görüşüm idi. Çikaqo yolunda hədiyyələri qoyduğu kağız paketləri barda unutduğumu xatırladım. Heç nə olmaz. Onsuz da Merinin şirniyə ehtiyacı yoxdu, badamlı şokolada, ya başqa nəyəsə də.

Keçən ildə qaldı bunlar. İndi daha az ehtiyacı var.

Tərcümə: Altunay Hüseynli

# 503 dəfə oxunub

Oxşar xəbərlər

Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı

Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı

17:46 2 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

15:00 1 dekabr 2024
Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

10:00 30 noyabr 2024
Adsız ağrı - Luici Kapuananın hekayəsi

Adsız ağrı - Luici Kapuananın hekayəsi

14:00 29 noyabr 2024
“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

13:00 28 noyabr 2024
#
#
# # #