İngiliscə söyüş söyən toyuq – Ruhulladan yeni hekayə

Ruhulla, yazıçı

Ruhulla, yazıçı

18 oktyabr 2021
# 16:33

Kulis.az Ruhullanın “Alma ağacı” adlı hekayəsini təqdim edir.

Alma ağacının altında oturmuşam. Alma sevdiyim meyvələrdən deyil, amma burda hər gün yeyirəm. Ən çox quşlarla söhbət edirəm. Saata baxıram. 16:30. Sanki 1 il yox, 7 il keçib.

Deyilənə görə, insan bədənində 7 il ərzində bütün hüceyrələr dəyişir. Yəni 7 il əvvəlki səndən əsər əlamət yoxdur. Yadımdadır, səhərisi müharibə başlamışdı. 20% torpaqların geri qaytarılması və yeni eranın başlanğıcı qoyuldu. Kim inanardı?.. Heç mən də inanmazdım ki, öz 20%-mi qaytara və yeni eraya başlaya bilərdim.

Yoox, yenə gəlir. Axı indi nə istəyir? İndi özümlə maraqlı söhbət edirdim gərək həmsöhbətimi xəttə saxlayım sənin suallarına cavab fikirləşim. Mimikalara və bütün üz əzələlərinə “marş” komandası! Haydı iş başına! Şablon reaksiyalara hazır olun.

- Sən nöş oturmusan? Sən darıxır, kefsiz? Gəl TV-ə bax.

- Yox, yaxşıyam, TV-ə baxan deyiləm. Dincəlirəm.

Dərhal keçmişdə ağacın altında oturan bir gədə adlı hadisə danışmağa başladı. Əslində çox yaxşı adamdır və mənimlə tez-tez maraqlanmağı qayğısından irəli gəlir. Mən isə bütün qayğılardan qaçıb gəlmişəm. Nəzakət və yolavermə arasındakı balansı qorumağa çalışıram. Gəncliyində qaçırdığı fürsətlərdən bir az danışdıqdan sonra bir sual gəldi.

- Sən rəssam? Nə çəkirsən?

Ay daa, indi mən nə çəkdiyimi necə izah edim? Bunu mənim özümə də izah edən lazımdır. Deməyi unutmuşdum, quşlarla danışmaq kimi istedadımdan əlavə, həm də rəssamam.

- Hə, rəssamam. Ordan-burdan, belə qarışıq şeylər.

- Pulu necə qazanır?

Anladım ki, mən, neçəyə, harda, necə, ayda neçə ədəd suallarını özündə cəmləşdirən ümumi bir 200/300 işarəlik qısa avtobioqrafiya danışmasam bu suallar başqa formada yenə mənə veriləcək. Bu an yanındakı – Sən pilləkən düzəldib necə qazanırsansa, o da milyonerlərin evindən əsərini asır qazanır.

Ah,a pilləkən! Ləzgi qardaş bunu dəyərləndirir!

- Pilləkən demişkən, o Hafizin oğlu...

Nəhayət başları qarışdı, müvəqqəti məni unutdular. Görəsən 1 ildə dəyişməyən nədir? Dərisini dəyişən ilan kimiyəm. O dərini soymaq üçün ilan nə qədər özünü ən iti, ağrılı maneələrə sürtməli olur. Həyat adlı dərini soymaq üçünsə sadəcə sürünmək kifayət etmir. Soyunduğun dəri ara-sıra qabağına çıxır, bəzən üstünə fısıldayır, bəzən səni keçmişdəki sürünmələrə görə ittiham edir, bəzən başqa sürünənləri nümunə gətirir, bir gün qarşılaşırsan zəhər atır, bir gün qarşılaşırsan sevgi. Yəni o dəri hər formada, necəsə sənin həyatına hər bucaqdan daxil olub öz zəhərini töküb gedir amma heç cür məhv olub getmir. Gərək soyulmuş dərini dərinliklərdə, bacardığın qədər ən dərinə qazıb basdırasan ki, Charles Boonun Chapelwaite-dəki hekayəsini yaşamayasan.

Olur ki, məhəllədə bir gombulu döyürsən, dostları cəsarət edib sənə hücum etmirlər. Elə ki, gombul uşaq ətalət qanununa əsasən öz potensial enerjisindən istifadə edib səni yerə yıxır, qorxaqların hamısı başlayır təpikləməyə. Sən də təpiklərlə yerdə üzürsən. Bax keçən il bu vaxt mən həyat hovuzunda üzən uşaq idim. Üzməyi yaxşı bacarmışam həmişə. Səmimi və hər şeyi ürəkdən yaşayan b... İlahi, yenə gəldi bu kişi.

- Məlliim, gəl səni aparım qəşəng yerlərə. Şəlalələr, çaylar, quşlar. Onları çək.

- Təşəkkür edirəm. Amma tək qalıb öz kompozisiyalarımı işləmək istəyirəm.

- Həə, yaxşı, əmi.

Nəsə öz dillərində danışa-danışa getdilər. Nəhayət tək qaldım. Mimikalara azad komandası! Rahat nəfəs alıb boşluğa dala bilərəm. Özümü qara dəlik kimi hiss edirəm. O biri həyətə düşmüş topu gətirənə qədərki 5-6 saniyədə ac gözlüklə suyu içən uşaq kimi uduram boşluğu.

Xoş gəlmisən əziz boşluq! Necə də doğmasan. Səni həmişə kənarda axtarırdım ki, içimdə rastlaşmayım, amma artıq orda da gözəlsən. Səni ulduzlarla bəzəyəcəyəm. Səssizliyi eşidirsənsə artıq başlamışam.

Elə bunu düşünürdüm, qabağımda mənə qəribə-qəribə baxan toyuq qayıdasan ki:

- Fuck you, get out of here m...f..!

# 5177 dəfə oxunub

Oxşar xəbərlər

# # #