İlyas Tapdığın kompüteri – Vahid Aslan

Vahid Aslan

Vahid Aslan

17 dekabr 2021
# 14:02

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vahid Aslanın “İlyas Tapdığın kompüteri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həftənin dördüncü günü İlyas müəllim zəng elədi ki: - Ayə, qohum, bir kompüter almaq istəyirəm, yerini də eləmişəm. Həftənin altıncı günü vaxtın varmı gedək götürək... Dedim niyə altıncı gününə saxlayaq ki, elə sabah da günortadan sonra gedə bilərik.

- Yox, istəyirəm sənin iş gününə düşməsin, vaxtın olsun ki, kompüteri alandan sonra gedək bizə bir az məni öyrədəsən...

Dedim necə məsləhət bilirsiniz elə də edək!

Beləliklə vədələşdiyimiz vaxt Fəvvarələr meydanında görüşdük və yaxınlıqdakı kompüter satış mərkəzinə getdik. Burada hamı İlyas müəllimi tanıdı və xüsusi mehribanlıq göstərərək əyləşmək üçün ona yer elədilər. Məlum oldu ki, İlyas müəllim bir neçə dəfə burada olub və alacağı kompüterin də qiymətini razılaşıb...

Kompüteri aldıq. İlyas müəllimin öz istəyincə havanın piyada gəzmək üçün münasib olduğunu da nəzərə alıb piyada söhbət edə-edə gəldik İlyas müəllimgilə. Evdə heç kim yox idi. Birlikdə çay hazırladıq, İlyas müəllimin təriflədiyi şirniyyatlarla çay içib, girişdik kompüterlə işləməyə. Açığı gördüm ki, İlyas müəllimin barmaqları klavişlərlə dil tapmaqda çətinlik çəkir. Bir yandan da hövsələsi çatmır. Di gəl, 80 yaşlı adama kompüteri öyrət...

Təxminən bir saata ikimiz bir yerdə dörd bəndlik bir şeiri yaza bildik. İlyas müəllim demək olar ki, külliyyatını töküb masanın üstünə. Və kompüter almaqda məqsədi o imiş ki, nə qədər yazıları var hamısını kompüterdə yazıb saxlasın...

Kompüter deyilən belə bir qurğudu ki, adam var mausla, adam da var klaviatura ilə işləməyi daha çox xoşlayır. Mən də klaviatura ilə işləməyi daha çox xoşladığımdan İlyas müəllimə də bu vərdişi aşılamağa çalışdım. Məsələn, dili dəyişmək, yadda saxlamaq, kəsib götürmək və s. kimi əməliyyatları etmək üçün gərək klaviaturanın iki klavişini eyni anda basasan. Elə əsas problem də buradan başladı və nəticədə İlyas müəllim tamam hövsələdən çıxdı:

- Ayə, müəllim, mən də səni kompüterin professoru hesab edirdim... De görüm xalxın balalarınıdamı belə öyrədirsən?..

Bu yerdə gülmək məni tutdu və gözlərim yaşaranacan güldüm. Nə deyəcəyimi bilmədim...

- Ayə, bilirsən müşkül olan nədi?..

- Nədi?.. deyə maraqla gözlərimi ona zillədim:

- Elə bil ki, səninlə qabaq-qənşər bir gözəlçə oturub. Sinəsini də verib qabağa. Sən də bir əllə istəyirsən ki, onun hər iki məməsindən yapışasan...

Bu dəfə necə güldümsə qarnımın dərisi ağrıdı. Baxdım ki, İlyas müəllimi də gülmək tutub. Qayıtdı ki:

- Ayə, dur bu şeytan arabasını yığışdır, day bu mənnik olmadı, düşək aşağı, arağımızı içək, sonra da dədə-baba qaydasınnan kağız-qələmimizi götürüb şeirimizi yazaq...

24.01.2021

# 3015 dəfə oxunub

Oxşar xəbərlər

Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

14:40 10 noyabr 2025
Tanrının formulu -  Xose Rodriqeş duş Santuşun romanından parça

Tanrının formulu - Xose Rodriqeş duş Santuşun romanından parça

12:00 9 noyabr 2025
Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 8 noyabr 2025
"Savaş üçün doğulanların missiyası bitdi" - Qulu Ağsəs

"Savaş üçün doğulanların missiyası bitdi" - Qulu Ağsəs

16:50 6 noyabr 2025
Qarışqa duası - Əyyub Qiyasın yeni hekayəsi

Qarışqa duası - Əyyub Qiyasın yeni hekayəsi

15:00 6 noyabr 2025
İntiqam - Qılman İlkinin hekayəsi

İntiqam - Qılman İlkinin hekayəsi

11:00 6 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər