Hislərimizin kölgəsində - Narçiçək Cahangirli

Narçiçək Cahangirli

Narçiçək Cahangirli

30 noyabr 2022
# 11:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Narçiçək Cahangirlinin "Hislərimizin kölgəsində" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hisslərimizin kölgəsində

O, dənizin kənarındakı skamyada əyləşəndə mənim düz qarşımda idi. Susurdu, mən də susurdum. Gözü yol çəkirdi, demək ki, çox ciddi bir məsələ haqqında yekun qərara gəlmək ərəfəsindədir. Heyif ki, nə düşündüyünü bilmirdim. Evdən çıxanda fikirli olduğunu gördüm, amma ona təzə qoşulduğum üçün vəziyyəti dəyərləndirə bilmədim. Həmişəki kimi, eyni vaxtda qulaqcığı taxdıq. Musiqini dinləyən isə yalnız o oldu. Mən onun üz ifadələrindən bəzən sezirəm nəyə qulaq asır. Məsələn, bu gün sakit templi, lakin dərin mənalı musiqilərdən birinə qulaq asırdı. Bunu hardan bilirəm? Gəzdiyi müddətdə daha çox addımlarına baxır, və sanki ciddi bir söhbətə qulaq asırmış kimi, qaşlarını çatırdı. Qaşlarını oynadırsa, bu, mahnının ani bir hissəsindəki sözün ona təsir etməsi və ya həmin hissənin onda yeni bir fikir oyatması deməkdir. Bu müddətdə başını qaldırıb səmaya baxırsa, ona yeni gələn fikrin artıq sovuşması və geridə əminlik hissinin qalması mənə aydın olur. Baxdığı səmada buludlara diqqətlə fikir verəndə isə, anlayıram ki, onun beynində konkret bir fikir yoxdur. Baxışları buludlarla toqquşan an, o bəlkə də ən sakit vəziyyətində olur. Beynindəki qarışıqlıq, fikir axını buxarlanaraq buludlara qarışır və o özünü buludu formalaşdıran hissəciklərdən biri kimi hiss edir. Yüngül və qayğısız. Düzü, mən ən çox onun bu anını sevirəm. Qəribədir... O qəribədir ki, buludlar olanda çox vaxt heç mən olmuram. O isə buludları sevir.
Bu gün heç bir dənə də olsa bulud görünmürdü. Bəlkə qanı elə buna görə qaradır? Günəşin şüaları kəsici lazer kimi şığıyırdı. Yaya və günəşə qarşı nifrətindən yaxşı xəbərdaram. Ona görə də, mən ona ən çox yayda lazım oluram. Güc bəla ilə özünü çatdırdığı geniş qol-budaq atan ağacın kölgəsinə sığınsa da hərəkət etdikdə şüalar onu ülgüc kimi kəsirdi. Bacardıqca tərpənməməyə çalışırdı, bəlkə sərinləyər ümidi ilə. Xəfif əsən meh arxasında duraraq onu mühafizə edən söyüdün zərif yarpaqlarını oynadırdı. Ağacın salxım yarpaqlarına toxunaraq keçən meh onun saçlarını tərpədəndə gözünü yumub dərindən nəfəs alırdı. Burada əmin-amanlıqda hiss edirdi özünü. Ara-bir başını sağa çevirib nəvazişli gözləriylə xışıldayan yarpaqlara baxırdı. Mən bu baxışlara bələdəm. O, heç vaxt nəzərinə birbaşa tuş gələn mənzərə ilə kifayətlənmir. Mütləq obyektlərin əsil görüntüsünün arxasında dayanan mahiyyəti və mənanı axtarıb tapır. Həqiqəti üzdə yox, bir az daha dərinlikdə, daxildə axtarmağı adəti halına çevirib. Bu səbəbdən, insanların hər şeyə səthi münasibəti onu dəli edir.
Söyüd yarpaqlarına baxanda onun yadına bu füsnkar ağacla bağlı oxuduğu əfsanələr və hadisələr düşür. Xatırlayır ki, qədim Babildə Makedoniyalı İsgəndər söyüdün yanından keçərkən ağacın budaqları imperatorun tacına ilişərək onu yerə salmışdı. İncilə əsasən isə İsrail övladları liraları söyüdün budaqlarından asaraq didərgin düşdükləri Sion torpaqlarından nəğmələr oxuyurdular. Yunan mifologiyasında şair Orfey, yeraltı dünyaya gedərkən özü ilə məhz bu ağacın budaqlarını götürür. Ona görə də, budaqlarını aşağı tökmüş söyüd, qədim zamanlarda kədər, qüssə və ölümlə asosiassiya olunurdu. Keltlərə görə söyüd fiziki güc və görücülük ilə əlaqəlidir. Çində isə bu ağacı yenidən doğulma və ölümsüzlük simvolu olaraq görürdülər. “Yaşıl Söyüd” adlı yapon əfsanəsində Tomotada adlı samurayın sevdiyi qız ağac kəsilərkən yox olub gedir. Azərbaycan rəvayəti “Ağlayan Söyüd”də isə bu ağac iki gəncin sonu ölümlə bitən nakam məhəbbətinə şahid olduğu üçün “saçlar”ını torpağa töküb, bir daha başını günəşə doğru qaldırmır.
Bəli, mən əmin idim ki, o yarpaqlara baxdıqca bütün bu fikirləri beynindən keçirirdi. Onu günəşdən mühafizə edən bu canlının bəlkə özünün də qorunmağa ehtiyacı var. Bunları düşündüyü müddətdə ağac ona çox doğma gəlirdi. Söyüdün kölgəsi məni də əhatələdiyindən o, məni görmürdü. Üzünə düşən saçlarını geri etmək üçün bəzən əlini qaldırıb başına sığal çəkəndə mənim də əlim ağacın kölgəsindən kənara çıxıb onu sığallayırdı. O, taqətdən düşmüş şəkildə əlini aşağıya doğru salıb telefonuna baxdı. Skamyada oturandan bəri tez-tez bildirişləri yoxlamağı diqqətimdən yayınmamışdı. Narahatlıq dolu gözləri hər dəfə telefona baxanda məyus ifadə alırdı. Böyük ehtimal ki, mesaj gözləyirdi. Kim və hansı xəbər onu bu qədər aciz gözləyiciyə çevirib, bunu təxmin etməkdə çətinlik çəkirəm, çünki bu əhvalı ilə qarşılaşmağım ilk dəfədir.
Birdən o, bərk diksindi. Telefonu zəng çalırdı. Bu an mədə nahiyəsindən başlayan ağrı çevrə şəklində bütün qarnını bürüdü. Kimsə sanki yumruqlamışdı onu və nəfəs almaq çətinləşmişdi. Bu hisslər mənə tamamilə yad olsa da, onun belə anlardakı duyğularını əzbərləmişdim. Yüksək təzyiqlə döyünməyə başlayan ürəyinin səsini yaxınlıqdan keçənlər asanlıqla hiss edə bilərdilər. Söyüd yarpaqlarının xışıltısı ilə ahəng yaradan döyüntülər səngiməsəydi o, zəngi aça biməyəcəkdi. Həyəcanlı və titrək səslə danışmaqdan zəhləsi gedirdi. Sakitləşməyini gözləsə də zəng dayanacaqdı. O isə bu anı çoxdan gözləyirdi. Boğazını arıtlayıb dərin udqunduqdan sonra zəngi açdı...
Susur. Sakitliyi birinci pozan olmaq istəmir. Birdən üzü kövrək hal aldı. Gözlərində əmələ gələn yaş görünəcək qədər parlaq, yanaqlarlıyla aşağı süzülməyəcək qədər zəif idi. Onun bir söz deməsini o qədər maraqla gözləyirdim ki, nə zaman ayağa qalxdığına fikir vermədim. Söyüdün məni əhatələyən qol-budağından çıxıb və onun sağı ilə addımlamağa başladım. Bir neçə addım atıb dayandıq. Telefonun o tayında nə baş verdiyindən xəbərsiz olmaq məni hövsələdən çıxarırdı.
“Yaxşı, orada olacam” – o, bu sözləri deyib sonra yenə uzun müddət susdu. Gözlərindəki zəif yaş ağırlaşaraq tökülməyə başladı. Göz yaşına dönüşən əslində onun fikirləri idi. Anlamayacaqlarını bildiyi üçün heç kimə deyə bilmədiyi, yığıb saxladığı düşüncələri necəsə özünə çıxış axtarırdı. Danışdıqca rahatlaşdığı kimi, ağladıqca da hiss etdiyi mənəvi ağırlığı yüngülləşirdi. Dərin bir ah çəkib, başını ehmalca yellədərək telefondakı adamın dediklərini sanki təsdiqləyirdi. Fikrim bir an belə olsun yayınmadan onun bu həssas anlarını izləyirdim. Səbirsizliklə bu dramatik danışığın nəticəsini gözləyirdim. Kiçik lakin, qətiyyətli addımlarla dənizkənarı ilə gəzməyi və gözünü dənizin üzərindən çəkməməyi telefon danışığını “paralel dünyada” aparmasından xəbər verirdi. O, tez-tez bu dünyadan qopurdu. Başa düşmürdüm, bunu ona çətin gələn reallıqdan qaçış yolu kimi edirdi, yoxsa artıq ondan asılı olmayan vərdiş halına çevrilmişdi. Səmaya baxanda böyük bir buludun günəşə doğru gəldiyini gördüm. Vaxtım az idi. Belə bir anda yox olmaq heç yerinə düşmədi. O axı niyə susur?
Bulud tez çəkildi, amma telefon artıq çantasında idi. Üzündəki məmnunluq və hüzur hissi hər şeyin yaxşı sonlandığının göstərici olmalıdır. Addımlarını sürətləndiribsə, getdiyi yeri dəqiqləşdirib demək ki. Dənizi arxasında qoyaraq qulaqcıqlarını yenidən taxtı. And içə bilərəm ki, bu dəfə dinlədiyi mahnının sözləri həyat eşqi ilə doldu. Gülümsəməsi, lakin ətrafdan diqqət çəkəcəyindən narahat olduğu üçün tez ciddi sifət alması mənə yad deyil. Yeraltı keçidi səbirsiz addımlarıyla arxada qoyub, maşınların arası ilə gözüyumulu hərəkət edərək o biri küçəyə keçid etdi. O qədər sürətli yeriyirdi ki, bəzən ona çatmayacağımdan narahat olurdum. Sonra bu fikrim özümə gülməli gəldi və məsələni həddən artıq ciddiyə aldığımı anladım. Sakit olmaq lazımdır. Sakit və soyuqqanlı. Hər halda o, ağıllı qızdır. Özünü bəlaya atmaz.
Addımları bizi girişi şüşəli olan köhnə binanın qarşısına gətirib çıxardı. O, kiçik bir müddət ərzində tərpənmədən tikiliyə nəzər saldı. Binaya daxil olmağa tərəddüd etdiyi,yoxsa həddindən artıq həyəcanlı olduğunu aydınlaşdıra bilmədim. Qapalı məkanlar çox vaxt mənim üçün də “qapalı” olduğundan onu müşayiət edə bilməmək ehtimalı məni hövsələdən çıxarırdı. Belə məqamda içəridə nələrin baş verdiyindən xəbərsiz olmaq təkcə günümün yox, bütün mövcudluğumun uğursuz xatirəsi kimi qala bilər.

Nəhayət, ciyərlərini hava ilə yaxşıca doldurub giriş qapısına doğru yaxınlaşdı. Ona ağır gələn qapını var gücü ilə itələyərək özünü içəri atdı. Birtəhər xilas olduğu yandırıcı günəşin istisini dəf etsə də, şüşə fasadı kəsən şüaları hələ də onun üzünə düşürdü. Varlığıma təminat verən bu şüalar onu qıcıqlandırdığı qədər məni də sevindirirdi. Ətrafa nəzər salanda bütünlüklə ağ rəngdən formalaşmış interyer göz qamaşdırırdı. Seyrək şəkildə divarlar boyu düzülmüş bir neçə dibçəyin ağ fonda yaratdığı yaşıllıq bu yerin soyuq görünüşünü müəyyən qədər balanslaşdırırdı. O, bitkilərin arasında qalın yarpaqları ilə seçilənə yaxınlaşıb adəti üzrə yarpaqları sığalladı. Adətən, bu hərəkəti kimisə gözləyəndə və ya həddindən artıq fikirli olanda etdiyini bir neçə dəfə müşahidə etmişdim. İndi hər iki səbəb mümkün görünürdü.
Ümumi dəhlizdən bir neçə zal ayrılırdı. O, zallardan birinə daxil olanda gördüyüm mənzərə mənə dərhal əvvəllər burada olduğumu xatırlatdı. Hər tərəfdə iri ölçülü rəsm əsərləri asılmışdı. Sonuncu dəfə buraya gələndə o, hər bir rəsmin qabağında azı 6-7 dəqiqə keçirmişdi. Ona görə də, bir neçə rəsmin qabağından addımlarını saxlamadan ötməyi mənə təəccüblü gəldi. Cəld nəzərlərlə onları gözdən keçirərək digər zala daxil oldu. Hollandiyalı rəssamların əsərlərinin sərgiləndiyi bu zaldan yan ötməyəcəyinə əmin idim, çünki o, ən çox vaxtını muzeyin bu hissəsində keçirmişdi. Meindert Hobbemanın “Meşə mənzərəsi” əsərinin qarşısında dayandı. Şəklin mərkəzində təsvir olunmuş iki holland kəndlisinə diqqətlə baxdı. Əl-ələ tutmuş bu cütlük nəhəng ağaclar və buludlarla əhatələnmişdi. Lakin onun diqqətini çəkən nə ağacların nəhəngliyi, nə də buludların hərəkətliliyi idi. Naməlum nöqtəyə aparan cığırın kənarında dayanmış qırmızı ətəkli qız və 17-ci əsr holland geyimində onun qarşısında duran gənc onu daha çox düşündürürdü. Necə olurdu ki, möcüzəvi təbiətin bir hissəsini əks etdirən bu şəkil, ilk baxışda sezilməyəcək qədər kiçik olan cütlüyü insan şüuraltının mərkəzində yerləşdirirdi. Rəsmdəki cavanların məhəbbət dolu aurası təbiəti öz kölgəsində qoymuşdu sanki. 400 il əvvəl kətana dəymiş fırçadan çıxaraq bu günümüzə qədər səyahət etmiş bu fövqəlbəşər hiss təravətini qorumağı bacarmışdı. Şəklin qarşısında bir neçə yüz il sonra durub tamaşa edən insanlar da eynilə bu rezonansı yaşayacaqlar. Bu, təhtəlşüura həkk olunmuş yaddaş kimidir. Eynilə bu hissləri çatdırmaq istəyən, Hobbema, növbəti nəsillərə davamlı mesaj ötürmək üçün çox uğurlu vasitə seçib.
Nəhayət, o, gözlərini bu tablodan çəkə bildi. Zalın küncü ilə ehtiyatlı şəkildə addımlayaraq sağ tərəfə buruldu. Uzun və dar koridorda mərmər heykəl və büstlər ölüm sükunəti yaratmışdılar. O, sanki bu sakitliyi pozacağından ehtiyatlanaraq irəliləməyə tərəddüd etdi. Lakin davranışından və baxışlarından sezmək olurdu ki, gəlmək istədiyi yer məhz bura idi - heykəllərin yanı. Niyəsə arxaya dönüb baxdı. Kimisə axtarırmış kimi göz bəbəklərini sağa sonra isə sola sürüşdürdü. Görmək istədiyini görə bilməyən gözlərdə məyusluq yox, həyəcan hiss olunurdu. Demək ki, o gözlənilən mütləq gələcəkdi.
Vaxtın tez keçməsi üçün o, özünü eksponatların arasına atdı. Xoşbəxtlikdən, burada ondan başqa heç kim yox idi. Təbii ki, analiz edici baxışları ilə onu qarabaqara izləyən nəzarətçi qadını saymasaq. Qadın zalın lap küncündə əyləşmişdi və bir müddət sonra analizini bitiribmiş kimi nəzərlərini qızdan çəkərək əlindəki kitabı oxumağa davam etdi. Nilufər, artıq tam azad olduğunu anlayıb daha cəsarətləndi və kənardan şübhəli görünən davranışlarla heykəllərdən birinə yaxınlaşdı. Çox üzgün ifadə ilə başını sola əyən antik heykəl onun diqqətini çəkmişdi. Bir-birinə yaxınlaşıb dalğavari şəkil alan qaşları onun nədənsə çox narazı olduğunun əsas göstəricisi idi. Bağlı ağzı, lakin etibarlı şəkildə sıxılmayan dodaqları onun elə indicə nəsə deməyə hazırlaşdığını bildirirdi. Qaşlarıyla bərabər dalğalanan saçları isə heykələ canlı görkəm verirdi. Sanki, onun qarşısında dayanan mərmərdən yonulmuş fiqur deyil, üstünə əhəng tökülmüş insandır... Bu insan əsrlərlə öz bədənində donmuş halda məhbusluq yaşayır və gözləyir ki, hansısa bir möcüzə onu xilas edəcək. Bu antik heykəl ayılsaydı, ilk sözü nə olardı görən? Dodaqlarının qəfəsə saldığı fikirləri püskürərdimi Nilufərin üzünə? Heykəlin simasında donub qalmış ifadə qızı o qədər maraqlandırdı ki, o, mərmərə necə həyat verə biləcəyini fantaziya etməyə başladı. Ağbəniz və yeddi cırtdan nağılında Ağbənizi şəhzadənin sevgi dolu öpücüyü oyadır. Narnia əsərində Qar Şəhzadəsinin dondurduğu qurbanlar yalnız onun ölümündən sonra həyata qayıdır. Bir qalanın sirrində Göygöz Kosanın qəzəbinə tuş gələnlər sehirli məlhəmlə canlanırlar. O zaman bu mərmər məhbuslarını da oyatmağın mütləq bir yolu var. Ağlında bu fikirlərlə, Nilufər, sağ əlini qaldırıb antik heykəlin dalğalı saçlarına doğru apardı.
– Xanım! Toxunmaq olmaz.

Əlbəttə. 21-ci əsr qızının xəfif sığalının heykəli oyada biləcəyi sadəcə bir xülya idi.

O, məyus gülüşlə geriyə addımlayan zaman birdən mənə doğru yaxınlaşan kölgəni hiss etdim. Məndən daha uzun, daha gövdəli və özünə əmin olan bu insanşəkilli kölgə gəlib düz Nilufərin yanında dayandı. Müəyyən hissədə biz kəsişirdik və bu, məni narahat etməyə başladı.. Onun da yaxın təmasları sevmədiyini yaxşı bilirdim. Nilufər başını aramla gələn şəxsə tərəf çevirərkən gözlərini hələ də eksponatdan ayırmamışdı. O, anidən baxışlarını heykəldən çəkib gələn oğlanın düz gözlərinin içinə zillədi. Oğlanın simasını aydın şəkildə görəndə mən təəccübümdən bir anlıq Nilufəri unutdum. Yana doğru ayrılmış bal rəngli saçları gözünün üstünə düşən, uzun boyu və qaməti ilə Tolkinin əsərlərindəki elflərə bənzəyən bu oğlan ötən illər ərzində çox dəyişmişdi. Amma bu, o idi... Böyük ehtimal ki, Nilufər onu sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır, lakin harada gördüyünü dəqiq bilir. Qəribədir.. İnsanlar heç vaxt kimi ömürlərində sonuncu dəfə gördüklərini öncədən bilmirlər. Hətta hər gün gözlərinin önündə olan insanları belə hansısa an son dəfə görmüş olurlar. Həmin an o, ola bilsin ki, son sözünü deyir, son baxışını atır. Dünyada hər şeyin və hər kəsin əbədi olması xülyasında yaşayırlar. Bu gün dünənin təkrarıdır, sabah isə bu günün. Hə, bu müəyyən qədər belədir, amma bu vəziyyət sonsuzluğa uzanmır və hansısa an zəncir qırıla bilər. Nilufərin qrup yoldaşı Telmana dediyi son sözü nə idi görəsən? O, bunun son söz olduğunu bilirdimi görən? Bu gün burada qarşılaşmaqları ikisinin arasında son sözün və son baxışın hələ baş vermədiyinin zəmini idi.
Nilufərin hədsiz həyəcanlı əhvalına səbəb olan bu adam özü də kifayət qədər təmkinsiz görünürdü. Qızın bayaqdan heykələ fikirli-fikirli tamaşa etdiyi kimi, Telman da ona böyük maraqla baxırdı. Onun gözlərində illərin həsrətini aydın sezmək olardı. Zaman donub qalsaydı sanki onlar da zalın mərmər sakinləri kimi eksponata çevriləcəkdilər. Telmanın kölgəsi məni qucaqlayanda onların arasındakı böhran vəziyyətinin aradan qalxdığı mənə tam aydın oldu.
Mən Nilufərin keçirdiyi hissləri keçirə bilmirdim. Axı mən kölgəyəm. Səssiz, dilsiz və hissiz müşahidəçi. Kölgələrin sarışmağı ilə onların sahiblərinin sarışmağı arasındakı tək fərq budur – hissiyat. Telmanın uzun və nazik barmaqları qızın kürəyindən elə bərk yapışmışdı ki, dartsan da qopmazdı sanki. Nilufərsə, başını oğlanın sinəsinə yaslayaraq saçları ilə onun üzünü oxşayır, ürkək sərçə kimi xəfif titrəyirdi. Barmaqlarını Nilufərin şabalıdı rəngli saçları arasında gəzdirən Telman hiss etdirmədən onların ətrini içinə çəkir və bu ətrdən uzaq qaldığı hər günün heyfini çıxırdı.
-Nilu... – Telman, dərindən aldığı nəfəsi onun adını çağıraraq buraxdı.
-Şşşş! Sakit – Görünür ki, Nilufər anın sehrini pozmaq istəmirdi.
Onlar bir müddət bu vəziyyətdə qaldılar. Nilufər, başını qaldıranda oğlanın yanağına yapışan saçları geri çəkilməkdən imtina edirmiş kimi ikisi arasında körpü yaratdı. Qız gülümsəyərək elektriklənən saçlarını hamarladı.
- Gəl vaxt itirməyək, - o, istehzalı səs tonuyla bayaqdan gözlədiyi bu adama müraciət etdi.
Heykəllərin sərgiləndiyi zaldan çıxaraq, çıxışa doğru getdik. Biz onların arxasınca gəldiyimiz müddətdə Telmanın kölgəsi addımlarını mənimlə bir atır, öyrənici nəzərlərlə mənə baxırdı. Bu məqamda Telmanın əllərini Nilufərin əllərinə doğru yaxınlaşdırıb dərhal da geri çəkməsi gözümdən yayınmadı. Bunun səbəbi yəqin ki, çəkingənlik deyildi. Axı, bayaq onlar qucaqlaşanda aralarından süzülmək üçün su boşluq tapa bilməzdi.
Çıxış qapısına yaxınlaşanda Nilufər addımlarını yavaşıtdı. Üzbəüz dayandığımız şüşədə onun məyus siması əks olunurdu . Telman isə sanki böyük bir günah işləmiş, lakin bu vəziyyətlə barışmış insanın baxışlarıyla Nilufəri və şüşənin o tərəfindəki qızı gözləriylə sakitləşdirməyə çalışdı. Yalnız şüşənin bu tayında, bu divarların əhatəsində və heykəllərin arasında azad ola biləcəklərini anlayan Nilufər qapının dəstəyinə düşmən kimi baxırdı. Bircə Telmana düşmən kimi baxa bilmirdi. Bütün hallarda bu görüş ilk və son olmalıydı.
İnci Nilufəri görən kimi gülümsədi. Onların münasibəti həmişə çox yaxşı və səmimi olub. Universitetdə çox ünsiyyət qurmasalar da hər zaman bir-birinə hörmətlə yanaşıblar. İncinin nişanlısının Nilufərlə eyni məkanda tək qalması Nilufəri daha çox narahat edirdi. Çünki İnci üçün bu görüş sadəcə iki qrup yoldaşının bir araya gəlməsi olsa da, Nilufərin fikirləri və hissləri qızın etimadına xəyanət edirdi.
Nilufər qapını mümkün olan ən yavaş sürətlə açdı və çölə çıxdı. Ardıyca da mən çıxdım. Telmanın kölgəsi məndən bir xeyli uzaqda idi.
- Nilufər!
İncinin heç cürə incitməyən səsi, bu dəfə güllə kimi sancıldı onun ürəyinə. Nilufərin adının hər hərfi onun qəsdinə hazırlaşırmış kimi düzüldü.
-Telman bu gün səni görəcəyi üçün elə sevincli idi ki!
-Sənin kimi nişanlısı olan hər gün sevinər,- Nilufər bu acı, lakin həqiqi olan cümləni qəhərlənərək dilə gətirdi.
İki aşiq kölgə qol-qola girib, yanaşı gəzəndə mənim üçün yerimi tapmaq çətin idi. Aşiqlərlə ahəngdə ola bilmədiyim üçün onların yanından uzaqlaşmaq istəyirdim. Heyif ki, mən Nilufərsiz, o isə mənsiz heç yerə gedə bilməz.
Yol boyu Nilufər dinmədi. Telmanla İncinin sanki vakumdan gələn söhbəti onun beynindəki qarışıq fikirlərin fonunda gərginlik yaradırdı. Nilufər Telmanın ilk və unudulmaz sevgisi idi. Amma bu heç də ilk baxışda eşq deyildi. Telmanın aylarla çəkən müşahidəsi öz nəticəsini lüteran kilsəsində təsadüfi görüş zamanı verdi. Həmin gün Nilufər filarmoniyanın kamera və orqan zalı kimi fəaliyyət göstərən kirxaya rəfiqəsi ilə getməli idi. Lakin rəfiqəsi son anda imtina etdikdə o, alman sənətkarın abstarkt sərgisini tək izləməli oldu. Hardan biləydi ki, nəyinki tək olmayacaq, hətta arzulaya biləcəyi ən mükəmməl yoldaşla izləyəcək sərgini.
Nilufər sakit və bir o qədər də sirli qrup yoldaşı Telmanı işıqların yaratdığı möcüzəvi kölgələrin arasında sezmişdi. Tamamilə qaranlıq olan sərgi zalında tavandakı fiqurların işıqlandırılmasından doğan kölgələr divar boyu hərəkət edirdi. Telmanla onun siluetini ayırmaqda çətinlik çəkən Nilufər qrup yoldaşına salam vermək üçün hansı istiqamətdə gedəcəyini dəqiqləşdirə bilmirdi. Kiçik otaqda kölgələrin cənginə düşən Nilufər birdən arxadan kiminsə onu çağırdığını eşitdi. Görünür Telman mənimlə Nilufər arasında düzgün seçim etmişdi.
Magik ab-havalı otaqda həmin gün onlar bir-birilərini yenidən kəşf etdilər. Söhbətlərinin mövzuları divardakı kölgələr kimi sürətlə dəyişilir, təsiri isə dərin təəssüratlar buraxırdı. Nilufər danışdıqca gözlərindəki parıltı Telmanın ürəyində bərq vururdu. Necə olmuşdu ki, bu işıq ona üç il sonra göründü?
Həmin vaxt onlar üçüncü kursun birinci semestrində oxuyurdular. Nilufər ümumiyyətlə az danışmağı sevirdi. Lakin fikirlərini azadlığa buraxmağı seçirdirsə, bu, yaddaqalan olurdu. Zalda fırlanan siluetlərin və Telmanın xoş aurasının təzyiqi ilə o, çox qəribə hisslər keçirirdi. Sanki hiss etdikləri daxilindən çıxıb, coşğun şəkildə divarlara yayılmışdı və onun qarşısında rəqs edirdi. Nilufər öz hisslərinin kölgəsində oturmuşdu. Telman isə bu kölgələrdən ən doğması idi. Hətta məndən də doğma.
Başımı qaldırıb çatdığımız binaya baxdım. Səadət sarayı. Nilufər həqiqətən də iki sevgilinin eşqinə şahidlik etmişdi. Bu gün isə bu prosesi rəsmiləşdirməyə gəlmişdilər. Şahid Nilufərin tanrı şahididir ki, o, hər ikisinin xoşbəxtliyini arzulayırdı. Telmanla alınmayan münasibətində axı heç kimi günahlandırmaq olmazdı. İki insan arasında mümkün ola biləcək ən möhkəm bağ var idi Telmanla arasında. Lakin Nilufərin özünü əhatələdiyi çəpərlər daha güclü oldu. Bəlkə də bu, qorxaqlıq idi. Axı bir oğlana "hə" desəydi, müqəddəs təkliyinə "yox" deməli olacaqdı. Ona ən əziz olan yalnızlığına xəyanət etməkdən qorxdu. Sevgi qapısını düzgün olmayan zamanda döyürdü və Nilufər o qapının kandarında belə deyildi. Telman çox tanış və doğma bir ruh idi halbuki. Beləcə, Nilufər şüurlu şəkildə bu doğma ruhu yadlara həvalə etdi.
İllər keçmişdi Telmandan xəbər almayalı. Universitet həyatı arxada qalmışdı. Hər ikisinin tamamilə yeni həyatı, yeni tanışları yaranmışdı. Təsadüfi görüşlə hələ ki, xəfif yuxuya getmiş xatirələri oyatmağı heç biri istəməzdi, lakin həyat onları marionet kimi oynatmaqdan zövq alırdı. O, Telmanı ən ağlasığmaz yerdə – mərkəzi univermağın qızıllar satılan bölməsində görmüşdü. Anasıyla vitrinlər arasında gəzən Nilufərin nəzəri dərhal oğlanın yanındakı qıza sataşmışdı. Patok yoldaşı İnci naz-qəmzə ilə barmağında bir neçə üzüyü yoxlayırdı. Həmin vaxt Nilufər güclə daxilində süni isti münasibət yaradaraq onu ətrafına qalxan kimi sardı. Onlardan heç biri keçmişi yada salmağa cürət edə bilməzdi. Sağollaşanda isə Nilufər artıq xoşbəxt gələcək üçün bilet-toy dəvətnaməsi almışdı..


***
- Razıyam!
Telman bu kəlməni necə də əmin, necə də fərəhli şəkildə dedi. Quyunun dibindən gələn səslər arasında, yalnız “razıyam” ifadəsi exo verərək hündürlərə qalxdı. Nilufərin ürəyində çırtıldayaraq yanan ocağa nəhayət buz kimi su səpdi bu ifadə. Telman ona şahidi olmasını təklif edəndə məqsədi bu idi bəlkə də. “Razıyam” sözünün Nilufərin qulaqlarında bərq vurması...
Öpüşlər, gülüşlər, təbriklər və s. Baş qəhrəmanlar başda olmaqla buradakı hamı keçici xoşbəxtliyin ani eyforiyasında idi. Nəyə görə insanlar birlikdə keçiriləcək ömrün təmtərağını bir günə sığdırmaq istəyirlər? Sanki vacib olan fəaliyyətin özü yox, onu əvvəlcədən qeyd etməkdir. Bəlkə də bu nümayişkəranəlik təməli sağlam olmayan münasibətlərin təsəllisi idi. Vitrinə qoyulan aldadıcı məhsul. Çəkicidi, çox müzakirələrə səbəb olur, amma mahiyyət etibarı ilə keyfiyyətsiz və saxtadır. Bəzən düşünürəm, biz kölgələr ilkinik və insanlar sonradan törəyiblər. Onlar bizim vitrinə qoyulan işıqlı və bəzəkli versiyamızdırlar. Çox şey vəd etsələr də, qaranlıq və bir o qədər də anlaşılmaz məxluq olmaqla yetinirlər.
***
-Razıyam,- Nilufər ofisiantın kofenin yanında peçenyə təklifinə cavab verərək, divanda yerini rahatladı. Kafenin işıqlandırılması içəridə yarıqaranlıq mühit yaratmışdı. Fonda səslənən cazz musiqisinin hüzur yaradan həzin notları onun fikirlərini oxşadığından Nilufər çənəsini ovucuna yaslayaraq düşüncələrə daldı. Yorğun günün sonunda o, baş verənləri sakitlikdə analiz etmək adətindən əl çəkə bilmirdi.
Təmtəraqlı nigahı kimi Telman da geridə qalmışdı. Yeni evliləri təbrik etmək üçün onlara yaxınlaşanda oğlan Nilufərə elə bir söz dedi ki, o, bu sözün təsirindən kafedə də çıxa bilmirdi. Həmin an İnci digər qonaqları yola salmaqla məşğul idi. Nilufərin nigahda ən qorxduğu şey Telmanla təklikdə qalması idi və tərslikdən belə vəziyyət yaranmışdı. Hər ikisi gülümsəyərək sağa-sola ünvansız və çəkingən baxışlar atandan sonra Nilufər Telmanı sadəcə təbrik edərək sağollaşdı. Lakin qrup yoldaşı ürəyi dolu nəzərləriylə onu saxlamışdı. Nilufərdən bir-iki addım uzaq olan oğlanın baxışlarının gücü qızı heç cür tərpənməyə qoymurdu. Birdən Telman sükunəti pozaraq Nilufərə doğru addım atdı və fiziki məsafəni bir xeyli azaltdı. İndi onlar bir-birinin gözlərinin içində öz əkslərini aydın şəkildə görürdülər. Danışmaq üçün Telman nəfəs alanda sanki Nilufərin hava məkanı daralmağa başladı, ürəyinin çırpılma tezliyi artdı.
- Nilu, gərək biləsən.
- Nəyi, Telman? - ürkək səslə Nilufər soruşdu.
- Sən həmişə mənim hisslərimin kölgəsi olacaqsan. Məndən nə qədər uzaqda olsan da, hisslərimin canlı ifadəsi kimi yaşayacaqsan, gəzəcəksən.. Bəlkə də bu qədər oxşar idik deyə alınmadıq. Kim bilir...
Yaxınlaşan addım səsləri maqnit kimi bir-birinə cəlb olan gözləri çəkindirdi. İnci şıltaq bir ədayla addımlayaraq Telmanın qoluna girdi. İndi hər ikisi nəzərlərini donub qalan Nilufərə dikmişdi.
Nilufər vidalaşıb binadan necə çıxdığını aydın olaraq xatırlamır. İndi niyə orada Telmana cavab vermədiyini və ya onun dediklərinin mənası barədə nə qədər düşünsə də heç bir anı geri qaytara bilməzdi. Telman öz seçimini etmişdi və bundan narazı deyildi. Həmçinin Nilufər də keçmişə dönsəydi, heç bir şeyi dəyişməzdi. Onların hekayəsi xoşbəxt sonluqla bitdi.
İndi mən də dincəlməyə macal tapmışdım. Nilufərin solundakı taxta divara yayılaraq içəridəki digər kölgələrə tamaşa edirdim. Bu gün onların vaxtı necə keçib görən? Maraqlıdır, müşayiət etdikləri insanlarla haraları gəziblər, kimlərlə görüşüblər, nələr oxuyublar? Bəlkə də hansılarısa bu əbədi məhkumluqdan qaçmaq istəyib.. Bəziləri isə insanı olmadan özünü təsəvvür etmir bəlkə də.. Mənim kimi.
Anidən bir qurtum çay içmək üçün əlimə aldığım fincanla dondum qaldım. Nilufər başını sola çevirib düz mənə baxırdı. Bir neçə dəqiqə aramızda davam etdi bu baxışma. Sonra isə o, fincanı aramla aşağı aparmağa başladı. Bu müddətdə isə gözü fincanı tutduğum qoluma, sonra isə başıma zillənmişdi. Fincanı masanın üzərinə qoyub saçlarını oynadaraq mənə tamaşa etməyə davam etdi. Mən də saçlarımı qarışdırdıqca bu ani diqqətin səbəbini və mahiyyətini aydınlaşdırmağa çalışırdım. Olmaya o, mənim fərqimə varmışdı? Düzdü, mən həmişə onunlayam, onun bir hissəsiyəm, lakin məhz buna görə də Nilufər mənim barədə düşünməməlidi axı. Onun üzündə çox qəribə bir ifadə yaranmışdı. Gözlərini qıyırdısa, bu, ağlına yeni fikir gəlməsinin göstəricisi idi. Bu baxışlardan qaçmaq imkanım olsaydı, yəqin ki taxta divarın üzərində bir an belə qalmazdım. Nə edəcəyimi bilmirdim.

Amma görünür, Nilufər çox yaxşı bilirdi. Birdən o, əlini çantasına atdı. Oradan həmişə üstündə gəzdirdiyi dəftərçəni və qələmi çıxartdı. Fincanı və nəlbəkini astaca kənara çəkib, masaya dirsəklənərək qələmini ağ vərəqə toxundurdu. Növbəti sözlər beləcə doğuldu: “Hisslərimizin kölgəsində”.

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #