Həyatımıza işıq gətirən adamlar - Feyruz Muradovun hekayəsi

Həyatımıza işıq gətirən adamlar - Feyruz Muradovun hekayəsi
1 avqust 2024
# 15:17

Kulis.az Feyruz Muradovun "Həyatımıza işıq gətirən adamlar" hekayəsini təqdim edir.

İnsanlar var ki, həyatımıza işıq gətirirlər. Təmizlik, aydınlıq gətirirlər. İnsanlar da olur ki, həyatımızdakı işığı boğmaq, azaltmaq və bizi qaranlıqlara qərq etmək istəyirlər. Belələri xatirimizdə xoşagəlməz təəssüratlar yaradaraq, həyatımızdan itirlər.

Raufun uşaqlıq illərində baş vermiş kiçik bir hadisə hər dəfə yadına düşəndə məhz bu fikirlər ağlında dolanırdı. Aradan çox illər ötsə də, həmin hadisə yadından çıxmırdı.

O illər Rauf anası ilə, babası Mirzəxəlildən qalmış köhnə kərpic evdə qalırdılar. Babası cənubi Azərbaycandan mühacirət etmişdi. Qaldıqları evi heç də asanlıqla tikdirməmişdi. Ayrı-ayrı rayonlarda, ayrı-ayrı evlərdə çoxuşaqlı ailəsi ilə 10 il kirayədə yaşamışdı. Böyük çətinliklərdən sonra babası bu rayona gəlmiş, bu rayonda axundluq etmişdi. Dini mərasimlərdən əlinə gələn qazancı ilə yurd yeri almışdı və onların yaşadıqları həmin kərpic evi tikdirmişdi. Çoxuşaqlı ailə neçə illər bu evdə, bir damın altında yaşamışdılar. İllər öz işini görmüşdü. Axund Mirzəxəlilin uşaqları ərsəyə gəlmişdilər. Uşaqlardan kimisi ailə qurmuş, kimisi isə təhsil almaq üçün Bakıya yollanmışdı. Mirzəxəlilin böyük qızı Rübabə ailələri qonşu rayonda yaşadıqları zaman Bakıya getmişdi. Orada musiqi təhsili alaraq opera teatrında aparıcı müğənnilərdən biri kimi məşhurlaşmışdı. O, kiçik bacı və qardaşlarına da arxa durur, Bakıya gəlib təhsil almalarına köməklik göstərirdi.

Kiçik xalaları və kiçik dayısı ata evinin tərk etdiklərindən həmin kərpic ev demək olar ki, boşalmışdı. Məktəbli Rauf anası ilə artıq köhnəlməkdə olan kərpic evdə qalırdılar. Hərdən kiçik dayısı da gəlib qalırdı. Amma qalmağı uzun çəkmirdi. İki gün sonra o, təyinatla müəllim göndərildiyi kəndə dərs deməyə yollanırdı. Böyük dayısı Ənvər evlənmiş və onların qaldıqları həyətdə ailəsi üçün daşdan böyük ev tikdirmişdi. O, ticarət sahəsində işləyirdi. Ənvər Bakıdan bu rayona təyinatla müəllim göndərilmiş Sevinc adlı gənc müəllim qız ilə evlənmişdi. İki övladları olmuşdu. Ailənin böyük oğlu olduğundan atası Mirzəxəlil ona daha çox köməklik göstərirdi. Ümid bəsləyirdi ki, oğlunun vəziyyəti yaxşılaşar və o da gələcəkdə kiçik bacı-qardaşlarına kömək əlini uzadar. Lakin babası ümidlərində yanılmışdı. Mirzəxəlil dünyasını dəyişəndən sonra böyük oğlu Ənvər daha çox öz ailəsinin maddi vəziyyətinin yaxşılaşmasına diqqət ayırırdı. Kiçik bacı-qardaşlarına köməklik edilməsini isə böyük bacısı Rübabənin öhdəsinə atmağa üstünlük verirdi.

Rauf uşaq vaxtlarından kitablara böyük həvəs göstərirdi. Bir dəfə babasından qalmış kərpic evin otaqlarının birindən nağıl kitabı tapdı. Yəqin kitab xalalarından hansınınsa kitabı idi. Onlar getmişdilər. Kitab isə qalmışdı. Rauf kitabı vərəqlədi. Yavaş-yavaş oxumağa başladı. Vaxtın necə keçdiyini hiss etmədi. Sonra otaqları gəzib, başqa kitabın olub-olmadığını yoxladı. Daha iki kitab tapdı. Onları da acgözlüklə oxudu. Amma evdə daha ayrı kitab tapa bilmədi. Kitab oxumaq onun üçün mənəvi təlabata çevrilmişdi. Bir dəfə o özü gedib kitab almaq qərarına gəldi. İlk dəfə kitab mağazasına getdi. O vaxt Rauf artıq üçüncü sinfə keçmişdi. Yeni, daha maraqlı kitablar alıb oxumaq həvəsində idi. Kitablar onun üçün insanlarla ünsiyyəti əvəz etməyə başlayırdı. Oxuduğu kitabların sayı get-gedə artırdı. Onlara yer yapmaq lazım idi. Kərpic evlərinin otaqlarının birində köhnə, qara rəngli bir sandıq var idi. Rauf həmin sandığı təmizləyib oxuduğu kitablarını ora yığdı. Sandıq onun kitabxanasına çevrildi. Aylar ötür, Rauf yeni-yeni kitablar alırdı. Onun kitab sandığı kitablarla dolurdu. Onun kitablara aludə olmasını dayısının həyat yoldaşı Sevinc və dayısı Ənvər kənardan görür və buna faydasız bir məşğuliyyət kimi baxırdılar. Onların başı həyat şəraitlərini bacısı Rübabənin sayəsində daha da yaxşılaşdırmağa qarışmışdı. Onlar üçün həyat şəraitinin yaxşılaşdırılması ən mənalı və ən mühüm iş idi. Qalan nə varsa, hamısı onlar üçün mənasız idi. Bu işdə böyük bacısının yardımından həvəslə istifadə edirdilər. Bakıda ad-san qazanan Rübabə tez-tez onlara qonaq gəlirdi. Atası Mirzəxəlil dünyasını dəyişdikdən sonra qardaşının evi ona ata evini əvəz etmişdi. O, hər dəfə qonaq gələndə bahalı hədiyyələr gətirirdi. Cavan qardaşı arvadına cürbəcür paltarlar hədiyyə verirdi. Sevinc hər gün məktəbə gedəndə əynində yeni dəst geyimi ilə diqqət çəkirdi. Rayon yerində yaşayan heç bir qadın belə paltarlar alıb geyinə bilmirdi. Hamı Sevinc müəllimə qibtə ilə baxır və anlayırdılar ki, o bunları ancaq baldızı Rübabənin sayəsində əldə edir. Xalası Rübabə hərdən onların qaldığı köhnə kərpic evə də ötəri baş çəkirdi. Raufa və anasına nə isə yüngülvari bir hədiyyə alıb gətirirdi ki, onlar narazı qalmasınlar.

Bir gün dayısı Ənvər evlərinə təzə bir şkaf almışdı. Şkafda kitablar qoymaq üçün rəflər də mövcud idi. Şkaf bahalı olduğundan onu gələn qonaqların diqqətini cəlb etsin deyə, gözəçarpan bir yerə qoydular. Amma evlərində kitab rəfinə düzmək üçün bir dənə də olsun kitab yox idi. Axı bu evdə heç kim kitabla maraqlanmırdı. Əşyapərəstliyə meyilli olduqlarından kitab onların yadlarına düşmürdü. İndi təzə şkafın rəflərinə baxdıqda Sevinc müəllimin yadına Raufun kitab sandığı düşdü. O, hərdən Raufun əlində təzə kitabla evə gəldiyini görürdü. Ağlına belə bir fikir gəldi ki, Raufun kitablarını bir yolla ondan alıb kitab problemlərini həll etsin. Onda evlərinə adlı-sanlı qonaqlar gələndə onların kitablarını görərlər. Qonaqlar da ev sahibləri haqda yüksək intellektli, yüksək mədəniyyətli adamlar təəssüratı yaranar. Bu niyyətlə Sevinc yaşadıqları təzə evdən Raufun anası ilə qaldıqları köhnə, kərpic evə gəldi.

Rauf Sevinci evlərində gördükdə gözlərinə inanmadı. Gün hardan çıxmışdı ki, Sevinc onların evinə gəlmişdi? Bir anlıq ona elə gəldi ki, Sevinc onlara baş çəkməyə, yoxlamağa gəlib. Bu fikirdən sevinməyə başladı. Amma sevinci uzun sürmədi. Dayısının həyat yoldaşı salamlaşdıqdan sonra bir an sual dolu nəzərlərlə Raufa baxdı. O sanki sözə nədən başlayacağını və Raufun onun dediklərini eşidəndə buna necə münasibət göstərəcəyini qabaqcadan bilmək istəyirdi. Nəhayət o sözə başladı:

- Kitab oxuyurdun?

- Hə.

- Kitablarını bu sandığa yığırsan? - deyə Sevinc sandığı göstərərək soruşdu.

- Hə.

- Kitabları niyə burada saxlayırsan? Burada bu kitabları heç kim görmür. Kitabları gərək görsünlər. Biz təzə şkaf almışıq. Sən də onsuz bu kitabların hamısını oxumusan. Bizim təzə şkafın kitab rəfi boşdur. Yığmağa kitablar lazımdır. Bu kitabları aparıb rəfə yığsaq səliqəli görünər. Sən də hansısa kitabı oxumaq istəsən, gəlib bizdən götürə bilərsən. Onsuz da ananla bizə gəlirsiz.

Doğrudan da Rauf hərdən axşamlar televizora baxmaq üçün anası ilə dayısıgilə gedirdilər. Hərçəndi ki, Rauf bu evdə özünü rahat hiss edə bilmirdi, buna baxmayaraq anası getdiyinə görə o da gedirdi. İndisə balaca Rauf bunları xatırlayaraq günahkarcasına Sevincə baxdı. Sanki Sevinc evlərinə gəlib-getdiklərinə görə Raufun onlara borclu olduğunu hiss etdirmək istəyirdi. O, kitablarını Sevincə vermək istəmirdi. Onun tələbə bənzəyən xahişindən özünü çıxılmaz vəziyyətdə hiss edirdi. O, elə bilirdi ki, Sevinc gəlib onun kitabları ilə maraqlanacaq, ondan oxumağa hansısa bir kitabı istəyəcək. Yaxud özü Raufun kitaba həvəsini görüb ona kitab hədiyyə verəcək. Lakin Sevinc belə fikirlərdən tamam uzaq idi. O, kiçik Raufun kitabxanasındakı bütün kitabları aparmaq istəyində idi. Rauf kitablarını çox sevirdi. Sanki kitablar qaldıqları köhnə evə bir işıq, bir nur bəxş edirdi. İndi gəlib bu nuru, bu işığı ondan alıb aparmaq istəyirdilər. Bu Raufu çox ağrıdırdı. Lakin bunu dilə gətirə bilmirdi. O kitablarından ayrılmaq istəmirdi. Amma Sevincin tələbkarlığı cavabında necə “yox” deyəcəyini də bilmirdi. Odur ki, könülsüz-könülsüz kitablarının dayısının evinə aparılmasına razılıq verdi. O ayrı cür necə hərəkət etməyin mümkün olduğunu ağlına gətirə bilmirdi.

Sevinc sevincək halda sandıqdakı kitabları hissə-hissə qucağına yığaraq təzə aldıqları şkafın rəfinə düzmək üçün öz evlərinə apardı. Raufdan da ona bu işdə köməklik göstərməsini istədi. Çünkü tək ona ağır olurdu.

Kitabları aparıldıqdan sonra Raufa elə gəldi ki, sanki evləri tamam boşalıb. Sanki evlərindəki işıq sönmüşdü. Elə bil evləri zülmətə qərq edilmişdi. Rauf məyusluq içində bürünüb qalmışdı. Bir neçə gün Rauf naməlumluq içində özünə yer tapa bilmədi. Sevincin isə heç nə vecinə deyildi. Həmin vaxtdan Rauf dayısı, onun arvadı, onların övladları arasında bir yadlıq, özgəlik yarandığını hiss etməyə başladı. Açıq-aşkar birüzə verilməsə də, Rauf bu yadlığı sezə bilirdi. Ona elə gəlirdi ki, dayısının həyat yoldaşı bunu xayınlıqla edib. Paxıllıqdan edib. Niyə onun kitablara marağına gülünc bir məşğuliyyət kimi baxdıqlarını istehza ilə hiss etdirirdilər? Bəlkə Raufa ürəklərində həsəd aparır, qibtə edirdilər?

İllər keçdi. Balaca Rauf da böyüyüb bu həyəti tərk etdi. Bir vaxt babasının tikdirdiyi evdə yaşamış və sonra bu məkanı tərk etmiş xalaları, dayıları kimi o da bu evdən getdi. Gedəndən sonra o bir də bu həyətə qayıtmaq istəmirdi. Qohum olsalar da yad, qəlbən özgə olan adamların əhatəsində olmasını arzulamırdı.

Dayısının həyat yoldaşı Sevinc müəllimin həyatı isə yaxşı qurtarmadı. Onlara yaxından köməklik göstərən baldızı, tanınan, sevilən müğənni Rübabə xanım tez dünyadan getdi. Onun ardınca həyat yoldaşı Ənvər 57 yaşında həyatla vidalaşdı. Övladları da cavan yaşda xəstəlik tapıb dünyalarını dəyişdilər. Sevinc xanımın əvvəlki əzəmətindən əsər-əlamət qalmadı. O, bağlı qapı arxasında, təklikdə dünyasını dəyişdi. Onun meyitini səhəri gün təsadüfən evə gələn qızı aşkar etdi. Rauf isə bir də heç vaxt Sevinc olan həyətə ayaq basmadı. Çünki çox sevdiyi kitablar ona söyləmişdi:

“Həyatına işıq gətirən adamların yanına get. Onların qədrin bil. Həyatının işığını qapadan adamlardansa uzaq ol. Onlara hörmət, diqqət göstərmə. Çünki onlar buna layiq deyillər”.

Bir də Rauf anlamışdı ki, onun həyatına işıq gətirən sevdiyi kitablardır. Həmin kitabları yazan müəlliflərdir. Rauf onları həyatda görməsə də, tanımasa da bilirdi ki, onun həyatına işıq salan adamlar o kitabları yazanlardır. Həmin uzaq, amma daxilən yaxın olan adamlar.

15 iyul 2024

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #